Bu yol Kəlbəcərə gedir…

Hər dəfə aprelin 2-si gələndə o günlər bir kino lenti kimi gözlərim önündən getmir. Minlərlə qoca, qadın, uşaq Murovdağdan ta Gəncəyə kimi uzanan yollara səpələnmişdi. Evsiz-eşiksiz, ərzaqsız qalan kəlbəcərlilər Gəncəyə pənah gətirmişdilər. Gəncə ilə Xanlar (indiki Göygöl) rayonu arasında, yolun kənarında təşkil olunmuş qərargahın qarşısına toplaşanların sayı-hesabı yox idi. Hamı sığınacaq, pal-paltar, sursat istəyirdi. Onlar doğma torpaqlarından didərgin salınmış kəlbəcərlilər idi. Ermənistanın işğalçı ordusu Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonu əhalisinə də divan tutmuş, onlara qarşı insanlığa sığışmayan vəhşiliklər törətmişdi.

Bir neçə gün davam edən döyüşlərdən sonra Azərbaycanın ən səfalı guşələrindən biri, zəngin təbii sərvətləri, tarixi abidələri olan Kəlbəcər düşmən əlinə keçmişdi. Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı 60 min nəfərə yaxın olan Kəlbəcər artıq erməni tapdağında qalmışdı. Burada 511 nəfər dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və ya itkin düşmüşdü.

Kəlbəcərdə 130 yaşayış məntəqəsi düşmənin əlinə keçmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 min fərdi ev, yüzlərlə tarixi abidə, 37 min 852 hektar meşə sahəsi, digər təbii ehtiyatlar, eləcə də, zəngin qızıl yataqları dağıdılmış və talan edilmişdir. O dövrün  məzənnəsi ilə Kəlbəcərə, bütövlükdə 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur.

Erməni vandalları tərəfindən  Kəlbəcər işğal olunduqdan sonra tarixi abidələrin əksəriyyəti məhv edilib. Vənd kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində eyniadlı qala, Camışlı kəndində Keşikçi qalası, şəhərdəki məscid, Taglıdaş körpüsü, tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Seyid Əsədullanın ziyarətgahı və digər tarixi abidələr, obyektlər darmadağın edilmişdi. Səbəb isə bəlli idi. Daim başqalarının torpaqlarına göz tikən ermənilər izi itirmək, sonradan bu yerlərin onlara məxsus olduğunu iddia etmək istəyirdilər.  Amma tarixi saxtalaşdrımaq indiyədək heç kimə üzqaralığından başqa heç nə gətirməyib, o cümlədən bədbəxt erməni millətindən olan daşnaklara, soyğunçulara, vandallara da həmçinin. Axı nə dağıdılır-dağıdılsın, nə silinir-silinsin, “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Bunu ki, dana bilməyəcəklər.

Yeri gəlmişkən, Kəlbəcərdəki toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də həmin toponimlərdə yaşayır. Bura ən qədim insan məskənlərindən biridir. Yəni ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Həmin dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.

Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min yaşa malik qala təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib.

Bax, budur erməniləri narahat edən, vandalizmə sürükləyən. Amma bütün bunların heç bir faydası yoxdur.Dünya ictimaiyyəti bilir ki, Kəlbəcər Azərbaycanın dədə-baba torpağıdır. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Digər sənədlər ortaya qoyulub və ermənilərin işğalçı olduğu çoxdan sübuta yetirilib.Hazırda Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məskunlaşan kəlbəcərlilər doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyir və bilirlər ki, o gün uzaqda deyil.

…Bayaqdan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovla söhbət edirik. Erməni vandallarına qarşı nifrət gözlərindən oxunur,hər cümləsində öz doğma torpaqlarına qayıdacaqları günün uzaqda olmadığını dilə gətirir. Maraqlıdır ki,  aprelin 1-də Ağdabanda dünyaya göz açan Aqil Məmmədov 33 il sonra, aprelin 2-də tərk etdiyi doğma torpağa yenidən qədəm qoyacağından danışır:

– 33 yaşımda ilk dəfə idi ki, dost-tanış, qohum-əqrəba yığışıb şadyanalıq edə bilmədik. Amma bu yerlərin çal-çağırlı günləri hələ qabaqdadır. Ad günləri də olacaq, toylar da çalınacaq, tonqallar da şölələnəcək, – deyə rayon icra hakimiyyətinin başçısı yenidən söhbətin mövzusunu həmin günlərə yönəldir və deyir ki, azərbaycanlılara qarşı tarix boyu ən qatı cinayətlərə əl atmış ermənilər, hələ Xocalı qətliamından az keçməmiş, yəni 1992- ci il aprelin 8-də Kəlbəcərdə  dinc əhaliyə amansızlıqla divan tutmuş, növbəti soyqırımını törətmişlər. Onlar rayonun Ağdaban və Çayqovuşan kəndlərinə hücum etmiş, 130-dan çox evi yandırmış, 33 nəfəri, o cümlədən 2 azyaşlı uşağı, 8 nəfər 90-100 yaşlı qocanı işgəncə ilə öldürmüş, 7 nəfər qadını girov götürmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirmişlər.

Ermənilərin 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcərə qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində 511 nəfər qətlə yetirilmiş, 665 nəfər girov aparılmış, onlardan 122 nəfəri sonralar geri qaytarılsa da, əsirlikdə olan 543 nəfərdən  indiyədək heç bir xəbər yoxdur. Əsirlərə insanlığa xas olmayan ağır işgəncələr verilir, onlar dözülməz şəraitdə saxlanılırdılar. Dəfələrlə müraciət edilsə də, böyük dövlətlər və beynəlxalq təşkilatlar erməni əsarətində inləyən, imdad diləyən soydaşlarımızın səsini eşitmirlər. Cəzasız qalan erməni hərbi xuntası Kəlbəcərə öz doğmalarının qəbirlərini ziyarət etmək üçün gedən Dilqəm Əsgərovu və Şahbaz Quliyevi həbs etmiş,  Həsən Həsənovu isə qətlə yetirmişdir.

... Ermənistanın işğalı nəticəsində Kəlbəcər rayonunda 15 min yaşayış evi, 500-dən çox müxtəlif təyinatlı sosial-mədəni obyekt, 130-dan çox təhsil, 76 səhiyyə, 172 mədəniyyət müəssisəsi qarət edilərək yandırılmışdır. Əhaliyə məxsus 100 min başdan çox qaramal, yarım milyon baş qoyun–keçi, 4850 baş at, 1300 minik maşını talan edilərək Ermənistana aparılmışdır.

Nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayan Ermənistan 24 ildir ki, ata-baba yurdlarımızı işğal altında saxlayır, təbii sərvətlərimizi talan edir, xaricdə yaşayan erməniləri Kəlbəcərdə məskunlaşdırır. Kəlbəcərin qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 822 saylı qətnaməsi hələ də Ermənistan rəhbərliyi tərəfindən yerinə yetirilmir. Ermənistanın bugünkü rəhbərliyi sülh danışıqlarını qəsdən pozur, işğalçı qüvvələrini torpaqlarımızdan çıxarmaq istəmir, sülh danışıqlarından müxtəlif bəhanələrlə qaçır.

Azərbaycanın 56 rayonunda müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkünlər hər gün doğma yurd yerlərinə qayıtmaq ümidi ilə yaşayırlar. Bu gün hər bir kəlbəcərli işğalçı Ermənistana qarşı təzyiqlərin artırılmasını, erməni silahlı qüvvələrinin Kəlbəcərdən və işğal olunmuş digər torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını, işğala son qoyulmasını istəyir və bunu nüfuzlu beynəlxalq təşkilatlardan tələb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin münaqişəni sülh yolu ilə həll etmək üçün apardığı davamlı siyasətə dəstək olmaq, beynəlxalq hüquq normalarına uyğun şəkildə Ermənistanı torpaqlarımızdan  geri çəkilməyə məcbur etmək onların borcudur.

Kəlbəcər rayonunun əhalisi, bütövlükdə Azərbaycan xalqı müharibə istəmir və biz danışıqlar yolu ilə Qarabağ münaqişəsinə son    qoyulmasının tərəfdarıyıq. Ermənistanın hazırkı rəhbərliyi, Xocalı soyqırımını törətmiş Serj Sarkisyan və onun komandası isə sülh danışıqlarını müxtəlif bəhanələrlə pozur, öz qanlı hakimiyyətinin ömrünü uzatmağa, torpaqlarımızın işğal olunması faktının azərbaycanlıların və eləcə də dünya ictimaiyyətinin yaddaşından çıxarmağa çalışır. Amma Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq barədə erməni daşnakların məkrli planları heç vaxt baş tutmayacaq, Kəlbəcər rayonunun əhalisi, Azərbaycan xalqı bir qarış  torpağından belə əl çəkəsi deyil. Ermənistan və onun havadarları yaddan çıxarmamalıdırlar ki, onlar sülhə gəlməsələr, onda biz başqa yollarla öz doğma torpaqlarımızı azad edəcəyik.               Keçən ilin aprel döyüşləri ermənilərə dərs olmalıdır. Onlar ordumuzun nəyə qadir olduğunu gördülər. Bizimlə danışanda, Qarabağ xülyasına düşəndə bunları yada salsınlar.

Düz 24 ildir ki, doğma torpaqlarından ayrı düşmüş kəlbəcərlilər, eləcə də digər məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş əlavələrə uyğun olaraq, kəlbəcərli məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün bir sıra mühüm tədbirlər həyata keçirilmiş və bu gün də həmin işlər davam etdirilir. Məcburi köçkünlərimizin müvəqqəti məskunlaşması üçün Gəncə, Goranboy, Qəbələ, Ağdam, Yevlax, Bərdə, Şəki, Mingəçevir, Bakı və digər şəhər və rayonlarda yeni qəsəbələr inşa edilmiş və həmin qəsəbələrdə minlərlə kəlbəcərli ailəsi hər bir şəraitə malik yeni mənzillərlə təmin olunmuşdur. Yeni salınmış qəsəbələrdə  müasir tipli məktəb binaları,   uşaq bağçaları,  klub və mədəniyyət evləri, həkim məntəqələri, rabitə binaları və digər obyektlər tikilərək məcburi köçkünlərin istifadəsinə verilmişdir.

Əmək yarmarkaları vasitəsilə əmək qabiliyyətli məcburi köçkünlərin müvafiq işlərə cəlb edilməsi, rayon mərkəzi xəstəxanasında onların pulsuz müayinə, dərman preparatları ilə təmin olunması ilə əlaqədar zəruri işlər görülmüşdür. Təbii qazla təmin olunmayan yerlərdə məskunlaşmış ailələr payız-qış mövsümündə ağ neft yanacağı ilə təmin olunmuş, onların məskunlaşdıqları şəhər və rayonlara təhkim edilmiş mərkəzi idarələr tərəfindən yardımlar göstərilmişdir. Məcburi köçkün sahibkarlara fermer təsərrüfatlarına güzəştli kreditlərin verilməsi işləri davam etdirilir.

1996-cı ilin aprelində Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə ümummilli liderimiz Heydər Əliyev qeyd etmişdi ki, Kəlbəcəri öz coğrafi mövqeyinə görə işğal etmək, sadəcə olaraq, mümkün deyildi. Ulu öndər demişdir: “Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər isə 1993-cü ilin mart ayının sonunda işğal olunmuşdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən Dağlıq Qarabağ, o zaman Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal olunmuşdu.  Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən,doğrudan da, coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri coğrafi nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi”.

Ulu öndərimizin apardığı daxili və xarici siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyev nəyin bahasına olursa–olsun torpaqlarımızın geri qaytarılacağını bəyan edir və  deyir ki, biz haqq yolundayıq və bu yoldan bizi heç bir qüvvə çəkindirə bilməz.  Kəlbəcərlilər üçün Gəncədə tikilən şəhərcikdə olarkən cənab Prezidentimiz demişdir: “O gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır”.

…Mobil telefonu  zəng çalır.Aqil müəllim telefonu açıb “Oldu, çalışın orada yaşayanların hamısı iştirak edə bilsin” – deyib söhbətin nədən getdiyini izah edir:

– Görüşə gedirəm.İstər Şamaxı olsun, istər Yardımlı, hardasa çox yox, hətta bir kəlbəcərli varsa belə, onun da görüşünə getməyə, dərd-sərini dinləməyə hazıram.

Bu gün Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət bizi o tarixi günün lap yaxında olduğundan xəbər verir. Bu yol aydın yoldur.Bu yol xalqın yoludur. Bu yol bizi KƏLBƏCƏRƏ aparan yoldur.

Hamlet Qasımov,
 “Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında