(əvvəli qəzetin 21 və 22 fevral tarixli saylarında)
30 noyabrda Vartana qırğınında erməni cəlladlarından xilas olmaq üçün qarlı-boranlı dağlara pənah gətirmiş 240 nəfərlik uşaq, qadın və yaşlı adamlardan ibarət qaçqınlar ac-susuz, qılınc kimi kəsən şaxtadan yarıdonmuş halda dağ cığırları ilə Qazax rayonu istiqamətində hərəkət edərkən Dilican ətrafında pusquya düşdülər. Erməni quldurları onların var-yoxunu əllərindən alaraq amansızcasına döydülər. Quldurlardan Benanik Astaryan 1958-ci il təvəllüdlü Vaqif Sadıqovu güllələdi.
Quqark faciəsinin canlı şahidi Vaqifin atası Süleyman kişi baş verən qanlı hadisələrdən ürək ağrısı ilə danışarkən qeyd etmişdi ki, Moskvadan cinayət axtarışları idarəsindən 100-ə qədər müstəntiq gəlmişdi. Onlar ilk dövrlər baş vermiş cinayətlərin üstünün açılması və canilərin müəyyən edilməsi üçün var qüvvə ilə çalışırdılar. Lakin tezliklə onların münasibəti dəyişdi. Mötəbər yerdən gəlmiş müstəntiqlər açıq-aşkar cinayət işlərini ört-basdır edirdilər. Mənim “nə üçün belə edirsiniz?” sualıma müstəntiqlərdən N.A. Nijniqorodev və S.Qaçalov bir ağızdan “Moskvadan belə göstəriş almışıq” cavabını verdilər.
Noyabrın 30-da Krasnoselo rayonundakı Azərbaycan kəndlərini talan etməyə gələn erməni quldurlarını daşıyan 7 avtobus Qaraqaya körpüsündə yerli əhali tərəfindən mühasirəyə alındı. Quldurlar yalvar-yaxarla canlarını qurtarmalı oldular. Lakin ertəsi gün vertolyotla gəlmiş Azərbaycan hökuməti nümayəndələri “yığışın, sizi Dağlıq Qarabağa aparırıq” deyə qədim Göyçə əhalisini yurd-yuvasından etdilər. Adamlar sərhədi keçəndən sonra isə Qarabağ əvəzinə, başlı-başını saxlasın deyərək, gəldikləri vertolyotla aradan çıxdılar.
30 noyabrda Həmzəçəmən kəndinin yaxınlığında içərisində azərbaycanlılar olan avtobus karvanına böyük bir qrup silahlı erməni hücum edərək adamları atəşə tutdular. Gülləbaran nəticəsində Mövsüm Balacayev, üç uşaq anası Sürəyya Qəhrəmanova və onun əri Teymur Balacayev, Teymurun 12 yaşlı əmisi oğlu İlqar və 1935-ci il təvəllüdlü Vəli Gətərov hadisə yerində həlak oldular. 7 nəfər isə ağır yaralandı.
Həmin gün Ermənistan SSR İcevan rayonunda 1957-ci il təvəllüdlü Yaqub Rüstəmov vəhşicəsinə döyülərək öldürüldü. Zəngibasar rayonunda 1914-cü il təvəllüdlü Abbas Əliyev, Stepanavanda (Calaoğlu) isə 1947-ci il təvəllüdlü Gülayə Xəlilova öldürüldülər. Rayonun Kuybışev kəndində 1906-cı il təvəllüdlü ağsaqqal Təmriz İsgəndərov əzabla öldürülmüş, Qarqar kəndindən olan Bəsti Mustafayeva isə öldürüləndən sonra yandırılmışdı.
Erməni quldurları Sevan şəhərində yerləşən respublika ruhi xəstəxanasındakı azərbaycanlı xəstələrə də rəhm etməmişdilər. Onlar 22 nəfər azərbaycanlı xəstəni su ilə doldurulmuş quyuya ataraq boğmuşdular.
1 dekabrda Amasiya (Ağbaba) rayonunda bütün azərbaycanlılar işdən çıxarılmışdılar. Onlara nə əmək kitabçası, nə də yaşayış yerini müəyyən edən sənəd verilmişdi. “Türklər torpaqlarımızdan çıxmalıdır” deyən azğınlaşmış erməni quldurları Azərbaycan kəndlərinə hücum edərək, Güllücə kənd sakini Əli Əliyevi, Əzizbəyov kəndində Heydər Seyidovu və Fərman Həsənovu, Daşkörpü kəndində Bəhlul Abbasovu, Mağaracıq kəndində Dursun Məmmədovu və Niftalı Əliyevi, Çaybasar kəndində Güləhməd Vəliyevi vəhşicəsinə döyərək, onlara ağır bədən xəsarəti yetirmişdilər.
2 dekabrda Ermənistan SSR Gorus rayonunda 1964-cü il təvəllüdlü Bərxudar Əsgərov vəhşicəsinə öldürülmüşdü. Dilicanda da 1958-ci il təvəllüdlü Vahid Sarıyev işgəncə ilə öldürülmüşdü.
27 noyabr – 1 dekabr arası azərbaycanlıların Qərbi Azərbaycandan bir əsrə yaxın davam edən vəhşicəsinə qovulması kampaniyası, əsasən, başa çatdırılmışdı. Rəsmi dövlət orqanlarının bilavasitə iştirakı və rəhbərliyi ilə həyata keçirilmiş bu kütləvi cinayət kampaniyası uzun müddət hazırlanmış və böyük məharətlə həyata keçirilmişdi. Mənfur hadisələr 22 rayonda, 155 Azərbaycan kəndində planlı şəkildə bir neçə gündə, eyni hiylə və qəddarlıqla baş vermiş və 200 mindən çox azərbaycanlının qovulması ilə başa çatdırılmışdı.
Ermənistan ərazisində azərbaycanlılara aid bütün qəbiristanlıqlar, məscidlər, məktəb və mədəniyyət ocaqları dağıdılaraq yerlə-yeksan edilmişdi. Ermənistanın rəsmi dairələri bu vəhşiliklərin qarşısını almaq üçün heç bir əməli tədbir görməmişdilər.
Azərbaycanda əhalinin dinc mitinqlərini dəyənəklərlə dağıdan, Azadlıq meydanına gedən yolları bağlayan Moskva komendantı general Tyaqunovun şəhərdə erməni əhalisinin üstündə yarpaq kimi əsdiyi günlərdə Ermənistanda komendant general Samsonov bütün Ermənistan ərazisində tökülən qanları, dağıdılan isti ocaqları, göylərə yüksələn fəryad və nalələri, sanki, nə görür, nə də eşidirdi. Çünki ona belə əmr olunmuşdu.
Əvvəlcədən hazırlanmış həmin qanlı əməliyyatlar nəticəsində ermənilərin əlinə Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı 6 min kvadrat kilometrlik torpaq (Ermənistanın ərazisinin 20 faizi) keçdi. 165 kolxoz əmlakı talan edildi, 31 min azərbaycanlı evi zəbt olundu, 22 min ailənin əmlakı, 110 köç maşını yağmalandı. 1300 yaşayış evi dəyişdirilməmiş qaldı, 12 min xüsusi ev isə məcburiyyət üzündən dövlət mənzili ilə dəyişdirildi. 2 mindən çox ev Azərbaycanda ermənilərdən pul ilə satın alındı.
100 nəfərə qədər insan işgəncə ilə öldürüldü. 12 min adam qanlı hadisələrlə bağlı sinir pozğunluğuna məruz qalmışdı. 70 min nəfər kənd əhalisi alışmadıqları şəhərlərin beton mənzillərinə sığınmalı oldu. 90 min adam uzun müddət düşdükləri yeni şəraitə uyğunlaşa bilmədi.
5 dekabrda gecəyarı Bakıda silahlanmış xüsusi təyinatlı ordu hissələri noyabrın 16-dan Azadlıq meydanında davam edən mitinqlərin iştirakçılarına qəfil hücum edərək ermənilərin və onların havadarlarının sovet qanunlarına zidd əməllərinin, bəşəri cinayətlərinin dinc etirazçılarını dəyənək və rezin güllələrlə qovub həbsxanalara doldurdular. Xeyli yaralanan oldu.
Həmin gecə Ulu Tanrının qaçılmaz cəzası kimi, Ermənistanda ən böyük haqsızlıqların törədildiyi Spitak zəlzələ nəticəsində yerlə-yeksan oldu. Ağlını itirmiş ermənilər isə Yaradanın bu dəhşətli xəbərdarlığını anlamaq halında olmadılar.
Bundan sonra sonuncu azərbaycanlılar da dədə-baba yurdlarında qala bilmədilər.
Toplayıb tərtib edəni:
Dünyamalı VƏLİYEV,
AMEA Şərqşünaslıq
İnstitutunun şöbə müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.