KİVDF-nin Novruz bayramı münasibətilə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, habelə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və qalib jurnalistlər iştirak ediblər.

Tədbiri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli açaraq media nümayəndələrini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

İcraçı direktor fondun fəaliyyət göstərdiyi 8 il müddətində mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirdiyini xatırladıb. O bildirib ki, fond tərəfindən il ərzində təşkil edilən fərdi jurnalist yazıları müsabiqələrinin məqsədi jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və onların yaradıcı əməyini stimullaşdırmaq, habelə sosial vəziyyətlərini yaxşılaşdırmaqdan ibarətdir.

Vüqar Səfərli deyib ki, müsabiqəyə 71 kütləvi informasiya vasitəsindən 158 yazı təqdim edilib, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. İcraçı direktor bildirib ki, nəticələr Fondun Müşahidə Şurasının 2017-ci il 14 mart tarixli iclasında müzakirə edilərək təsdiqlənib, 15 jurnalist birinci, 30 jurnalist ikinci, 45 jurnalist isə üçüncü yerə layiq görülüb. Ümumilikdə, müsabiqə iştirakçılarından 90 nəfəri mükafata sahib olub.

Novruz bayramı münasibətilə mətbuat işçilərini təbrik edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyev vurğulayıb ki, belə tədbirlərin ənənə halı alması təqdirəlayiqdir.

Vüqar Əliyev deyib: “Azərbaycan jurnalistikası bu gün daha güclüdür, fəaliyyəti daha genişdir. Bunun səbəbi ilk növbədə Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsidir. Mediaya dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan mediası heç bir tarixi mərhələdə olmadığı qədər dövlətin dəstəyini, diqqətini və qayğısını hiss edir. Ölkəmizdə yüzlərlə qəzet və jurnal, internet informasiya resursu, onlarla elektron kütləvi informasiya vasitəsi, televiziya və radio, jurnalist təşkilatları fəaliyyət göstərir. Mediamız qlobal informasiya şəbəkəsinin layiqli üzvünə çevrilərək Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan mediası dövlətimizin təəssübünü çəkir, milli maraqları müdafiə edir”.

Milli Məclisin deputatı Fəttah Heydərov bayram münasibəti ilə jurnalistləri təbrik edib və onların əməyini yüksək dəyərləndirib.

Sonra müsabiqədə birinci yerə layiq görülən jurnalistlərin mükafatlandırılması mərasimi olub. Mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşı Flora Şükürova da var.

Tədbirdə Novruz adətlərinə uyğun olaraq yumurta döyüşdürülüb, qalib qiymətli hədiyyə ilə mükafatlandırılıb.

 Tədbir maraqlı konsert proqramı ilə davam edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında