Yurd nisgilini söz silahına çevirən sənətkar

Eldar İsmayıl -75

Söz zamanında, yerində deyiləndə dəyərli və təsirli olur. Söz xiridarları da çalışıblar ki, sözü zamanında və yerində işlətsinlər. Belə söz sərraflarından biri çağdaş  ədəbiyyatımıza layiqli töhfələr vermiş Eldar İsmayıldır.

Eldar İsmayıl sözü bir-birinin ardınca muncuq kimi düzərək elə nümunələr yaradıb ki, oxucu ədibin  toxunduğu məsələlərlə bağlı düşünməli, yaddaşına həkk etməli olur. Çünki Eldar İsmayıl sözün qüdrətinə önəm verən şair-yazıçılardandır. Onun keçdiyi kəşməkəşli ömür yolu, yazdığı mövzular hər kəs üçün maraqlıdır.

 “1988-ci ildə Qərbi Azərbaycandan deportasiya edilən Eldar İsmayıl Bakı şəhərində məskunlaşır, bədii və publisistik yaradıcılığını burada davam etdirir. Yurd həsrətli “Ulu Göyçə” adlı ilk kitabı da 1990-cı ildə Bakıda, “Yazıçı” nəşriyyatında çap olunur. Bundan sonra  ömrünü bədii yaradıcılığa bağlayan Eldar İsmayılın “Ermənistan türklərinin 1988-ci il soyqırımı”, “Ağrı dağı qədər ağrılarım var”, “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Şəhid yurdun şəhid övladları” və başqa publisistik kitabları işıq üzü görür. O, “Göyçə” və “Ulu Göyçə” qəzetlərini təsis edir, qaçqınlarla  mütəmadi ünsiyyət qurur  və həm də onların vasitəsi ilə ermənilərin cinayətkar əməllərini dərindən  öyrənir və yayır.  “Göyçənin qisası qalır”, “Səttar oğlu”, Zülmətdə parlayan qılınc” və “Bir igidin ömrü” kimi tarixi romanlarda bu zəmində ərsəyə gəlir.

Eldar İsmayılın Hüseyn İsmayıl ilə birlikdə qələmə aldığı “Göyçənin qisası qalır” tarixi romanı Azərbaycan yazıçılarının qurultayında son dövrün ən yaxşı nəsr əsərlərindən biri kimi dəyərləndirilib. “Səttar oğlu” və “Zülmətdə parlayan qılınc” romanları da ədəbi ictimaiyyətin və geniş oxucu kütləsinin rəğbətini qazanıb. Ömrünün otuz ili jurnalistlik fəaliyyətilə bağlı olan Eldar İsmayıla “Əməkdar jurnalist” fəxri adı verilib.

Eldar İsmayıl tarixi düşmənimiz olan ermənilərin iç üzünü açan, onların yüz illər boyunca xalqımızın başına gətirdiyi bəlalarla bağlı ən mükəmməl əsərlər yaradan şair və yazıçılarımızdandır. Xalq şairi Bəxtiyar Vahabzadə onun  “Allah amanatı” şeirini ata-baba yurdundan, isti ocağından qovulanların torpaq həsrətinə nisgilli bir ağı adlandırıb: “Bu ağı göyçəlilərin dərdini, nisgilini quru sözlərlə deyil, od-alova bürünmüş hisslə nə qədər gözəl ifadə etmişdir. Öz el-obasını tərk etmiş didərginin dərdini o yerlərdə “qəbir-qəbir elim qalıb” ifadəsindən güclü və tutarlı demək mümkün deyil. Fikrin gücünə bax, İlahi: torpağın sahibi olan el də qəbir-qəbir qalarmı? Bəli, isti ocağından qovulmuş göyçəlilərin eli o torpaqlarda sahibsiz qalan qəbirləridir. Halal olsun, dərdini bu qüdrətdə, bu tutumda deyə bilən qələm sahibinə!”                                                                                                      

Əsərlərini qəlbinin odu ilə qələmə alan Eldar İsmayılın istər nəsrində, istərsə də poeziyasında ədəbi və xalq dili çeşməsindən süzülən şəhdi-şəkər çağlayır. O, insanlığa, bəşəri duyğulara, söykənən, Azərbaycanda, türk dünyasında baş verən hər bir hadisəni poeziyanın predmeti səviyyəsinə qaldıraraq oxucusunu təsirləndirməyi bacaran şairlərdəndir. Yalnız yazmaya bilmədiklərini yazan şairin mövzu dairəsi olduqca genişdir. Yaradıcılığının fövqündə vətəndaşlıq, şeirlərinin nüvəsində yurd sevgisi dayanır:

Halal mayadandır odum-ocağım,

Bərəkət kanıdır aranım-dağım.

Mənim Naxçıvanım, öz Qarabağım,

Muğanım, Milim də Azərbaycandır.

Vaxtilə Xalq şairi Hüseyn Arif Eldar İsmayıl poeziyası haqqında yazmışdı: “Eldarın yaradıcılığında məni özünə çəkən cəhət şairin torpağa-daşa bağlılığı, ata-anaya, el-obaya istəyi, sadə, mehriban zəhmət adamlarına məhəbbəti, bununla yanaşı əliəyrilərə, yaltaqlara, cəmiyyətimizdə alaq otuna çevrilmiş tüfeylilərə olan nifrətdir. Dili saz dilidir: aydın, obrazlı, axıcı”. Eldar İsmayılın ana dilimizə verdiyi böyük önəm “Mən kiməm” poemasında öz əksini parlaqlığı ilə tapmışdır. Şair demək olar ki, bu əsəri yazmaqla öz ana dilinə olan sevginin bitib, tükənməzliyini təsdiq etmişdir.

Türkiyəli alim Mustafa Özbaş isə Türkiyədə işıq üzü görən “Allah amanatı”ndan seçmə şeirlər”i yüksək qiymətləndirib: “Türkçenin en güzel konuşulduğu yer olarak biz Azerbaycanı bilmekteyiz. Bu dilin bu kadar orijinal bir şekilde konuşulduğu bir ülkede orijinal eserler de yer almaktadır. Bunlardan birisi de Eldar İsmayılın “Allah emaneti” adlı eseridir”. E.İsmayılın “Mən burda qəribəm, yurd orda qərib” adlı kitabında toplanan şeirlərin bir qismini türk oxucularının faydalanması məqsədilə osmanlı türkcəsinə uyğunlaşdıran Zehra Yılmaz bu kiçik xidmətinə görə özünü mutlu saymaqla bərabər, onu bu sahədə çalışma yapmağa həvəsləndirən Türk Dili və Ədəbiyyatı Anabilim Dalı Başkanı Dr. Ali Kafkasiyalıya təşəkkür etməyi də unutmur.

Günümüzün mühüm hadisələrinə əlüstü cavab verməsi Eldar İsmayıl yaradıcılığını səciyyələndirən başlıca xüsusiyyətlərdəndir. Elə bir tarixi gün, ictimai maraq kəsb edən hadisə yoxdur ki, onun yaradıcılıq emalatxanasında cilalanaraq nəsrə, yaxud poetik nümunəyə çevrilməsin. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov Eldar İsmayılı Azərbaycan ədəbiyyatının son otuzillik mərhələsinin simasını müəyyənləşdirən, onun istər formal- fonetik , isdərsə də ideoloji- semantik məzmununu bütün dolğunluğu ilə əks etdirən ədiblərimizdən biri hesab edir: “Eldar İsmayıl Azərbaycan ədəbi- ictimai düşüncəsinin ideya istiqamətlərinin əsas daşıyıcısı olan üç istiqamətdə professional səviyyədə yaradıcılıqla məşğuldur– şairlik, nasirlik, publisistika. Bu istiqamətlərdən hansının Eldar İsmayıl ədəbi fəaliyyətində üstün olduğunu demək çətindir. Eldar İsmayıl nədən danışırsa- danışsın, nədən yazırsa- yazsın bu mövzunun əsasında Vətən və vətəndaş dayanır.”

Janrından asılı olmayaraq, Eldar İsmayılın heç bir əsəri ağrısız, yanğısız deyil. Onun  yaradıcılığında ağrıya həssaslığı akademik Yaşar Qarayev çox sərrast və dəqiq təsvir edib: “Poeziyanın müqəddəs vəzifələrindən biri də budur ki, ağrıya həssaslığı artırır. Bizim Göyçə ağrımızın həssaslığını artıran ən yaxşı nümunələrin sırasına mən Eldar İsmayılın şeirlərini daxil edirəm.” Qarabağ həsrətli, “qana-qan” haraylı şair Ənvər Əhməd bu  ağrıların sərhədini cızır: “Gözümüzün önündə Eldar adlı, İsmayıl soyadlı, Göyçə yaralı, Qarabağ, Zəngəzur ağrılı, Bağanis Ayrım yanğılı, Xocalı dərdli, Dərbənd, Təbriz, Borçalı haraylı böyük bir şair yaşayır. Ağrısı yarasına sarınıb, göz yaşı dərdini yuya bilmir.”

Ədibin son illərdə  işıq üzü görən “Zavallı” ermənilər, yoxsa zalım ermənilər” və gənc yazar Gündüz Əhmədli ilə birlikdə qələmə aldığı “Qərbi Azərbaycan, Göyçə – erməni işğalı” adlı kitabları erməni vəhşiliyinə və yalanına tutarlı cavabdır. Bu kitablar zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən, ağılsız düşmənlərimizin tarixi saxtakarlıqlarından, insanlığa sığmayan məkrli əməllərindən bəhs edir. Kitabda bu gün Ermənistan ərazisində qalan azərbaycanlılara məxsus tarixi abidələrdən, qondarma erməni soyqırımının qabardılmasından, beynəlxalq ictimaiyyətin ikili standartlarından söhbət açılmaqla bərabər, dünya miqyasında tanınmış ictimai xadimlərin, yazıçıların ədalətli mövqeyinə də kifayət qədər yer ayrılır.

Ömrünün 50 ilini ədəbi yaradıcılığa həsr edən Eldar İsmayılın bu günlərdə 75 yaşı tamam  olur. Həyatının müdriklik çağını yaşayan, bir-birinin ardınca dəyərli əsərlər ortaya qoyan qələm dostumuza yeni yaradıcılıq uğurları arzulayırıq.

Arif MƏMMƏDLİ,
 şair-publisist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında