Ölkəmizdə mədəniyyət siyasəti uğurla həyata keçirilir. Bu siyasətin əsasında ulu öndər Heydər Əliyevin ölməz ideyaları dayanır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, eləcə də Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir.
Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.” Mədəniyyət və incəsənətin bir çox sahələri haqqında irəli sürdüyü fikirlərdə Heydər Əliyev xalqımızın mənəvi simasına güzgü tutan dəyərlərin təbliğini milli ideologiyanın, bütövlükdə azərbaycançılıq ideologiyasının vacib və zəruri komponentlərindən biri olmaq şərti ilə ön plana çəkir, mədəniyyəti milli dövlətçilik məfkurəsinin başlıca tərkib hissələrindən biri sayırdı.
Ulu öndər yaxşı bilirdi ki, sabahkı uğurlara yeganə təminat sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Bu böyük şəxsiyyət mədəniyyəti xalqın tükənməz sərvəti hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Bu dahi şəxsiyyət mədəniyyət və incəsənət xadimlərinin əməyini həmişə yüksək qiymətləndirmiş, onların yaratdıqları əsərlərin xalqın mənəvi sərvəti olduğunu bildirmişdir. Sovetlər dönəmində nə qədər sənətçimiz ulu öndərin köməyi ilə SSRİ-nin yüksək fəxri adlarına, orden və medallarına layiq görülmüşdür.
Müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə də ulu öndər mədəniyyət və incəsənət xadimlərinə qayğısını əsirgəməmiş, onların sosial rifah halının yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirmişdir. Məhz ulu öndərin hakimiyyəti dövründə neçə-neçə sənət adamı fəxri adlara layiq görülmüş, Prezident təqaüdçüsü olmuşdur.
Heydər Əliyev sənət adamları ilə görüşlərdən xüsusi zövq alırdı. Bu böyük şəxsiyyətin daxilində sənətə böyük sevgi yaşayırdı. Hər dəfə teatr xadimləri ilə, musiqiçilərlə səhnə arxasında görüşlərində onların problemləri ilə maraqlanır, öz tövsiyə və tapşırıqlarını verirdi.
Ümummilli liderimiz xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara, harada yaşamalarından asılı olmayaraq, azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Ədəbiyyat və sənətlə, teatr və kino ilə, folklor və yazılı abidələrlə, rəssamlıq və heykəltəraşlıqla, musiqi və ifaçılıqla bağlı qənaətlərində Heydər Əliyev incəsənətin daxili qanunauyğunluqlarına və inkişaf perspektivlərinə yüksək peşəkarlıqla yanaşan bir sənət nəzəriyyəçisi kimi çıxış edirdi.
Heydər Əliyev rəssamlıq və musiqi sənətinə böyük qayğı ilə yanaşırdı. O, incəsənətin növləri olan bu sahələrin milli-mənəvi dəyərlərimiz sırasında əhəmiyyətli yer tutduğunu dəfələrlə qeyd etmişdi. Heydər Əliyevin Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, tanınmış rus rəssamı Nikas Safonovun timsalında çağdaş rəngkarlıq sənətinin nailiyyətlərini, Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov kimi qüdrətli musiqi korifeylərinin əsərlərindəki milli- mənəvi dəyərlərin xalqımız üçün iftixar mənbəyi olduğunu təsdiqləyən fikir və mülahizələri bunu bir daha təsdiq edir.
Milli kino sənətimizin inkişafında da ulu öndərin xidmətləri xüsusi qeyd olunmalıdır. Bir sıra filmlərimizin ərsəyə gəlməsində ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq davam edir”, “Nəsimi”, “Babək”, “Nizami” və s. filmlərimizi qeyd etmək olar. Sovet senzurasından keçməyən bəzi filmlərimizin qəbul olunmasında da Heydər Əliyevin xidmətləri olub.
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə kino istehsalı, demək olar ki, dayanmışdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra dövlət sifarişi ilə filmlərin istehsalı bərpa olundu, Dövlət Film Fondu yaradıldı. Bütün bunlarla yanaşı, ölkədə beynəlxalq kinofestivallar keçirilməyə, kino günləri, ssenari müsabiqələri və s. təşkil olunmağa başlandı.
Ulu öndərin şəxsiyyəti, Azərbaycan xalqının tarixindəki misilsiz rolu bu gün incəsənətimiz üçün tükənməz mövzu mənbəyidir. Rəssamlarımız dəfələrlə bu böyük şəxsiyyətin obrazını yaratmış, haqqında neçə-neçə musiqi əsəri bəstələnmiş, bu dahi insanın ömür yoluna həsr olunan filmlər çəkilmişdir. Kinorejissor Vaqif Mustafayevin lentə aldığı çoxseriyalı film ulu öndərin həyat və fəaliyyətinin bütöv bir xronikasıdır. “Əsl məhəbbət haqqında”, “General”, “Birinci”, “Moskva. Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Vətənpərvər”, “Xüsusi təyinat” filmləri ulu öndərin həyatından qiymətli fraqmentləri tamaşaçılara çatdırır. Bu əsərlərin hər biri incəsənət tariximizin dəyərli nümunələri kimi əbədi qalacaqdır.
Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ulu öndərin mədəniyyət siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına və xarici ölkələrdə təbliğinə xüsusi önəm verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da mədəniyyətimizin inkişafındakı xidmətləri olduqca böyükdür. Mehriban xanımın səyləri nəticəsində bu gün Azərbaycanın muğam, xalça, aşıq musiqisi, tar ifaçılığı sənətləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Azərbaycan mədəniyyətlərarası dialoq mərkəzinə çevrilmişdir. Bakı 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.
Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. “Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bu mənada milli-mədəni irsə diqqətin artırılması olduqca vacib məsələdir.
Rafiq Quliyev,
Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodik Mərkəzinin
elmi araşdırmalar şöbəsinin müdiri,
rəssam
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.