Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ildə Avropa Şurası mədəniyyət nazirlərinin və bir sıra İslam ölkələri nazirlərinin paytaxtımızda keçirilən konfransında “Bakı prosesi”, 2010-cu ildə isə BMT Baş Assambleyasında Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüslərini irəli sürmüşdür. İki ildən bir Bakıda keçirilən bu forum ötən müddətdə qlobal hərəkata çevrilərək nüfuzlu beynəlxalq təşkilatları birləşdirən nadir platforma kimi dünya siyasətində mühüm yer tutur. Hazırda mayın 5-6-da keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işləri davam etdirilir.
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə Bakı şəhərində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Həmin planın icrasına nəzarət Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi ilə Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.
Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələri davam etdirir. Hələ ötən il nazirliyin təşkilatçılığı ilə Bakıda “Multikultural cəmiyyət və turizm” mövzusunda keçirilmiş “dəyirmi masa”da foruma hazırlıqla bağlı məlumat verilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru, professor Mayk Hardi və müxtəlif mədəniyyətlər arasında dialoqun təşviq olunmasını həyata keçirən “Global Compass” şirkətinin prezidenti, BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə sabiq müşaviri Jan Kristof Bası qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı prosesi”nin əhəmiyyəti və bu qlobal hərəkat çərçivəsində təşkil edilən ümumdünya mədəniyyətlərarası dialoq forumları, eləcə də, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyəti və nəticələri müzakirə edilmiş, həmçinin 2017-ci ilin may ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyi barədə fikir mübadiləsi aparılmışdır.
Beynəlxalq ekspertlər ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın dünya miqyasında həyata keçirdiyi layihələrin sülhə və sabitliyə böyük töhfə verməklə yanaşı, multikultural model kimi tanınmasına və qəbul edilməsinə şərait yaratdığını qeyd etmişlər.
Eyni zamanda, IV Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun foruma hazırlıqla bağlı UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO ilə birgə müzakirələr aparması qərara alınmışdır.
Ötən il dekabrın 5-də Parisdə, UNESCO-nun Baş Qərargahında Dünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq işçi qrupunun ekspert görüşü və ali toplantısı keçirildi. Ali toplantıdan əvvəl keçirilən işçi qrupun ekspert görüşündə nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, işçi qrupun katibi Vasif Eyvazzadə və Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edərək “Bakı prosesi”, növbəti forumun prioritetləri, tərəfdaş beynəlxalq təşkilatlardan gözləntilər barədə məlumat vermişlər. Beynəlxalq qurumların nümayəndələri IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyinə təkliflərini təqdim etmiş və bu təkliflər ətrafında müzakirələr aparılıb. Müzakirənin nəticələri daha sonra keçirilən ali toplantıya təqdim edilib.
Ali toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, UNESCO baş direktorunun müavini Françeska Bandarin, İSESCO baş direktorunun müavini Amina Al-Hajri, BMT-nin Dünya Turizm Təşkilatının regional direktoru və baş katibin müşaviri Əmr Abdel-Qaffar və digər yüksək səviyyəli rəsmilər iştirak etmişlər.
UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan hökumətinin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələri alqışlayaraq “Bakı prosesi”nin həm mədəniyyətlərarası dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platforma olduğunu qeyd etmiş və rəhbəri olduğu qurumun IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində vacib tərəfdaş rolunda çıxış edəcəyini bildirmişdir.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda uğurla keçirilmiş VII Qlobal Forumu xatırladaraq Azərbaycan ilə “Bakı prosesi” çərçivəsində uzun illər davam edən səmərəli əməkdaşlığın olduğunu, növbəti dünya forumu çərçivəsində bir sıra tədbirlər təşkil edəcəklərini vurğulamışdır.
Daha sonra Dünya Turizm Təşkilatının regional direktoru Amr Abdel-Qaffar, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının direktoru Marsela Villareal, İSESCO baş direktorunun müavini Amina Al Hajri, Avropa Şurasının Demokratiya Baş Direktorluğunun xüsusi əlaqələndiricisi Danile Kanjemi, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndəsi Migel Silva, Böyük Britaniyanın Koventri Universitetinin Sosial Əlaqələr, Sülh və Etiqad İnstitutunun rəhbəri professor Mayk Hardi, “Qlobal Kompas” təşkilatının sədri Jan Kristov Ba çıxışlarında “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində tərəfdaşlığın vacibliyindən bəhs edib, 2017-ci ildə keçiriləcək forumla bağlı təkliflərini bildiriblər.
Nazir Əbülfəs Qarayev Azərbaycanın sülhə, əməkdaşlığa və dialoqa sadiqliyini daim nümayiş etdirdiyini bir daha xatırlatmış və səslənən fikirlərin proqram şəklində hazırlanacağını və yekun sənədlərlə birgə tərəfdaş beynəlxalq qurumlarla paylaşılacağını bildirmişdir.
Qərara alınmışdır ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin yüksək səviyyəli ilk birgə görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din, turizm, təhsil, elm, gənclər, media və s. mövzularda plenar və panel sessiyalar keçirilsin.
Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələri davam etdirir. Bu günlərdə UNESCO-da IV Umumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı informasiya görüşü keçirilib. Məqsəd bu mühüm tədbir barədə məlumatlılığı gücləndirməkdən ibarət olmuşdur. UNESCO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Fait forumda müzakirələr üçün miqrasiya, qaçqınlar, gənclərin radikallaşması kimi 11 mövzu təklif edildiyini bildirib.
Dövlətimizin tarixi, coğrafi mövqeyi barədə danışan Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov 10 ildir ki, ölkəmizdə bu forumun keçirildiyini vurğulayıb. O, respublikamızda hökm sürən tolerantlıq mühitindən ətraflı bəhs edib.
Ölkəmizlə bağlı videoçarxın nümayişindən sonra Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə forumda müzakirə olunacaq mövzular barədə ətraflı məlumat verib.
Nazirlikdən o da bildirilmişdir ki, forum çərçivəsində ilk dəfə beynəlxalq təşkilatların yüksək səviyyəli toplantısı, həmçinin nazirlərin görüşü təşkil olunacaq.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.