“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin rəsmi açılış mərasimi keçirilib

Müstəqil Dövlətlər Birliyinin (MDB) 2017-ci il üçün Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, eləcə də digər yerli və xarici qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan təntənəli tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin açılış mərasimində iştirak etmək üçün bu qədim torpağa səfər edən qonaqları salamlayıb. Bildirilib ki, Gəncə bu gün yalnız ölkəmizin ikinci böyük şəhəri deyil, həm də çoxəsrlik tarixi keçmişi, zəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə Azərbaycanda gedən sürətli inkişafa öz töhfələrini verən önəmli mədəni mərkəzlərdən biridir. Əsrlərlə fərqli sivilizasiyaların bir-birinə qovuşduğu məkanda yerləşən Gəncənin mədəni dəyərləri də elə bu cür qarşılıqlı mühitdə formalaşaraq inkişaf edib.

Diqqətə çatdırılıb ki, bu vaxta qədər bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Gəncə MDB-nin Mədəniyyət Paytaxtı titulunu da şərəflə daşıyacaq və layihə çərçivəsində mühüm tədbirlər keçiriləcək.

Tədbirdə çıxış edən Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik Gəncə, həmçinin bəşəriyyətə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və neçə-neçə tarixi şəxsiyyətlər bəxş edib. Bu şəhər nəinki MDB-nin Mədəniyyət Paytaxtı olmağa, daha böyük titullar daşımağa layiqdir.

Açılış mərasiminin Gəncədəki Heydər Əliyev Mərkəzində keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan M.Şvıdkoy qeyd edib ki, bu böyük və möhtəşəm park kompleksi, əzəmətli mərkəz gəncəlilərin elmə, mədəniyyətə, ən başlıcası isə Ümummilli Liderə, onun ideyalarına sadiqliyinin parlaq nümunəsidir.

“Ötən əsrin 20-ci illərindən başlayaraq iqtisadiyyatda dağ-mədən, metallurgiya, maşınqayırma, yeyinti və yüngül sənayenin ayrı-ayrı sahələri ilə tanınan Gəncə keçmiş ittifaq şəhərləri arasında böyük nüfuza malik olub. Gəncənin ən böyük uğurları Heydər Əliyevin Azərbaycanda birinci katib olduğu dövrlərə təsadüf edib. Məhz həmin vaxtlarda şəhərdə iri istehsal müəssisələri fəaliyyətə başlayıb, yeni-yeni yaşayış massivləri salınıb, bir sıra mədəniyyət mərkəzləri istifadəyə verilib. Həmçinin şəhərin elm-təhsil müəssisələrində SSRİ miqyasında böyük nüfuza malik görkəmli alimlər yetişib”, - deyə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi qeyd edib.

Bir il ərzində Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı titulunu daşıyacağına görə şəhər sakinlərini təbrik edən M.Şvıdkoy sülhsevər siyasəti ilə ölkələr və xalqlar arasında dostluq münasibətlərinə hər zaman töhfə verməyə çalışan Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin Humanitar əməkdaşlıq, ümumsiyasi və sosial problemlər departamentinin direktor müavini Amoncan Eşankulov Gəncənin qədim “İpək yolu” üzərində yerləşən şəhər olduğunu, buranın xalça və ipəyinin dünyada tanındığını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Pərvin Kərimzadə, AMEA-nın Gəncə bölməsinin elmi katibi, akademik Fuad Əliyev  çıxış edərək Gəncənin elm, təhsil, mədəniyyət sahələri və dahi şəxsiyyətləri barədə danışıblar.

Şəhər ziyalıları bildiriblər ki, 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı olan Gəncə son illər bir sıra beynəlxalq layihələrə ev sahibliyi edərək, bu layihələrin uğurla həyata keçirilməsində fərqlənib.

Sonra Gəncə şəhərinə 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı Sertifikatının təqdimetmə mərasimi olub. Sertifikat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təqdim edilib.

İcra hakimiyyətinin başçısı “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” loqosunu və üzərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti olan xalçanı qonaqlara hədiyyə edib.

Daha sonra 2016-cı ildə idman sahəsində əldə etdiyi uğurlara görə Gəncə idmançıları təltif olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında