Yel çərşənbəsi

Xalqımızın milli bayramları zəngin mədəniyyətimizin elementlərindən biridir. İnsanların inancını əks etdirən bayramlar, el şənlikləri canlı tarix nümunələridir. Xalqımızın qədim inancının daşıyıcısı olan Novruz bayramı bu gün də yüksək sevinclə qeyd edilir. Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsür-Su, Od, Yel və Torpaq durur. Buna görə də Novruz bayramından əvvəlki dörd çərşənbə məxsusi törənlə keçirilir. Əski inanclara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri canlanır. İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Novruz adətləri bu gün də ilkin  özəlliyini qoruyub saxlamışdır. Mərasimlərdə xalqımızın dünya və  kainat  haqqında ilkin təsəvvürləri öz əksini tapmışdır.

Bayrama hazırlıqlar Su çərşənbəsi ilə başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Əzəli çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə”, “Selçərşənbə”, “Zəmzəm çərşənbə”, “Çillibeçə çərşənbə” kimi də tanınır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, tale göstərmə, övladvermə, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik gətirən bir inam rəmzi kimi çıxış edir.

Od çərşənbəsi Boz ayın çərşənbələrindən biridir. Od ünsürünü, adətən, təbiətin, eləcə də, insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Məhz buna görə də ikinci çərşənbə od ilə bağlıdır. Bu çərşənbə “Üskü (Üsgü) çərşənbə”, “Üskü gecəsi”, “Adlı çərşənbə”, “Ocaq çərşənbəsi”, “Atəş çərşənbə”, “Xıs çərşənbə”, “Xızır çərşənbə” adları ilə də tanınır. Od işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od Günəş və ucalıq rəmzidir. Qədim zamanlardan bəri od türkün ağlında, düşüncəsində müqəddəsliyin, Günəşin rəmzi olmuşdur.

Yel ünsürü ilə bağlanan çərşənbə xalq arasında “Yel çərşənbə”, “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi tanınır. Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

“Yel” şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapmışdır. Xalq bədii nümunələrində və inanclarda müxtəlif mənalarda işlənən “yel” Kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biridir. Mövsüm nəğmələri içərisində də yel haqqında bədii nümunələrə rast gəlinir:

A Yel baba, Yel baba,

 Qurban sənə gəl, baba.

 Taxılımız yerdə qaldı,

 Yaxamız əldə qaldı.

 A Yel baba, yel baba,

Qurban sənə gəl, baba.

Təsəvvüf ədəbiyyatında külək Səba kimi ifadə olunur. Səba ruhani aləmdən əsən külək, Allahdan kamil insanların qəlbinə dolan ruhani nəfəsdir ki, bəşərin öz əslinə qovuşmasına vasitəçi olur.

 Quranda isə yelin Allah tərəfindən göndərildiyi qeyd edilir. Quranda küləklər “müjdəçi” adlandırılır. “Ən-Nəml” (Qarışqalar) surəsinin 63-cü ayəsində oxuyuruq: “(Bütlər yaxşıdır) yoxsa qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!”

 Əski inamlarda yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir missiyanı yerinə yetirmək üçün  dünyanı idarə edən qüvvə tərəfindən göndərilən bir qüvvə kimi göstərilir. O köməkedici, cəzalandırıcı funkisayaya sahibdir. Əski etiqadlardan qaynaqlanan materiallarda  “qara nəhr”dən dörd cür külək – Ağ yel, Qara yel, Xəzri, Gilavar Yer üzünə çıxır. Hərəsinin də öz donu olur. Bu donların rəngləri də mifik dünyagörüşündən qaynaqlanır.   Ağ yel - ağ libasda, Qara yel - qara libasda,  Xəzri - göy libasda, Gilavar – qırmızı libasda təsvir edilir.

Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi funksiyasını yerinə yetirir. Yel baba yolunu azan insanların qarşısına çıxır, onlara yolu tapmaqda köməkçi olur. O, yolu azanlara yumaq ip verərək bu vasitə ilə onları düz yola çıxarır.

İp yumağın səridi,

Təri zəhmət təridi,

Havaya isti gəldi,

Suyun buzu əridi.

Yel bir varlıq kimi götürülür, ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir, bu səbəbdən də Yel babanın şərəfinə xüsusi mərasimlər, ayinlər keçirilir. Bu mərasim dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel çərşənbəsində icra olunur. Yellə bağlı nəğmələr, bayatılar söylənilər.  Yel baba köməyə çağırılar.

Əcdadlarımız inanmışlar ki, Yel baba xırmana gəlməmişdən qabaq oradan taxıl bitkiləri götürməzlər. Belə inanc var ki, sovurulandan sonra ilk buğda götürənin oğlu olar. Yel baba rabitə yaradan vasitə hesab edilirdi. Ən maraqlı rituallardan  biri isə qızların küləyə “ərə getmə” mərasimidir. Taxıl döyümü vaxtı boğanaq qalxarsa, qızlar “boğanaq gəlmə, sənə gedəcəyəm”-deyirlər.

Yel çərşənbəsi günü digər çərşənbələrdə olduğu kimi, tonqallar qalanır, süfrələr bəzənir. Evlərdə plov, əsasən də, südlü plov, bulğur aşı bişirilir. Süfrəyə dənli bitkilərdən hazırlanmış yeməklər, quru meyvələrdən və şirniyyatlardan ibarət xonçalar qoyulur. Evlərdə təmizlik işlərinə başlanır, səməni cücərdilir, bəzi evlərdə isə azca boy atmış səməninin belinə qırmızı qurşaq bağlanır.  Bu ərəfədən başlayaraq bayram üçün yeni geyimlər alınır.    Yel çərşənbəsində xüsusi ayinlər də icra olunur, söyüd ağacının altından keçərlər ki, niyyətlər qəbul olsun, adamlar dəstə-dəstə Yel dağına ziyarətə gedərlər.

Xalq arasında yellə bağlı inanclar üstünlük təşkil edir. Bəzi bölgələrdə külək bərk əsərkən evin ilk övladı  sonbeşik uşaqla  canamazı (namaz qılınan parça) əncir ağacına bağlayaraq deyir:

Mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm.

Xəzri yat, Gilavar yat...

Külək, sürmə at,

Gəl, ələkdə yat!

Bu şeir parçası bəzi bölgələrdə son misraları dəyişməklə dolunun dayandırılması üçün də oxunur. Yel çərşənbəsində isə yel əsmədikdə “Külək çağırdı” mərasimini icra edirlər.

Ulularımızın inancına görə, Yel çərşənbəsində vədə küləkləri Xızır Nəbinin əmri ilə məhəbbət qanadına çevrilərək ürəkdən-ürəyə əsir və sevgini aləmə yayır. Məhz bu səbəbdən də, oğlanlar bu çərşənbədə qız seçməyə çıxarlarmış. İnama görə bu gecə Xızır Nəbi sevgililərə “Abi-kövsər” suyu içirib buta verir. “Ağ yelə tuş olasan səni”, “Üstündən ağyellər əssin” kimi alqışlarımızın da bu inancdan doğduğunu desək, yanılmarıq. Hətta inanca görə, Yel çərşənbəsində  ata-ananın xeyir-duası olmadan qaçırılan  qıza  xeyir-duanı  əli butalı Xızır Nəbi verir.  Bu çərşənbədə qəfəsdəki quşları satın alınıb “Azat-bezat, məni cənnətdə gözət”  deyərək havaya buraxılması da inanclarımızdandır. Bəzi hekayələrimizdə bu motiv öz yerini tutur.  Xahiş, arzu yazılan çərpələnglərin göyə buraxılması bu Çərşənbənin  ayinlərindəndir. Xızır Nəbi ilə təmasda olmaq üçün icra olunan “Yelləncəkdə yellənmə” mərasimi də bu çərşənbənin rituallarındandır.

Yellə bağlı atalar sözləri də çoxluq təşkil edir:  Yelə verdiyin düşmənə qismət olar.    Yelə qoşulan çox uzağa getməz. Yel aparan yelinki, yerdə qalan mənimki. Yelin işi elnən deyil, külnəndi. Küləklə yatanın cin atı olar. Yelin zarafatı qovmaqla başlanır.

Səhər  ORUCOVA,
filologiya elmləri doktoru, professor 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında