Mirzə Cəlilin Litva dilinə tərcümə edilmiş kitabının Vilnüsdə təqdimatı

Vilnüs Universiteti kitabxanasının Smuqleviçüs zalında görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü və Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Litva dilində nəşr edilmiş seçilmiş dram və nəsr əsərlərindən ibarət “Nigarançılıq” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının  Humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli, Litva Elmlər Akademiyasının prezidenti Valdemaras Razumas, Vilnüs Universitetinin rektoru Arturas Jukauskas, Litva Seyminin insan hüquqları üzrə komitəsinin rəhbəri, Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və sədr müavinləri Mantas Adomenas və Kəstutis Masyulis, Litvanın tanınmış ictimai xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabın tərcüməçilərindən biri, Litva Azərbaycanlıları İcmasının sədri Mahir Həmzəyev Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından olan böyük yazıçı Cəlil Məmmədquluzadənin tərcümeyi-halının əsas məqamları haqqında qısa məlumat  verib.

Səfir Həsən Məmmədzadə səfirliyin əsas fəaliyyət istiqamətlərindən birinin ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin qurulması olduğunu, tədqiqatçı alim İsa Həbibbəylinin təşəbbüsünə səfirliyin böyük məmnunluqla qoşulduğunu vurğulamış və bu gün ikitərəfli münasibətlərdə yeni səhifənin açıldığını qeyd edib.

Vilnüs Universitetinin rektoru Arturas Jukauskas, universitet kitabxanasının direktoru İrena Kriviene tədbirdə  çıxış ediblər.

Akademik  T.Kərimli Mirzə Cəlilin öz əsərləri ilə tək Azərbaycan xalqına deyil, dünya xalqlarına da xidmət etdiyini vurğulayıb. Azərbaycan ədəbiyyatının insanların kamilləşməsinə çalışdığını bildirərək, dünyada  nə qədər zülm və ədalətsizlik varsa, Cəlil Məmmədquluzadə kimi böyük sənətkarların əsərlərinə ehtiyac olacağını qeyd edib.

Sonda çıxış edən Mahir Həmzəyev Azərbaycan və Litva əlaqələrinin tarixindən, həmçinin iki ölkə arasındakı ədəbiyyat və mədəniyyət sahəsindəki əməkdaşlığın keçmişindən və bu günündən danışıb. Litva nağıllarının, yazıçılarının hekayələrinin Azərbaycan dilinə tərcümə edildiyini, eyniliklə Azərbaycan eposunun, nağıllarının litvalıların ürəklərinə yol tapdığını vurğulamış və Cəlil Məmmədquluzadənin Litvada və Polşada yaşayan müsəlmanlar haqqında yazdığı “Halva” adlı kiçik felyetonunu Litva dilində oxumuşdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında