İgid ölər, adı qalar...

“….Atamın üz-gözü sıyrılmış halda, yaralı və kol tikanları içində gəlməsinə  adət etmişdik. Hər kəşfiyyatdan qayıdanda bədənini tikanlardan bir-bir təmizləyirdim.  Ermənilərin hücumları başlayan gündən  atam  “Qarabağı müdafiə şahinləri” özünümüdafiə dəstəsinin ən fəal üzvlərindən idi,  torpaqlarımızı müdafiə edirdi.

Yaşadığımız yerlərin hər daşına, qayasına bələd idi.  Xocalının işğal edildiyi gün də atam döyüş dostları ilə  o dəhşətli soyqırımından canlarını götürüb qaçan insanlara kömək edirdi.  Erməni silahlılarına girov düşmüş bir çox qız-gəlini və uşağı azad edən  atam yaralansa da, ölümü mərdi-mərdanə, gülüşlə qarşılayıb.  Son anında atam yaxın döyüş dostu olan “Malış” ləqəbli patrondaşıyanına  üz tutaraq, bərkdən qəhqəhə çəkib…Təəssüf ki, adını unutmuşam…” – Xocalı soyqırımı zamanı dinc əhalini  xilas edərkən qəhrəmanlıqla şəhid olan, ölümündən sonra “Azərbaycan bayrağı” ordeninə layiq görülmüş cəsur döyüşçü  Xosrov Məmmədovun qızı Səyyad Baxışova   25 il əvvəl baş verənləri xatırlayır.

…Müharibə onun yeniyetməlik illərinə təsadüf etsə də, hər il fevralın 26-da  atası ilə bağlı xatirələri,  döyüş dostlarının  Xosrov Məmmədov barədə söhbətləri, o ağrılı-acılı günlərdə Xocalıdan sağ çıxan camaatın Ağdama, daha dəqiqi Şelli kəndinə  pənah gətirməsi, insanların təşviş içində olması  hafizəsində kino lenti kimi canlanır. Səyyad xanımla söhbətdə hiss edirəm ki,  atası vətənpərvər və cəsur döyüşçü Xosrov Məmmədovun igidliyi, mübarizliyi, şəxsi keyfiyyətləri  haqqında bu illər ərzində dostlarından, xüsusilə də ən son günlərində yanında olan Vətənin müdafiəsinə qalxmış özünümüdafiə batalyonu üzvlərindən, Xocalı sakinlərindən eşitdiyi ən xırda detallar belə onun üçün qürur mənbəyi ilə yanaşı, həm də təsəllidir.

Xosrov Bilal oğlu Məmmədov 1949-cu il yanvarın 20-də Ağdamın Qurdlar kəndində anadan  olmuşdu.  Nə biləydi ki, vaxt gələcək, onun dünyaya göz açdığı gün bütün xalq tərəfindən qeyd ediləcək. Ancaq Ümumxalq Hüzn Günü kimi.

Hələ o günə çox vardı və Xosrov Məmmədov  Ağdam Suvarma Sistemləri İdarəsində mirab vəzifəsində çalışırdı. Doğma yurda bağlı olan Xosrov Qarabağın hər qarışına, hər yerinə yaxşı bələd idi. Qarqar çayının kükrəyib  əkin sahələrinə, kəndlərlə gediş-gəlişi təmin edən körpüləri yuyub apardığı vaxtlarda onun işi və qayğıları da artırdı. Çətinliklərə baxmayaraq, o,  işinin öhdəsindən layiqincə gəlirdi. Xilaskarlıq sanki onun taleyinə  yazılmış bir missiya idi. Hələ suvarma idarəsində işlədiyi vaxt, daha dəqiq 1976-cı ilin yazında Qarqar çayında selin apardığı iş yoldaşının həyatını xilas edəndə ağlına da gəlməzdi ki, illər sonra bu missiyanı Qarabağ səmasını qara buludlar alanda  da  daşımalı olacaq.

Erməni hərbi təcavüzü başlayan günlərdən silaha sarılaraq, çoxları kimi o da Vətənin müdafiəsinə qalxmışdı. O əraziləri ovcunun içi kimi tanıdığından Ağdamın özünümüdafiə dəstəsində kəşfiyyatçı kimi iştirak edər, ən çətin tapşırıqlara gedərdi.

Səyyad xanım atası ilə son görüşlərini  belə xatırlayır: “ …Həmişə gecə evə gələr, hal-əhval tutub, qayıdardı.  Gedəndə anamın bişirdiyi təndir  çörəyindən və evdə olan yavanlıqdan da aparardı döyüş dostlarına. Sonuncu dəfə evdən çıxanda bir az dayandı. Sevdiyi “Ay Şəhrəbanu, gedirəm mən” misralarını zümzümə edə-edə getdi. İndi də anam o mahnını eşidəndə atamı xatırlayır, kövrəlir. Qohum-əqrəbanın toyunda atamın xatirəsinə o mahnını oxudurlar”.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə əksəriyyəti erməni silahlılarından ibarət keçmiş 366-cı motoatıcı alayın  mühasirəsində olan Xocalıya təcavüzü  ilə neçə-neçə günahsız insan qətlə yetirildi, girov götürüldü, itkin düşdü.  Faciədən xəbər tutan kimi  Xosrov başda olmaqla, bir çox könüllü döyüşçü irəli atıldı. Qətliamdan sağ çıxanların  çoxu  meşədə pərən-pərən düşmüşdü.  Əsas məqsəd mümkün qədər irəliləyərək  qarlı meşədə donub qalmış həmin insanlara kömək etmək, onları xilas etmək idi. Çünki Qaraqaya tərəfdən erməni silahlıları atəş açdığından meşəyə sığınan camaat Ağdam tərəfə gələ bilmirdi.

Səyyad xanım deyir ki, atasının həmin faciə günü göstərdiyi qəhrəmanlıq, son nəfəsinəcən  döyüşməsi, erməni silahlılarının  girov götürüb donuz pəyəsinə saldığı  bir çox insanın həyatını xilas etməsi bu gün də  qürurla danışılır.

Cəsur döyüşçünün üzərinə düşən növbəti xilaskarlıq missiyası Xocalıda yazıldı. Onun həmin gecə göstərdiyi qəhrəmanlıq barədə onun Malış ləqəbli döyüş dostunun sözlərini  Səyyad xanım belə xatırlayır: “ …Atam erməni silahlılarının girov götürdüyü bir çox insanı  xilas edib.  Yaşlı bir kişidən eşidəndə ki, ermənilər adamları donuz pəyəsinə salıb, o istiqamətə yollanıb. Qapının qıfılını atəşlə qırıb açıb.  İçəridə yüzə yaxın arvad-uşaq varmış, onları  Şelli istiqamətinə yönəldiblər. Bu vaxt yaxınlıqda qadın naləsi eşidilib. Atam  ermənilərin üç qadına işgəncə verdiyini görüb.  Elə ayaq üstə  erməninin ikisini  yerə sərib. Sinəsindən bərk yaralansa da, qaçan ermənini diri tutmaq məqsədilə  onu qovmağa başlayıb. “Malış”  yaralı komandiri  geri çağırsa da, atam irəli gedib. Atılan atəş onu dayandıra bilməyib. Dostu deyirdi ki,  atam son nəfəsində qəhqəhə çəkib, gülərək bunları deyib: “Kişi belə məqamda ağlamaz, bala! Gülər, eşitdin, gülər!”. Bu sözləri deyəndə  Səyyad xanımın gözləri dolur.

Xosrov Məmmədov 1997-ci il fevralın 25-də Xocalı sakinlərinin xilas edilməsində göstərdiyi igidliyə görə ulu öndər Heydər Əliyevin fərmanına əsasən   “Azərbaycan bayrağı” ordeninə layiq görülüb. Bu, onun qəhrəmanlıq və Vətən sevgisinə verilən qiymətin göstəricisidir.  1999-cu il il fevralın 26-da ulu öndər Heydər Əliyevin  şəhid ailələrini qəbul edərkən şəhidin ömür-gün yoldaşı Gülbəniz müəllimə ilə də görüşməsi bu ailə üçün həmişə əlamətdar bir tarix kimi qalacaq.

Hər il şəhidin ailəsi, nəvələri Xocalı soyqırımı günündə “Ana harayı” abidəsini ziyarət edirlər. Xocalı şəhidlərinin bu abidədə həkk olunmuş siyahısında   Xosrov Məmmədovun adı onlar üçün bir  təsəllidir.

 … Ölümün gözünə gülərək baxan Xosrov Məmmədovun məzarı bu gün Ağdamda  yol gözləyir. Xocalı kimi, Şuşa kimi, Qarabağ kimi. Xilaskarlıq missiyası indi növbəti nəslin üzərinə düşür….

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında