“"Kaspi” Təhsil Şirkətinin və Kaspi” qəzetinin rəhbərliyi Beynəlxalq Mətbuat Mərkəzində yeni layihələrini ictimaiyyətə təqdim etdi. Mərasimdə qəzetin həftəlik “Ədəbiyyat” əlavəsində xalqımızın böyük maarifçiləri və istiqlal mücahidləri barədə dərc olunmuş silsilə yazıları əhatə edən "Kaspi”–Maarifçilik meydanı” kitabının işıq üzü görməsi, "Artkaspi.az” saytının fəaliyyətə başlaması və “Kaspi” qəzetinin tarixi arxivinin elektron versiyasının ölkəmizə gətirilməsi önəmli mədəni hadisələr kimi dəyərləndirildi.
Azərbaycan Mətbuat Şurasının (AMŞ)sədri, Milli Məclisin deputatı Əflatun Amaşov giriş sözündə 1881-ci ildən Bakıda rus dilində işıq üzü görmüş, 1884-cü ildən ölkəmizdə ilk gündəlik mətbu orqan kimi nəşr olunmuş, 1897-ci ildən azərbaycanlı naşir, redaktor və müəlliflərin buraxdığı, xüsusən milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 25 ildən artıq müddətdə fəal əməkdaşlıq etdiyi, bir çox saylarının isə redaktoru olduğu “Kaspi” qəzetinin jurnalistika tariximizdə önəmli yerindən söz açdı.
AMŞ rəhbəri milli maarifçilik ideyalarına geniş yer vermiş, azərbaycançılıq ideologiyasının mətbu qaynaqlarından olmuş, bolşevik inqilabından sonra isə nəşri dayandırılmış bu qəzetin fəaliyyətinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra tarixi irsə dərin ehtiram və geniş maarifçilik missiyası ilə Azərbaycan və rus dillərində davam etdirilməsini yeni dövrdə mediamızın gərəkli addımı, onun son layihələrini isə kollektivin ciddi uğuru kimi qiymətləndirdi.
"Kaspi” Təhsil Şirkətinin və "Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Kaspi”–Maarifçilik meydanı” kitabının ideya-məfkurəvi dəyərindən söz açaraq bildirdi ki, 2013--2015-ci illərdə "Kaspi” qəzetində Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli, Şəfiqə xanım Əfəndizadə, Üzeyir və Ceyhun Hacıbəylilər, Məhəmməd və Behbud Şahtaxtlılar kimi görkəmli soydaşlarımız barədə çap edilmiş məqalələrdən, araşdırma yazılarından tərtib olunmuş bu toplu Azərbaycanın maarifçilik, istiqlal mübarizəsi tarixi, milli məfkurə qaynaqları ilə maraqlananlara redaksiyanın yeni töhfəsidir.
Sona xanım qeyd etdi ki, xalqın mənəvi dühalarının ruhlarına minnətdarlığın ifadəsi kimi ərsəyə gələn bu abidə-nəşrdə onların yubileylərinin qeyd olunması haqqında Prezident sərəncamları, arxiv materialları və fotolar da yer alıb. Biz görkəmli ziyalılarımızla, böyük maarifçilərimizlə qürur duyur, onların keçdiyi şərəfli yolu öyrənir, gələcək nəsillərə də çatdırırıq. Belə insanlar haqqında minlərlə kitab yazılsa da, azdır. Onların Azərbaycan xalqının qəlbində yaşamağa haqqı var. "Kaspi”–Maarifçilik meydanı” kitabı da məhz bu məqsədə xidmət edir.
“Artkaspi.az” saytının redaktoru Fərid Hüseyn yeni internet resursu haqqında geniş məlumat verərək bildirdi ki, saytda Azərbaycan, Şərq və Qərb ədəbiyyatı nümunələri yer alacaq, izləyicilərə yazarlarla müsahibələr, “dəyirmi masalar”, sorğular, ədəbi-tənqidi yazılar və digər maraqlı materiallar təqdim olunacaq.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev mətbu nəşrin arxivinin əldə edilərək ölkəyə gətirilməsi, geniş oxucu auditoriyasına çatdırılması barədə məlumatında söylədi ki, "Kaspi”nin bütün nüsxələri Hollandiyadakı Jack Levinson nəşriyyatının onlayn mənbəsində saxlanılır. Bizim üçün olduqca dəyərli olan həmin arxivi alaraq ölkəmizə gətirdik və "PDF” formatına salıb kaspi.az saytında ayrıca bölmədə yerləşdirdik.
Sona Vəliyeva tarixi "Kaspi”nin "hard-disk”ə yazılmış elektron variantını qorunmaq və daha geniş istifadə üçün ölkəmizin mötəbər bilik xəzinəsi sayılan Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova təqdim etdi.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, tənqidçi Əsəd Cahangir və başqaları “Kaspi” qəzetinin hər üç layihəsinin mədəni keçmişə ehtiram və yeni maarifçilik amalından ərsəyə gəldiyini və oxuculara redaksiyanın layiqli hədiyyəsi olduğunu vurğuladılar.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.