Xocalı faciəsindən bəhs edən kitab, film və elektron məlumat bazasının təqdimatı olub

Fevralın 21-də Milli Kitabxanada Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Soyqırımı muzeyi” kitabının, Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” filminin və kitabxana tərəfindən hazırlanmış “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Xocalı faciəsinin ermənilərin xalqımıza qarşı həyata keçirdiyi məkrli siyasətin davamı olduğunu söyləyib. Bildirib ki, bu qanlı hadisədə 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə qətlə yetirilib.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyev tərəfindən Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib, bu faciənin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı olduğu bütün dünyaya bəyan edilib.

Kərim Tahirov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində bu soyqırımının dünyaya çatdırıldığını söyləyib.

Direktor filmin ingilis dilində titrlərlə hazırlandığını, elektron bazanın isə 3 dildə yayıldığını diqqətə çatdırıb.

Sonra “Əsrin faciəsi” filmi nümayiş olunub.

Nümayişdən sonra çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” sərəncamına uyğun olaraq ölkəmizin hər yerində faciə qurbanlarının xatirəsinin anıldığını söyləyib. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işlər görüldüyünü, kitablar çap edildiyini, filmlər çəkildiyini bildirən nazir müavini bunların təqdirəlayiq hadisə olduğunu deyib.

Təqdim edilən kitabın əhəmiyyəti barədə məlumat verən V.Əliyev bildirib ki, kitabda istintaq materiallarına daha çox yer verilib.

Azərbaycan Respublikasının hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov ötən iki əsrin Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı törədilmiş soyqırımlarla müşahidə oldunduğunu, soydaşlarımızın ata-baba torpaqlarından didərgin salındığını söyləyib.

Rasim Kazımov Hərbi Prokurorluğun “Soyqırımı muzeyi” barədə məlumat verib. Tarix, deportasiyalar-repressiyalar, soyqırımlar və terror bölmələrindən ibarət muzeyi ötən il 4228 nəfərin ziyarət etdiyini bildirib. Diqqətə çatdırıb ki, təqdimatı keçirilən kitab muzeyin materialları əsasında hazırlanıb.

Tarix İnstitutunun direktoru, Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, xalqımıza qarşı törədilmiş soyqırımı və faciələr haqqında tədqiqat işləri aparılmalı və cinayətkarlar cəzalandırılmalıdır. Qeyd edib ki, insan haqları, demokratiyanın tüğyan etdiyi bir dövrdə bir şəhərin əhalisinin məhv edilməsi XX əsrin ən böyük faciəsidir.

Digər çıxış edənlər xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədə həqiqətləri bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonra Milli Kitabxana tərəfindən hazırlanan “Xocalı soyqırımı” adlı elektron məlumat bazası təqdim edilib.

Tədbir iştirakçıları, həmçinin “Xocalı soyqırımı - 25” adlı kitab sərgisi ilə tanış olublar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında