Novruz haqqında maraqlı mülahizələr

İngilis alimi Meri Boys yazır ki, Xeyirlə Şərin il boyu davam edən mübarizəsinin sonunda Şərin məğlubiyyətinin rəmzinə, həyatın ölümə qalib gəlməsinin təntənəsinə həsr olunmuş Novruz bayramı atəşpərəstlik dövründə yaranmışdı. Oda sitayiş edən insanlar yazın ilk günündə həyat gücü sandıqları tonqala baş əyib istəyirdilər ki, sıxıntı, kədər və ağrı-acıdan qurtarmaq üçün onun üstündən atılmağa icazə versin. Sonra isə həmin ritualı reallaşdırır, yeni ilə tamamilə sağlam və problemsiz çıxdıqlarına inanırdılar.

Müasir elmi jurnallarda isə qeyd edilir ki, Novruz bayramı haqqında ilk yazılı mənbə hələ eramızdan əvvəl, 505-ci ilə aiddir. Yəni bu tarix İslam dininin yaranmasından və yayılmasından xeyli əvvələ təsadüf edir. Bu məzmunlu ədəbi fikirlərə isə Nizammülkün “Siyasətnamə” əsərində rast gəlinir. Alimlərin fikrincə, bu bayram oda sitayiş edənlərin ölkəsində yaransa da, sonradan onun coğrafiyası böyümüş, bir çox məmləkətlərdə yayılmışdı.

Maraqlı məqamlardan biri də odur ki, yazın ilk günlərində dünyanın müxtəlif xalqlarının keçirdiyi bayramların əksər ritualı Novruzdan fərqli olsa da, həmin bayramların hamısında yağlı və şəkərli təamların hazırlandığı söylənilir. Məsələn, yazın ilk günündə Rusiyada, Böyük Britaniyada, Amerika Birləşmiş Ştatlarında və fransızdilli ölkələrdə belə bayramlar keçirilir və hər yerdə yağlı, şirin çörəklər bişirilir. O biri bayramlardan fərqli olaraq, Novruz həm tarixinə görə qədimdir, həm də elmi-fəlsəfi məzmununa görə daha mükəmməl məzmun kəsb edir.

Bu bayramın mərasim coğrafiyasına diqqət yetirdikdə məlum olur ki, ta qədimlərdən müasir dövrümüzədək Novruzun yayılma arealında müəyyən dəyişikliklər baş vermişdir. Təbii ki, Novruz bayramı indi müsəlman Şərq ölkələrinin hamısında keçirilir. Amma qədim dövrlərə doğru getdikcə biz onun bütün Avrasiya materikində, o cümlədən, Şimali Afrikanın türklərin ayaq basdığı torpaqlarında da yayıldığını görürük.

Burada bir neçə mürəkkəb məqam vardır. Mürəkkəblik ondan ibarətdir ki, suyun başlandığı, qurunun qurtardığı yerə qədər getməyi məqsəd kimi götürmüş qədim türklər özləri hansı ölkələrə getmişlərsə, o cümlədən Şimali Afrikaya qədər Novruz bayramını, ildəyişmə bayramlarını da özləri ilə aparmışlar. Sonradan Novruz Xəzər türklərinin nümunəsində, xristianlığı qəbul etmiş türklərin nümunəsində, o cümlədən İslamı qəbul etmiş türklərin nümunəsində Avrasiyanın xeyli ölkələrini, eləcə də Şimali Afrika ölkələrini əhatə etmişdir.

Bir faktı da qeyd etmək lazımdır ki, bəzi ölkələrdə Novruzun adı yerli xalqların inancları ilə qaynayıb qarışdıqdan sonra dəyişmişdir. Ümumiyyətlə, Novruzun mərasim coğrafiyası haqqında yekun fikir olaraq söyləyə bilərik ki, bu bayramın coğrafiyasından danışarkən hökmən onun keçdiyi tarixi mərhələləri də nəzərə almaq lazımdır. Əgər bu tarixi mərhələlər nəzərə alınarsa, onda görərik ki, Novruz bütövlükdə bir məkan olaraq Şimali Afrikanın müsəlman ölkələrini, Avrasiyada yaşayan müsəlman türklərini əhatə edir. Siyasi coğrafiya baxımından nəzər yetirdikdə isə deməliyik ki, Novruz türk dövlətlərini və türk olmayan dövlətləri, yəni böyük bir regionda müxtəlif xalqları, dinləri və etnosları bir araya gətirən, onların arasında gələcəyə doğru çağırışlardan ibarət harmoniya, sülh yaradan böyük bir bayram kompleksidir.

Sonda qeyd edək ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni irs nümunələrinin reprezentativ siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyası martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında