Bu kitab səngərdəki əsgər üçün yazılıb

Əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun qəhrəmanlığına həsr olunmuş “Murov qartalı” kitabı haqqında qeydlər

Elə bil, hər şey dünən olub. Ötənilki aprelin ilk günlərini nəzərdə tuturam...

Müdafiə Nazirliyi məlumat yaymışdı: “...Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək, dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

...Ermənstan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir”.

Həmin günlərdə Qarabağdan, cəbhə xəttindən hərbçilərimizin qəhrəmanlığı haqqında xəbərlər gəlməyə başladı. Onlar Vətən torpağının düşməndən azad edilməsi uğrunda igidliklə vuruşur, canlarını belə qurban verirdilər. Strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin geri alınması, Talış yüksəkliyinə nəzarətin bərpa olunması on hektarlarla bərəkətli torpağın yenidən əkin-biçin üçün istifadəsinə, uzun illərdir məcburi köçkün həyatı yaşayanların bir qisminin yenidən doğma yurda dönməsinə imkan yaratdı.

Bu, bir Qələbə müjdəsiydi...

Bu, kiçik də olsa, bir Qələbə sevinci idi...

Amma bu sevinc kədərlə döymüşdü qapılarımızı. Torpaq, uğrunda ölən varsa, Vətəndir–hikməti məhz həmin günlərdə yerinə düşmüşdü...

Günlər, aylar keçdikcə “dördgünlük müharibə”nin  bəzi detalları açıqlandı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev əsgər və zabitlərimizin düşmən təxribatının qarşısını aldıqlarını, ona layiqli cavab verdiklərini xatırladaraq xüsusi vurğuladı ki, “biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq, bizim işimiz haqq işidir”.

Allah Aprel döyüşlərində həlak olan bütün şəhidlərimizə rəhmət eləsin! Onlar haqq işini yerinə yetirərkən şəhid oldular. Onlar öz işlərini gördülər.

Bizə isə onların xatirəsini əbədiləşdirmək qalır. Onların adını, şöhrətini yaşatmaq, gələcək nəsillərə ötürməkdir bizim borcumuz...

Bu günlərdə işıq üzü görən “Murov qartalı” kitabı da məhz bu məqsədə xidmət edir.

Bu kitab aprel döyüşlərinin qəhrəmanlarından birinin–polkovnik-leytenant Raquf Orucovun həyat və döyüş yolundan bəhs edir.

Kitabda igid kəşfiyyatçının döyüş yoldaşlarının xatirələri verilib, qəhrəmanın portret cizgiləri yaradılıb.  Ailə üzvlərinin kədərli xatirələri əks olunub. Bu kitab Raquf Orucovun kimliyi barədə, qəhrəmanlığı haqqında hekayələrdən ibarətdir.

“Murov qartalı”  Raquf Orucov haqqında yazılmış ən yaxşı kitab deyil. Amma “Murov qartalı” Raquf Orucov haqqında ilk kitabdır. Həm də ümumiyyətlə, Aprel döyüşlərinin qəhrəmanları haqqında ilk kitabdır.

“Murov qartalı” əsl kəşfiyyatçı haqqında ən kamil əsər deyil. Amma “Murov qartalı” əsl Azərbaycan kəşfiyyatçısı haqqında ilk dolğun vəsaitdir.

Əminəm ki, Aprel  döyüşlərinin hər bir şəhidi, qəhrəmanı haqqında belə kitablar yazılacaq və yazılmalıdır. Ona da əminəm ki, Raquf Orucov haqqında da bundan sonra yenə kitablar yazılacaq, filmlər çəkiləcək. Amma bu, bir ilkdir. Raquf Orucov haqqında da, elə Aprel döyüşlərinin şəhidləri barədə də.

Çünki bu insanların unudulmaması, bu insanların xatirəsinin əbədiləşdirilməsi bütövlükdə millətimizin sabahı üçün lazımdır. Ordumuzun döyüş qabiliyyətinin daha da güclənməsi üçün vacibdir.

Bu kitab artıq Raquf Orucova lazım deyil. Bu dünyada o, bacardığı hər şeyi edib və haqq dünyasına qovuşub. Bu kitab indi sərhəddə düşmənlə üz-üzə dayanan əsgər üçün yazılıb. Bu kitab bu gün hərbi xidmətə yollanan gənc çağırışçı üçün lazımdır. Bu kitab sabah Vətən naminə, Azərbaycan naminə qəhrəmanlıq göstərmək anında hansısa gənc döyüşçümüzün gərəyi olacaq.

Və bir də...

İndi kitab yazan çoxdur.
Raquf Orucov haqqında da çox adam yazmaq istəyərdi və yəqin hələ də istəyənlər var. Bədii əsərdən fərqli olaraq, sənədli-publisistik əsərləri yazmaq üçün qəhrəmanın həyat yolunu keçdiyi yerlərə səfər etmək, onu tanıyanları axtarıb tapmaq, müxtəlif ünvanlara, arxivlərə baş çəkmək, sənədlərlə işləmək lazımdır. Bütün bunlardan sonra  yaradıcı adam üçün kitab yazmaq o qədər də çətin olmasa da, onu çap etdirmək asan məsələ deyil... Xüsusən də, mətbəə xərclərinin xeyli yüksəldiyi indiki vaxtda...

Ümumiyyətlə, bizdə kitab  nəşrinə pul ayıranların sayı həmişə az olub. Ən bahalı müğənniləri toya, konsertə gətirib ətək-ətək pul verənlər həmişə tapılıb, indi də var.

Ən bahalı maşını alıb yanında şəkil çəkdirməklə özünü göstərənlər son vaxtlar daha da çoxalıb. Amma elə həmin sağa-sola pul xərcləyənlər, nədənsə kitab işinə, incəsənət və mədəniyyət sahəsinə pul ayırmaqda həmişə xəsislik ediblər.

Ötən əsrin əvvəllərində Mirzə Ələkbər Sabirin vəfatından sonra əsərlərini toplayıblar, amma bu qədər varlı müsəlmanın olduğu Bakıda onun nəşrinə pul vermək istəyənlər çox olmayıb. Elə sonralar da bu sahədə çox qabağa getməmişik.

Amma Raquf Orucov haqqında kitabın ərsəyə gəlməsi ona görə mümkün olub ki, onun yazılmasına hərtərəfli dəstək verən bir şirkət tapılıb. Daha doğrusu, belə bir kitabın nəşrinə yardımçı olmaq istəyən şirkət özü yazan adamları axtarıb. Yəqin ki, bu da müasir Azərbaycan reallığı üçün daha bir yenilikdir və gözəl yenilikdir. Söhbət “Azimport” şirkətindən gedir...

Bu şirkətin rəhbərliyinin Raquf Orucova heç bir qohumluğu çatmır.

Sadəcə, bu şirkətdə də qəhrəman zabiti şəxsən tanıyanlar, onunla birlikdə Murovdağ sınağından keçənlər, xalqımız və Vətənimiz  qarşısındakı xidmətlərindən xəbərdar olanlar var. Məhz buna görə “Murov qartalı” kitabının hazırlanmasına və nəşrinə dəstək verməyi özlərinə borc biliblər, mənəvi borc, insanlıq borcu...

Yaxşı nümunədir. Azərbaycanda bu gün yüzlərlə belə şirkət var. Azərbaycanda bu gün yüzlərlə imkanlı təşkilatlar, gəlirlə işləyən müəssisələr var. Amma 11 ay əvvəl qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Aprel şəhidləri haqqında ilk dəfədir ki, kitab buraxılır... Özü də təmənnasız, hər hansı təşəkkür gözləmədən...

Elə müəlliflər –tanınan jurnalistlər Elşən Əliyev və Elxan Salahov da kitabı təmənnasız yazıblar. Hətta adlarını kitabın üz qabığına çıxarmayıblar, nəşriyyat  qaydalarını pozsalar belə. Təki bütün qaydalar belə pozulsun... Amma həm publisistikanın, həm də kitab estetikasının tələblərinə əməl etməyə çalışıblar. Müəllif mətnlərinin dili sadə, anlaşıqlı və təsirlidir. Qəhrəmanın ömür yolunu əks etdirən fakt və  hadisələrin bədii-publisistik yozumunda obrazlı ifadə vasitələrindən də ustalıqla istifadə edilib. Mətbuatda və elektron mediada Raquf Orucov haqqında getmiş yazıların bir qismi, xüsusən, tanınmış müəlliflərin oçerkləri, qəhrəmanın həyat yoldaşı Sevinc xanımın esseləri də kitaba daxil edilib. Müəlliflərin qənaətinə görə, bu kitabı Raquf Orucov özü yazıb–Vətən və torpaq qarşısında xidmətləri ilə...

Mən də razılaşıram. Adi oxucu və kitabın redaktoru kimi...

Müsəllim HƏSƏNOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında