Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr edilən filmin təqdimatı olub

Aprelin 4-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) yazıçı-publisist Bəxtiyar Qaracanın “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən “Muradına çatmayanlar: apreldən əvvəl və sonra” sənədli filminin təqdimatı keçirilib. Filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.

Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşəbbüsü və dəstəyi ilə hazırlanmış film aprel döyüşlərində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevə həsr olunub. Filmdə, eyni zamanda, aprel döyüşlərinin əhəmiyyətindən, qazanılan qələbədən və Qarabağa böyük qayıdışdan bəhs olunub.

Əvvəlcə Milli Qəhrəman Murad Mirzəyevin, eləcə də torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov M.Mirzəyevin şərəfli həyat yolundan danışıb. Onun qəhrəmanlığının əsl vətənpərvərlik nümunəsi olduğunu söyləyən Ə.Amaşov bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının tarixində çox mühüm rol oynayıb, torpaqların bir qarışının da düşmən tapdağı altında qalmayacağına xalqın inamını daha da gücləndirib. Bu döyüşlər, eyni zamanda, Azərbaycan ordusunun doğrudan da regionda ən güclü ordu olduğunu göstərdi və əsgərlərimizdə döyüş əhval-ruhiyyəsini yüksəltdi. Bu, həm də Ermənistan rəhbərliyinə bir mesaj idi.

Sonra film nümayiş olunub.

ATXƏM-in sədri İlham İsmayılov çıxışında M.Mirzəyevin döyüş yolundan və aprel döyüşlərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Murad Mirzəyev və digər qəhrəmanların keçdiyi yol gənc nəsil arasında geniş təbliğ olunmalıdır. Bu qəhrəmanlar haqqında informasiyalar orta məktəb dərsliklərində əks olunmalı və şagirdlərə tədris edilməlidir. Çünki Murad Mirzəyev və aprel döyüşləri qəhrəmanlarının döyüş yolunun öyrənilməsi gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsi baxımından çox önəmlidir. Nə qədər ki Murad Mirzəyev kimi qəhrəmanlarımız var, Azərbaycan işğal altındakı torpaqlarını gec-tez azad edəcək.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, Milli Məclisin deputatları Hikmət Məmmədov, Elman Nəsirov, Musa Qasımlı, Qənirə Paşayeva, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri çıxışlarında aprel döyüşlərinin Azərbaycanda milli ruhun çox yüksək səviyyədə olduğunu göstərdiyini bildiriblər. Qeyd edilib ki, Azərbaycan Ordusunun qələbəsi hamımıza böyük ruh yüksəkliyi verir.

Vurğulanıb ki, xalqımızın, xüsusilə gənclərimizin vətənpərvərlik hissinin gücləndirilməsində belə filmlər çox böyük əhəmiyyətə malikdir.

 AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında