Ötən il dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü tamam olmuş Azərbaycanın modern dövlət quruculuğu yolunda uğurlarını şərtləndirən başlıca amillərdən biri də xalqın milli ideya ətrafında səfərbər olunmasıdır. XX əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa edərək bəşəri miqyasda özünütəsdiq imkanı qazanmış xalqımız bu və digər məqsədlərini uğurla gerçəkləşdirmək üçün, ilk növbədə, müxtəlif dövrlər üçün səciyyəvi olan milli ideyalara istinad etmişdir.
Tarix boyu inkişaf edərək aktuallığını qoruyub saxlayan Azərbaycan milli ideyasının əsl mahiyyətinin öyrənilməsi, bu problemin elmi-nəzəri əsaslarının tədqiqi müasir ictimaiyyətşünaslıq və fəlsəfə elminin qarşısında duran başlıca vəzifələrdən biridir. Son illər ayrı-ayrı tədqiqatçı alimlər bu mövzuya müraciət edərək Azərbaycan milli ideyasının tarixi təşəkkül və inkişaf mərhələlərinin təhlilinə geniş yer ayırırlar. Lakin bu tədqiqatlar sırasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin milli ideya probleminə həsr olunmuş əsərləri xüsusilə təqdirəlayiqdir.
Görkəmli filosof bu istiqamətdə uğurlu tədqiqatlar apararaq “Yeni dünya nizamı və milli ideya” (2002), “Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” (2011), “Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur” (2011), “XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” (2012), “Güclü Azərbaycan dövləti qloballaşma dövründə milli ideyanın təcəsümü kimi” (2016) və digər əsərləri ərsəyə gətirmişdir.
Akademik Ramiz Mehdiyevin bir müddət əvvəl “Şərq-Qərb” nəşriyyatında çapdan çıxmış “Yeni dünya nizamı və milli ideya” əsəri digər fundamental tədqiqatları kimi, özünün dərin elmi-fəlsəfi siqləti, analitik məzmun yükü ilə maraq doğurur. Müəllifin əvvəlki dövrlərdə mətbuatda dərc edilən, 2016-cı ildə kitab şəklində nəşr olunan əsəri ilə tanışlıq zamanı formalaşan ən ümdə qənaət bundan ibarətdir ki, qarşısıalınmaz qloballaşma prosesləri milli dövlətlərin mövcudluğuna və milli identikliyə nə qədər mənfi təsir göstərsə belə, güclü müstəqil dövlətin yaradılması Azərbaycan xalqı üçün hər zaman dəyişməz ali milli ideya olaraq qalır. Ümumilikdə, əsərin aparıcı xəttini ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli inkişaf strategiyası və modernləşmə xəttinin təhlili təşkil edir. Dünya siyasətində liberalizm və neokonservatizm kimi aparıcı meyillərdən bəhs edən müəllif onların sintezinin xalqımız üçün uğurlu ideoloji konstruksiya olduğunu nəzəri və praktiki cəhətdən əsaslandırır.
Müəllif qeyd edir ki, azərbaycanlıların milli düşüncəsinə, dövlətçilik təfəkkürünə hakim kəsilən, xalqı müasir dünya nizamının geosiyasi reallıqlarının diktə etdiyi siyasi kataklizmlərlə aşkar-gizli mübarizə ruhunda kökləyən milli ideya – Azərbaycanın istiqlala qovuşması, müstəqil dövlət kimi taleyini azad şəkildə müəyyənləşdirməsi ötən əsrin sonlarında “soyuq müharibə”nin başa çatması zəminində cərəyan edən qlobal miqyaslı proseslərin məntiqi yekunu olaraq müəyyən formalaşma mərhələləri keçmişdir. “Yeni dünya nizamı və milli ideya” əsərinin “SSRİ-nin dağılması: yeni imkanlar” adlanan bölümündə ötən əsrin 80-90-cı illərində respublikada cərəyan edən milli özünüdərk prosesləri ilə paralel şəkildə xalqı vahid məram və məqsədlər ətrafında toparlanmasının qarşısını hər vəchlə almağa çalışan antimilli qüvvələrin fəaliyyətinə nəzər salınır.
Müəllif haqlı olaraq bildirir ki, 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifah halının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan verməmişdir. Həmin dövrdə hakimiyyətdəki qüvvələrin dövlətin, xalqın taleyi və gələcək inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin olmaması isə milli müstəqillik amilinin mahiyyətinə xələl gətirmiş, onun ictimai rəydə adekvat dərkini çətinləşdirmişdir: “Deməyə hər cür əsas var ki, 1990-cı illərin əvvəllərində Azərbaycan suverenlik qazanaraq, ondan öz xalqının xeyrinə istifadə edə bilməyən, dünya birliyində özünə dəstək və müttəfiqlər tapa bilməyən dövlətlər sırasına aid edilirdi. Tarixi təcrübə sübut edir ki, belə dövlətlər böyük coğrafi-siyasi oyunun obyektinə çevrilirlər. Azərbaycanın da aqibəti belə olmuşdu. Beləliklə, 1988-ci ildən başlayaraq 1993-cü ilin ortalarınadək iqtidarın siyasətindəki qarmaqarışıqlıq, xüsusilə ölçülüb-biçilmiş siyasi xətt yeridilməsi əvəzinə, ötəri vəzifələrin həllinə aludəlik ölkəni ağır sosial-siyasi sarsıntılara gətirib çıxardı”.
Tarixdən məlumdur ki, güclü dövlətin yaradılması, mövcudluğunun qorunub saxlanılması, eləcə də minilliklər ərzində xalqların milli ideyasına çevrilmiş ali məqsədlərin konkret zaman və məkan çərçivəsində reallığa çevrilməsində lider fenomeninin təsiri müstəsnadır. Bu fikri elmi-nəzəri rakursda inkişaf etdirən müəllif haqlı olaraq Azərbaycan xalqının ictimai şüurunda dövlət, dövlətçilik və tarixi şəxsiyyət stereotiplərinin fəlsəfi-ideoloji məzmun yükünü hər zaman qoruyub saxladığını, siyasi assimilyasiyaya uğramadığını özünəməxsus əminliklə vurğulayır. Əsərin ideya axarında yer almış əsas mülahizələrdən biri də budur ki, XX əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan sözdə demokratik və hüquqi cəmiyyət quruculuğu yolunu seçdiyini bəyan etsə də, yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə mühüm addımlar atmışdır.
Həmin dövrdə cəmiyyətdə həllini gözləyən bir sıra problemləri – yeni iqtisadi-siyasi sistemin qaçılmaz reallıqlarının ictimai rəydə hələ yaxşı həzm olunmadığını, dövlətçilik üçün daxili və xarici təhdidlərin aradan qalxmadığını, sivil siyasi münasibətlər sisteminin formalaşmadığını nəzərə alan ulu öndər Heydər Əliyev totalitar düşüncə tərzinin ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin liberal demokratik islahatlara tədricən hazırlanmasını vacib saymışdır. Bunun üçün dövlət idarəetmə sistemində institusional xarakterli islahatların həyata keçirilməsini təmin edən, iqtisadi inkişaf üçün etibarlı zəmin hazırlayan, qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən böyük strateq demokratiyanı üstqurum kimi dəyərləndirərək onun bazisində, təməlində iqtisadiyyatın dayandığını böyük müdrikliklə vurğulamışdır.
Əsərin “Azərbaycanın modernləşdirilməsi: yeni inkişaf ideologiyası” adlanan bölümündə düzgün olaraq qeyd edilir ki, 1993-cü ilin ortalarından - Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsinin və ölkənin dünya siyasətinin subyekti kimi beynəlxalq aləmdə tanınmasına gətirib çıxaran demokratik dəyişikliklər mərhələsinin əsası qoyulmuşdur: “Yeni demokratik dövlətin əsas prinsiplərinin, vətəndaş cəmiyyəti ünsürlərinin, yeni iqtisadi sistemə, tarazlı xarici siyasətə istiqamətlənmiş dünyəvi, hüquqi dövlətin prioritetlərinin təşəkkülünün, yeni demokratik təsisatların qurulması, yeni siyasi birliklərin yaradılması, siyasi plüralizmin inkişafı və milli ideologiyanın əsas ünsürlərinin tədricən formalaşması prosesinin ağlasığmaz dərəcədə mürəkkəb şəraitdə getməsinə baxmayaraq, Azərbaycan dövlətçiliyinin milli identifikasiyasının başlıca ehkamları məhz həmin dövrdə formalaşmışdır”.
Əsərdə ümummilli lider Heydər Əliyevin cəmiyyətin sivil inkişafı baxımından hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatı istiqamətində həyata keçirdiyi tədbirlər də konkret faktlar əsasında ön plana çəkilir. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldığı qeyd olunur.
Müəllifin irəli sürdüyü digər maraqlı fikir bundan ibarətdir ki, liberalizm dövlətə tənqidi münasibəti, vətəndaşların yüksək siyasi məsuliyyəti prinsiplərini, dini dözümlülüyü, plüralizmi, konstitusionalizm ideyasını dəstəkləyir. Lakin liberalizm fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığı üçün dövlətçilik kursu ilə heç də asanlıqla uzlaşmır. Ümummilli lider Heydər Əliyev liberal dəyərlərlə manipulyasiya edən bəzi beynəlxalq siyasi dairələrin “Daha çox demokratiya, daha az dövlət” çağırışlarına cavab olaraq, Azərbaycanın yerləşdiyi coğrafi-siyasi regionda, həmçinin, ictimai inkişafın ilkin pilləsində dövlətçilik prinsipinin dominantlığı zərurətini əsaslandırmalı olmuşdur.
Əsərlə tanışlıq bir daha təsdiqləyir ki, xalqımız müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə liberal dəyəri ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə daha dərindən əxz etmişdir. Əsərdə vurğulandığı kimi, ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyi siyasətində liberal ideologiya olması əsla təsadüfi deyildir. Bu ideologiya sadəcə, mücərrəd azadlığın bərqərar edilməsi olmayıb, həm də bir sıra xüsusi şərtlər – vətəndaşa məxsus olan “təbii” siyasi hüquqların və mülkiyyətçi hüquqlarının nəticəsi kimi onun azadlıqlarını irəli sürmüşdür. Fransız politoloqu Rutyedən maraqlı iqtibas gətirən görkəmli filosof yazır: “Liberal dövlət elə bir dövlətdir ki, burada avtomobilçilər istədikləri yerə getməkdə azaddırlar, bu şərtlə ki, yol hərəkəti qaydalarına hörmət etsinlər”.
Əsərdə həmçinin göstərilir ki, Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Filosofun qənaətincə, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir; o həmçinin, milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməl rolunu oynayır: “Azərbaycançılıq ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir. “Azərbaycançılıq” müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaracaq bir yoldur. “Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir”.
Əsərin “Azərbaycanın milli ideologiyası qloballaşma kontekstində” adlanan bölümündə qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə vahid ərazi hüdudları üçün səciyyəvi olan ideoloji qəlib və istehkamların nisbətən zəiflədiyi, texnogen proseslərin dinamik inkişafı ilə əlaqədar təkcə yeni dünya nizamının deyil, yeni həyat tərzinin, ictimai təfəkkür stereotiplərinin formalaşdığı qeyd olunur. Əsərdə belə bir şəraitdə ulu öndər Heydər Əliyevin xalqın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin, milli identikliyinin qorunub saxlanılması istiqamətində atdığı addımların mahiyyəti elmi-fəlsəfi aspektdən diqqət mərkəzinə çəkilir. Müəllifin fikrincə, Azərbaycan Prezidenti Heydər Əliyevin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə verdiyi fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması məsələləri barədə Azərbaycan xalqına müraciəti təkcə keçmişə hörmət və ya dünya məkanının qloballaşması dövründə siyasətdə mühafizəkar əhval-ruhiyyə deyildir. Akademik Ramiz Mehdiyev hesab edir ki, bu, zamana, transformasiya dövrünü yaşayan ölkələrdə milli sosial-mədəni üstünlük mərkəzlərini dəyişməyə qadir olan qloballaşmaya cavabdır. Bu siyasətin əsasında isə milli mentallığın, milli özünüdərkin və milli “Mən”in mahiyyətini qoruyub saxlamaq səyi durur.
“Yeni dünya nizamı və milli ideya” kitabında görkəmli akademikin cəmiyyətdə böyük maraqla qarşılanmış “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” sərlövhəli ikinci bir əsərinin də yer alması onun məzmun və ideya yükünü daha da zənginləşdirir. Etiraf etməliyik ki, son illərdə Heydər Əliyevin nurlu xatirəsinə həsr olunmuş yüzlərlə kitab və monoqrafiya işıq üzü görsə də, bunların heç biri elmi-nəzəri səviyyəsinə, praktik məzmun yükünə, faktoloji əhəmiyyətinə, aktuallığına və sanbalına görə Azərbaycan Respublikası akademik Ramiz Mehdiyevin böyük erudisiya, siyasi fəhm və peşəkarlıqla qələmə aldığı, ən yaxın tariximizin obyektiv salnaməsi olan əsərləri ilə müqayisə oluna bilməz. “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” əsərində siyasi memuar janrına istinad edən müəllif ulu öndər Heydər Əliyevin zəngin ideya və baxışları, idarəçilik üslubu ilə bağlı maraqlı fəlsəfi-siyasi qənaətlərini açıqlamış, ulu öndərin hakimiyyətdə olduğu illərin mühüm hadisə və proseslərini özünəməxsus şəkildə şərh etmiş, onun parlaq siyasi portretini yaratmağa nail olmuşdur.
Akademik Ramiz Mehdiyev əsərdə haqlı olaraq qeyd edir ki, ümummilli liderin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması on illərlə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Müəllifin qənaətincə, dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuş, xalqımızın zəngin milli potensialını öz parlaq şəxsiyyətində bütün dünyaya nümayiş etdirmişdir.
Ulu öndəri öz xalqının psixologiyasını və mentalitetini çox gözəl bilən xarizmatik lider kimi səciyyələndirən müəllif xüsusi qeyd edir ki, Azərbaycan vətəndaşları gələcək inkişafın üfüqlərini məhz Heydər Əliyevin həyata keçirdiyi sistemli fundamental dəyişikliklər çərçivəsində görür: “Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu otuz dörd il ərzində o, XX-XXI əsrlərin görkəmli siyasətçilərindən biri kimi, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır... Öz siyasi opponentlərindən fərqli olaraq, Heydər Əliyev ölkənin bir çox problemlərinin – siyasətin, iqtisadiyyatın və ictimai həyatın nəbzini və mahiyyətini müəyyənləşdirən problemlərin həllinin açarını
tapmışdır”.
“Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” əsərində ulu öndər Heydər Əliyevin çoxlarının duya, seçə bilmədiyi bir çox liderlik məziyyətləri, şəxsiyyətinin kamilliyi, özünəməxsus insani keyfiyyətləri elmi-fəlsəfi boyalarla əks etdirilmişdir. Əsərdə qeyd olunur ki, həyatda sınağa tab gətirməyənlər iflasa uğrayır, özünü dəf edənlər isə xalqın rəğbətini qazanırlar. Heydər Əliyev də istər fiziki, istərsə də ictimai baxımdan ciddi sınaqlardan keçmiş, bu sınaqlar ona cəsarət və səbirlə yanaşı, dəyişiklikləri həssaslıqla hiss etmək, iti tarixi duyum kimi keyfiyyətlər aşılamışdır: “Bir şəxsiyyət kimi Heydər Əliyev nə qədər açıq olsa da, müasirləri üçün sirr olaraq qalır. Bu gün Heydər Əliyev fenomenindən çox yazırlar. Bu məqalə, kitabça və əsərlərin müəllifləri onun - ölkəmizin tarixində bütöv bir dövrü təcəssüm etdirən əsl Vətəndaşın, böyük Şəxsiyyətin və qüdrətli Liderin, İnsanın müxtəlif cəhətlərini açıqlayırlar. Lakin onların hamısının yekdil rəyi belədir ki, Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun bəxtinə düşmüş Tanrı payıdır”.
Ümumilikdə, “Yeni dünya nizamı və milli ideya” adlı kitabda yer almış hər iki fundamental əsər Azərbaycan xalqının yeni yüzillikdə hansı ideya və məqsədlər ətrafında birləşməli olduğunu önə çəkmişdir. Məhz bu cəhətlərinə görə, görkəmli filosofun yeni əsəri Azərbaycan ictimai-siyasi düşüncə tarixində milli dövlət və milli ideya məsələlərinin yaşadığımız yeni reallıq müstəvisində elmi təhlilinə dair miqyaslı fikir mübadiləsinə təkan vermiş, mövcud nəzəriyyə və konsepsiyaların zənginləşməsinə sanballı töhfə olmuşdur.
Nəhayət, görkəmli akademikin bu əsərində yer almış belə bir qənaət hələ də aktuallığını saxlayır: hazırda milli ideya yalnız təmsil etdiyi dövlətin milli, siyasi, coğrafi hüdudları çərçivəsində deyil, qlobal məkanda həyatiliyini sübut etməlidir. Xalqın identikliyini nə qədər özündə əks etdirsə də, milli ideya ümumən yeni dünya nizamının reallıqlarına cavab verməli, bəşəri dəyərlərlə uzlaşmalı, mütərəqqi xarakteri ilə iqtisadi rifaha, sülh və tərəqqiyə, sivilizasiyalararası dialoqa xidmət etməlidir. Bu mənada, Azərbaycana son 14 ildə inamla rəhbərlik edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti dövründə ictimai şüurda getdikcə möhkəmlənən milli ideyanın qayəsində də məhz respublikamızı yüksək inkişaf etmiş ölkələr sırasına çatdırmaq məramı dayanır. Postneft dövründə ölkədə uğurla həyata keçirilən sistem islahatları, icra edilməkdə olan iqtisadiyyatın strateji yol xəritələri bu milli ideyanın ən yaxın perspektivdə reallaşacağına geniş imkanlar açır.
Həsən BAYRAMOV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.