Xocalı soyqırımından bəhs edən “Dəhliz” filminin təqdimatı olub

Fevralın 21-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımına həsr edilmiş “Dəhliz” filminin təqdimatı olub.

Filmdə Xocalı faciəsinin şahidləri ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər və başlarına gələn müsibətlərdən bəhs edirlər.

Təqdimat mərasiminin iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov erməni millətçilərinin Xocalıda törətdikləri qanlı cinayətlərdən danışıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş bu soyqırımı tariximizin ən qanlı səhifələrindən biridir. Həmin gecə düşmən keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın köməyi ilə 613 nəfər günahsız insanı, o cümlədən qocaları, qadınları və uşaqları xüsusi amansızlıqla qətlə yetirib.

Xocalı faciəsinin insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu deyən Ə.Amaşov bu hadisənin dünyanın bir sıra ölkələrində soyqırımı kimi tanındığını xatırladıb.

Sonra “Dəhliz” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva qəsbkar ermənilərin zaman-zaman günahsız insanların qanlarını axıtdıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, ermənilər Xocalıda törətdikləri soyqırımı ilə bağlı fotoşəkilləri özlərinin başına gətirilmiş faciə kimi qələmə verirlər. Deməli, biz dünya ictimaiyyətinə haqq səsimizi çatdırmaq üçün daha çox çalışmalıyıq.

Ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa, yalan məlumatlarla dünya ictimaiyyətini çaşdırmağa cəhd göstərdiklərini bildirən S.Vəliyeva deyib: AZƏRTAC-ın Fransadakı xüsusi müxbiri Şəhla Ağalarova belə bir hadisənin şahidi olub. Fransada bir qoca erməni Xocalı faciəsi zamanı çəkilmiş fotoları göstərərək deyirdi: “Baxın, azərbaycanlılar bizim başımıza necə müsibətlər gətiriblər”. Göründüyü kimi, ermənilər hadisədən bixəbər insanları öz yalanlarına inandırmaq üçün hər cür vasitələrə əl atırlar.

S.Vəliyeva vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində çox iş görülüb. Bu, eyni zamanda, hər birimizin vətəndaşlıq borcu olmalıdır.

“Dəhliz” filmi barədə təəssüratlarını bölüşən “Kaspi” Təhsil Mərkəzinin rəhbəri onun ingilis, fransız və digər xarici dillərə tərcümə olunaraq yayılmasının vacibliyini vurğulayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digər çıxış edənlər də film barədə fikirlərini bölüşüb, erməni vəhşiliklərinin tarixi fakt və dəlillərlə ifşa olunmasının əhəmiyyətini diqqətə çatdırıblar.

Qeyd edək ki, “Dəhliz” filminin quruluşçu-rejissoru Elmar Məlikov, redaktoru Ceyhun Əsgərov, məsləhətçisi Vüsalə Məmmədovadır.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında