Cocuq Mərcanlıda bir gün: işğaldan azad edilərək yenidən qurulan kənd

İyirmi dörd ildir işğal altında olan Cəbrayıl rayonunun işgaldan azad edilmiş yeganə kəndi Cocuq Mərcanlını görmək istəyi hər gün bizi narahat edirdi. Doğrusu, oraya media nümayəndələri və vətənpərvər dostlarımızla bərabər getməyin mənim üçün daha maraqlı olacağını düşünürdüm. Martın 15-də Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Moskva Nümayəndəliyinin rəhbəri, fəal diaspor təmsilçimiz Toğrul Allahverdili bir qrup jurnalist, QHT və diaspor nümayəndəsi ilə Cocuq Mərcanlı və Lələtəpəyə getmək planlarının olduğunu bildirdi. Mənim üçün xoş bir xəbər olduğundan dərhal qəbul etdim. Aprel döyüşlərində qazandığımız qələbələrdən sonra bir dəfə bölgəyə səfərimiz olsa da, hərbçilər bizi əraziyə buraxmamışdı və bu dəfə icazənin alınması və heç bir maneənin olmayacağı əminliyi indiki səfərimiz üçün əsas oldu.

 

Şəhidlər xiyabanından Qarabağa

 

Martın 16-da səhər saat 9-da Şəhidlər xiyabanında idik. Doğrusu, hər dəfə şəhərin müxtəlif yerlərindən, xüsusilə dairələrdə görüş yeri təyin ediblər. Bu dəfə isə Vətənimizin bütövlüyü və azadlığı uğrunda şəhid olan qardaş və bacılarımızın uyuduğu məkanın yanından yola düşməyimiz diqqətimdən yayınmadı. Bu, təsirli məqam idi. Məhz həmin şəhidlərdir ki, biz onların uğrunda canlarından keçdiyi bu məmləkətin azad olunmuş bir hissəsinə səfər edirdik. Şəhidlər xiyabanından Cocuq Mərcanlıya, Lələtəpəyə...

Beləcə, vətəndaş cəmiyyətimizin iyirmidən çox təmsilçisi ilə 25 ilə yaxındır ki, görə bilmədiyimiz Cəbrayıl ərazisinə – Cocuq Mərcanlıya yollandıq. Qeyd edim ki, səfərdə diasporumuzu Toğrul Allahverdili ilə yanaşı, Hollandiyadan Elxan Mirhəşimli, Polşadan Nail Əhməd də təmsil edirdilər. Həmkarlarımızdan isə demək olar ki, tanıdığım üç nəfər idi: biri “Həftə içi” qəzetindən Tural Turan, digəri isə Diaspor Jurnalistrlər Birliyinin sədr müavini Siyavuş Əmirli və Nazirlər Kabinetinin əməkdaşı Rövşən Məmmədov.
Femida.az saytından Miri Məcidli, politoloq Zaur Məmmədov, tanınmış müğənni Vüqar Muradov, QHT sədri İradə Əlili, “Türk dünyası” qəzetindən Aybəniz Qafarlı, fotoqraf Nofəl Ümid, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Emil Rasimoğlu, Ramin Kolçak, CBC kanalından Orxan Məmmədov, QHT sədri Aydın Mahmudov, gündəlik.infodan Ülkər Piriyeva və digərləri də səfərdə iştirak edirdilər. Əsas odur ki, hələ Şəhidlər xiyabanından yola düşərkən məqsədimizin aliliyindən irəli gələrək bir-birini tanımayan yol yoldaşları tezliklə müzakirələrə qoşuldular. İştirak edən hər kəsin bir istəyi var idi – mənzil başına tez çatmaq.

 

Qaçqın və məcburi köçkünlərə yaradılan şərait yolboyu bizi izləyirdi

 

Dostum Rövşən Məmmədovu Dünya Azərbaycanlılarının Qurultayından tanıyırdım. Həmişə sosial şəbəkələrdə milli qəhrəmanlarımız haqqında paylaşımlarını izləyirəm. Xüsusilə, aprel döyüşlərində şəhid olmuş bir sıra qəhrəmanlarımızın evlərinə baş çəkir, onların hünərini gənclər arasında, demək olar ki, hər gün təbliğ edir. Dostumuz yolboyu qaçqın və məcburi köçkünlər üçün yeni salınan qəsəbələri göstərərək dövlətimizin bu sahədə gördüyü işləri sadalayırdı. Həqiqətən, şəhərciklərdəki evlərə, salınan küçələrə, səliqə-sahmana diqqət yetirdikdə, demək olar ki, çatışmayan heç nəyin qalmadığının şahidi olduq. Bu isə, təbii ki, bizi ancaq sevindirdi. Hətta zarafatca bir-birimizə deyirdik ki, Ali Baş Komandanımızın sayəsində torpaqlarımız azad olunsun, orada belə gözəl şərait yaradılmasa da olar...

 

Vaxtilə keçilməsi mümkün olmayan sərhədlər

 

Araz çayı boyunca uzanan yolumuz İran sərhədinə, demək olar ki, bitişik idi. Elə yerlər var idi ki, hətta əlimizi pəncərədən çıxarsaydıq sərhədin məftillərinə dəyərdi. Tikanlı məftilləri görəndə açığı gözümüzün qarşısına 37-ci illərdə baş verən repressiyaların hələ şüurumuzda izi qalan xofu, tarixdən keçdiyimiz xanlıqlar dövrü, SSRİ-nin tikanlı və elektrikli məftilləri öz qohumlarına, əqrəbalarına qovuşmaq istəyən soydaşlarımızın həm sovet, həm də şah dönəmində çəkdikləri əziyyətlər, işgəncələr və daha nələr, nələr gəldi... Şükürlər olsun ki, indi 25 ildən çoxdur ki, müstəqil dövlətik.... Bu düşüncə və ümidlərlə Füzuliyə – yəni hələ də işğal altında qalan rayonumuzun düşməndən azad olunmuş hissəsinə – Horadizə yetişdik.

 

Horadizdə dalğalanan bayrağımız

 

1994-cü ildə ümummilli lider Heydər Əliyevin çağırışları ilə Milli Ordumuz tərəfindən yenidən geri alınan Füzuli rayonunun Horadiz qəsəbəsi və ətrafındakı kəndlər bu gün sanki Günəş kimi işıq saçır. Elə bildik hansısa xarici ölkədəyik. Çünki burada – bam-başqa bir ab-hava vardı. Qəsəbə yenidən və fərqli dizaynda qurulmuş, əhali üçün hər cür şərait yaradılmış, asfalt yollar çəkilmişdi. Qəsəbənin girişində məsçidin olması bizi bir az da duyğulandırdı. İşğal altında qalmış mənəvi istinadlarımız olan məscidlərimizin hələ də azan səsi gözlədiyini xatırladıq və Horadizdəki məscidi görüb yenidən qürurlandıq. Horadizin ən möhtəşəm və təsirli yeri isə heç şübhəsiz, böyük bir təpədən ibarət olan Bayraq meydanı idi. Belə möhtəşəm bayraq meydanını Bakıda görmüşdüm. Sən demə, biri də Horadizdə imiş. Qəsəbəyə qədəm qoyan kimi “ayaq saxladıq”. Bizi Cocuq Mərcanlının sahə müvəkkili və "N" saylı hərbi hissənin yüksək rütbəli zabitləri mehribancasına qarşıladılar. Həm peşə marağından, həm də azad edilmiş Vətən torpağına ayaq basmağımızın həyəcanından sualları qarşımıza çıxan istənilən rəsmi nümayəndəyə, hərbiçiyə yağış kimi yağdırırdıq. Onlar da təsdiq etdi ki, bu gün Cocuq Mərcanlıda yaşamaq yalnız Lələtəpənin ötən ilin aprel döyüşlərində azad edilməsindən sonra mümkün olub. Bu kənd hələ 1994-cü ildə azad olunsa da, orada yaşamaq qeyri-mümkün idi. Ermənilər ərazini vururdular. İndi isə artıq təhlükə sovuşub və artıq tezliklə burada yeni həyat başlayacaq.

Biz də öz növbəmizdə boş dayanmadıq, foto-şəkillər çəkdikdən sonra Horadizdəki ərzaq marketlərindən əsgərlərimiz üçün bayram sovqatı aldıq. Horadizdəki dükan və mağazalar, necə deyərlər, qaynayırdı. Bundan sonra ürəyimiz rahatlandı və beləcə, vaxtilə insanların ümid yeri olmuş və hələ də bərpasını səbirzsizliklə gözləyən Füzuli-Mincivan-Naxçıvan dəmir yolunun üzərindən keçərək hədəf tutduğumuz mənzil başına çatdıq.

 

Xoş gördük, Cocuq Mərcanlı!

 

Nədir bu kəndin adının mənası? Anadolu türkləri ilə, Azərbaycan türklərinin soy, qan, dil qardaşlığını adında yaşadan bu kəndin adı haradan yaranıb görəsən. Əvvəla qeyd edim ki, cocuq dilimizdə vaxtılə çox işlənən sözlərdən olmuşdur. Doqqaz, kütübhana, əcəba, əndişə kimi cocuq da bu millətin leksikonunda rahat işlənən söz olub bir vaxtlar. Gördüyünüz kimi, bu yaşayış məntəqəsinin də adında qoruyub saxlayıb özünü. Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada “cocuq” sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. "Kicik Mərcanlı" mənasındadır.

Kəndə gəlib çatdıqda iki fərqli mənzərənin şahidi olduq. Bir tərəfdə kədər var idi, digər tərəfdə isə sevinc. Açığını deyim, duyğulandıq, qəhərləndik də... Köhnə Cocuq Mərcanlının ermənilər tərəfindən dağıldılmış evləri, bacaları gözümüzün qarşısından getmir. Vaxtilə burada ailələr yaşamış, toylar, düyünlər, mərasimlər keçirilmiş, indi isə uçulub, tar-mar olunmuş xarabalıqlar lap Xaqaninin Mədain xərabələrini xatırlatdı bizə. Böyük Xaqaninin eyniadlı qəsidəsindən bu misralar yadıma düşdü:

Sarsıtdı kim əflakə qalxan
                   belə eyvani,

Göylərdəki qüvvətmi,
             etdi ya fələk viran?

Eh... Bu dəfə göylərdəki qüvvətin ədaləti öz sözünü dedi. Bu kəndin lap yaxınlığında olan Lələtəpə yüksəkliyi ordumuz tərəfindən azad olunduqdan sonra Cocuq Mərcanlıda yenidən Azərbaycan nəfəsi gəlməyə başladı.

Kəndin dağılmış evlərinin yanında bizi sevinc haqladı. Tikinti materialları, texnikalar, kaskalar, qaydalar çərçivəsində geyinmiş usta və fəhlə briqadasının canfəşanlıqla işləməsi bizi son dərəcə sevindirdi. Bu ustalar, əslində, Cocuq Mərcanlıda əllərinin qabarı ilə tariximizi yenidən qururdular. Bu kəndin tikintisində iştirak etmək xoşbəxtliyi məhz onlara nəsib olmuşdu. Evlərin arasında təhsil ocağının tikintisi xüsusilə seçilirdi. Geniş fundamentinin olması ilə diqqət çəkirdi. Həm tikintidə çalışanlar, həm də icra nümayəndəsi Vüqar Sərkərov bildirdi ki, məktəb sentyabrın 15-nə kimi təhvil veriləcək. Məktəb 198 şagird yerlik olacaq. Sonra artezian quyusu, bağça da bu sıraya qoşulacaq. Kəndə ilkin olaraq 50 ailə köçürüləcək, növbəti mərhələdə 150 ailə də burada məskunlaşacaq. Bir sözlə, xarabalıqlara bitişik yeni kəndimiz qısa müddətdə sakinlərimizin, soydaşlarımızın yuvasına çevriləcək. Dağılmış evlərin taleyi də məni düşündürdü, – desəm yanılmaram. Bəlkə də dövlətimiz tərəfindən düşmən vandalizminin nümunəsi olaraq muzey kimi qorunacaq, – deyə bilmərəm, amma beynəlxalq təşkilatların iki fərqli müqayisəni gözləri ilə görmələri üçün ideal nümunədir. Biri işığı, digəri isə qaranlığı xatırladan nümunə...

Yaxın məsafədən Lələtəpənin əzəməti hamımızı heyrətləndirdi. Zirvədə üçrəngli bayrağımız dalğalanırdı. Bu zirvənin uğrunda çox yox, cəmi bir il öncə igid oğlanlarımız şəhidlik mərtəbəsinə ucaldı. Lakin əziyyətləri hədər getmədi. Onların şəhidliyi sayəsində Vətən öz torpaqlarının daha bir parçasına qovuşdu. Qeyd edim ki, Cocuq Mərcanlının qəbiristanlığı da Lələtəpədədir. Hərbçilərimizin sözlərinə görə, düşmən qəbiristanlığı yerlə-yeksan etmişdi. Zirvə alındıqdan sonra orada abadlıq işləri aparılıb və soydaşlarımız oraya gələrək dəfn olunan əqrəbalarının ruhlarına dua edir, “Quran” oxutdura bilirlər.

Zabitlərimizin çağırışı ilə görüşümüzə əsgərlərimiz gəldilər. Onlarla görüşüb, hal-əhval tutduq, sovqatlarını verib, azacıq da olsa rahatlandıq.

 

Tənhalığa son

 

Səfərin ən maraqlı anlarından biri də Cocuq Mərcanlıda yaşayan yeganə ailənin başçısı Oqtay Həziyevlə görüşməyimiz oldu. Yaxınlıqdakı kəndin sakinləri də ona “Cocuq Oqtay” deyirlər. Bizi mehriban qarşıladı. Təsəvvür edirsinizmi, biz rahat, təhlükəsiz yerdə yaşayırıq, amma bu soydaşımız dağılmış, işğal olunmuş və sonra yenidən azad edilsə də, hər an düşmən gülləsinin atəşi altında olan kəndini tərk etməyib. Hətta hərbçilərin tövsiyələrinə, təkidlərinə də baxmayaraq, həyatı üçün təhlükəli olsa da burada yaşamağa davam etmişdir. Kəndin yeganə sakininə sual verdik:

– Burada bu neçə ildə necə yaşamısınız?

– Çox çətinliklə olsa da , dözmüşəm, yaşamışam.

– Ailəniz də burada yaşayırdı ?

– Bəli, düşmənlə döyüş başlananda onları buradan uzaqlaşdırıram. Sonra yenə gəlirlər. Uşaqlarım burada böyüyüb.

– Aprel döyüşlərində də burada idiniz?

– Əlbəttə, əvvəl atəşlərdən qorunmaq üçün zirzəmidə vaxtımı keçirdim. Qoşunlarımız hücuma keçdikdən sonra isə tam sərbəst həyətə çıxdım və hadisələri izlədim.

–Nə gördünüz?

– Onu gördüm ki, düşmən qaçır və əllərində illərdir əsir olan Lələtəpə artıq bizdədir.

– Köhnə qonşularınıza yenidən qovuşacaqsınız. Nə hisslər keçirirsiniz ?

– Çox sevinirəm. Nəhayət ki, burada tənhalığımza son qoyulacaq. Prezidentimiz sağ olsun ki, belə bir böyük işə başlayıb. Bu kəndin yenidən dirçəlməsini səbrsizliklə gözləyirdim. İndi də, Allah izn versə, istərdim Cəbrayılın, Şuşanın və digər doğma rayonlarımızın azadlığını görüm.

Bəli, əziz oxucular, sözün yaxşı mənasında, belə vətənpərvər və ləyaqətli soydaşımızın olması ilə qürur duyduq. Sağ olsun, bizi dəfələrlə evinə dəvət etdi. Həm də çox qonaqpərvər idi. Biz də onun arzularına uca səslə “Amin” deyib sağollaşdıq.

 

Sonun başlanğıcı – Bakıya dönüş

 

Beləcə, kənddə işimizi başa çatdırıb, yaxın vaxtlarda bura yenidən gəlmək arzusu ilə Bakıya doğru qayıdırıq. Lakin elə bir ruhda, elə bir əzmdə qayıdırıq ki, sanki, Bakıda bizi bura gəlməkdən daha böyük işlər gözləyir. Əlbəttə, bizim yükümüz də məsuliyyətlidir. Məhz biz üstündən qara buludlar çəkilmiş bu kəndimizin durumunu xalqa çatdırmaqda mükəlləfik. Ona görə də Bakıya qayıdışı, gördüyümüz işin sonu yox, başlanğıcı hesab edirik.

Beləliklə, musiqi və şeir dolu dəqiqələrlə doğma paytaxtımıza doğru gəlirik. Gənc və vətənpərvər müğənnimiz Vüqar Muradovun canlı ifalarını dinləmək çox xoş idi. Gələndə də, qayıdanda da yol boyu, yurda, Vətənə bağlı mahnılar oxuyaraq bizi ruhlandırmaqla yanaşı, vaxtın necə keçdiyini unutdururdu. Gənc şairlərimizin şeirləri və Vüqarın ifaları bir-biri ilə, o qədər cuğlaşmışdı ki, bir də gördük Qaradağdayıq. Qarabağdan Qaradağa necə tez gəldiyimizin isə fərqinə varmamışıq. Şəhərə çatanda bu müqəddəs mahiyyət daşıyan səfərdə iştirak edən hamı bir-birindən sanki 23-24 ilin tanışları kimi ayrıldı. Bu ayrılıq isə lap Cocuq Mərcanlının bizdən ayrılıb, yenidən qovuşmasına bənzədi...

Anar TURAN,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında