Praqalı ekoloqlar Azərbaycanda

... Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin əyani şöbəsində oxuyurdum. Bir gün dekan məni yanına çağırıb dedi:- Uzun illərdir ki, BDU Praqa Universitetinin biologiya fakültəsinin müəllim və tələbə heyəti ilə təcrübə mübadiləsi aparır. Elmi və ictimai işlərdə fərqləndiklərinə görə Çexoslovakiyaya (indiki Çexiyaya) göndərilən tələbələrin siyahısında sənin də adın var...

Bakıdan qatarla Moskvaya, oradan isə Praqaya yola düşdük. Bizi şəhərin dəmiryol vağzalında Karlovo Universitetinin professor-müəllim və tələbələri qarşıladılar. Onların arasında Praqa Universitetinin kafedra müdiri, akademik Yan Buxar, müəllim Miroslav Şvatora da var idi.

Universitetlə tanışlıqdan sonra rektor bizi qəbul etdi. Söhbət çox səmimi keçdi. Azərbaycana böyük maraq göstərdiyini bildirdi. Dedi ki, ölkənizin əsrarəngiz, bənzərsiz təbiəti var.

Praqada olduğumuz müddətdə Çexiyanın müxtəlif şəhərlərini gəzdik, elm mərkəzləri,  tədqiqat institutları ilə tanış olduq. Laboratoriyalarda təcrübələr keçdik. Eyni zamanda, çexiyalı tələbələrə doğma Azərbaycanın füsunkar təbiəti, nadir flora və faunası haqqında, zəngin Hirkan meşələri barədə ətraflı məlumat verdik.

Praqadan unudulmaz xatirələrlə, xoş təəssüratlarla Bakıya qayıtdıq...

... Həmin vaxtdan təxminən 30 il keçmişdi. Bir gün mobil telefonuma zəng gəldi, olduqca doğma, tanış bir səs eşitdim:

- Bəxtiyar, sənsən?

- Bəli, mənəm.

- Sizinlə danışan Miroslav Şvatoradır. Biz artıq Bakıdayıq. Sizə Praqa Universitetinin tələbə-ekoloqlarından, məktəbimizin qocaman akademiki, dünya şöhrətli alim Yan Buxardan xüsusi salam gətirmişəm...

Xəyal məni 30 il əvvələ qaytardı. Praqa şəhərində Yan Buxarın rəhbərliyi ilə keçirdiyimiz unudulmaz günləri bir daha xatırladım. Miroslava telefon nömrəmi Bakı Dövlət Universitetində vermişdilər. O, cənub bölgəsi haqqında istər Ekologiya və Təbii Sərvətlər Nazirliyində, istərsə də Bakı Dövlət Universitetində ətraflı məlumat almışdı.

Praqa Univesitetinin professor-tələbə heyəti doğma Azərbaycanımızın zəngin təbiəti ilə yaxından tanış olmaq, onu tədqiq etmək məqsədilə akademik təcrübəyə gəlmişdi. Onları Bakı Dövlət Universitetinin biologiya fakültəsinin dosenti, biologiya elmləri namizədi Əbülfəz Tağıyev müşayiət edirdi.

Səfər çərçivəsində qonaqlar əvvəlcə cənub bölgəsində oldular. Praqalı ekoloqlar bir həftə ərzində Astara, Lənkəran, Masallı, Yardımlı və Lerikdə təbiətin əsrarəngiz gözəlliklərini seyr etdilər. Onlara bu diyarın flora və faunası, zəngin təbii sərvətləri, xüsusi mühafizə olunan təbiət əraziləri, Xəzər dənizi və çayların canlı aləmi barədə ətraflı məlumat verildi.

Qonaqlarda Lənkəran mətbəxi haqqında da təsəvvür yaradıldı. Sinovlu kəndində onlar üçün açılan süfrədə bu torpağın yetirdiyi nemətlər, təklif edilən ləziz və dadlı xörəklər maraqla qarşılandı. Nahardan sonra qonaqlar təbiətin qoynunda çay süfrəsi ətrafına dəvət edildilər.  Lənkəranın ətirli  çayı  onların heyrətinə səbəb oldu.   Onlardan biri hətta bunu zarafatla dilə gətirib dedi ki, bu, əvəzsiz içkidir. Əgər bu çay əvvəl bizə təklif olunsaydı, yəqin ki, digər içkilərdən imtina edərdik...

Burada təmiz ab-hava, yaşıllıq onların xoşuna gəldi. Dəmirağaclarında oxuyan və meşəni başına götürən cırcıramaların səsinə müxtəlif quşların səsi də qarışmış və təbii bir simfoniya yaranmışdı. Bundan heyrətini gizlədə bilməyən professor Miroslav Şvatoroviç dedi:- Biz hardayıq?!. Nağıllar aləmində, yoxsa təbiətin qoynunda?!. Bura ki, təbii konservatoriyadır...

Osaküçə meşəliyində yeni salınmış tinglik də praqalı qonaqlarda yüksək təəssürat doğurdu. Burada ilk dəfə gördükləri Eldar şamı, Dəmirağacı, Lənkəran palıdı, Şərq çinarı təbiət mütəxəssislərinin böyük marağına səbəb oldu.

Yeri gəlmişkən, III Buzlaşma dövrünün nümunəsi olan Dəmirağacla bağlı qonaqlar daha çox maraqlanırdılar. İsveçrədən olan alimin dünyanın heç bir yerində təsadüf olunmayan Dəmirağacını qucaqlayıb dediyi sözləri isə indiyə kimi unutmamışam: “İnanın, buradan getmək istəmirəm. Kaş belə bir füsunkar təbiət qoynunda dünyaya göz açaydım. Ölkəmə qayıdandan sonra professor-müəllim yoldaşlarım və dərs dediyim tələbələr qarşısında qürurla deyəcəyəm: Sizin kitablarda oxuduğunuz, kino-filmlərdə baxdığınız Dəmirağacını mən canlı gördüm və hətta kameraya köçürdüm…”.

Praqalı qonaqların yaddaşında Veravul çayında gördükləri balıqlar da dərin iz buraxdı. Onların dediyinə görə, balıqların buradakı bəzi növlərinə heç yerdə rast gəlməyiblər. Ekoloqlar müşahidələrini fotoya almaqla yanaşı, bəzi balıq növlərindən də tədqiqat aparmaq üçün özləri ilə götürdülər. Məsləhətlərini də əsirgəmədilər. Dedilər ki, burada nadir balıq növlərini artırmaq lazımdır. Bunun üçün də  hər cür təbii ekoloji şərait var.

Qonaqların Naxçıvan torpağına səyahəti də maraqla keçdi. Bu qədim diyarda hərarətlə qarşılanan qonaqların yaradıcı fəaliyyəti üçün lazımı şərait yaradılmışdı. Xatırladım ki, səmimi münasibətin nəticəsi kimi Praqa Universitetinin alimləri vətənlərinə qayıtdıqdan sonra muxtar respublikanın elm adamlarına öz səfirlikləri vasitəsilə minnətdarlıqlarını bildirmişlər. Fikrimcə, bu, təkcə Azərbaycan ekologiyasının, təbiətimizin təbliği deyil, eyni zamanda, ölkəmizin imicinə göstərilən dərin məhəbbətin ifadəsidir.

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın muxbir üzvü, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Saleh Məmmədov qonaqlara universitetin tarixindən söhbət açaraq dedi:

– Naxçıvan Dövlət Universiteti möhkəm milli bünövrəyə malik, beynəlxalq aləmdə nüfuz qazanan müasir tipli ali təhsil ocağıdır. Dünyanın 50-dən çox universiteti ilə əməkdaşlıq edir. Beynəlxalq aləmdə geniş əlaqələri, etibarlı tərəfdaşları var. Böyük elmi potensialı olan bu ali təhsil ocağı muxtar respublikada fəaliyyət göstərən yeganə dövlət universiteti, müasir mərhələdə qədim diyarın əsas elm, təhsil və mədəniyyət mərkəzidir.

Qədim Naxçıvanın ecazkar təbiəti də praqalı qonaqları heyran etdi. Onlar muxtar respublika ərazisinin flora və faunası ilə ətraflı tanış oldular. Bildirildi ki, Naxçıvan Muxtar Respublikasının ərazisi təbii şəraitinə və heyvanlar aləminin zənginliyinə görə Azərbaycanın digər bölgələrindən fərqlənir. Burada olan heyvanların növ tərkibi və miqdarı Azərbaycan faunasının 60-80 fazini təşkil edir. Muxtar respublikanın heyvanlar aləmi XIX əsrin ikinci yarısından başlayaraq tədqiq olunur. Çay və su göllərində sümüklü balıqlar sinfinə daxil olan 29 növ balıq yaşayır. Burada suda, quruda yaşayanların 6 növü, sürünənlərin 19 növü var.

Azərbaycanda qeydə alınmış 366 növ quşun yarıdan çoxuna- 218 növünə bu ərazidə rast gəlinir, burada məməlilərin 61 növü məlumdur. Naxçıvan nəinki Azərbaycanın, eləcə də Qafqazın ən zəngin çoğrafi məkanlarından biridir.  

Gözəl Batabat, Düz dağı… kimi mənzərəli, qeyri-adi yerlər alimləri heyrətə gətirirdi. Qədimlik və müasirliyin üz-üzə dayandığı, bir-birini tamamladığı bu nadir diyarı heyranlıqla müşahidə və tədqiq edən qonaqlar təbiətə, ekologiyaya qayğıdan çox fərəhləndilər…

Respublikamızın Şəki, Balakən, Zaqatala, Quba, Qusar bölgələri qonaqlara bir təbiət muzeyi təsiri bağışladı. Qoruq, yasaqlıq zəngin flora və faunası ilə alimlərdə böyük maraq doğurdu. Onlar dünyada məşhur digər bölgələrlə coğrafiyamızı müqayisə etdi, məhəbbət və sevinclərini heyranlıqla bildirdilər.    

Praqalı alimlərin respublikamızla bağlı təəssüratlarının zənginləşməsində, təvazökarlıqdan uzaq olsa da deməliyəm ki,  mənim izahedici, aydınlaşdırıcı söhbətlərimin, təqdim etdiyim kitabların, vacib dövlət sənədlərinin mühüm təsiri var idi. Ümummilli lider Heydər Əliyevin imzaladığı qərarlar, qanunlar ətraflı izah edilirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə   əvəzsiz və dünyaya nümunə ola biləcək xidmətləri barədə söhbətlərə heyranlıqlarını gizlətmirdilər. Qonaqlar təbiət tədqiqatçıları kimi bu qayğıdan xoşhal olurdular.  

Qonaqlar xoş təəssüratla vətənlərinə döndükdən sonra da telefon əlaqələrimiz kəsilmədi. Onlar tez-tez mənə zəng edib deyirlər ki, imkanımız olsa idi, bizə nağıllar aləmini xatırladan cazibədar ölkənizin təbiətini, suyunu, havasını Praqaya aparardıq. Təəssüf ki, bu, mümkün deyil...

Mən bir ekoloq, ziyalı kimi bir daha yəqin etdim ki, Vətəni sevmək onun ecazkar təbiətinə məhəbbətdən başlanır. Bu məhəbbət isə hələ uşaq yaşlarından hər bir şəxsdə formalaşmalıdır... Vətəni qəlbində yaşatmaq azdır, ona olan sevgini başqasının qəlbinə daşımağı da bacarmaq lazımdır. Yurd sevgisi vətəndaş sevgisi ilə birləşəndə insan qanad açmağa yeni-yeni ənginliklər axtarır...

Praqalı alimlər ölkəmizdən  ayrıldıqdan sonra onlarla əlaqələrimiz daha da möhkəmlənib. İndi tez-tez zəngləşirik. Elmi fikirlərimizin, qarşılıqlı münasibətlərimizin daha da dərinləşməsi ilə bağlı düşüncələrimizi bölüşürük. Bu günlərdə biologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Akif Quliyev Çexiya Respublikasında elmi məzuniyyətdə olarkən praqalı həmkarlarımız Azərbaycanla bağlı təəssüratlarından sevgi ilə söhbət açıblar, yurdumuzun ekoloji durumu, ölkəmizdə bu sahədə həyata keçirilən səmərəli tədbirlər, perspektiv vəzifələr, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı haqqında ağızdolusu danışıblar.  

Xarici ölkə mütəxəssislərinin Azərbaycana dəvət olunmaları, respublikamızda  onlar üçün yaradılan yaradıcı şərait həm də ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinin təsdiqinə çevrilir. Bu baxımdan    praqalı alimlərin dəstəyi ilə gerçəkləşən elmi tədbirlər mühüm önəm daşıyır.

Beləliklə, biz dostlarımızın, hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, imkanlarından faydalanmalıyıq. Şəxsi əlaqələrimizdən dövlətimizin təbliği işində istifadə etmək hamımızın, xüsusilə alim dostlarımızın mənəvi borcudur.

Bəxtiyar HÜSEYNOV,
 ekoloq-jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında