Onun rollarını sadalamaq fikrim yoxdur. Hansı rolu oynamışdısa, gözəl yaratmışdı. Sevilən aktrisa idi Nəcibə xanım Məlikova. Rollarında qəribə bir füsunkarlıq var idi.
Xədicə bikə (“Fətəli xan”), Aygün (“Aygün” televiziya filmi), Dilarə ( “Ögey ana” bədii filmi), Nərgiz (“Əhməd haradadır?” bədii filmi) , Cahan xala ( “Arşın mal alan” II variant, bədii filmi) rolları ilə o, milli kinomuza yeni tipli qadın qəhrəmanlar gətirmişdi. Mənən saf qəlbli bu qəhrəmanlar, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünsə də, xeyirxah insanların köməyi ilə öz qadın qürurlarını qoruyub saxlaya bilirlər.
Əslən bakılı idi. Buzovnada dünyaya göz açmışdı. İlk təhsilini də bu kənddə almışdı. Sonra isə Bakı Teatr Məktəbində məşhur aktrisa Fatma Qədirinin kursunu bitirmişdi.
Əmək fəaliyyətinə Gəncə Dövlət Dram Teatrından başlamışdı. Amma əslində o, aktrisa yox, həkim olmaq istəyirdi.Lakin dayısı, görkəmli aktyor Sidqi Ruhulla 1938-ci ilin yayında həbs olunduqdan sonra onun da həyatında ciddi çətinliklər yarandı. Məlikovları “xalq düşməninin ailəsi” adlandırirdılar. Bunla da bütün qapılar onların üzünə bağlandı. Ona görə də o, aktrisalığı seçdi. Əslində, bu sənət də həkimlik kimidir. Aktyorlar da insanların qəlbini, ruhunu müalicə edirlər.
Gəncə teatrı onun həyata baxışını dəyişdi, bu sənətə daha möhkəm bağlandı. Burada ailə həyatı qurdu, oğlu Saqib dünyaya gəldi. Nəcibə xanım Gəncədə bir neçə tamaşada çıxış edəndən sonra Bakıya qayıdıb təzəcə təşkil edilmiş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil oldu. 1951-ci ildə ali məktəbi bitirib Milli Dram Teatra işə düzəldi. Təhsil aldığı illərdə də bu teatrın tamaşalarında epizodik rollar oynayırdı. Nəcibə Məlikova sonralar burada klassik və müasir Azərbaycan dramaturqlarının, dünya ədiblərinin əsərlərində maraqlı rollar oynadı. Onlar arasında “Nişanlı qız”, “Şöhrət və ya unudulan adam”, “Vaqif”, “Qəribə oğlan”, “Ümid”, “Müsyo Jordan və dərviş Məstəli şah”, “Əks səda”, “Cehizsiz qız”, “Qılınc və qələm”, “Büllur sarayda” və digər tamaşalar var idi.
Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi.
Dayısı Sidqi Ruhulla həbsdən çıxdıqdan sonra Nəcibə Məlikovanın səhnə həyatında da yaşıl işıq yanır. 1958-ci ildə “Ögey ana” filmində Dilarə roluna çəkilir. Daha doğrusu, bu filmdə gənc bir qadının öz həyatına çox bənzəyən həyat yolunu canlandırır. Rejissoir filmin ssenarisində müəyyən detalları dəyişdirərək məxsusi olaraq Nəcibə Məlikovanın həyatı üzərində qurmuşdu. Film ekrana çıxandan sonra Nəcibə Məlikovaya böyük uğur gətirir, hər yerdə tanınmağa, sevilməyə başlayır. Deyirdi ki, rollarım içərisində ən çox sevdiyim Dilarədir. Çünki bu rol mənim həyatımın ekran təcəssümüdür.
Aktrisa “Ögey ana”dan sonra “Aygün” filmində baş rola çəkilir. Aygün obrazı da onun sevimli, özünə yaxın bildiyi qəhrəmanları sırasında durur. Əslində, bu rol elə Dilarəyə yaxın obraz idi.
Rejissor Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında 1963-cü ildə quruluş verdiyi “Əhməd haradadır?” filmində Nərgiz xala rolunu Nəcibə xanıma həvalə etmişdi. Xatırlayırdı ki, filmin maraqlı bir epizodunun çəkilişi zamanı mənə maşın sürməyi öyrətdirlər. Maşına oturanda qorxudan nəyisə qarışıq saldım. Bu zaman bir nəfər kabinəyə tullanıb maşını saxladı. Çox hirsləndim, “niyə gəldiniz, özüm hamısını edəcəkdim”, -- dedim. Bir də danışırdı ki, çəkilişlərin birində Adil İsgəndərov çox hirsli idi. Nə dedimsə, əsəbi cavab verdi. Soruşdum ki, nə olub, nəsə səhv etmişəm? Adil müəllim də makiyajımı nəzərdə tutaraq hirslənib dedi ki, “sən çəkilişə gəlmisən, yoxsa toya? Mən də dedim ki, “axı, mən heç nədən istifadə etməmişəm. İstəyirsiz yoxlayın”. Ancaq o inanmadı. Axırda dəsmalla üzümü sildim. Adil müəllim çaşıb qaldı, “doğrudanmı sən bu qədər təbii gözəlsən”,--dedi.
1965-ci ildə Nəcibə Məlikova “Arşın mal alan”da Cahan xala obrazını yaradır. Bu filmin 1945-ci ildə çəkilmiş variantında bu obrazı Münəvvər Kələntərli ifa etmişdi. Nəcibə xanımın ifasında isə bu obraz yeniləndi, təzə çalarlarla təqdim olundu. Bu rol aktrisanın kinoda oynadığı ən maraqlı rolu idi. Bundan başqa “Leyli və Məcnun”, “Qanun naminə”,“Üzeyir ömrü” və bir neçə başqa filmdə də gözəl qadın rolları yaratmışdır.
Onun Milli Dram Teatrının səhnəsində oynadığı son tamaşa “Tənha iydə ağacı” oldu. O zaman Nəcibə xanım artıq xəstə idi, özünü pis hiss edirdi. Buna baxmayaraq son rolunu da özünəməxsus şəkildə təqdim edə bilmişdi. Nəhayət, uzun sürən xəstəlikdən sonra, 1992-ci il iyulun 27-də Nəcibə xanım dünyasını dəyişdi.
Onun şərəfli əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, Azərbaycan Respublikasının Əməkdar artisti (1959-cu il), Xalq artisti ( 1974-cü il) kimi fəxri adlara layiq görülmüşdü.
İllər keçəcək, hər dəfə onun çəkildiyi filmlər nümayiş etdiriləndə bu gözəl sənətkarın xatirəsi hörmət və məhəbbətlə yad ediləcək.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.