Azərbaycan–Macarıstan ədəbi əlaqələrinin inkişafına yeni töhfə

Ölkəmiz dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycan-Macarıstan əlaqələri bütün sahələr üzrə genişlənir və inkişaf edir. Bu əlaqələrin qarşılıqlı surətdə inkişafında Azərbaycan və macar dillərində yazılmış əsərlərin qiymətli nümunələrinin tərcüməsi və nəşri mühüm əhəmiyyət kəsb edərək xalqlarımızı daha da yaxınlaşdırır. Bu baxımdan macar ədəbiyyatının görkəmli xadimi, şair, dramaturq və filosof İmre Madaçın (1823-1864) “İnsanın faciəsi” dramı ədəbi əlaqələrimizə dəyərli töhfələrdən biridir.

 “İnsanın faciəsi” dramı müəllifin şah əsəri olaraq Xeyir və Şərin mübarizəsinə həsr olunsa da, müasir həyatımızda aktuallıq kəsb edir və dünyada baş verən bu günlərin hadisələri ilə səsləşir.On beş səhnədən ibarət poetik dramda Tanrı, Adəm və Həvva fonunda baş verən hadisələr Misir, Afina Məbədi, Roma, Apennin, Konstantinopol, Patriarxın Sarayı, Praqa, İmperator Sarayı, Paris, Qrev meydanı, London, “Tover” qüllələri, Əngin fəza, Yer kürəsi, Günəş, Kainatın guşələri ətrafında cərəyan edir. Əsərdə əsas surətlər olan Adəm, Həvva və İblis insanlığın yaranmasından başlayaraq gələcək zamanlaradək bəşər tarixinə səyahət edirlər.

İmre Madaç dünya ədəbiyyatında geniş yer tutan Xeyir və Şər mövzusuna fərqli mövqedən yanaşaraq, insanın bəşəriyyətə verdiyi faydanın Kainatı dəyişməklə deyil, dünyaya baxışları yeniləşdirməklə mümkün olduğunu cəmiyyətin qarşısına qoyur. Görkəmli şair-dramaturqun qələminin qüdrəti ilə bu minvalla fərqli simalarda əsas insan surətləri yaradılır,cəmiyyətin inkişafında elmin, ağılın, idrakın və təkamülün roluna yüksək qiymət verilir.Əsərdə tarixi, ibrətamiz hadisələr göz önündə canlanaraq belə bir nəticə hasil olur ki, İnsan özü və dünya, Xeyirlə Şər arasında daim mübarizə aparmalı, yeni düşüncələrlə irəliyə baxmağı, çarpışmağı bacarmalı,özünə güvənməli, İlahi gücün və həyat eşqinin mübarizəsi ilə qarşıda duran çətinlikləri, maneələri dəf etməli, yeni qüvvə ilə varlığa əngəl törədənləri aradan götürməklə məqsədinə çatmalıdır.

İmre Madaçın ”İnsanın faciəsi” mənzum dramı dünyanın 40-dan çox ölkəsinin dilinə tərcümə edilmişdir.

Novruz bayramı günlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və iştirakı  ilə keçirilən “Azərbaycanda Macarıstan günləri” çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycanca nəşrinin və Nizami Kino Mərkəzində eyni adlı filmin təqdimatları olmuşdur.

 Macarıstan Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının mənəvi, təşkilati,maliyyə dəstəyi ilə nəşr edilən əsər Azərbaycan dilinə ilk dəfə tərcümə olunur. AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli kitabın ön sözünün müəllifi olaraq yazır ki, İmre Madaçın “İnsaının faciəsi” mənzum-poetik dramının Azərbaycan dilinə tərcümə olunması və nəfis kitab halında nəşr edilməsi ölkələrimiz arasında bütün sahələrdə hərtərəfli şəkildə inkişaf etməkdə olan ədəbi-mədəni əlaqələrin daha bir göstəricisidir.

Əsərin tərcüməsi filosof Rasim Müzəffərli tərəfindən böyük ustalıqla həyata keçirilmişdir. Tərcümənin redaktoru Azərbaycan- Macarıstan ədəbi əlaqələrinin inkişafına daim əhəmiyyətli töhfələr verən macar türkoloq, azərbaycanşünas Maria Keneşidir. Məsləhətçilər Leyla İmanova və Sesilia Hazaidir (Macarıstan).

Kitab Macarıstanın “Twin Media” şirkətinin sifarişi ilə Bakıda “1001 Kitab” nəşriyyatı tərəfindən nəşr olunmuşdur.

Afət SADIQOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında