Erməni quldurlarının vəhşi siması

Sinəsi dağlı, yolu bağlı, Vətən həsrətli Murad Nuruyevlə (ruhu şad olsun) həmsöhbət oldum 25 il əvvəl. O, dərindən bir ah çəkdi, kövrəldi, özünü toxtadıb söhbətə başladı:

– “Bizim əslimiz Dərələyəzdəndi. 1948-53-cü illərdə öz dədə-baba yurdumuzdan, tarixi torpaqlarımızdan zorla qovulanlardanıq. Babalarım Xocalıya pənah gətiriblər, orda məskunlaşıblar. Məlum hadisələrə qədər rabitə qovşağında işləyirdim. Mənimlə işləyən Marusa Qazaryanla “isti münasibət”im vardı. Onun qardaşı Qazar Qazaryan Xankəndidə yerləşən SSRİ-yə məxsus 366-cı motoatıcı alayda hərbi qulluqçu idi. Alayda ermənilər çoxluq təşkil edirdi.

366-cı motoatıcı alayda komandir vəzifəsini icra edən ermənilər də az deyildi. Ermənilər həmişə hiylə, fənd işlədərək əhatəsində olanları ələ ala bilirlər. Ona görə də alayın komanda heyəti, başda Yuri Zaqviqarov olmaqla, insanlıq simasını itirmiş ermənilərlə həmrəy idilər.

Mən bu sahədə işlədiyim üçün çox işlərdən xəbər tuta bilirdim. Hər gün İrəvandan 4-5 reys uçuş edən təyyarələr Xocalı aeroportuna enirdilər. Xarici ölkələrdən-Suriyadan, Beyrutdan, Livandan muzdla tutulmuş əsgərləri gətirib Xankəndidə yerləşdirirdilər.

Orasını da deyim ki, Xocalı soyqırımına qədər Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Kropatkin, Ağdaban kəndlərində böyük cinayətlər törətmişdi ermənilər. Əhalinin var-yoxunu talan edir, şərəf və ləyaqətini alçaldırdılar. Saqqallılar peyda olmuşdu. Ən vəhşi, yırtıcı heyvanlar, qudurmuş itlər onlardan insaflıydılar!”

1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri keçmiş SSR-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə 7 min nəfərə qədər azərbaycanlının yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər. Hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı. Xocalı şəhəri 4 aydan artıq idi ki, erməni silahlı birləşmələri tərəfindən mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar vardı.

Azğınlaşmış erməni quldurları özlərinin muzdlu və xarici havadarlarının köməyi ilə həmin gecə Xocalı şəhərini yerlə-yeksan etdilər. 366-cı alaya məxsus çoxsaylı ağır texnikanın köməyi ilə şəhər tamamilə dağıdıldı və yandırıldı. Əliyalın dinc mülki əhali dəhşətli qırğına məruz qaldı-uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Ermənilər XX əsrin sonlarında bəşəriyyət tarixində üzqaralığı olan növbəti tarixi cinayəti –Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq taleyin hökmü ilə bir neçə Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı.

Onu da deyim ki, sonradan 366-cı motoatıcı alay Rusiyaya qaytarıldı, lakin alayın azərbaycanlıların qanını axıdan zabitlərindən biri də törətdikləri cinayətə görə cəzalandırılmadılar. Livandan, Suriyadan, Beyrutdan gələn muzdlu əsgərlərdən biri Livan ermənisi Daud Xeyriyan 2000-ci ildə işıq üzü görən “Xaç naminə” kitabında yazmışdır: “Biz şaxtalı qış günündə erməni işğalında olan ərazidəki Daşbulaq yaxınlığından 1 kilometr bataqlığı keçmək üçün meyitlərdən körpü salmalı olduq. Mənim meyitlərin üstündən keçib getmədiyimi görən polkovnik Seyran Ohanyan  bildirdi ki, qorxmaq lazım deyil, bu müharibənin qanunudur. Mən qana bulaşmış meyitlərin üstündən keçib getdim”.

Daud Xeyriyan daha sonra yazır: “Martın 2-də “Qaflan” erməni qrupu 200-dən artıq azərbaycanlının meyidini yığıb Xocalıdan təxminən 1 kilometr  aralı olan qəbirstanlıqda yandırırdı. Axırıncı maşında mən alnından və qolundan yaralanmış 10 yaşlı bir qız uşağı gördüm. Sifəti göyərmiş bu uşaq aclığa, soyuğa, yaralarına baxmayaraq hələ də sağ idi. O, sakitcə nəfəs alırdı. Ölümlə çarpışan bu uşağın baxışlarını unuda bilmirəm və heç vaxt unutmayacağam. Bir qədər sonra Tiqran adlı əsgər qızın saçlarından tutub alovlanmaqda olan meyit tonqalına atdı. Mənə elə gəlirdi ki, yanan meyitlərin arasında kim isə qışqırır, kömək diləyirdi… Bu vəhşiliyi gördükdən sonra mən daha yeriyə bilmədim”. Bu, erməni vəhşiliyinə erməninin etirafıdır!

Mayor Leonid Kravets adlı rus ziyalının Xocalı barədə dediklərindən: “26 fevralda mən yaralıları daşıyırdım. 200-ə qədər öldürülmüş və səpələnmiş adamları gördüm. Sonra uçduq, ölüləri götürmək istədik. 1 kapitan da var idi, adı yadımdan çıxıb. O, ölülər arasında özünün 4 yaşlı oğlunu tapdı. Onun kəllə beyni dağılmışdı. Kapitan ağlını itirdi. Götürə bilmədiyimiz başqa uşağın başı kəsilmişdi. Biz hər yerdə vəhşicəsinə təhqir olunmuş qadın, uşaq, qoca meyitləri gördük…”.

 Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirildi,1275 nəfər dinc sakin girov götürüldü. Onların 150-sinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində mindən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Qətlə yetirilənlərin 106-sı qadın, 83-ü azyaşlı uşaq, 70-i ahıl və qoca idi. Şikəst olanların 76-sı yetkinlik yaşına çatmamış oğlanlar və qızlar idi.

Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirmişdir.

Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan bu cür qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir.

Nə yaxşı ki, o qanlı faciəni görkəmli sənədli film yaradıcısı Çingiz Mustafayev az da olsa lentə ala bilmişdir. Yoxsa, biz Xocalı soyqırmı barədə dünyaya, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərini çatdırmaqda çətinlik çəkərdik. Yaxşı ki, kamera qulaqları kəsilmiş, gözləri çıxarılmış uşaqları, baş dərisi soyulmuş kişiləri, qarınları yırtılmış qadınları, bütün cəsədlərdə əzab-əziyyətli işgəncələri lentə ala bilmişdi.

“İzvestiya” qəzetinin müxbiri V. Belıx Xocalı hadisələri zamanı gözləri oyulmuş, qulaqları kəsilmiş, qafa sümükləri çıxarılmış, başları kəsilmiş meyitləri öz gözləri ilə gördüyünü yazmışdır:  “Ermənilər öldürdükləri adamların gözlərini çıxarmış, qulaqlarını kəsmiş, baş dərilərini soymuşdular. Bəzi meyitlərin boyunlarını da vurmuşdular. Bir neçə meyiti toplayaraq bronetransportyorun dalınca sürükləyirdilər”.

Fransız jurnalist Jan-İv Yunet isə demişdir: “Biz Xocalı faciəsinin şahidləriyik. Qətlə yetirilmiş yüzlərlə dinc əhalinin- qadınların, uşaqların, qocaların və Xocalını müdafiəyə qalxanların cəsədlərinin səpələndiyi yerləri görmüşük. Mən müharibə və alman faşistlərinin vəhşilikləri barədə çox eşitmişəm, bütün bunlar ermənilərin törətdiyi vəhşiliklərlə müqayisədə heç nədir. Onlar 5-6 yaşlı uşaqları da güllələyir və tonqalda yandırırdılar”.

Parisdə çıxan “Valer aktyuel” jurnalının 14 mart 1992-ci il tarixli nömrəsində yazılmışdı: “Bu muxtar regionda erməni hərbi birləşmələrinin və onlara Yaxın Şərq ölkələrindən köməyə gəlmiş erməni hərbçilərinin müasir hərbi texnikası, o cümlədən “ASALA” vertolyotları, Suriya və Livanda hərbi düşərgələri, silah anbarları var idi. Ermənilər Qarabağın yüzdən artıq müsəlman kəndində dinc azərbaycanlı əhalini amansızlıqla qırırdılar”.

Moskva “Memorial” Hüquq Müdafiə Mərkəzinin Xocalı şəhərinin işğalı zamanı insan hüquqlarının kütləvi pozulması faktları barədə məlumatlarında göstərilir: “Qaçanlar ermənilərin pusqusuna düşmüş və gülləbaran edilmişdilər... Dörd gün ərzində Ağdama 200 meyit gətirilmiş, onlarca meyitdə təhqirə məruzqalma əlamətləri olmuşdur. Dörd meyitin başının dərisinin soyulduğu və birinin başının kəsildiyi qeydə alınmışdır. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən,  13 uşaq) dövlət məhkəmə tibbi ekspertizasından keçirilmişdir. Ekspertlərin rəyi ilə müəyyən edimişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurulmaqla öldürülmüşdür. Ağdamda sanitar qatarının jurnalında qeydiyyatdan keçirilənlərin 598 nəfərində xəsarət və donma faktları müşahidə olunmuşdur. Orada diri adamın baş dərisinin soyulması qeydiyyata alınmışdır.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə insan həyatdan məhrum edilmiş, şikəst olmuş, 953 yaşayış məntəqəsi dağıdılıb talan edilmiş, mülki əhalinin ümumi sahəsi 9 milyon kvadratkilometr olan mülkləri dağıdılaraq, yandırılmışdır. Dağıdılmış və əmlakı yandırılmış yaşayış evlərinin ümumi dəyəri on milyardlarla dollar həcmindədir”.

O zaman “Moskovski komsomolets” belə bir xəbər yaymışdı: “Xocalıda ancaq ölülər qalmışdır”. Həmin qəzetin müxbiri V. İvleva isə yazmışdı: “Hücum başlayanda mən hərbi dəstənin ikinci eşelonunda irəliləyirdim. Xocalıya yaxınlaşanda buluda oxşar nəyinsə bizə tərəf gəldiyini gördüm. Bu, yarıçılpaq, çılğın adamlardan ibarət izdiham idi. Ən arxada qarın üstü ilə güclə yeriyən ayaqyalın bir qadın üç uşağını arxasınca birtəhər sürükləyirdi. Ən kiçik uşaq ikigünlük idi. Bu adamlar canlarını qurtarmaq üçün dağlara və meşələrə çəkilmək istəyirdilər. Amma yolda erməni silahlıları onları amansızlıqla güllələyirdilər. Erməni quldurlarından yaxa qurtaranlar isə soyuqdan və şaxtadan qırılırdılar”.

Qarabağın ən qədim məskənlərindən biri olan Xocalıda törədilən erməni cinayətkarlığı dünya tarixində vəhşilik baxımından çox az hallarda rast gəlinən ən dəhşətli soyqırımı idi. Xocalı faciəsi XX əsrdə xüsusi qəddarlıqla törədilmiş Xatın, Xirosima, Naqasaki, Sonqmi fəlakətləri ilə bir sırada durur.

Biz filimlərdə görmüşük ki, meşədə kolun dibinə qoyulmuş çağanın keşiyini ilan çəkir, onun başının üstündə dayanır. Canavar ailəsi oğlan uşağını götürür, əmizdirir, saxlayır. Ancaq ermənilər vəhşilərdən də vəhşidirlər. Əhməd bəy Ağayev yazırdı: “Yer üzərində Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı varsa, onlar başqa heyvanları parçalayırlar, amma öz həmcinslərinə toxunmurlar. Nə acıdır ki, vəhşi heyvanların etmədiklərini ermənilər etdilər. Tarixdə buna bənzər heç bir hadisəyə rast gəlməmişik”.

 Əvəz MAHMUD LƏLƏDAĞ,
Sumqayıt Dövlət
Universitetinin müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında