(əvvəli qəzetin 18, 19 fevral və
4 mart 2017-ci il tarixli saylarında)
“Yaponiyanın güzgüsü – Tokio...”
Başqa ölkələrdə olduğu kimi, Yaponiyada da paytaxt bir növ ölkənin simasını müəyyən edir. Elə ona görə də Tokionu görmək kifayətdir ki, Yaponiyanın heyrətamiz bir ölkə olduğunu etiraf edəsən.
Yazdığıma təkrar qayıdıb bildirirəm ki, son 10-15 ildə çox səfərlərdə olmuşam, amma Tokio qədər təmiz şəhər görməmişəm. “Şərqin paytaxtı” adlanan bu şəhər çox nəhəng bir meqapolisdir. Əhalisinin sayı 38 milyon olan Tokio ötən il Böyük Britaniyanın “Economist” jurnalının bir bölməsi olan “Economist Intelligence Unit” Araşdırmalar Mərkəzi tərəfindən dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqində birinci yerə layiq görülüb. 3-cü yerə yenə də Yaponiyanın başqa bir şəhəri - Osaka sahib çıxıb. “Monocle” jurnalının apardığı araşdırmalarda da Tokio 2016-cı ildə dünyanın 25 ən yaxşı şəhərləri reytinqinə başçılıq edib. Reytinqin hazırlanmasında beynəlxalq marşrutların sayı, ictimai nəqliyyatdakı qiymətlər, gecə həyatı, kitab mağazalarının mövcudluğu və digər amillər ciddi nəzərə alınıb. İkinci yerdə Berlin, üçüncü yerdə isə Vyana yer alıb. 2015-ci ildə də birinci yerdə Tokio, ikinci yerdə Vyana, üçüncü yerdə isə Berlin qərarlaşmışdı.
Aparılmış sorğulara görə, Tokio dünyanın həm ən təmiz və həm də ən vicdanlı şəhəri kimi yer alıb. Əgər siz haradasa pul kisənizi itirsəniz, yaponlar birmənalı olaraq onu sizə geri qaytaracaqlar. Tapan şəxs mütləq pul kisənizi xüsusi “itirilən və tapılan” əşyalar bürosuna təhvil verəcək. Bu, yapon xalqının heç də hər millətə xas olmayan milli xarakteridir.
2016-cı ildə yayılan məlumatlara görə, bu il Tokionun sakinləri və qonaqlar fantastik məbləğdə - 3 milyard 424 milyon 11 min 977 yen itiriblər. Bu, həmin şəxslərin market, nəqliyyat vasitələri və digər ictimai yerlərdə unutduğu və yerli sakinlər tərəfindən tapılaraq polisə təhvil verilən məbləğdir. Hazırki məzənnəyə görə bu, təqribən 32 milyon ABŞ dollarına bərabərdir.
Əslində, bu statistika paytaxt sakinlərinin və turistlərin unutqanlığı barədə deyil, yaponların nə dərəcədə vicdanlı olması barədə faktı təsdiqləyir. Tokio şəhərinin polis departamenti hər il bu barədə yeni rekordları dərc edir. Əvvəlki illə müqayisədə 2015-ci ildə tapılan məbləğ 2,5 faiz artıb. Tapılan pul qablarının müəyyən hissəsi itki barədə polisə müraciət edən sahiblərinə qaytarılır. Sahibi tapılmayan məbləğ isə dövlət büdcəsinə köçürülür. Burada diqqəti cəlb edən əsas məqam hər şeyin vicdanla və aşkar şəkildə həyata keçirilməsidir.
* * *
Beynəlxalq turizm şirkətlərinin fikrincə, Tokioya səyahət etməklə dünyanı kəşf etmək mümkündür. Tokio çox möhtəşəm bir şəhərdir. Burada sanki şəhər içində ikinci bir şəhər var. Şəhəri bir həftəyə gəzib qurtarmaq mümkün deyil.
“Forbes” jurnalının dünyanın şəhərsalma, arxitektura və dizayn üzrə sayılıb-seçilən ekspertləri arasında keçirdiyi sorğuya əsasən məhz İmperator sarayının və “Tower” qülləsinin yüksək qiymətləndirilməsi sayəsində də Tokio gözəl şəhərlər sırasında qərarlaşıb.
Tokionun əsrarəngiz və mən deyərdim ki, ən nadir bağda yerləşən İmperator sarayı şəhərdən uca hasarlarla deyil, su sərhədi ilə ayrılır. Yapon tarixi ənənəsinə əsasən imperator evi – sarayının artıq 2500 yaşı var. Evin əsası e.ə. 660-cı ildə əfsanəvi imperator Dzimmu tərəfindən qoyulub.
Yapon taxtının varislik ənənələri və imperator ailəsinə mənsubluq kriteriyaları, İmperator evi 16 yanvar 1947-ci ildən qanunla tənzimlənir. Mövcud konstitusiyaya əsasən, imperator evinin mülkiyyəti dövlətə məxsusdur, buna görə də evin üzvlərinin mülkiyyətin ötürülməsi və əldə edilməsi məsələlərində hüquqları məhduddur. Yaponiya imperator evinin büdcəsi Yaponiya Parlamenti tərəfindən təsdiqlənir. İmperator çevrəsinə imperatorun öz ailəsi ilə yanaşı, onun yaxın qohumlarının da ailələrini aid edirlər.
Mənbələr yazır ki, Yaponiyanın ilk paytaxtı 710-cu ildə Nara şəhəri olmuşdur. Nara şəhərində ən qədim budda məbədləri və heykəlləri indi də qorunub saxlanılır. 794-cu ildə Yaponiyanın paytaxtı bugünki Kioto şəhərinin yerləşdiyi Heyan (Heian) Kyoya (indiki Kiotoya) köçürüldü. Heian Kyo və ya Xeyan “Sülh və sükunətin paytaxtı” mənasını daşıyır. Şəhər min il ərzində, yəni 1868-ci ildə Tokio paytaxt olanadək İmperatora ev sahibliyi edib və ölkənin mərkəzi olub. Təxminən 400 il davam edən Heyan dövründən başlayaraq, sırayla Muromaçi, Azuçi-Momoyama və Edo dövründə Kioto Yaponiyanın mədəniyyəti, din və siyasətini əks etdirirdi.
Kioto UNESCO-nun dünya mirası siyahısında qeydiyyatdan keçən 14 buddist və sintoist məbədinə və eləcə də, Yaponiya hökuməti tərəfindən qorunan 1700-dən çox milli xəzinə və mühüm mədəniyyət nümunələrinə sahibdir.
...1998-ci il fevralın 27-də Yaponiyada səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev Kiotoda prefektura və bələdiyyə idarəsi, şəhərin Ticarət - Sənaye Palatası adından onun şərəfinə təşkil olunmuş rəsmi qəbulda bu qədim mədəniyyət mərkəzi haqqında demişdir: “...Bu gün mən Yaponiyanın qədim paytaxtına – Kiotaya gəldim. Bu, mənim çoxdankı arzum idi. Mən Yaponiya, onun tarixi, qədim mədəniyyəti, ənənələri haqqında, o cümlədən Yaponiyanın qədim paytaxtı kimi Kioto şəhəri haqqında çox oxumuşam. Burada, bütün dünyada tanınan zəngin və çoxəsirlik tarixə, ənənələrə, son dərəcədə yüksək dəyərlərə malik bu şəhərdə olarkən yapon xalqının tarixinə, mədəniyyətinə, adətlərinə və ümumən yer üzündə bəşəriyyətin inkişafı üçün onun gördüyü bütün işlərə öz dərin hörmətimi ifadə etmək istəyirəm”.
Yaponiya qədim mədəniyyət və zəngin ənənələr ölkəsidir. Bu gün Yaponiya bütün dünyanın iqdisadi və elmi-texniki həyatında aparıcı yer tutan bir ölkədir. İkinci dünya müharibəsindən sonra yapon xalqı qısa bir tarixi dövrdə elmin, texnikanın, elmi-texniki tərəqqinin, iqdisadiyyatın inkişafında böyük sıçrayış etmiş və öz ölkəsini iqdisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına çıxarmışdır. Həqiqətən, bu gün bunu deməyə hər cür əsas var ki, mühafizi Kioto olan Yaponiyanın qədim, zəngin mədəniyyəti ölkənin müasir həyatı – elmi ixtiralar, qabaqcıl, yüksək inkişaf etmiş texnika, iqdisadiyyatı ilə çox gözəl uzlaşır. Məhz bunun sayəsində, Kiotoda keçmişə, qədim zamanlara xas xüsusiyyətlər müasirliklə gözəl uzlaşdığına görə o, dünyanın məşhur şəhəridir...
* * *
2015-ci ilin aprelin 23-də Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də Yaponiyanın qədim paytaxtı Kioto şəhərinə səfər etmişdi. Kioto Dövlət qonaq evində qarşılanan Azərbaycanlı qonaqlara, burada yerləşən qədim yapon bağı haqqında ətraflı məlumatı qocaman bağban Toemon Sano verərək bildirmişdi ki, Heyan dövründə salınmış bağ Yaponiyada bolluğun və cəsarətin rəmzi olan karp balıqlarının yaşadığı hovuzdan, yerli təbiətə məxsus rəngarəng ağac və kollardan təşkil olunmuşdur. Bağ elə qurulub ki, ilin fəsillərindən asılı olmayaraq bura həmişə gözəldir və qonaqlar tərəfindən xüsusi maraqla qarşılanır.
Mənbələrdə göstərilənlə canlı şahid olmaq tam fərqli təəssürat yaradır. Yəni, “yüz eşitməkdənsə bir görmək yaxşıdır” məsəli əbəs yerə deyilməyib. Məsələn, 50 il qabaq Həsən Seyidbəyli mənbələrə istinad edərək özünün “On beş gün Yaponiyada” kitabında yazırdı ki, yaponlarda ürək genişliyi güclü şəxsi ləyaqət hissi ilə birləşir: bu, adamların pula münasibətində özünü daha çox göstərir.Yapon həmişə nəzərə çarpdırmağa çalışır ki, pula biganədir. Hətta deyingən evdar qadınlar belə pulun qalığını saymırlar: adət deyil. Əgər beş fəhlə pivə içəndən sonra pulunu biri verirsə, sonradan heç kəs öz payını zorla onun cibinə qoymağa cəhd göstərməyəcək: burada “alman haqq-hesabı” ağlasığmaz şeydir.Yaponların təsəvvüründə xırdaçılıq, xüsusən xəsislik qüsurların az qala ən böyüyüdür...”
Yaponiya qədimiliyin və müasirliyin vəhdətinin ən gözəl nümunələrindən olan ölkələr sırasında xüsusi çəkiyə malikdir. Bəlkə elə ona görədir ki, dünyanın ən zəhmətkeş və maraqlı xalqı olan yaponlar çox ölkənin yazarlarının, tarixçilərinin, etnoqraflarının diqqətini cəlb edib və bu gün də cəlb etməkdədir. Yaponlar Tanrı tərəfindən sanki ayrıca bir məkan üçün yaradılan, çoxlarına müəmmalı görünən, zahirən əkiz xalq kimi oxşadığı çinlilərdən belə xeyli fərqlənən, bənzərsiz və məhz özünəməxsus olan sadə və səmimi bir xalqdır.
* * *
Yaponiyada, görüb gəzdiyimiz Tokioda küçələrdə zibil qablarına rast gəlmədik. Hər kəs tullantı saydığını özü ilə evinə aparır. Evdə məişət tullantılarını çeşidləyərək 5 müxtəlif rəngli torbaya yığmalı və həmin gün üçün müəyyən edilmiş torbanı səhərlər küçənin müvafiq yerlərində qoymalıdır. Çünki hər növ tullantının öz daşınma günü var. Həmin gün evdəki zibili bayıra qoya bilmədinsə, iki-üç gün gözləməli olursan. Qanunsevər yaponlar bu qaydalara çox ciddi əməl edirlər. Bunu müşahidə edəndə adamda belə fikir yaranır ki, yapon xalqının həyatda bir nömrəli işi – təmizlik və ətraf mühitin qorunmasıdır. Onlar təkcə təbiətə qarşı yox, özlərinə qarşı da çox tələbkardırlar. Hər gün duş alır və şəxsi gigiyenaya çox mühüm iş kimi baxırlar.
Yaponlar “sevirəm” deyəni qəhrəman sayırlar
Yaponlar çox həyalı və utancaq xalqdır. Nə qədər qəribə səslənsə də, yaponlarda “səni sevirəm” sözləri yoxdur. Bu sözləri “sən mənim xoşuma gəlirsən” ifadəsi əvəz edir. “Səni sevirəm” kəlməsini demək isə onlarda qəhrəmanlıq hesab olunur. Yaponlar söyüş bilməzlər. Ən pis sözləri “dəli” və “axmaq”dır.
Hər bir xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən fərqli toy adət-ənənələri var. Uzaq keçmişdən miras qalan bu xüsusiyyətlər illər, əsrlər keçməsinə baxmayaraq, heç zaman unudulmur, nəsildən-nəsilə estafet kimi ötürülür. Gülərüzlüyü, təvazökar və səmimiyyətilə seçilən yaponların da özlərinə məxsus toy adətləri var.
Əsl yapon toyu füsunkar qədim Şərq mədəniyyətinin bir nümunəsi olub, gözəl kostyumlar, maraqlı ssenari, ləziz yeməklər və çoxsaylı qonaqların iştirakından ibarət bir mərasimdir. Son illər bu adətlərə toyun, eyni zamanda, Qərb üslubunda keçirilməsi əlavə edilsə də yaponlar əsrlər boyu qoruduqları ənənələrinə sadiq qalırlar. Gənclər ailə qurarkən bu adətlərin onlara bəxş etdiyi inam və etibarlıq hissləri ilə ilk addımlarını atırlar.
Yaponiyada toylar əsasən yaz və payızda olur. Daha çox şouya bənzəyən yapon toy mərasimi iki hissədən ibarətdir. Dini xarakter daşıyan ilk hissə sintoizm məbədlərinin birində keçirilir. Bu mərasim zamanı bəy üzərində ailəsinin gerbi olan qara xalatda, gəlin isə ağ kimonoda olur. Yaponiyada gəlinlər başlarına duvaq yerinə ağ ləçək örtürlər. Ənənəyə görə gəlinin üzü ağ tonlarda və az hiss olunan çəhrayı ənlikli olmalıdır. Toy günü bəy və gəlin müxtəlif mərasimlərdə adəti üzrə 3 dəfə geyim dəyişirlər. Əvvəlcə ağ, sonra qırmızı kimono, axırda isə adi avropasayağı gəlin paltarı geyinilməlidir. Dini mərasim keçirilməzdən öncə bəy və gəlin xüsusi məkanda hazırlıq keçirlər. Mərasim zamanı isə onlar məbədə daxil olub “altar” adlanan səcdəgahın önündə dururlar. Bu zaman kahinlərdən biri “koto” adlı xalq musiqi alətinin məxsusi musiqisi altında asta səslə oxuyur, digəri isə rəngli kağızlarla bəzədilmiş əsa ilə pis ruhları qovur. Ailə quran gənclər burada bir-birlərinə sadiq qalacaqlarını simvolizə edən 3 fincanda “sake”, yəni, qaynar düyü arağı içirlər. Yaponiyada tək rəqəmlər uğurlu sayılır, ona görə gəlinin 3 fincanı bəyin 3 fincanına vurularaq ən xoşbəxt rəqəm– 9 alınır. Bundan sonra bəylə gəlin bir-birilərinin barmağına üzük taxırlar.
Dini mərasimdə yalnız ən yaxın qohum-əqrabalar və yalnız milliyətcə yaponlar iştirak edirlər. Bu cür mərasimlər özlüyündə sintoizm, buddizim, xiristianlıq kimi 3 fərqli mənsəbə uyğun keçirilir. Daha sonra toy mərasimi xüsusi seçilmiş restoranların birində Avropa stilində davam edir. Burada gənclər bayram əhval-ruhiyyəsində əylənirlər, toy tortunu kəsib şənlənirlər.
Toy zamanı Yaponiyada hədiyyə vermək adət deyil. Qonaqlar gənclərə təxminən 300-600 dollar məbləğində pul və ya çek verirlər. Yaxın qohumların verdiyi məbləğ daha çox ola bilər! Lakin bütün bu mərasimləri təşkil etmək üçün böyük miqdarda vəsait tələb olunduğundan yapon ailələrinin hamısında bu cür toy hazırlamaq mümkün olmur. Buna baxmayaraq, toy, bizdə olduğu kimi, yaponların da əvəzolunmaz adətlərindən biridir.
Yaponiyaya işgüzar səfərimizdə bizə hər hansı yapon toyunda iştirak etmək nəsib olmadı. Amma Çin Xalq Respublikasında səfərdə olarkən nümayəndə heyətimizin marağını nəzərə alıb Çin Kommunist Partiyasının vəzifəli şəxsləri bizi çin toyuna dəvət etmişdilər. Çində əgər toy səhər vaxtına təyin olunubsa, demək, bəylə-gəlin birinci dəfə, axşama təyin olunubsa, demək, təkrar ailə qururlar.
Gündoğar ölkədə Hokkaydo Universitetində doktoranturada təhsil alan Əlibəy Məmmədov Azərbaycan toyları ilə yapon toylarının fərqindən danışarkən qeyd etdi ki, bizim toylar adətən çox səsli-küylü, yemək-içməklə bol keçir. Bir sözlə, vur-çatlasın olur. Amma Yaponiyada toy mərasimləri çox sakit ab-havada keçir. Özü də axşam saat 6-7-dən sonra deyil, günorta başlayır. Yemək-içmək az olur. Bir azərbaycanlının doya biləcəyi qədər süfrə açılmır. Bununla belə “yer pulu” kifayət qədər baha olur. Əsas etibarilə bəylə gəlinin valideynləri və onların üzərində əməyi keçmiş bir neçə şəxs, əksər hallarda müəllimləri, söz alıb, nitq söyləyirlər. Sonda isə bəy və gəlin öz üzərlərində əməyi olan şəxslərə təşəkkürlərini bildirdikdən sonra, məclis bağlı elan edilir. Rəqs etmək olmur. Amma çox hallarda rəsmi hissə başa çatdıqdan sonra gənclər ikinci, üçüncü məclis adı altında digər restoranlara yeyib-içməyə gedirlər. Yenə də rəqs etməyə az rast gəlinir. Mən daha çox öz toy mərasimlərimizə üstünlük verərdim.
“Xoşbəxtlər ölkəsi”
Yaponlar ta qədim zamanlardan üzü bəri öz təyinatlarını dünyada və ya dünya ilə harmoniyanın olmasında görürlər. Yapon mədəniyyətində, ümumən həyatında harmoniya çox önəmli yer tutur: məsələn, təbiət ilə harmoniya, cəmiyyətlə münasibətdə harmoniya, ruhda harmoniya...
Yaponiyanın populyar mədəniyyəti və incəsənəti təkcə müasir dövrlə deyil, həm də keçmişlə bağlıdır. Populyar mədəniyyətin və incəsənətin müasir formaları ənənəvi köklərə söykənir: onlar təkcə əyləncəni ifadə etmir, həmçinin yapon dünyasının problemlərini də göstərir. Sənətşünas alimlər tərəfindən yapon mədəniyyətinin, xüsusilə də incəsənətinin estetik prinsiplərinin formalaşması bu xalqın doğma təbiətə olan ilahi münasibəti, təbiət gözəlliyinə səcdə etməsi ilə izah edilir.
Yapon incəsənətinin estetik prinsipləri üç mühüm dini-fəlsəfi dəyər üzərində formalaşmışdı: bunlar gündoğar ölkənin məskunları olmaq şərtilə sintoizm, konfutsiçilik və budduzmdir.
Yaponlarda belə deyim var ki, “döyüş fəlsəfəsini bilməyən xalq xoşbəxt ola bilməz”. Onlar ünsiyyət zamanı özlərini həddindən artıq təmkinli aparırlar. Emosiyaların kütləvi şəkildə nümayiş etdirilməsinin yolverilməzliyi onlarda uşaqlıqdan tərbiyə olunur.
Statistikaya görə, yaponlar dünyada ən çox kitab oxuyan xalqlardan biridir. Sərnişin təyyarəsində və gəmidə, Tokio metrosunun basabasında, göydələnlərin damında salınmış parklarda, uzaq yapon kənd evlərinin açılıb-yığılan divarları arxasında - hər yerdə adamların kitab oxuduqlarının şahidi olursan!.. Elə ona görə də yaponların “Kitab insan ruhuna məlhəmdir”, “Kitablar ruhun qidasıdır” kimi atalar sözləri var.
Gündoğar ölkə xalqının dünyagörüşü yalnız çox kitab oxumaqla yox, həm də adamların yaşından asılı olmayaraq, hər şeyə əsl uşaq marağı ilə səciyyələnir. Gənclər də, qocalar da hər cür kurslara, sərgilərə, mühazirələrə axın-axın gedirlər.
Yaponlar ilk növbədə özlərini tərbiyə etməyi bacaran və davranışlarını tənzimləyəməyə qadir xalqdır. Müşahidə olunan faktalara əsasən onu demək olar ki, bu xalq kütləvi surətdə ziyalı xalqdır. Bunun səbəbi təkcə onda deyil ki, Yaponiyada əhalinin hamısı savadlıdır... Sadəcə, bu ölkədə xalqın maariflənməsi sistemi burada çox yaxşı qurulub. Məsələn, “Musiqi Həvəskarı Olan Fəhlələr Cəmiyyəti” elə kütləvi təşkilatdır ki, bəzi siyasi partiyalar onun üzvlərinin sayına həsəd apara bilərlər.Ona görə də yapon atalar haqlı deyirlər; “Sıravi insanlar olmasa, dahilər də olmaz”.
Bütün bunlarla yanaşı, məni ən çox heyrətə gətirən faktlar - rahat, dördmərtəbəli yollarda bir dəfə olsun siqnal səsi eşitməməyim, maşın istehsal edən bu ölkədə tıxaca rast gəlməməyim, ümumiyyətlə, yolda, oteldə, ticarət mərkəzlərində hay-küy eşitməməyim oldu.
“Qışqırıqlar içindəki pıçıltı”
Yapon mətbəxinin yaşı düyü becərməyə başladıqları vaxtdan hesab olunur. Əfsanəyə görə, qamış düyü Yaponiyaya İlahi İnari-sama tərəfindən göndərilmişdir. Bunun təqribən 2500 il bundan əvvəl baş verdiyi nəql olunur. Düyü qədim yaponlar üçün hər şey idi: qida və pul. Qəbilə başçıları düyünü xüsusi anbarlarda –“okura”da saxlayırdılar. İndi də Yaponiyada Maliyyə Nazirliyi Okurase – yəni anbarlar naziri adlandırılır.
Yapon sağlamlığının və uzun ömürlülüyünün sirri – dadlı, sağlam yeməklər, enerji və yüksək əhval ruhiyyə verən mətbəxdir. Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gəlinir. Belə bir inam da var ki, sağlam yapon pəhrizi ölkə əhalisinin uzunömürlülüyünün başlıca şərtidir. Zəngin tarixi olan yapon milli mətbəxi də çox nəfis formada və bacarıqla təqdim olunur.
Tokioda biz də bunun şahidi olduq.Tokionun ən dəbdə olan Kenzo restoranında gözümüzün qabağında – oturduğumuz masanın əks tərəfində aşbazlar böyük ustalıqla dünyanın ən bahalı əti sayılan “mərmər əti” nazik-nazik doğrayıb peçin üstündə qızartdılar. Sonra nazik ət dilimlərini yemək üçün zövqlə bəzənmiş masaya qoyub kənara çəkildilər...
Vaqyu cinsi olan yapon inəklərinin zərif və zoğalı rəngli mərmərə bənzər ətinin bir kiloqramı 800 dollara satılır. Bu bahalığın səbəb isə heyvanların xüsusi şəraitdə bəslənməsi və yemlənməsi ilə bağlıdır. Yüzilliklərdir ki, bu inəkləri Yaponiyada xüsusi qayda ilə bəsləyirlər. Onlar ən yaxşı seçilmiş otlar və buğda ilə qidalanır, dəriləri sake (yapon arağı) ilə silinir. İnəklərə su əvəzinə hətta, pivə verilir, stressə qarşı massaj belə edilir. Bu isə yağın onların bədənində bərabər paylanmasına kömək edir. Bu inəklərin 200 qram əti Avropada 100 dollardan aşağı satılmır. Amma delikates, ən yaxşı tikələrin qiyməti min dollara da çata bilər. Başqa ölkələrdə isə qiymət daha baha olur.
İndi belə cinslər təkcə Yaponiyada yox, Avstraliyada da yetişdirilir. Orada isə onlara bahalı qırmızı şərab içirirlər. Yaponiyada “mərmər ət” satışıyla cəmi üç şirkət məşğul olur.
Son illər yapon milli mətbəxinin nümunələri Amerika Birləşmiş Ştatlarında, Avropada populyarlıq qazanıb. Avropalıların böyük əksəriyyəti üçün yapon mətbəxi – suşi və rulolardır. Suşi həqiqətən də Yaponiyada ən sevilən yeməklərdən biridir, ancaq bununla yanaşı, bir çox başqa yeməklər də var.
Bizə məlumat verdilər ki, yapon mətbəxinin əsasını qoyan ərzaq çatışmazlığı olmuşdur. Bitki və heyvan örtüyünün azlığı Gündoğar ölkənin əhalisinə gündəlik qidaya hömətlə yanaşmağı öyrətmişdir. Adi, sadə yeməklərə onlar maksimum estetik görkəm verməyə çalışırlar. Dünyanın heç bir yerində yemək mədəniyyəti bu qədər inkişaf etməyib. Yemək burada hər yerdədi. Özüdə yüksək keyfiyyətdə.
Ərzağın təzə, tər olması da bu ölkədə çox vacib şərtdir. Məhsullar ya bağdan təzə gətirilməli, ya da isti olmalıdır. Yapon supermarketləri – təzəlik məbədidir. Ət, balıq və tərəvəzlərin üzərində istehsal günü və saatı dəqiqliklə göstərilir. Yapon kulinariyasında konservləşdirilmiş və dondurulmuş anlayışı, demək olar ki, yoxdur. Aktyor, ssenarist Donald Riç yazırdı: “Yapon mətbəxinin təzəliyi qışqırıqlar içindəki pıçıltı kimi diqqəti cəlb edir. Yeməklərin həqiqi görünüşünü və dadını açır. Onları, demək olar ki, çiy təqdim edir və yeyirlər, burada heç nə uzun müddətə hazırlanmır. Qidanın demək olar ki, təbii dadından zövq alırsan”. Çoxçeşidli yapon mətbəxinin əsasını təşkil edən qaydalar, onun yeməklərini planetin ən faydalı qidası edir.
Yaponlar dieta deyib, özlərini aclıqla yormurlar. Onların qida rasionu və metodu, demək olar ki, bütün həyatları boyu dəyişmir. Az xəstələnir, eyni zamanda, özlərinə sərhəd qoymadan hər şey yeyirlər.
“Allaha inanmayan Allahın yaponları”
Sosial şəbəkədə Rafiq Hunaltay adlı gənc bir yazar Yaponiya və yaponların yaşam tərzi haqqında məqaləsini belə adlandırmışdı. Bu fikir elə mənim Yaponiyanı gördüyüm andan, yazımın giriş hissəsində söylədiyim: “Allah Qurani-Şərifi elə bil yaponlara göndəribmiş... Çünki yaponlar Allahın öz (müsəlman) bəndələri üçün rəva bildiyinin çoxuna doğru-dürüst əməl edirlər” fikrimlə səsləşir...
Bəzi mənbələrdə göstərilir ki, yaponların çoxu özlünü dinsiz adlandırırlar. Bununla belə, Yaponiyada il ərzində bir çox dini bayramlar keçirilir. Əhalinin 80 faizdən çoxu sintoist və buddist məbədlərində dualar edir, dini mərasimlərdə iştirak edir.
Bu gün Yaponiya əhalisinin sayı təxminən 127 milyon nəfərdən çoxdur. Son 5 il ərzində Yaponiyada əhalinin sayı 1 milyon nəfərə yaxın azalıb. Onların cəmi 10 faizi hər hansısa dinə ürəkdən inanır.
II Dünya müharibəsində Yaponiya məğlub olduqdan sonra İmperatorun ölkədəki mövqeyi zəiflədi və din dövlətdən ayrıldı. Dini dərslər təhsil sistemindən çıxarıldı. Bu isə əhalinin dini savadının azalmasına, nəticədə əhalinin dinə qeyri-ciddi yanaşmasına gətirib çıxardı. Bütün bularla yanaşı, Yaponiyada diqqət çəkəsi və dünyaya nümunə ola biləcək dini tolerantlıq mövcuddur. Bir çox Avropa ölkələrində əhali azan səsinin onları narahat etdiyini əsaslandıraraq etiraz edirlərsə, Yaponiyada əhali bir tərəfdə kilsə zəngləri, digər tərəfdə azanın səslənməsini özünün uğuru hesab edir. Bu mənada Yaponiyanı bütün dinlərin keşiyində duran və bütün dinlərin birləşdiyi bir məbəd kimi qiymətləndirənlər də var.
Yaponiyadakı müsəlmanların sayı dəqiq açıqlanmır. Ümumiyyətlə, bu ölkədə hökumət heç bir dinin nümayəndələrinin statistikasını vermir. Lakin, bir çox yerlərdə Yaponiyadakı müsəlmanların sayının 1 milyon, bəzi mənbələrdə isə 700 və ya 900 min olduğu deyilir. Hazırda Yaponiyada İslam dininin təbliği ilə məşğul olan qruplar mövcuddur ki, dövlət xüsusi yoxlanışdan sonra onlara öz fəaliyyətləri üçün icazə verir və onları lazımi vasitələrlə də təmin edir.
İslamla ən gec tanış olan Uzaq Şərq ölkəsi
Bir çox mənbələrdə yazılır ki, yaponların İslam dini ilə tanışlığı XI əsrə təsadüf edir. Həmin dövrdə köçəri monqol tayfaları əhalinin dini dünyagörüşünə təsir edə bilmirdi. Qısa müddət sonra yenidən başqa ərazilərə köçən bu tayfaların təsiri də onlarla birlikdə çıxıb getdi. Həmin dövrdən qalan yalnız İslam adətlərinə uyğun məzarlardır. Buna görə də Yaponiyada İslamın yayılması bütün tarixi ədəbiyyatlarda XIV əsrdən hesablanır. Bu dövrdə Ərəbistan və Hindistandan köçən müsəlmanlar gəldikləri ərazilərdə daimi məskunlaşmağa başlamışlar. Zaman-zaman mühacirlərin öz övladları üçün mədrəsələr və ibadət etmək üçün kiçik məscidlər inşa etməsi ətrafdakı yaponların da diqqətini cəlb etmişdir. Bir çoxu bu dinin mahiyyətini dərk edəndən sonra özü də müsəlman olmuşdur. Lakin bu cür hadisələr Yaponiyanın xırda və ən ucqar vilayətlərində baş verdiyindən, İslamın əhali arasında çox ciddi şəkildə yayıldığını demək yanlış olardı.
Bu ölkədə İslamın bir din olaraq daha geniş tanınması isə XIX əsrdən başlanmışdır. Belə ki, XIX əsrin 70-ci illərində Tariq Ramazanın “Həzrəti Məhəmmədin həyatı” adlı kitabı ilk dəfə yapon dilinə tərcümə olunur. Az bir müddətdə əhalinin yuxarı təbəqəsi arasında yayılmağa başlayan bu kitab, yaponlar üçün bir məsələni daha da aydınlaşdırdı; yaponların mentalitetində və adət-ənənələrində hakim olan bir çox qaydalar İslamda da qəbul edilir və ya əksinə…
İslam dininin Şərq ideologiyası ilə bu qədər yaxın olduğunu görən yaponların bir çoxu bu dini dərindən araşdırmağa başlayır. Onlar əsasən yuxarı sosial təbəqələrə aid yaponlar idi. Çünki bu cür kitablar aşağı təbəqələri elə də maraqlandırmırdı.
İslamı araşdıranların əksinə olaraq, bir çoxu bu dinin Yaponiyada mövqe tutmasına qarşı çıxır və hər vasitə ilə İslam haqqında olan müsbət rəyləri dağıtmağa çalışırdı.
1890-cı il sentyabrın 16-da baş vermiş bir hadisədən sonra İslam dini yaponlar arasında çox böyük maraqla qarşılanmağa başlandı. Həmin gün tarixdə “Ərtoğrul freqatı (hərbi gəmi) qəzası” adı ilə qalmışdır. Belə ki, 1890-cı ildə Osmanlı sultanı II Əbdülhəmid tərəfindən Osman paşanın rəhbərliyi altında 600 hərbçi mütəxəssisdən ibarət nümayəndə heyəti “Ərtoğrul” gəmisində Yaponiyaya göndərilir. Gəmidə, Yapon İmperatoru Meijiye təqdim edilmək üçün bir Osmanlı imtiyaz ordeni və qiymətli hədiyyələr var idi.
İmperator özü şəxsən gəminin qarşılanmasına, heyətin yerləşdirilməsinə nəzarət edirdi. Şəhər əhalisi Osmanlı gəmisinin Yokohamaya gəlişini çox ciddi şəkildə qeyd edirdi.
Nümayəndə heyəti Yaponiyada bir sıra görüşlər keçirir, o cümlədən Yaponiya İmperatoru tərəfindən qəbul edilir. Lakin geri qayıdarkən gəmi qəzaya uğrayır və 531 nəfər, o cümlədən Osman paşa və sultanın qardaşı həlak olur. Yalnız 69 nəfər sağ qalır. Bu qəza zamanı batmış gəminin qalıqları Yaponiya tərəfindən 2 gəmi ilə İstanbula çatdırılır. Həlak olanları isə Yaponiyada dəfn edirlər və onların şərəfinə Kuşimoto və Yaponiyanın bir çox başqa ərazilərində xatirə abidəsi ucaldılır. Hətta indi də hər 5 ildən bir Türkiyə və Yaponiyada onların xatirəsi yad edilir.
Bu hadisədən sonra yaponların türklərə qarşı marağı və sevgisi başlayır. Təbii ki, əhali artıq türklər haqqında daha çox məlumat öyrənmək istəyir. Buna görə də məşhur yaponiyalı jurnalist Toraciro Yamada Türkiyəyə səyahət edir. Uzun müddət burada yaşayan və İslam dinini qəbul edən bu şəxsin ilk yerli yapon mənşəli müsəlman olduğu deyilir. O, adını dəyişərək Əbdülxəlil edir. Qəzetlərdə daim osmanlılar, onların dini və mədəniyyəti haqqında yazılar çap etməyə başlayır. Eyni zamanda, bu jurnalist Məkkəyə ziyarət edən ilk yapon olmuşdur...
Hüseynbala MİRƏLƏMOV,
yazıçı-dramaturq, Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.