Bakı Şopinq Festivalı turizmin inkişafına yeni stimul verəcək

Ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına bir çox ölkələrdə maraq yaranıb. Buna görə də Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən Azərbaycana turist və müştəri axını gözlənilir.

Festivalla bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir: “Hər ölkənin özünəməxsus xüsusiyyəti olmalıdır. Dünyada ticarət fəaliyyəti turizm bazarında 2-4-cü yerləri tutur. Ticarət festivalları turist axınını 30 faiz artırır. Festivalın məqsədi nəinki turistlərin axınını təşkil etməkdən ibarətdir, eyni zamanda, daxili turizmi inkişaf etdirəcək. Festival zamanı “Tax-free” tətbiq olunacaq. Bu təcrübə heç bir yerdə yoxdur. İlk dəfə Azərbaycanda həyata keçiriləcək. Azərbaycanda tətbiq olunacaq ilk təcrübənin yaxşı nəticə verəcəyinə əminik”.

Aprelin 10-dan mayın 10-dək keçiriləcək festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilmişdir. Büro festivalın yüksək səviyyədə, səmərəli keçirilməsi üçün peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də gərgin iş rejimində çalışır. Festivalın daha maraqlı və cəlbedici olması üçün müxtəlif lotereya oyunlarının, bonus kartlarının tətbiqi, suvenir və hədiyyə mağazalarının fəaliyyətinin təşkili planlaşdırılır.

Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri də keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kinofestivallar təşkil ediləcək.

Mətbuat konfransında nazir Əbülfəs Qarayev onu da vurğulamışdır ki, Bakı Şopinq Festivalı beynəlxalq təcrübəyə əsaslanaraq reallaşacaq. Tədbirin keçirilməsi təkcə ticarət deyil, ölkəmizin adət-ənənələri və tarixini tanıtmaq baxımından da öz müsbət tərəfləri ilə seçiləcək. Bakı Şopinq Festivalı Qafqazda və Orta Asiyada ilk təcrübə kimi tarixə yazılacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında