Üzeyir Hacıbəylinin ev muzeyində kitab təqdimatı

Beynəlxalq Teatr Günü münasibətilə keçirilən çoxsaylı tədbirlər arasında dahi bəstəkarın ev muzeyində təşkil edilmiş təqdimat mərasiminin xüsusi yeri var idi. Çünki həmin gün sənət xiridarları Azərbaycan musiqi və teatr sənətinin ən mükəmməl incilərindən olan bir əsərin 100 illiyinə həsr edilmiş kitab təqdimatına toplaşmışdılar. Muzeyin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov tədbiri açaraq qeyd etdi ki, əslində, “Arşın mal alan” operettasının 100 illiyi bir neçə il qabaq qeyd edilib. Ancaq həmin yubileyə həsr olunmuş  mükəmməl və dəyərli nəşr olan  “Arşın mal alan - 100” kitabı bu yaxınlarda musiqisevərlərin, xüsusilə Üzeyir Hacıbəylinin yaradıcılığı ilə maraqlananların ixtiyarına verilib.

Natiq qeyd etdi  ki, muzeyin əməkdaşları Aytən Heydərova və Tamella Xudaverdiyeva bu kitabı  bəstəkarın ev muzeyindəki eksponatlar əsasında tərtib ediblər. Kitabda əsərin yazılması ilə bağlı Üzeyir bəy  Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və s. materiallar toplanıb. “Arşın mal alan” Azərbaycan səhnəsində”, “Arşın mal alan” ekranlarda” və “Arşın mal alan” müxtəlif dövlətlərin dillərində və səhnələrində” adlı  3 yarımbaşlıq şəkilində tərtib olunan kitab oxucuda əsərin 100 illik tarixi barədə geniş təsəvvür yaradır.

Azərbaycan Bəstəkarlar ittifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, operettanın ilk tamaşasında oynamış aktyor Əhməd Ağdamskinin oğlu, professor Telman Ağdamski, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Beynəlxalq EKO Energetika Akademiyasın prezidenti Fəqan Əliyev, professor İmruz Əfəndiyeva, Əməkdar jurnalist İttifaq Mirzəbəyli və digər natiqlər Üzeyir bəyin Azərbaycan mədəniyyət tarixindəki rolundan, oxuculara təqdim edilən kitabın məziyyətlərindən və “Arşın mal alan” operettasının dünya miqyaslı şöhrətindən söz açdılar. Həm dahi bəstəkarın ev muzeyindəki bir sıra sənədlərin, həm də  adı çəkilən kitabın tərtibatında xüsusi rolu olan rəssam Hüseyn Hacıyevin  xidmətləri yüksək qiymətləndirildi.

Qeyd edildi ki, mədəniyyətimizin tarixində xüsusi yeri olan  “Arşın mal alan” adlı sənət incisi  bütün cahanı fəth edərək Azərbaycanımızı dünyada tanıtdı.  Əsərin 100 illiyi ərəfəsində operetta ABŞ-ın Los-Anceles şəhərində də uğurla səhnəyə qoyulub.  Bu, mədəniyyətimizin əlçatmaz  zirvəsi olan Üzeyir bəy Hacıbəylinin bəşəri, həmişəyaşar yaradıcılığının bariz nümunəsidir.  Tədbir aktyorların operettadan göstərdiyi  səhnə və gənc musiqiçilərin canlı ifası ilə müşayiət edildi.

Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında