“Soyqırım Muzeyi” kitab-albomu təqdim edilib

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə ərsəyə gətirdikləri “Soyqırım Muzeyi” kitab-albomunun və Hərbi Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bugünlərdə həm Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində XX əsrin faciəsi – Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Vurğulanıb ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin nəticəsi olaraq dünyanın bəzi ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələlik öz hüquqi qiymətini almayıb.

AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı  Yaqub Mahmudov çıxışında qeyd edib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin araşdırılmasıdır. Bu, həm Azərbaycan xalqına, həm də ümumbəşəri dəyərlərə qarşı törədilmiş vəhşi aktlardır.  Son onillikdə AMEA Tarix İnstitutuna dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub və tarixçilərimiz bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər.

Tarix İnstitutunun direktoru bildirib ki, 1914–1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır. Sovet tarix elminə “alovlu” bolşeviklərdən biri kimi daxil edilən Stepan Şaumyan, əslində, erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun” partiyasının üzvü olub. O, “Daşnaksütyun” partiyasının Bakı Komitəsinin üzvü idi. Amma özünü bolşevik kimi göstərməyə çalışmışdır.

Azərbaycan Respublikasının hərbi prokuroru, Əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun Soyqırım Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla, 320 kvadratmetrlik sahəni əhatə edir. Muzeyin yaradılmasının əsas məqsədi XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barədə tarixi həqiqətləri gələcək nəsillərə əyani çatdırmaq və ictimaiyyət arasında onların təbliğini genişləndirməkdir.

Digər çıxış edənlər ­“Soyqırım Muzeyi” kitabının əhəmiyyətindən danışıblar. Tədbirdə tanınmış alimlər, media nümayəndələri və ictimai fəallar iştirak ediblər.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında