Xocalı soyqırımına aparan yol

(əvvəli qəzetimizin ötən sayında)

Əsgəranda Sumqayıtdan “qaçmış ermənilər üçün ev tikmək” adı ilə Yerevan politexnik institutunun 65 nəfərdən ibarət “Arsax” tələbə-inşaat dəstəsi rayona gəldi. Əvvəlcədən “Qarabağ” komitəsi mütəxəssislərinin rəhbərliyi altında mükəmməl təlim keçmiş həmin qrupun üzvləri tikinti işi aparmaq əvəzinə, Dağlıq Qarabağın rayonlarına yayılaraq əhali arasında millətçilik ideyalarını təbliğ edir və ədavəti daha da qızışdırırdılar.

4--5 iyulda Yerevanın “Zvartnos” təyyarə uçuş limanını ələ keçirmiş erməni ekstremistləri ilə sovet hərbi hissələri arasında şiddətli toqquşma oldu. Ermənilərdən bir nəfər öldürüldü, hərbçilər arasında isə xeyli yaralanan oldu. Uçuşların dayandırılması nəticəsində blokadaya alınmış 19 min sərnişin təhqir və məhrumiyyətlərə dözməli oldu.

9 iyulda  Azərinform məlumat verdi ki, guya, Ermənistandan köçmüş azərbaycanlıların sayı 20 mindir. Əslində, bu rəqəm dəfələrlə yüksək idi.

Avqustun 20-də Ermənistandan qovulmuş azərbaycanlıların Dağlıq Qarabağ ərazisindən çıxarılması tələbi ilə Xankəndidə erməni millətçiləri 10 min nəfərin iştirakı ilə mitinq keçirdilər. Erməni millətçilərinin qarşısında addım-addım geri çəkilən Azərbaycan KP MK, guya, DQMV-də milli münasibətləri nizama salmaq məqsədilə azərbaycanlı qaçqınları başqa rayonlara köçürmək tədbirləri həyata keçirdi. Sonralar Azərbaycan KP MK-nın səhvi kimi qələmə verilən bu tədbirlər, əslində, o zaman Azərbaycanın milli mənafeyinə xəyanət idi.

Avqustun 30-da Ermənistanda Azərbaycan kəndlərinin, tədris ocaqlarının, qəbiristanlıq və dini ibadət mərkəzlərinin dağıdılaraq məhv edildiyi bir vaxtda Azərbaycan rəhbərliyi Bakıda erməni Dram Teatrı yaratmaq barədə məsələ qaldırdı.

Sentyabrın 3-də erməni millətçiləri Xankəndinin Kərkicahan qəsəbəsini atəşə tutaraq şəhərdə azərbaycanlıların DQMV ərazisindən çıxarılmasını tələb edən vərəqələr yaydılar.

Sentyabrın 12-də isə azğınlaşmış erməni millətçilərinin 3 min nəfərlik dəstəsi vilayət prokurorluğuna basqın edərək, həbs edilmiş araqızışdıranların azad olunmasını tələb etdilər. Hadisə yerinə ordu hissəsi göndərildi.

18 sentyabrda Azərbaycanın rəhbər dairələrinin qətiyyətsizliyindən həyasızlaşmış ermənilər Xankəndidə keçirdikləri kütləvi mitinqdən sonra Xocalı kəndinə hücum edərək kənd sakinlərinin evlərini yandırdılar. Həmin toqquşmada 25 nəfər azərbaycanlı yaralandı, bir nəfər isə həlak oldu.

Sentyabrın 21-də Stepanakertdə 187 azərbaycanlı  evi və xeyli minik maşını yandırılmış və talan edilmişdi. Odlu silahdan istifadə olunmuş və onlarca adam ağır yaralanmışdı. Bundan sonra azərbaycanlılar kütləvi şəkildə şəhərdən qovulmuşlduar.

22 sentyabrda Xankəndidə və Ermənistanın bir sıra şəhərlərində kütləvi tətillər başlamışdı. Bakıda isə icazəsiz mitinq keçirmək təşəbbüsü göstərmiş M.Əliyev, M. Hatəmi və Y.Məmmədov həbs olunmuşdular.

Oktyabr ayının 17-də Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, dünya şöhrətli alim Xudu Məmmədov Üzeyir Hacıbəylinin Ev Muzeyində Qarabağda erməni özbaşınalıqlarını və vəhşiliklərini xalqın gücü ilə dayandırmaqla əlaqədar ziyalıların keçirdikləri yığıncaqda milli təslimçilik hallarına dözməyərək qəflətən dünyasını dəyişmişdi.

18 oktyabrda Sumqayıt hadisələrində erməni millətçilərinin əvvəlcədən hazırladıqları tədbirlərin kor-koranə iştirakçısına çevrilən Ə.Əhmədov, İ.İsmayılov və Y. Cəfərovun Moskvada məhkəməsi başlanmışdı.

Noyabrın 12-də Ermənistanın Spitak (Hamamlı) rayonunun partiya komitəsinin birinci katibi, SSRİ xalq deputatı N.Muradyan, RİK-in sədri F.Abucyan, rayonun baş həkimi R.Baqdaryan, həkim E.Nazaryan, milis rəisi V.Sərkisyan və prokuror Arakelyan azərbaycanlılara qarşı ağlasığmaz cinayət tədbiri həyata keçirmişdilər. Onlar erməni ağsaqqalları ilə birlikdə şəhərin azərbaycanlı əhalisini bir yerə toplayaraq onlara qanlı divan tutmuşdular: 36 adam yerindəcə güllələnmiş, 70 nəfər 5--12 yaşlı uşağı 1,5 metr diametrli borulara doldurub hər iki tərəfdən qaynaq etmişdilər. Zavallı uşaqlar borunun içində həlak olmuşdular. Canilər 25 azərbaycanlı uşağı isə ABŞ-a göndərmək məqsədilə təyyarə limanına aparmışdılar. Bundan əlavə, 25 nəfər  girov götürülmüşdü.

Az sonra Ermənistanda baş verən təbii fəlakət zamanı göstərdiyi fədakarlıqlara görə milli qəhrəman səviyyəsinə qaldırılan Muradyan və onun “silahdaşları” günahsız körpələrin, dəhşətdən ağlını itirmiş anaların ah-naləsindən, lənətindən yaxa qurtara bilmədilər. Muradyan bu dəhşətli cinayəti işlətmiş bir çox həmkarları kimi daş-kəsək altında qalıb xurd-xəşil olmasa da, ailə üzvlərinin hamısını, qohum-əqrəbasını itirmişdi. Atalar yaxşı deyib: Nahaq qan yerdə qalmır.

16 noyabrda Bakıda Azadlıq (o zaman Lenin) meydanında 18 gün davam edən və tarixə “Meydan epopeyası” və “Milli qurtuluş hərəkatının başlanğıcı” adı ilə düşən, yüz minlərlə soydaşımızı “Qarabağ!”, “Azadlıq!” şüarları ilə bir araya gətirən kütləvi mitinqlər başlandı.

Noyabrın 19-da 500 nəfər silahlı erməni qulduru Vedibasarın Yersax kəndinə hücum etdi. Nəticədə çoxlu ev yandırılmış, xeyli insan yaralanmışdı. Ermənilər yaralı azərbaycanlıları Naxçıvana daşıyan maşınları gülləbaran etmişdilər. Yaxınlıqda olan sovet əsgərləri erməni quldurların törətdikləri cinayətlərin qarşısını almamışdılar. Bir həftə ərzində Vedibasardan 24 min azərbaycanlı və müsəlman kürd qovulmuşdu.

22 noyabrda erməni ekstremistlərinin irqçi, qaniçən ideoloqu Zori Balayan televiziya ilə çıxış edərək azərbaycanlılara Ermənistan daxilində muxtariyyət hüququ verilməsi təşəbbüslərini qabaqlamaq məqsədilə onları Qərbi Azərbaycandan kütləvi şəkildə qovub-çıxarmağa çağırmışdı.

O günlərdə Z.Balayanın müraciəti erməni ekstremistlərinə, daşnakxislət kommunistlərinə çox güclü təsir göstərmişdi. Buna görə də azərbaycanlıların qovulması kompaniyasına Ermənistanın partiya və sovet orqanları birbaşa rəhbərlik edirdilər. Mehri rayonunda erməni yaraqlıları partiya və hüquq orqanlarının rəhbərliyi altında azərbaycanlı əhalini doğma yurdlarından qovdular. Həmin hadisələrdə ölən və xeyli ağır bədən xəsarəti alanlar oldu.

Ermənistanda azərbaycanlılara divan tutulmasına, onların kütləvi qovulmasına  soyuqqanlıqla biganə qalan nizami sovet ordu hissələri 22 noyabrda Gəncədə yerli camaatın dinc etiraz nümayişini zorakılıqla dağıtmış, tərəflər arasında toqquşma nəticəsində üç nəfər həlak olmuşdu. 23 noyabrda isə gecə Bakıya və Azərbaycanın digər iri şəhərlərinə erməniləri qorumaq üçün güclü ordu hissələri gətirilmişdi.

Noyabrın 24-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri S.Tatlıyev televiziya ilə çıxış edərək bildirmişdi ki, Bakı, Naxçıvan və Gəncədə axşam saat 10-dan səhər saat 5-dək qadağan saatı qoyulur.

24 noyabrda Kalinino rayonunda erməni yaraqlıların hücumuna məruz qalan Azərbaycan kəndləri qarət edilərək yandırıldı. Əhali arasında xeyli ağır bədən xəsarəti alanlar oldu. Həmin gün Noyenberyan, Sisyan, Qafan və digər rayonların Azərbaycan kəndlərinə də hücumlar oldu.

25 noyabrda azğınlaşmış erməni quldurları Kalinino rayonunda 1901-ci il təvəllüdlü el ağsaqqalı Məhəmməd Sadıqovu vəhşicəsinə öldürmüşdülər. Mərkəzi mətbuat isə günahı ölənin üstünə yıxmağa çalışmışdı.

Ermənistanın rəsmi dövlət orqanları həmin günlərdə azərbaycanlılara qarşı hər hansı bir tədbiri hazırlayarkən ona ümumxalq xarakteri verməyə çalışırdılar. Bunun üçün də kütləvi mitinqlər keçirir və Azərbaycan xalqının ünvanına uydurma, iftiralar yağdırırdılar. Məhz belə tədbirlərdən sonra azğınlaşmış kütləni Azərbaycan kəndlərinə istiqamətləndirirdilər.

Kirovakan şəhərində də belə oldu. Mitinqdən sonra erməni quldur dəstələri “Qarabağ” komitəsi fəallarının rəhbərliyi altında Quqark rayonunun azərbaycanlılar yaşayan Vartana və Kuybışev kəndlərinə soxuldular. Güclü qar yağmasına baxmayaraq əhali azğın quldurlardan xilas olmaq üçün dağlara və meşələrə çəkilməli oldu. Bəziləri də qaça bilmədiyinə görə kənddə qalmalı oldu. Qaranlıq düşdüyünə görə talanla məşğul olan erməni quldurları müvəqqəti olaraq kəndi tərk etdilər.

27 noyabrda Kirovakan şəhəri və ətraf kəndlərin erməniləri yenidən Vartanaya soxuldular. Güllə səsləri, körpələrin ümidsiz fəryadı, anaların aman istəyən naləsi bir-birinə qarışmışdı. Erməni mauzerçilərin indiki nümayəndələri Samvel Qazanstyanın quldur dəstəsi Qara Bayramovu  vəhşicəsinə öldürdü. Lyova və Lendrum Xaçaturyan qardaşları Leyli Hüseynovanı əzabla qətlə yetirdilər.

Quldurlar azərbaycanlıları “Azərbaycan nefti ilə” diri-diri yandırmaqdan zövq alırdılar. İdman müəllimi Samvel Vanesyan Mehralı İsgəndərovu, onun arvadı Xanımı və 17 yaşlı oğlu Alimi 50 nəfər quldurla işgəncə ilə öldürmüşdü. Onlar əvvəlcə ərinin və oğlunun gözləri qarşısında Xanımı soyunduraraq lüt-üryan rəqs etməyə məcbur etmiş və bundan sonra hər üçünü parçalamışdılar.

Qriqor Çavuşyanla Hamlet Qasparyanın dəstəsi isə 1924-cü il təvəllüdlü Abdulla Əliyevi öldürmüşdü. Məmməd Süleymanı quldurbaşı Suren Yosmedyanın, Əhməd Alıyevi isə Vazgenin adamları öldürmüşdülər. Suren Zehranyan isə əylənirmiş kimi “Niva” maşınını Fatma Alıyevanın üstünə sürmüşdü. O da çox keçmədən Bakıda xəstəxanada ölmüşdü. Erməni quldurlar 60 nəfər arvad-uşağı da avtobusa dolduraraq yandırmaq istəmişdilər. Adi bir təsadüf-- benzinin qurtarması quldurların bu vəhşiliyi həyata keçirməsinə imkan verməmişdi.

27 noyabrda Spitak RİK-nin sədri Xaçikyan, rayon DTK-nın sədr müavini Mehrabyan və DİŞ-in rəisi Sərkisyan Saral və Kürsalı kəndlərinə gələrək, azərbaycanlılardan kəndləri boşaltmağı tələb etdilər. Rədd cavabı alandan sonra erməni quldurları iki saat ərzində 500 maşınla hər iki kəndi mühasirəyə aldılar. Azərbaycan kəndlərini bir gün atəş altında saxlayandan sonra Sərkisyan və Mehrabyan Sarala 34 avtobus gətirərək şəxsi əmlakı əllərindən alınmış kənd əhalisini maşınlara mindirib kənddən çıxartdılar.

Noyabrın 28-də Z.Balayanın çağırışına qoşulan erməni quldurları Zəngibasar rayonunda 10 Azərbaycan kəndinə soxularaq əhalini qarət etdilər. Həmin hadisələrdə azərbaycanlılardan xeyli yaralanan və ölənlər oldu. Erməni quldurlarından xilas olmaq üçün Azərbaycan və Naxçıvan ərazisinə qaçanların əksəriyyəti əvvəlcədən yollarda hazırlanmış pusquya düşərək gülləbaran və talan edilirdilər. Bu da xeyli adamın faciəli şəkildə ölümü ilə nəticələndi. Onların arasında Dostluq kəndinin sakini, Sevan şəhəri yaxınlığında ermənilərin vəhşicəsinə öldürdükləri 1953-cü il təvəllüdlü Müşfiq Tağıyev də var idi. Nizami kəndinin sakini Sabir Mehdiyev isə oğlu ilə birlikdə vəhşicəsinə döyüldükdən sonra xəstəxanaya düşmüşdülər. Burada isə erməni “şəfqət bacıları” onu öldürmüş, oğlunu da şikəst etmişdilər, milis işçiləri isə gəncin sol qulağını kəsmişdilər.

29 noyabrda erməni quldurları Qafan, Razdan və Yeğenadzor rayonlarının Azərbaycan kəndlərinə basqın etmişdilər. Gecə vaxtı həyata keçirilən basqında dinc əhali erməni quldurlarından xilas olmaq üçün güclü avtomat atəşi altında qarlı-boranlı dağlara çəkilməli olmuşdu.

29--30 noyabrda Noyemberyan rayonu rəsmi dairələrinin rəhbərliyi altında erməni quldurlar Körpülü və Ləmbəli kəndlərinin əhalisini silah gücünə zorla köçməyə məcbur etmişdilər. Rayonun milis rəisi daşnak Kalumyanın əmri ilə azərbaycanlıların şəxsi əmlakı və mal-qarası əllərindən alınmışdı.

Erməni quldurlar Marneuli rayonunun Sadaxlı və Qasımlı kəndlərindən çəkinərək qan tökməyə cürət etməsələr də, bunun əvəzini dinc əhaliyə əzab-işgəncə verməklə almışdılar. Nisbətən rayonun içərilərində olan Ayrım və digər kəndlərin əhalisi isə quldurlardan xilas olmaq üçün dağlara, meşələrə çəkilməli olmuşdu. Ayrım kəndinin sakinləri Haqverdini və Abbası saqqallılar öldürmüşdülər.

Noyemberyan rayonu ərazisindən qovulmuş azərbaycanlılar əvvəlcədən əldə edilmiş razılığa əsasən Xanlar rayonunun Kamo və Azad kəndlərinin erməniləri ilə yerdəyişməyə cəhd göstərsələr də, Azərbaycanın Vəzirov kimi korafəhm rəhbərləri buna yol vermədilər. Onlar bununla da kifayətlənməyib, qaçqınlar içərisində milli qeyrət göstərən, el qayğısına qalan fəallara böhtan ataraq məsuliyyətə cəlb etdilər.

Toplayıb tərtib edəni:
Dünyamalı VƏLİYEV,
AMEA Şərqşünaslıq
İnstitutunun şöbə müdiri

(ardı var)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında