Biri vardı, biri yoxdu, uzaqda, çox uzaqda bir kənd vardı... İnsanları mehriban, gülərüz, qızları bahar təravətli, oğlanları polad biləkli, nənələri sinədəftər, babaları müdrik, tədbirli. Kiçik, ancaq ürəyi hər kəsə yetəcək qədər geniş kənd idi. Ta ki, 1993-cü ilin müharibə alovu onu yerlə-yeksan edənə qədər, neçə-neçə ailənin ocağı sönən, evləri dağıdılan günə kimi. Nağıllardakı kimi, gün gəldi, vədə yetişdi, illər sonra polad biləkli igidlər gedə bilmədiyimiz, görə bilmədiyimiz, dağılmış kəndimizin yolunu açdı. Lələtəpə zirvəsini fəth edib Cocuq Mərcanlı kəndini də azadlığa qovuşdurdular, bu yolda canlarını fəda etməkdən çəkinmədilər.
Elə bu düşüncə ilə avtobusun pəncərəsindən yorğun-yorğun yolboyu qarşımıza çıxan evlərə, təzəcə yaşıla bürünən çəmənliklərə baxıram. Lakin gördüyüm mənzərələr həyəcanımı azaltmır. Fikrim mənzil başındadır, xəyalımda canlandırdığım o kənddə. Bu yol həm də Qarabağa gedən yolun bir başlanğıcıdır, ümidlərimizi, istəklərimizi Cocuq Mərcanlıdan da o yana səsləyən zəfər marşının ilk notlarıdır.
“Təhlükəli ərazilərə daxil olmayın!”
O notlara köklənib Milli Məclisin deputatı, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayevanın dəvəti ilə “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri jurnalistlərin gözü və sözü ilə...” adlı layihəsi çərçivəsində “Türkiyədən ölkəmizə səfərə gəlmiş bir qrup media təmsilçisi ilə birgə gedirik Cocuq Mərcanlıya. Füzulinin Horadiz qəsəbəsindən keçirik, Cocuq Mərcanlıya çatanda avtobusdan görünən iri plakat diqqətimi cəlb edir: “Təhlükəli ərazilərə daxil olmayın!”. Keçən ildən bəri ANAMA əməkdaşları xeyli ərazini minadan təmizləyiblər. Lakin heç kim “sürpriz”dən sığortalanmayıb. Bununla belə, ayaqlarımı Cocuq Mərcanlı torpağına basmağımın sevincini yaşayıram.
Səfərin təşəbbüskarı Qənirə xanım gəlişimizin məqsədi haqqında danışır: “ 24 ildən sonra Cocuq Mərcanlıda artıq rahat gəzə bilirik, kənddəki dağıntılar erməni vandalizminin sübutudur. Aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş şəhidlərimizi rəhmətlə anırıq. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin əmri ilə Lələtəpə yüksəkliyi azad edildikdən sonra dağıntılara məruz qalmış bu kəndimizdə artıq yenidənqurma, tikinti işləri gedir. Çox istərdik ki, Türkiyədən gəlmiş jurnalistlər ölkəmizin mədəni irsi, inkişafı, eləcə də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərlə daha yaxından tanış olsunlar. İşğalçı Ermənistanın vandalizm izlərinə özləri şahid olub, öz ictimaiyyətlərinə obyektiv məlumat çatdırsınlar.”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ermənilərin işğal olunmuş torpaqlarımızda törətdikləri vəhşiliklər, kəndin darmadağın edilməsi ilə bağlı türkiyəli jurnalistlərə məlumat verdi: “Bu gün Cocuq Mərcanlıda “Böyük Qayıdış”ın kiçik müjdəsini yaşayırıq. 200-ə yaxın ailə öz doğma kəndinə qayıtmaq üçün müraciət edib. Bu da bir sıra beynəlxalq qurumlara göstərir ki, dövlətimiz məcburi köçkünlərə hərtərəfli qayğı və diqqət göstərsə də, onların bircə istəyi var, öz yurdlarına qayıtmaq! Artıq cənab Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamına əsasən, ərazidə minatəmizləmə və tikinti işləri gedir. Kənd yenidən qurulur. İnanıram ki, tikinti işləri başa çatdıqdan sonra bu ərazidə tamamilə başqa görkəmdə gözəl evləri olan abad kənd görəcəksiniz”.
Canlı videoyayım: qonaqların təəssüratları
Cəbhə jurnalistlərinin çoxundan eşitmişəm. Deyirlər, Qarabağda müharibənin ilkin çağında jurnalistlər üçün informasiya əldə etmək müşkül məsələyə çevrilmişdi, xarici ictimaiyyətə, beynəlxalq mediaya məlumat ötürmək isə möcuzə sayılırdı. Ölkəmiz informasiya blokadasında idi. İndi isə o çətin vaxtlardan 20 ildən çox vaxt keçib. İnformasiya texnologiyalarının, internet mediasının inkişafı ilə artıq istənilən məlumat, eləcə də cəbhədə baş verənlər operativ olaraq, dünyaya yayımlanır. İnternetə qoşularaq, müasir dövrdə populyar olan facebook sosial şəbəkəsi ilə canlı yayım edirəm, üçrəngli bayrağımızın dalğalanmasının fonunda həmkarlarım Cocuq Mərcanlıda gördüklərindən danışırlar. Canlı yayım vasitəsilə ölkə və xaricdən videoyayımı izləyən istifadəçilərin təəssüratını və fikirlərini oxumaq mənə ayrıca bir qürur verirdi.
Türk Ocaqlarının Antalya şöbəsinin başqanı Abdullah Uysal: Novruz günündə işğaldan azad edilmiş Cocuq Mərcanlıda olmaq gözəl bir duyğudur.Türkiyədən buraya ayaq basan ilk ziyalılar, media nümayəndələri olmaqdan qürur duyuruq. Türkiyədə Novruzu həm də qədim türklərin Ərgənəkondan çıxışı olaraq qeyd edirlər. Ərgənəkon dastanına görə, türklər dağı yarmış, oradan müxtəlif ərazilərə səpələnərək yeni yurd salmışlar. Arzu edirəm ki, növbəti Novruz bayramında işğal altında olan digər yurd yerləri də azad edilsin, Vətən həsrətində olan azərbaycanlı qardaşlarımız kəndlərinə qovuşsunlar.
Akdeniz Jurnalistlər Federasiyası İdarə Heyətinin üzvü Ali Buldu: Bakıya gələndən bəri yaxşı mənada heyrət içindəyik. Bakını gəzdik, şəhərin gözəl məkanlarını gördük, indi isə işğaldan azad edilmiş kənddəyik. Bura gəlmənin sevinci ilə yanaşı, həm də üzüntülüyük, ona görə ki, kənd dağılıb, xarabalığa çevrilib, Ermənistanın işğalı nəticəsində neçə-neçə ailə dağılıb, günahsız insanlar qətlə yetirilib, didərgin düşüb. Qarabağda yaşanan erməni vandalizmini dünya ictimaiyyəti görməlidir. Biz də burada yaşanan faciələrin daha geniş şəkildə ictimaiyyətə çatdırılmasında əlimizdən gələni edəcəyik.
Yenigün-Akdeniz Jurnalistlər Federasiyası sədrinin müavini, Akdeniz Qəzet Sahibləri Dərnəyinin rəhbəri Ahmet Duran Yenigün: Kəndə gəldiyimizin ilk dəqiqələrindən diqqətimi burada aparılan tikinti-quruculuq işləri cəlb etdi. İşğaldan azad edilmiş, müharibə zamanı xarabazara çevrilmiş kəndin yenidən qurulmasını görmək xoş bir duyğudur. İnşallah, bu kəndin bərpa edilməsindən sonra bizə Cocuq Mərcanlıya bir daha gəlmək nəsib olar.
Burdur Jurnalistlər Cəmiyyətinin rəhbəri Kürşad Tuncel: İnsanın öz torpağından qovulması, öz yurdundan məcburən ayrı düşməsi, mənim üçün ən böyük insanlıq cinayətidir. Bu məcburi köçkünlük faciəsi, bütövlükdə Qafqazda, Balkanlarda da yaşandı. Kənddə bir salamat ev yoxdur, hamısı dağıdılıb. Düşünürəm ki, yanımızda tikilən yeni evlər burada həyata keçirilmiş vandallıq aktlarına, qətliamlara ən gözəl cavabdır. İnsanların buraya qayıdışının tez bir zamanda rellaşması çox gözəldir. Anadoludakı insanımızın buraları gəlib görməsi, tarixini bilməsi çox önəmlidir. Türk insanı öz tarixini, keçmişini öyrənib ibrət götürməlidirlər ki, bu cür faciələr bir daha təkrarlanmasın.
Antalya Jurnalistlər Cəmiyyəti və Akdeniz Jurnalistlər Federasiyasının rəhbəri Mevlut Yeni: Türkiyə mediasının nümayəndə heyətinin Cocuq Mərcanlıya gəlişi tarixi bir hadisədir. Biz, demək olar ki, mediadan hər gün Azərbaycanla, özəlliklə də Qarabağla bağlı xəbərləri izləyirik. Lakin jurnalist olaraq gəlib, buradakı vəziyyətlə tanış olmaq ayrı bir hissdir. Ermənilər bu cür vəhşilikləri tarix boyu ediblər, bu vandallıq aktlarını indi də davam etdirirlər. Bizim üzərimizə düşən missiya işğalçı Ermənistanın təxribatları ilə üz-üzə olan qardaş Azərbaycanın həqiqətlərini, Qarabağ münaqişəsi ilə bağlı dolğun və obyektiv məlumatları Türkiyə ictimaiyyətinə çatdırmaqdır.
Antalya Jurnalistlər Cəmiyyətinin sədr müavini İdris Taş: Azərbaycanın acısı və sevinci bizim də acı və sevincimizdir. İlk dəfə gəldiyimiz bu kənddə gördüyümüz acı mənzərə; evlərin dağıdılması, divarlarının dəlmə-deşik edilməsi, bütövlükdə Qarabağ müharibəsində yaşananları təsəvvür etməyə imkan verir. Azərbaycanın haqlı davasında, xüsusilə də Qarabağ məsələsində Türkiyə hər zaman onun yanındadır. Biz Xocalıda yaşanan faciədən, anaların əlindəki körpə ilə fəryadından çox təsirlənmişik. Arzum budur ki, belə faciələr bir daha yaşanmasın.
Antalya Jurnalistlər Cəmiyyətinin sədr müavini Mustafa Taş: Müasir Bakının gözəlliyi hamımızı valeh etdi. Oradan ayrılıb Cocuq Mərcanlıya gələndə heç düşünməzdik ki, bu dərəcədə xarabazara çevrilmiş, dağıdılmış bir kənd görərik. Etiraf edim ki, bu qədərini gözləmirdim. Burada gördüyüm acı mənzərə məni çox təsirləndirdi.
Osmaniyyə Jurnalistlər Cəmiyyətinin rəhbəri Ali Cihangir: Cocuq Mərcanlıya səfərim, burada yaşadığım duyğular, gördüyüm kədərli, eyni zamanda, ümid dolu mənzərə həmişə yadımda qalacaq. Bir daha yolum buradan düşsə, gözəl evlər, uşaqların sevinc qəhqəhələrinin eşidildiyi bir kənd görmək istəyirəm.
* * *
Ətrafdakı evlərin, demək olar ki, hamısı dağıdılıb, boş, yarıuçuq divarlar ucalır. Ev-ev gəzirdim. Hətta bir evin içindən stəkan-nəlbəki qırıqları da tapdım. Lakin irəliyə getdikcə, bizi müşayiət edən hərbçi xəbərdarlıq edir: “ Çox irəli getmək olmaz. Ərazilərdə mina olması ehtimalı var.” Sözsüz, əmrə tabe olub, dayanıram. Obyektivim isə qürurla ucalan, sanki Cocuq Mərcanlının həm həqiqi, həm də məcazi mənada keşiyini çəkən Lələtəpəyə tuşlanır. Keçən il Aprel döyüşlərində ordumuzun rəşadəti nəticəsində işğaldan azad etdiyi strateji əhəmiyyətli bu yüksəklik həm də el arasında müqəddəs bir yer sayılır. Bəlkə də bu yüksəkliyi müqəddəsləşdirən həm də orada uyuyan insanlarımızın ruhlarıdır. Çünki kəndin məzarlığı orada yerləşir.
Burada isə qızğın iş gedir, evlər, yeni obyektlər tikilir. Biz orada olanda da fəhlələr heç nəyə əhəmiyyət verməyib, adi qaydada tikinti işləri ilə məşğul olurdular. Necə deyərlər, öz əməlləri və sözləri ilə-- “Biz bu kəndi abad bir kəndə çevirəcəyik, insanlarımız tezliklə öz yurdlarına qayıdacaqlar. Bundan gözəl nə olar?!” – fikrini çatdırırdılar.
Kəndin hələ ki, yeganə sakinləri – Həziyevlər ailəsi
1994-cü ildə erməni işğalçılarından azad edilən, lakin Lələtəpə yüksəkliyində olan erməni silahlılarının hədəf nöqtəsi olan Cocuq Mərcanlı kəndində o dövrdən bu yana yeganə bir ailə – Oqtay Həziyevin ailəsi yaşayır. Burada yaşamaq təhlükəli olduğundan, tez-tez atışmalar olduğu üçün kənd camaatı doğma yurda qayıda bilməyib. Lakin bu illər ərzində heç bir çətinlik, təhlükə, təxribat Həziyevlər ailəsini doğma yurdundan ayıra bilməyib, torpağa olan sevgisini soyutmayıb, əksinə daha da artırıb. Məhz o sevgi və gələcəyə olan inamın nəticəsidir ki, bu gün Cocuq Mərcanlı kəndinin səması aydınlığa çıxıb. Bir vaxtlar erməni silahlılarının Lələtəpədəki mövqeyi bu ərazilərə təhlükə törədirdisə, artıq bu da ordumuzun qəhrəmanlığı nəticəsində, aprel döyüşlərindən sonra sovuşub. Cocuq Mərcanlıda işığı yanan tək evə qonaq oluruq. Hiss edirəm ki, türkiyəli həmkarlarım da bu ailənin timsalında yurda olan sevgidən çox təsirləniblər.
Oqtay Həziyev təvazökarlıq edib, çox danışmır, qonaqları salamlayarkən onun üzündəki sevinc və qürur elə sözsüz də çox şeyi deyir. Çay süfrəsi arxasında səmimi söhbət bayram ovqatına köklənir. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Oqtay Həziyevin ailəsinin torpağına, kəndinə sevgisini xalqımızın öz doğma torpağına necə bağlı olduğunun nümunəsi olduğunu bildirir. “Hər bir məcburi köçkünün arzusudur ki, doğma yurdlarına qayıtsın. Cocuq Mərcanlıda gedən quruculuq işləri bu inamı daha da artırır.”
* * *
Novruz tonqalının Qarabağın bir parçası olan Cocuq Mərcanlıda çatılması hər kəsdə qəribə bir xoş ovqat yaratdı. Hətta, adət üzrə qonaqlar “ağırlığım-uğurluğum odda yansın”-deyib tonqaldan atlanırdı ki, qəfildən yaxınlıqda təzə doğulmuş quzunun ayaq üstündə durmağa çalışması, anasına sığınması diqqətlərdən yayınmadı. “ Təzə anadan olub. Novruz ərəfəsi.”-kənd sakini Oqtay Həziyev gülümsəyərək, əkiz quzunun bir tayını qucağına alıb tonqalın ətrafına gətirdi.
Yeni gün hesab edilən Novruzda yenidən qurulan Cocuq Mərcanlıda həyat işartısının daha bir sübutu idi sanki əzizlənən quzuların doğuluşu. Hələ təbiət oyanacaq, yenə də bərəkətli torpaqlar əkilib bar verəcək, güllü-çiçəkli çəmənlərdə uşaqlar sevinə-sevinə qoyun-quzu dalınca qaçacaq, Cocuq Mərcanlı gözəl cənnət bir kəndə çevriləcək. O zaman yazım belə başlayacaq: “Orda bir kəndimiz var… Uzaqlarda... Hara getsək, harada gəzsək də yenə onun isti qoynuna qayıdırıq. İnsanları mehriban, gülərüz, qızları bahar təravətli, oğlanları polad biləkli, nənələri sinədəftər, babaları müdrik, tədbirli... Gələcək firavan günlər üçün polad biləkli oğulların torpağa qovuşduqları kənd – Cocuq Mərcanlı. Havası cocuq saflığı qədər təmiz Cocuq Mərcanlı”.
...Baxışlarımı uzaqdan görünən Lələtəpədən nikbin düşüncələrlə ayırıb, avtobusumuza tərəf addımlayıram. Bir də boylanıb əl edirəm oralara. Torpağımızı əsgərlərimizə, onları da Tanrıya əmanət edirəm. Hələlik, Cocuq Mərcanlı! Hələlik, uğrunda canlarını fəda etmiş igidlərin müqəddəs ruhlarının üzərində dolaşdığı Lələtəpə!
...İnanıram ki, üçrəngli bayrağım və fotokameramla azad olunacaq digər doğma yurdlarımıza da ayaq basmaq mənə qismət olacaq.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.