Tanınmış şair-publisist, Əməkdar jurnalist Eldar İsmayılın anadan olmasının 75 illiyini ədəbi-mədəni ictimaiyyət yurd itkisinin ağrı-acılarını qeyrət savasına çağırışa çevirən didərgin sənətkarın şəxsiyyətinə və yaradıcılığına sevgi-sayğı ilə qeyd edir. Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən təntənəli yubiley mərasimində də mübariz şairin həyat və yaradıcılığının ictimai dəyəri, məfkurəvi mahiyyəti diqqət mərkəzində oldu.
Ədəbi-bədii məclisin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin rəhbəri, şair-ədəbiyyatşünas Ənvər Əhməd şair dostunun yubiley sevincini bölüşməyə, onu səmimi təbrik etməyə toplaşanları salamlayaraq, Eldar İsmayılı sözün qüdrətinə önəm verən, onu yurdsevərlik vasitəsinə çevirən şair, yazıçı, publisist kimi səciyyələndirdi. O bildirdi ki, Azərbaycan mədəniyyətinin zəngin bədii-etnoqrafik qaynaqlarından olan Göyçə saz-söz məktəbinin istedadlı yetirməsi olan Eldar İsmayıl ömrünün 50 ilini anadilli ədəbiyyatımızın zənginləşməsinə, milli yaddaşın qorunmasına xidmətdə keçirmişdir. Yaradıcılığının yetkinlik çağını yaşayan söz ustası bu gün də məhsuldar çalışır, oxucuları ilə sıx ünsiyyət saxlayır.
75 yaşlı şair-publisistin mənalı həyatı və zəngin yaradıcılığı barədə məlumat verən jurnalist Arif Məmmədli bildirdi ki, onun keçdiyi kəşməkəşli ömür yolu, toxunduğu mövzular hər kəs üçün maraqlıdır. Günümüzün mühüm hadisələrinə əlüstü cavab verməsi Eldar İsmayıl yaradıcılığını səciyyələndirən başlıca xüsusiyyətlərdəndir. Elə bir tarixi gün, ictimai maraq kəsb edən hadisə yoxdur ki, onun yaradıcılıq emalatxanasında cilalanaraq nəsrə, yaxud poetik nümunəyə çevrilməsin. Şairin mövzu dairəsi olduqca genişdir. Yaradıcılığının fövqündə vətəndaşlıq, şeirlərinin nüvəsində yurd sevgisi dayanır.
Araşdırmaçı-jurnalist qeyd etdi ki, fədakar soydaşımız tarixi düşmənimiz olan ermənilərin iç üzünü açan, onların yüz illər boyunca xalqımızın başına gətirdiyi bəlalarla bağlı ən mükəmməl əsərlər yaradan şair və yazıçılarımızdandır. Xalq şairi Bəxtiyar Vahabzadə onun “Allah amanatı” şeirini vaxtilə ata-baba yurdundan, isti ocağından qovulanların torpaq həsrətinə nisgilli bir ağı adlandırmışdı. Əsərlərini qəlbinin odu ilə qələmə alan Eldar İsmayılın istər nəsrində, istərsə də poeziyasında ədəbi və xalq dili çeşməsindən süzülən şəhdi-şəkər çağlayır. O, insanlığa, bəşəri duyğulara, söykənən, Azərbaycanda, türk dünyasında baş verən hər bir hadisəni poeziyanın hədəfi səviyyəsinə qaldıraraq oxucusunu dərindən təsirləndirir.
Daha sonra bildirildi ki, 1988-ci ildə Qərbi Azərbaycanın çənnətmisal Göyçə mahalından deportasiya edilən Eldar İsmayıl Bakı şəhərində məskunlaşıb, bədii və publisistik yaradıcılığını burada davam etdirib. Yurd həsrətli “Ulu Göyçə” adlı ilk kitabı da 1990-cı ildə Bakıda, “Yazıçı” nəşriyyatında çap olunub. Bundan sonra ömrünü bədii yaradıcılığa bağlayan Eldar İsmayılın “Ermənistan türklərinin 1988-ci il soyqırımı”, “Ağrı dağı qədər ağrılarım var”, “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Şəhid yurdun şəhid övladları” və başqa publisistik kitabları işıq üzü görüb. O, “Göyçə” və “Ulu Göyçə” qəzetlərini təsis edib, qaçqınlarla mütəmadi ünsiyyət qurub və həm də onların vasitəsi ilə ermənilərin cinayətkar əməllərini dərindən öyrənib və yayıb. “Göyçənin qisası qalır”, “Səttar oğlu”, Zülmətdə parlayan qılınc” və “Bir igidin ömrü” kimi tarixi romanlarda bu zəmində ərsəyə gəlib.
Eldar İsmayılın ana dilimizə verdiyi böyük önəm “Mən kiməm” poemasında öz əksini parlaqlığı ilə tapmışdır. Ədibin son illərdə işıq üzü görən “Zavallı” ermənilər, yoxsa zalım ermənilər” və gənc yazar Gündüz Əhmədli ilə birlikdə qələmə aldığı “Qərbi Azərbaycan, Göyçə – erməni işğalı” adlı kitabları erməni vəhşiliyinə və yalanına tutarlı cavabdır. Türkiyəli alim Mustafa Özbaş isə bu ölkədə işıq üzü görən “Allah amanatı”ndan seçmə şeirlər”i yüksək qiymətləndirib. Şairin “Mən burda qəribəm, yurd orda qərib” adlı kitabında toplanan şeirlərin bir qismini isə Zehra Yılmaz osmanlı türkcəsinə uyğunlaşdıraraq türk oxuculara təqdim edib.
Eldar İsmayılın Hüseyn İsmayıl ilə birlikdə qələmə aldığı “Göyçənin qisası qalır” tarixi romanı Azərbaycan yazıçılarının qurultayında son dövrün ən yaxşı nəsr əsərlərindən biri kimi dəyərləndirilib. “Səttar oğlu” və “Zülmətdə parlayan qılınc” romanları da ədəbi ictimaiyyətin və geniş oxucu kütləsinin rəğbətini qazanıb. Ömrünün otuz ili jurnalistlik fəaliyyətilə bağlı olan Eldar İsmayıla “Əməkdar jurnalist” fəxri adı verilib. Bir sıra yaradıcılıq mükafatlarına və önəmli təltiflərə də layiq görülüb.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı şair Dayandur Sezgin AYB sədri Anarın 75 illik yubileyi münasibətilə Eldar İsmayıla təbrikini səsləndirdi. Yubiliyarı təbrik edənlər onun yaradıcılığının ictimai-estetik dəyərini qeyd etdilər, Eldar İsmayıla möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzuladılar.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, Əməkdar elm xadimi Məhərrəm Qasımlı Eldar İsmayıl yaradıcılığının estetik-etnoqrafik xüsusiyyətlərindən söz açdı. Oxucuların təsəvvüründə yaradıcılığı və şəxsiyyəti ilə Ulu Göyçə dəyərləri ilə eyniyyət qazanmış yubilyar haqqında görkəmli elm və sənət xadimlərinin söylədiyi dəyərli fikirləri xatırladan alim Xalq şairi Hüseyn Arifin Eldar İsmayıl poeziyasına verdiyi qiyməti də yada saldı: “Eldarın yaradıcılığında məni özünə çəkən cəhət şairin torpağa-daşa bağlılığı, ata-anaya, el-obaya istəyi, sadə, mehriban zəhmət adamlarına məhəbbəti, bununla yanaşı əliəyrilərə, yaltaqlara, cəmiyyətimizdə alaq otuna çevrilmiş tüfeylilərə olan nifrətdir. Dili saz dilidir: aydın, obrazlı, axıcı”.
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa isə qaçqınlığın ilk günlərindən Qərbi Azərbaycanla bağlı tarixi faktların toplanılıb işlənməsində, erməni xəyanət və cinayətlərinin salnamələşdirilməsində, ədəbi-bədii vasitələrlə geniş oxucu kütləsinə çatdırılmasında Eldar İsmayılın müstəsna xidmətlərini vurğuladı. Azərbaycan Pedaqoji Universitetinin professoru İbrahim Bayramov yubiliyarın yurd itkisini düşmənə qarşı kəsərli silaha çevirmiş poeziyasının, tarixi mövzulu nəsrinin qaçqın-köçkün taleyi yaşayan soydaşlarımızın estetik tələbatının ödənilməsində önəmli rolunu qeyd etdi.
Xalq artisti, tanınmış teleradio diktoru Eldost Bayramov şairin dillər əzbəri olan şerlərini səsləndirdi. Əməkdar mədəniyyət işçisi Aşıq Gülarə Azaflı və Aşıq Roman Azaflı, Aşıq Dəmir Gədəbəyli, “Çeşmə” aşıq qrupu, Əməkdar artist Rahidə Bəndəliyeva, xanəndə Rəşad Hüseynli və başqa sənətçilər Eldar İsmayılın nəğmələşmiş şerlərini coşğu ilə ifa etdilər.
Sonda Eldar İsmayıl yaradıcılığına verilən dəyərə, söylənən xoş sözlərə görə minnətdarlıq etdi, həyat məramına və estetik idealına bundan sonra da sadiq qalacağını bildirdi.
Tahir AYDINOĞLU,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.