“Qovuşan dəyərlər” layihəsi müsabiqənin qalibi oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP Gənclər Birliyi, YAP Nərimanov rayon təşkilatı və Gənclər Birliyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşdırılan "Qovuşan dəyərlər” layihəsi Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi olmuşdur.

“Expo Oteldə” təşkil olunan təqdimat mərasimində dövlət himni səsləndirildikdən sonra respublikamızın multikultural dəyərlərə sahib ölkə olduğunu özündə əks etdirən "Qovuşan dəyərlər” sosial çarxı nümayiş etdirilmişdir. Sonra layihənin rəhbəri, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Nərminə Yunusova "Qovuşan dəyərlər”in mahiyyətindən danışmış, Azərbaycanın çoxmillətli dövlət olmasının beynəlxalq aləmdə də öz təsdiqini tapmasını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, respublikamızda müsəlmanlarla yanaşı, başqa dinlərin nümayəndələri də yaşayır və birgə fəaliyyət göstərirlər: “Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrini məhz ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bərpa etmişdir. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması istiqamətində həyata keçirilən siyasi kurs bu gün də uğurla davam etdirilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək, ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir”.

Layihə rəhbəri qeyd etmişdir ki, Azərbaycanda “Multikulturalizm ili”nin elan olunması və bu çərçivədə həyata keçirilən tədbirlər dünyaya bir mesaj, respublikamızın regionda rolunu müəyyən edən faktordur: “Yəni, biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq. Dünyada sivilizasiyalararası dialoqda ciddi problemlərin yaşanması, konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafobiya kimi təhlükəli meyillərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması fonunda Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın multikulturalizm modeli digər ölkələr üçün perspektiv örnəkdir. Bu gün təqdimatına toplaşdığımız layihə də məhz bu örnəyi özündə əks etdirən sosial çarx vasitəsilə daha geniş kütləyə, xüsusilə də tələbə-gənclərə multikulturalizmin Azərbaycanda həyat tərzi olmasını nümayiş etdirmək məqsədi daşıyır”.

Sonra Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərə mənsub qurumların rəhbərlərinin ölkəmizin multikultural dəyərlərin qovuşduğu məkan olması və eyni mövzunu əks etdirən çarxla bağlı səsləndirdikləri fikirlər iştirakçılara təqdim olunmuşdur.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, QMİ-nin Qazilər Şurasının üzvü, Bibiheybət Məscidinin axundu Hacı Rahib Babayev, Rus İcmasının sədri Lidiya Hacıyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva, Bakı Beynəlxalq Multikulturalizm  Mərkəzinin nümayəndəsi Yadigar Məmmədli, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon gənclər birliyinin sədri Yusif Babanlı və digərləri multikulturalizmin  xalqımızın tarix boyu formalaşan və inkişaf edən dəyərlər toplusu kimi həmişə mövcud olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, bugünkü reallıq bir daha təsdiqləyir ki, multikulturalizm Azərbaycan dövlətində əvəzi olmayan yaşam tərzinə çevrilib. Uğurlu dövlət siyasəti sayəsində Azərbaycanda multikulturalizmin yeni keyfiyyət mərhələsinə yüksəlməsi reallıqdır.

"Qovuşan dəyərlər” sosial çarxının rejissor Cavanşir Eladisoy tərəfindən  lentə alındığı da diqqətə çatdırılmışdır.

Sonda layihənin  iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında