Kitabxanalar bəşəriyyətin elm, zəka məbədidir

Həmsöhbətimiz Azərbaycan Milli Kitabxanasının direktoru, professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirovdur.

– Kərim müəllim, söhbətimizə  kitabxana işinə dövlətimizin  göstərdiyi qayğıdan başlayaq.

– Kitabxana işi müstəqil Azərbaycan  dövlətinin mədəni  quruculuğunun mühüm sahəsi kimi önəm verdiyi sahələrdən biridir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu sahəyə diqqət artırılmağa başlandı. Sonrakı dövrdə kitabxana işi  daha  sürətlə inkişaf etdi. Prezident İlham  Əliyevin  imzaladığı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələyə qədəm qoydu. Bu sənəd ölkə Prezidentinin bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizə diqqət və qayğısının bariz nümunəsi, həm də ümummilli lider Heydər Əliyevin mədəni quruculuq siyasətinin uğurla davam etdirilməsinin göstəricisi idi. Dövlət Proqramı Prezident İlham Əliyevin 2007-ci il aprel ayının 20-də imzaladığı "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamın 2-ci bəndində verdiyi tapşırığa uyğun hazırlanmışdı. Təqribən il yarımlıq zaman kəsiyində respublikamızda kitabxana sahəsinin inkişafına və təkmilləşdirilməsinə dair iki proqram sənədinin qəbul olunması  bu sahədə quruculuğun inkişafına  güclü  stimul verdi.

Burada bir məsələni də vurğulamaq vacibdir. Belə ki, ölkədə fəaliyyət göstərən 11 mindən artıq kitabxananın kitab fondlarının zənginləşməsində Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamının əhəmiyyətli rolu oldu. Bu sərəncama əsasən, 500 addan artıq kitab hər biri 25 min nüsxə tirajla və ümumilikdə 10 milyon nüsxədən artıq olmaqla çap edilərək ölkə Prezidentinin hədiyyəsi kimi təmənnasız olaraq kitabxanalara göndərildi. Prezidentin sonrakı sərəncamları ilə nəşrinə başlanan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan kitablar respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunun tam şəkildə formalaşmasına imkan yaratdı.

– Artıq kitabxanalara  yeni  texnologiyalar gətirilir, bu da  iş prosesində  yeniliklər yaradılmasını zəruri hala çevirir. Bu yeniləşmə kitabxana işçilərinin öz peşələrinin icrasında  çətinliklər yaratmır ki?

– Zaman, dövr dəyişir. Yeni texnologiyalar  bütün  sahələrdə hegemonluğu ələ alır. Qloballaşma dövründə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi də zərurətdən  yaranır. Dövlət Proqramında Azərbaycan kitabxanalarında bu istiqamətdə görülən işlərdən danışılır. M.F.Axundov adına Milli Kitabxanada, Prezident Kitabxanasında, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Xarici Dillər Universitetinin və  Qərb Universitetinin kitabxanasında, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və digər kitabxanalarda elektron kataloqların və elektron kitabxanaların artıq yaradıldığı qeyd olunsa da, hələ bu sahədə xeyli işlərin görülməsinə ehtiyac olduğu göstərilirdi. Bu elə mürəkkəb və ciddi  prosesdir ki, elektron sistemə keçilməsi üçün kifayət qədər vaxt lazım idi. Biz bu işə başladıq  və onu uğurla reallaşdıra bildik. Bir neçə proqramla işlədik. İndi isə bizim layihə  əsasında “ULTRA” şirkəti tərəfindən 2010-cu ildə tətbiqinə başlanılmış ALİSA  proqramı artıq 2 ildir Bakı şəhər kitabxanalarında və 30 rayon MKS-də tətbiq edilir. 2017-ci ilin  sonunadək bütün rayon kitabxanaları bu proqramla işləyəcək. Milli Kitabxana respublikanın bütün kitabxanalar üçün metodiki mərkəz olduğuna görə ALİSA-nın kitabxanalara tətbiqindən öncə mütəxəssislər Milli Kitabxanada treninqlərdən  keçirlər.

– Bir vaxtlar bütövlükdə kitabxanalar, elə  siz də oxucu  qıtlığından  gileylənirdiniz. Deyəsən, indi vəziyyət normallaşmaq üzrədir.

– Bütün kitabxanaların işinin göstəricisi oxucudur. Harada şərait və resurs varsa, oxucu ora gedir. Bunu deməyə məcburam: oxucuların bizə üz tutmasının əsas səbəbi  yeni informasiya resurslarının bizim kitabxanada daha çox toplanmasından irəli gəlir. Bəlkə başqa kitabxanalarda da bu resurslar kifayət qədər toplansaydı, oxucuların bir hissəsi başqa kitabxanalara gedərdi. Adətən, yanvar-fevral aylarında oxucu az olur, lakin həmişəkindən fərqli olaraq, indi bizim kitabxanaya gündə 800-900 oxucu gəlir.

– Bugünkü oxucunun kitaba, mütaliəyə marağı, münasibəti sizi qane edirmi?

– Təbii ki, bugünkü oxucunun marağı da, tələbatı da tamamilə fərqlənir. Bu gün gənclər kompüterdən, noutbukdan, e-bukdan (planşetdən), mobil telefondan oxumağa daha çox üstünlük verirlər. Biz də onların bu maraqlarına və sorğularına uyğun xidməti təşkil etməyə çalışırıq. Oxucuların kitabxanaya yazılmasından başlamış, kitabın axtarışı və sifarişinədək, kitab verilişi və onun geri qaytarılmasınadək bütün proseslər avtomatlaşdırılmışdır. Artıq Milli Kitabxanada oxucu bileti üçün, kitab üçün yarım saat, bir saat gözləmək yoxdur. Oxu zalında olan bir dərsliyi oxumaq  üçün oxucuların növbəyə durması da tarixə çevrilmişdir,  yeni yaradılan  lokal şəbəkədən istifadə üzrə oxu zalında bir kitabı, eyni zamanda, 24 oxucu oxuya bilir. Elektron resurslardan istifadənin təşkili bölməsində artıq kitabı elektron kataloqda axtarıb tapmağa və sifariş verməyə də ehtiyac qalmır, birbaşa kompüterlərdən açıb oxuyurlar və s. Məncə, oxucuların bizim kitabxanaya daha çox gəlməsinin səbəblərindən biri də məhz onlar üçün yaradılan əlverişli  şəraitdir. Bəli, bugünkü oxucunun qəribəlikləri də çoxdur. Belə ki, oxu zallarında mobil telefondan istifadə etməyə çox meyil edirlər. Amma bu hal tamamilə qəbuledilməzdir, çünki digər oxucuların diqqətini yayındırır və onların mütaliəsinə mane olurlar. Başqa bir halda İnternet zaldan istifadə etməyi çox xoşlayırlar, ancaq orada müvafiq qeydiyyatdan keçmək istəmirlər. Bizdə internet istifadəçilərinin də statistikası aparılır, işimizin nəticəsi bununla ölçülür və s. Başqa bir misal, oxu zallarında mobil telefondan istifadə yasaq olduğu halda, adaptorları cərəyana qoşmağa çalışırlar. Sual oluna bilər: “Əgər zalda telefondan istifadə yasaqdırsa, buna nə ehtiyac var?”. Təəssüf ki, belə hallar çox olur. Ancaq imkan daxilində onların şıltaqlıqlarına dözməyə çalışırıq.

– Sizin kitabxana  ölkənin baş kitabsaxlayıcısı hesab olunur. Bir vaxtlar  bu kitabxana  ölkədə  nəşr olunan çap məhsullarının məcburi nüsxəsini alırdı. Bəs indi necə, bu ənənə davam edirmi?

– Bu,  çox ciddi problemdir.   Nəşriyyatlar  bu işə  dırnaqarası baxırlar. Hərçənd, bu, olduqca faydalı  bir işdir. Biz kitabları, dövri nəşrləri onlardan çox çətinliklə alırıq. Bəzən qapı-qapı düşürük.  Təsəvvür edin, indi ölkədə 500 qəzet, 250-300 jurnal çap olunur, 500-dən çox kitab nəşr edən müəssisə var. Azərbaycanda çap olunan kitabların statistikası yoxdur. Biz bilmirik ölkədə nə qədər kitab çap olunur. Bunun səbəbi odur ki, kitabları bu statistikanı aparmalı olan Milli Kitabxanaya göndərmirlər və ona görə də bizim çap etdiyimiz statistika yarımçıq statistikadır.

2015-ci ilin dekabrında cənab Prezident əlavə sərəncam  imzaladı. Kitab çap edən müəssisələr, naşirlər, qəzet və jurnal redaksiyaları  məcburi nüsxələri göndərməzsə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onlara qarşı sanksiya tətbiq ediləcək (hər bir adda nəşr üçün 700 manat cərimə).

– Azərbaycan kitablarının Avropa kitabxanalarında  saxlanılması barədə məlumatlar ictimaiyyətə bəllidir. Fürsətdən istifadə edib öyrənmək istərdik ki, onların Azərbaycana  qaytarılması  üçün tədbirlər  görülürmü?

– Mən özüm  şəxsən hər hansı bir ölkəyə səfər edəndə mütləq oradakı  milli kitabxanaya baş çəkirəm və Şərq ədəbiyyatı fonduna baxıram. Məsələ ondadır ki, vaxtilə bizim kitablarımız kifayət qədər Avropaya daşınıb. İndi həmin kitablar Avropa ölkələrinin kitabxanalarında mühafizə olunur. Amma bu gün həmin kitablar onlar üçün gərəksizdir. Oxumurlar, oxuya da bilməzlər.  Məsələn,  Praqada  olarkən   oranın  Milli Kitabxanasının  nadir kitablar  fonduna baş çəkdim  və  gördüm ki, orada Azərbaycan kitabları saxlanılır, amma  kataloqlarda əks olunmayıb. Həmin kitablar arasında Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin əsərləri var idi. Soruşdum ki, bu kitablar niyə kataloqda Azərbaycan kitabı kimi əks olunmayıb? Dedilər, onlar Azərbaycan dilində deyil. Mən onlara başa saldım ki, vaxtilə bizdə də ərəb əlifbasından istifadə olunub, bir sıra klassiklərimiz hətta fars dilində də yazıblar. Bakıya qayıdandan sonra nazirliyə məlumat verdim və nazirimizin  göstərişi ilə Elmlər Akademiyası ilə birlikdə iki nəfər mütəxəssis ayrıldı. Onlar bir ay Praqa Milli Kitabxanasında çalışdılar. Həmin kitabların kataloqunu düzəltdilər və “Azərbaycan şairləri” adı ilə əks olundu. Onun davamı olaraq, ötən ilin sonunda da biz iki nəfər əməkdaşı Praqaya ezam etdik  və 15 gün ərzində həmin kitabların çap kataloqunun hazırlanması üçün material topladılar.

 Azərbaycan kitabları təkcə Praqada yox, Rumıniya, Macarıstan  və Avstriyada  da var. Biz mərhələ-mərhələ həmin kitabları da tədqiq edəcəyik.

– Son olaraq, Azərbaycan kitabxanalarının  bu gün ən başlıca problemi  nədən ibarətdir?

– Təbii ki, bizim kitabxanaların əsas problemi bina məsələsidir. Uçuq-salxaq binaya texniki avadanlığı qoysan da, işə yaramayacaq. Müasir texniki avadanlıq üçün də müasir şərait olmalıdır. Kitabxanaların əksəriyyətinin binaları özlərinin deyil, darısqallıq və şəraitsizlik də ciddi problemdir. Məsələn, bizim kitabxananın binası inşa olunarkən 2,5 milyon nüsxə ədəbiyyat üçün nəzərdə tutulmuşdu və bu gün fondumuz 5 milyon nüsxəyə çatır, artıq yeni  kitabları qoymağa yerimiz yoxdur.

Mədəniyyət və Turizm Nazirliyi ilk növbədə kitabxanaların bina problemini həll etməyə çalışır. Nazirlik tərəfindən müasir tipli “Kitabxana-İnformasiya Mərkəzi” layihəsi işlənib hazırlanmışdır, yəqin ki, yaxın gələcəkdə reallaşacaqdır. Biz  ötən ilin iyulunda Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə  dünyada analoqu olmayan “Açıq  kitabxana” layihəsini reallaşdırmışıq. Həftənin 7 gününü, günün 24 saatını fasiləsiz oxuculara xidmət göstərən bu layihə mütəxəssislər, oxucular, hətta  xarici  qonaqlar tərəfindən də çox yüksək qiymətləndirilir. Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının qərarı ilə “Açıq kitabxana” layihəsi müsbət təcrübə kimi qəbul olunub və respublikanın bütün kitabxanalarında tətbiqi tövsiyə olunub. Əlbəttə,  kitabxanaların əvvəlki şöhrətini  qaytarmaq  üçün  yeni üsul və  vasitələrdən yararlanmaq lazımdır. Bəşəriyyətin elm və zəka məbədi hesab edilən  kitabxanalar yeni dövrün ruhunu tutmağı bacarmalıdır. Əks halda inkişafdan danışmağa dəyməz.

Qələmə aldı:  M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında