Ötən illərin xatiratı

Hər il aprelin 4-ü gələndə daxilimdəki xatirələr vərəqlənir. Aprelin 3-dən 4-nə keçən gecə, həyatın 23.45-24.00 arası, 15 dəqiqəlik anı gözümdə yenidən canlanır. Mən ilk dəfəydi ki, insanın həyatla vidalaşdığını görürdüm. Ona görə də saniyəbəsaniyə yaddaşıma həkk olunub.

Həmin gecə atam çox narahat idi. Saat 22.50-də dedi ki, mən getdim yatmağa. Keçdi yataq otağına. Biz isə böyük otaqda televizora baxırdıq. 15 dəqiqə keçmişdi ki, qapını taqqıldatdı. “Yatmamısız ki?” soruşdu. Dedik ki, yox. İçəri keçib kresloda oturdu. Televizora baxmağa başladı. Nəvələrini soruşdu. Dedik ki, imtahana hazırlaşırlar. Başladı yoldaşıma acıqlanmağa ki, uşaqlara çox zülm eləmə. Əsas onların ali məktəbə daxil olmaqları deyil, taleləri gözəl olsun. Sonra qızları da səslədi. Suğraya dedi ki, saçımı dara, Bəyim isə belini ovxalamağa başladı. Haradasa 23.40-a qədər bizimlə oturdu. Sonra “siz də iş adamısınız, dincəlin. Mən getdim yatmağa” dedi. Yataq otağına keçdi. 5 dəqiqə keçmişdi ki, səsini eşitdim. Bircə “Mahir” deyə qışqırdı. Yataq otağına qaçdıq. Gördüm ki, xırıldayır. Özündə deyil. Rəngi bomboz idi. Soyuq tər basmışdı. Köməkləşib oturtduq. Yoldaşım tez təzyiqini ölçdü və hönkürdü.

Amma yenə də ümidimi üzməmişdim. “Təcili yardım” yolda idi. Atamsa başını çiynimə qoyub donmuşdu. Yoldaşım, qızlarım özlərini itirmişdilər. Yataq xəstəsi olan anamsa “Qabil, Qabil” deyib ağlayırdı. Biz ikimiz isə sakit idik. O, yatmışdı, mən isə onu ayıltmaqdan qorxaraq nə cınqırımı çıxarır, nə də tərpənirdim. Bu onun arzuladığı ölüm idi. Həyatda nəyi arzu eləmişdisə, olmuşdu. Ölümü də öz istəyinə uyğun gəldi. Həyat yoldaşının, oğlunun, gəlininin və nəvələrinin əhatəsində. Ölümün də xoşbəxti olarmış.

 

İki ay yarım əvvəl

 

15 yanvar 2007-ci ildə, ədəbiyyata eyni vaxtda qədəm basdığı Xalq şairi Nəbi Xəzri rəhmətə getdi. O ədəbi nəsildən qaldı ikisi – Bəxtiyar Vahabzadə və Qabil. Vida mərasimində həmkarım, AzTV-nin müxbiri Firuzə Nadir atamdan müsahibə almışdı: “Belə bir deyim var: “Nəslimin yarpaq tökümü başladı. Mən isə deyirəm. Nəslimin yarpaq tökümü başa çatır”.

 

Ay yarım əvvəl

 

2007-ci il fevralın 13-də Prezident İlham Əliyev atama “İstiqlal” ordenini təqdim etdi. Təqdimat mərasimindən sonra atam hamının yanında Prezidentdən üç xahiş etdi. Yazıçı və şairlərə təqaüdlərin verilməsi, yaradıcılıq evinin yenidən qurulması və...

Üçüncü xahişin əgər videoyazısını görməsəydim, heç vaxt inanmazdım: “Biz bir də heç vaxt görüşməyəcəyik...” giriş sözündən sonra məni cənab Prezidentə tapşırdı. Bu, onun xarakterinə uyğun deyildi. Amma, deyəsən ölümünün yaxınlaşdığını hiss edirdi. Sonda xatirə şəkli çəkdirəndə ərkyana bir də müraciət etdi. Bu, Prezidentə yox, daha çox dostu Heydər Əliyevin oğluna edilən müraciət idi.

Çox səmimi şəkildə gülüşüb  ayrıldılar.

 

Bir ay əvvəl

 

2007-nin fevralında artıq növbəti kitabı (həm də son) çapa hazır idi. Adını da “Ömrün gecə qatarı” qoymuşdu.

 

Çaqqıldayır təkərlər,

Relslərin calağında

Keçir gecə qatarı,

Yanır qırmızı işıq

Zülmətin qucağında.

Heydən düşür paravoz,

İniltili fit çalır.

Gedir ömrün qatarı,

Dayanacağa az qalır...

 

Kitabın bütün xərcini də dostu Hacıbala Abutalıbov öz üzərinə götürmüşdü. Qalmışdı şəkil.

- Mahir, bilirsən də... Mən bütün kitablarıma yeni şəkil verirəm. Gedək. Səninlə də şəkil çəkdirərik. Çoxdandır şəkil çəkdirmirik.

- Gedərik də... - deyə cavab verdim.

- “Gedərik də...” yox, bu gün işdən qaç, gedək.

Nə qədər istəsəm də sabaha saxlayım, alınmadı. Bir yerdə şəkil çəkdirmək ənənəmiz vardı. Hər il dekabrın 4-də, mənim ad günümdə. Amma əsgərliyə gedəndən sonra bu ənənə pozulmuşdu.

Dalbadal cib telefonuma zəng elədi ki, gəl. Mənimsə, planım tam başqa idi. Fotoatelyeyə getsəydik, 3-4 şəkil çəkdirəcəkdik. Ona görə də ailəmizin dostu, fotoqraf Dilavər Nəcəfovla əlaqə saxladım. Onun da əlində iş olduğundan ləngiyirdi. Atam isə hövsələsizin biri, kostyumunu da geyinib oturmuşdu. Hava da qaraldığından fotoatelye bağlana bilərdi. Nəhayət, Dilavərlə içəri girdik. Yaman əsəbi idi. Fotoatelye deyib durmuşdu. Yaxşı ki, Dilavəri tanıyırdı. Yoxsa işimiz lap ağır olacaqdı. Bu dəm qaynım Ramiz də yoldaşı ilə gəldi. Həmin gün Dilavər bizim ailəvi 100-dən çox şəklimizi çəkdi. Atamın ölüm gününə isə sən demə, cəmi bir ay qalırmış. Yox, ürəyimə heç nə dammamışdı. Sadəcə, kitabı bəhanə eləmişdim.

 

Ölüm günü

 

Aprelin 3-ü. Bu, başqa bir mövzudur. Sadəcə, bir məqamı qeyd etmək istəyirəm. Bugünə qədər “balık” (hisə verilmiş osetrin) yeyə bilmirəm. Hər dəfə “balık” görəndə bir peşmanlıq hissi keçirirəm. Həmin gün bazara göndərdi məni. Ənənəvi bazarlıq. Bilirdim ki, nə istəyə bilər, alırdım. Pulunu da özü verirdi. Təzə kartof çıxmışdı. Lap balacalarından seçib aldım. Balıq dükanının yanından keçəndə “balık” almaq istədim. Heç vaxt almamışdım. Özü də istəməmişdi. Amma təzə kartofun qızartması ilə dayımgildə yeyəndə ləzzət eləmişdi. Satıcı gözü ilə işarə elədi ki, məsləhət deyil. Mən də almadım. Evə girəndə, təzə kartofu görəndə o saat “balık” da alaydın da...” dedi. İzah etdim ki, mən balıq məhsullarını yalnız tanışdan alıram. O da məsləhət bilmədi. “Pulun qaldı?” deyə soruşdu. “Bir-iki “şirvan” cavab verdim. Üç dənə yüzlük dolları mənə uzatdı ki, “get bunları xırdala gətir”. “Sabah gedərəm də...” dedim. “Yox, indi get. Sabaha çıxmaya bilərəm. Mən indi istəyirəm” deyə israr elədi.

 

... Artıq gec idi

 

... “Təcili yardım” özünü çatdırdı. Amma ümid sonda üzülər, – deyiblər. Həkimlər daha nələr eləmədilər. İynə vurdular, ürəyin massajı, elektroşok, daha nələr. Anlayırdım ki, artıq gecdir. Amma dinmirdim. Bəlkə...

Həkim briqadası da, deyəsən mənim qərarımı gözləyirdi. Allah isə qərarını vermişdi.

- Həkim, deyəsən...

- Bəli.

- Sağ olun.

Qaldım tək. Gecənin qaranlığı. ANS-in “Xəbərçi” proqramının rəhbəri, həmkarım Afət Telmanqızına zəng etdim. Dərdimə ilk şərik o oldu. Atam ilk dəfə “pristup”la xəstəxanaya düşəndə də Afət, ANS mənə dəstək olmuşdu.

Dərhal çəkiliş qrupu göndərdi. Səhər isə ANS-in efirindən hamı xəbər tutdu. Bütün televiziyalar, mətbuat, saytlar, bir sözlə, həmkarlarım dərdimə şərik oldular. Gec də olsa, hamısına ailəmiz adından minnətdarlıq.

 

Oğulluq borcu

 

Son oğulluq borcu övladlar üçün valideynin ölüm günündən başlayır. İl mərasimində də başa çatır. Yaradıcı insanların uşaqları üçünsə bu sonsuzluğa qədər uzanır. Çünki yaradıcı insanlar digərlərindən fərqlənirlər.

Qaydalara görə, mən həkimdən kağız almalıydım, sonra qəbir yeri danışmalıydım. El-oba gələcəkdi - iki dənə çadır qurdurmalıydım. Və sairə, və ilaxır. Amma...

Səhər tezdən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov gəldi. Atamın xətrini çox istəyirdi. İndi də onu yaddan çıxarmır. Başladı ətrafındakı şəxslərə göstərişlər verməyə. Onlardan yalnız Mənzil-Kommunal Departamentinin sədri Ənvər müəllimi və Ticarət Departamentinin sədri Ramiz müəllimi tanıyırdım. Yaxınlaşıb nəsə söz demək istəyirdim ki, Hacıbala müəllim mənə hirslə “Bu işlər sənlik deyil. Prezident İlham Əliyevin qəbulundaydıq. Mənə də, Əbülfəs Qarayevə də müvafiq göstərişlərini verdi. Get, qapına gələnləri qarşıla, yola sal. Qabilin hüzrünü Prezidentimiz verəcək”.

İndi bilmirəm bu sözlər necə səslənir. Amma onda çiynimdə bir əl hiss elədim. Birinci növbədə Ənvər müəllim məni maşınına mindirib 1-ci Fəxri xiyabana apardı. 5 yer göstərdi. Nəbi Xəzrinin məzarının yanındakı boş yerə razılıq verdim. Ənvər müəllim qəbirqazanlara tapşırıq verəndən sonra, əlimi cibimə aparmaq istəyirdim ki, qoymadı. Sonra məscidə getdik. Halallıq suyunu tökdüm. Əlimi cibimə aparmaq istəyirdim ki, Ənvər müəllim yenə də qoymadı. “Eşitmədin, Hacıbala müəllim nə dedi. ( 3, 7, 40 mərasimləri də Prezidentimizin adından verildi).

Nəhayət, dəfn mərasimi. Ölən günü dəfn mərasimini keçirmək mümkün idi. Amma təxirə salındı. Səbəbini demədilər. Vida mərasiminin harada keçiriləcəyini də söyləmədilər. Mədəniyyət naziri Əbülfəs Qarayev və onun işçiləri də bütün günü bizdəydilər. Nəhayət, ertəsi gün Rəşid Behbudov adına Mahnı Teatrının binasında vida mərasimi keçirildi. İlk sırada mən, ailə üzvlərimiz əyləşmişdi. Birdən Prezidentin mühafizə xidmətində işləyən, general-mayor Tofiq Rəsulovun oğlu, xalanəvəsi Cəmil mənə yaxınlaşdı. “Prezident İlham Əliyev vida mərasiminə gəlir” dedi. Onda bildim ki, dəfn mərasimini niyə bir gün gecikdiriblərmiş. Təhlükəsizlik tədbirləri ilə əlaqədar. Bu, mənimçün gözlənilməz oldu. Düzünü desəm  möhtərəm Prezidentimizin gələcəyini gözləyirdim. Gözüm qapıda qalmışdı.

Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə birlikdə zala daxil olan Prezident səhnəyə qalxıb, fəxri qarovulda dayandı. Tabutun önündə son ehtiramını bildirdi. Sonra mənə və ailə üzvlərimə başsağlığı verdi. Yanaşı əyləşdik. Özümü saxlaya bilməyib hönkürdüm. Əlini çiynimə qoyub, bircə söz dedi: “Səni başa düşürəm”.

40 mərasimi başa çatandan sonra oğulluq borcumun növbəti mərhələsinə keçdim. Qəbirüstü abidənin götürülməsi. Qısa deyim. Birinci təklif Hacıbala Abutalıbovdan gəldi: “İcazə ver dostumun qəbrinin üstünü mən götürüm. Büstünü qoydurum”. Elə də oldu. Bu oğulluq borcumu da Hacıbala müəllim yerinə yetirdi..

 

Əbədiləşən xatirə

 

Xatirə. Ölən insanın yaşaması. Bu, uzun, daha dəqiq desək, sonsuz prosesdir. Bəzən heç övladlardan da asılı deyil. Bu missiyanı xalq həyata keçirir. Çünki əsl sənətkar ürəklərdə yaşamalıdır. Övladın üzərinə isə o vəzifə düşür ki, bu işi həm davam etdirsin, həm də öz övladlarına miras qoysun. Çünki yaradıcı insanlardan qalan miras təkcə ev, maşın, varidat deyil. Əsl varidat onların yaradıcılığıdır. Bilmirəm öhdəsindən gəlirəm, ya yox? Amma Qabili sevənlər məndən daha artıq iş görüblər.

 

Saysız şeir içində adi şeirsən,

Ancaq nə şərikin,
nə ortağın var.

Böyük bir axında
üzüb gedirsən,

Xırdaca gəmisən,
öz bayrağın var.

 

Qabil öz şeirlərini gəmiyə bənzətmişdi. Bu, bir poetik bənzətmə idi. Sadəcə söz. Amma bunun nə vaxtsa reallığa dönəcəyinə inanırdım. İndi atamın adını daşıyan “Şair QABİL” adlı neft tankeri dünya sularında üzür. Bu da “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun və vitse-prezidenti İbrahim Nəbioğlunun Qabilə mənəvi oğulluq ehtiramlarıydı.

 

Son

 

Bu qədər, ey Qabili yaddan çıxarmayanlar. İctimai Televiziyada “Azərbaycan əsgəri” şeirinin klipinə baxanda köks ötürənlər, cəmiyyətdə kiminsə yerinin dəyişik düşdüyünü görüb, sadəcə “şair Qabil demişkən, “Səhv düşəndə yerimiz” söyləyənlər, mənim təxəllüsümdə Qabil adını görüb yazımı oxuyanlar, oxuyandan sonra ya “ot kökü üstə bitər”, ya da “oddan kül törəyib” deyənlər! Atam Qabilin vəfatından 10 il ötdü. Bu 10 ildə Qabilə məndən artıq oğulluq edənləri qeyd etdim. Bu yazımla həmin mənəvi varislərə bir daha minnətdarlığımı çatdırmağı qanuni varis kimi özümə borc saydım. Sağ olsunlar! Xalqımız sağ olsun!

Mahir QABİLOĞLU,
yazıçı-publisist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında