“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsinin təqdimatı olub

Martın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “SABAH” qrupları tələbələrinin hazırladıqları “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxıblar.

Tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, tələbələr bu layihəyə aprel döyüşlərindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarından ruhlanaraq başlayıblar. Bu gün təqdim olunan layihə Qarabağı tələbələrə daha yaxından tanıdır. Layihənin əsas məqsədi işğal altında olan torpaqlarımız azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrimizin bu işə bütün imkanları ilə töhfə verə bilmələridir. Rektor bildirib ki, bu, Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır.

Layihənin ideya rəhbəri, universitetin ekologiya kafedrasının müdiri Fəqan Əliyev qeyd edib ki, layihə AzMİU-nun “SABAH” qruplarında təhsil alan tələbələrin müəllimlərlə birgə işidir.

Daha sonra tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərimizdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planını təqdim ediblər.

Təqdimatda Ağdam şəhərinin baş planı, nəqliyyat infrastrukturu, bərpa olunan enerji mənbələri, Qarabağın kiçik çay mənbələrindən alınan enerji imkanları, Ağdam şəhərinin çirkli sularının kənarlaşdırılması layihəsi, magistral su kəməri layihəsi, fərdi evlərin, çoxmərtəbəli yaşayış komplekslərinin layihə təklifi və digər məlumatlar yer alıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov AzMİU-nun “SABAH” qruplarında təhsil alan tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib. Qeyd edib ki, tələbələr bu cür peşəkar layihəni hazırlamaqla uzaqgörənlik nümayiş etdiriblər. Tələbələrə düşmən tapdağı altında olan bütün torpaqlarımızın gələcək inkişaf proqramını hazırlamağı arzulayan Əli Həsənov onların bu cür layihələrlə işğaldan azad edilən ərazilərimizin bərpasına və inkişafına töhfə verəcəklərinə ümidvar olduğunu bildirib. Baş nazirin müavini deyib ki, “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsi tələbələrin vətənpərvərlik nümunəsidir. Bu nümunəni uşaq bağçalarından tutmuş ali məktəblərə qədər bütün təhsil müəssisələrində yaymaq lazımdır. Əli Həsənov layihəni hazırlayan gənclərə təşəkkür edib və bugünkü Azərbaycan gəncliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb. Bildirib ki, ümummilli liderin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Milli Məclisin sədr müavini Bahar Muradova layihəni yüksək qiymətləndirərək bunun dünyaya mesaj olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı, gəncliyi yalnız qurmaq, yaratmaq, tikmək, bərpa etmək, abadlaşdırmaq barədə düşünür. Ermənistanın həm tarixən, həm də bu gün həyata keçirdiyi siyasət nəticəsində ancaq xarabalıqlar yaranır. Azərbaycanın tarixən və bu gün həyata keçirdiyi siyasət isə ancaq abadlıq və gözəllik yaradır. Bu, xalqların mahiyyətindən, ruhundan, həyata, insanlığa və bəşəriyyətə münasibətindən xəbər verir. “Ürəyim qürur və fəxarət hissi ilə döyünür ki, xalqımızın belə gözəl, intellektual gəncləri var, öz xalqını, dövlətini, millətini, gələcəyini ürəkdən sevən vətənpərvər gəncliyi var. Bu gənclərin hər biri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında özünü bir əsgər kimi hiss edir. Bu gün hər birimiz Azərbaycan naminə Ali Baş Komandanın əmrini məşğul olduğumuz sahədə və peşədə bir əsgər kimi qəbul etməli və yerinə yetirməliyik”, - deyən B.Muradova bildirib ki, layihə, doğrudan da bu gün aparılan siyasətin mahiyyətinə, məzmununa, məqsədinə tam uyğundur. Bu gün gənclərimiz ön cəbhədə ərazi bütövlüyümüz, insanlarımızın təhlükəsizliyi və rahat yaşayışı üçün canlarından keçərək bu xalqa xidmət edirsə, tələbələrimiz də ümumi məqsədimizə, hədəfimizə və arzularımızın reallaşması işinə bu şəkildə xidmət edirlər.

Bu yaxınlarda Cocuq Mərcanlıya səfər etdiyini xatırladan Bahar Muradova bildirib ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Ağdam və bütün Qarabağ öz əvvəlki görkəminə qayıdacaq.

Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan bu layihənin peşəkar yanaşmanın, həmçinin yetişən gəncliyin ölkəmizin taleyüklü məsələlərinə ciddi münasibətinin, vətənpərvərliyinin və təəssübkeşliyinin bariz nümunəsi olduğunu vurğulayıb. Tələbələrin yaxın gələcəkdə ölkəmizə lazım olacaq mühüm bir bərpa planını təqdim etdiklərini vurğulayan nazir diqqətə çatdırıb ki, bu layihə tələbələrimizin potensialından xəbər verir. Nazir qeyd edib ki, layihə AzMİU-nun “SABAH” qruplarında təhsil alan tələbələrin biliyi və əməyi nəticəsində ərsəyə gəlib. “SABAH” qrupları haqqında məlumat verən M.Cabbarov bildirib ki, bu qruplar üç il əvvəl ali təhsildə yenilikçi mühitin formalaşdırılması, savadlı, bacarıqlı, hazırlıqlı tələbələrin yetişdirilməsi, kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, bu layihə Azərbaycan gəncliyinin vətənpərvərliyindən, torpağa sevgisindən xəbər verir. Azərbaycan gəncliyi hər zaman döyüşə hazırdır. Ordumuzun aprel qələbəsindən sonra minlərlə gəncin döyüşə getmək üçün müraciət etməsi bunun bariz göstəricisidir.             

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında