Muğam Televiziya Müsabiqəsinin final yarışmasına start verildi

İki illik fasilədən sonra nəhayət ki, mart ayının 14-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “VI Muğam Televiziya Müsabiqəsi–2017”-nin final yarışmasına start verildi.

Müsabiqənin ilk həftəsi xalq mahnılarına həsr olunmuşdu. Həftənin dinləmələrində müsabiqə iştirakçıları arasında gələcəyinə ümid bəslənilən  ifaçıların az olmadığını açıqlayan Xalq artisti Əlibaba Məmmədov uğur qazanmaq üçün təkcə səsin kifayət etmədiyini dedi: “Düzdür, səs də vacibdir. Lakin digər vacib amillərdən biri də zəhmətdir. Biz o səsləri tapıb ictimaiyyətə təqdim edirik. Qalanı onların özündən asılıdır”.

İkinci onluğun dinləmələri martın 20-nə – xalqımızın milli bayramı Novruza təsadüf etdiyindən o günü hamı əsl bayram sevinci yaşadı. Əlində səməni, bayram xonçası tutmuş Bahar qızının təbrikləri, Kosa ilə Keçəlin isə məzəli söhbətləri tədbiri daha da şən və yaddaqalan etdi. Şərtlərə görə, həftə ərzində ən az bal toplamış ifaçı müsabiqədə iştirakını dayandırmalı idi. Lakin ilk həftənin bayram gününə təsadüf etdiyindən münsiflər heyəti və müsabiqənin təşkilatçıları kimsənin xətrinə dəyməmək məqsədilə heç kəsi yarışdan kənarlaşdırmadılar.

Bununla belə, ilk dinləmələr zamanı maraqlı çıxışlarla yanaşı, müəyyən iradlara səbəb olan ifalar da az olmadı. Güman edirik ki, müsabiqə iştirakçıları söylənilən iradlardan nəticə çıxaracaq və sənət vərdişlərinə diqqəti bir az da artıracaqlar. Çünki müsabiqənin hər dinləmələrindən sonra qarşıya qoyulan tələblər daha da çətinləşəcək.

Müsabiqənin ikinci həftəsi zərb muğamlarına həsr olundu. Azərbaycan muğam sənətinə xüsusi rövnəq gətirən, həm xanəndələrin, həm də dinləyicilərin zövqünü oxşayan zərb muğamlar milli ifaçılıq sənətində özünəməxsus yer tutur. Muğam sənətimizə xüsusi rəng qatan, ritmlərdən bir çələng yaradan zərb muğamlar öz orijinal forması, təkrarolunmaz ahəngdarlığı ilə qədim musiqimizdə ayrıca bir səhifə təşkil edir. “Heyratı”, “Arazbarı”, “Simayi-Şəms”, “Mənsuriyyə”, “Osmani”, “Ovşarı”, “Şirvan şikəstəsi”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”nin hər biri ayrıca bir aləm, dinləyici ruhunu tərpədən musiqi abidəsidi.

Xatırladım ki, müsabiqənin ilk həftəsinin dinləmələrinə keçid almadan öncə muğam ifaçılığında dərin iz qoymuş ustad xanəndə, Xalq artisti Ağaxan Abdullayevin əziz xatirəsi yad edilmişdi. İllərdən bəri davam edən, artıq ənənəyə çevrilmiş sənət adamlarına göstərilən doğma münasibət və diqqət zərb muğamlar həftəsində də təkrar olundu. Bu dəfə yanıqlı səsi və bənzərsiz ifası ilə xalqın zövqünü oxşamış Xalq artistlərindən Rübabə Muradova və Əbülfət Əliyevin radio-televiziyanın “qızıl fondunda” saxlanılan ifaları səsləndi. Hər iki həftənin dinləmələrində seçilən ifaçılar da az olmadı. Türkan Orucovanın oxuduğu “Kəsmə şikəstə”, Almaxanım Əhmədlinin –“Heyratı”, Pərviz Qasımovun – “Osmanı”, Taleh Hüseynlinin – “Arazbarı” muğamları münsiflər tərəfindən bəyənildi.

Müsabiqə boyu gənc ifaçılar haqqında mütəmadi olaraq ətraflı məlumat verəcəyik. Hələlik isə münsiflər heyətinin üzvlərini təqdim etmək istəyirəm. Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimləri, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Muğam televiziya müsabiqəsi layihəsinin icraçısı Nadir Axundov və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi. Əlavə edək ki, gənc ifaçıları, Əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental ansamblı müşayiət edirdi.

Rafiq SALMANOV,
 “Xalq qəzeti”
Foto müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında