(əvvəli qəzetin 18 fevral 2017-ci il tarixli sayında)
Dohadan on iki saat yarımlıq yorucu uçuşdan sonra hava laynerimiz Yaponiyanın paytaxtı Tokionun Beynəlxalq Hava Limanına endi. Köhnə də sayılsa, möhtəşəmliyinə və xidmətin səviyyəsinə görə dünyanın dördüncüsü olan Haneda hava limanı əvvəllər Tokio regionunun əsas aeroportu olub. Ancaq bu gün o, bu rolu Narita Beynəlxalq Hava Limanı ilə paylaşır. Bizi qarşılamağa gələn Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə başda olmaqla səfirliyin əməkdaşlarını görəndə qərib bir məmləkətdə qonaq olduğumuzu bir anlıq unutduq. Səmimi görüş və isti münasibət uzun və usandırıcı yolun yorğunluğunu da, elə bil, canımızdan çıxarmışdı.
Ətrafdakı yaşıllıqlardan gözümü çəkə bilmədiyimdən avtomobillə yarım saatlıq yolu nə vaxt qət etdiyimizi belə duymadım. “Üzən hotelimiz” nə qədər rahat olsa da yol və vaxt öz sözünü deyirdi. Ona görə də hotelə çatan kimi hamı öz otağına çəkilib bir çimir də olsa yatmaq istəyirdi...
Səhər tezdən gündoğar ölkənin paytaxtı bütün gözəlliyi ilə nəzərlərimi ovsunladı. Elə ilk baxışdan şəhərin ideal təmizliyi məni valeh etdi. Şəhərdə nə insan səs-küyü, nə də maşınların siqnal səsləri eşidilirdi. Hər tərəf səliqə ilə sıralanmış, Yaponiyanın fəlsəfi simvollarından biri hesab olunan sakura (bar verməyən albalı) ağacları ilə süslənmişdi. Gündoğar ölkədə müqəddəs sayılan bu bəzək ağacının iki yüzdən çox növü var. Baharın müjdəçisi olmasına baxmayaraq, sakura yapon ədəbiyyatında ölümlə yaşamın vəhdətini ifadə edir.
Əksiliklərin vəhdəti qanunu və ya fərqləndirici əlaməti kimi - Şimal və Cənub qütbləri, ağ və qara, yaxşı və pis, həyat və ölüm kimi... Sakura çiçəkləri həm də yenidən doğuluşun singəsidir. Samurayların həyat tərzini qəbul etmiş yapon xalqı üçün sakura çiçəkləri çox böyük məna kəsb edir; samuraylar vaxtilə albalı çiçəklərinə baxaraq savaşda hər dəfə ani ölümü xatırlayarmışlar. Fevral ayından başlayaraq Yaponiyada sakura “fəsli” başlayır. Albalı ağacları çiçəkləyəndə bu ölkə əsl cənnətməkana bənzəyir. Bu ecazkar ağaclar martın son həftəsi ilə aprelin ilk həftəsi çiçəkləyir və Yaponiyada məhz bu dövrü ən müqəddəs zaman sayırlar. Yaponlar sakura ağacını ölkənin rəmzi, çiçəklərini isə qeyri-rəsmi gerbi hesab edirlər.
Sakuraların çiçəklənmə dövrü Gündoğar ölkəyə turistlərin ən çox gəldiyi dönəmdir. Yaponiyanın 11 şəhərində təşkil olunan “Sakura zensen” yəni çiçəklərin açılması festivallarını seyr etmək üçün dünyanın hər yerindən bura gəlirlər. Sakura çiçəklərinin budaqlarda qaldığı zamanın çox qısa olması yapon mədəniyyətində həyatın gəldi-gedər olduğunu ifadə edir.
Sakura həm də bu ölkədə qadın adıdır. Yaponlar həyatlarındakı əhəmiyyətli başlanğıcları, evlənəcəkləri, yeni bir işə başlayacaqları və tətilə çıxdıqları günləri Sakuraya görə nizamlayır. Yəni albalı çiçəyi Yaponiyada tam bir fenomendir. Mən Tokioda olduğumuz müddətdə hər dəfə sakura ağacları görəndə düşünürdüm ki, kaş Yaponiyaya növbəti səfərim bu ağacların həyat eşqini göstərən çiçəklədikləri dövrə təsadüf edəydi.
Bu düşüncələr içində oteldən birbaşa Yaponiyadakı Azərbaycan “məmləkətinə”, bu gündoğar ölkədə doğma vətənimizin bir parçası, qarşısında müqəddəs bayrağımız dalğalanan ölkəmizin səfirliyinə gəldik. Səmimi görüşdə Yaponiya ilə əlaqələrin son illər daha da intensivləşdiyini bildirən səfir Gürsel İsmayılzadə xüsusi vurğuladı ki, Azərbaycanın beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrilməsi nəticəsində yaponların da ölkəmizə marağı artır, buradan respublikamıza səfərə gələn turistlərin sayı sürətlə artır. Gürsel müəllimin səfirliyin fəaliyyəti barədə nümayəndə heyətimizə məlumatı bir azərbaycanlı kimi bizdə çox xoş təəssürat oyatdı.
Nümayəndə heyətimizin rəhbəri Razim Məmmədov Yaponiyadakı səfirliyimizin fəaliyyətinin yüksək səviyyədə qurulduğundan məmnun qaldığımızı qeyd etdi və bu ölkəyə səfərin təşkilində göstərilən köməyə görə səfirə təşəkkürünü bildirdi. Gürsel İsmayılzadə bizimlə söhbətdə vurğuladı ki, nümayəndə heyətimizin Yaponiyaya səfəri çox səmərəli olub və qardaşlaşmış şəhərlər iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.
Tokioda rəsmi görüşlərdən sonra şəhərlə tanış olduq. Həqiqətən, nəhəng, möhtəşəm şəhərdir –göydələnlər, yaşıllıqlar içində uyuyan imperator sarayı, “Kinzo” məhəlləsinin izdihamı, ticarət mərkəzləri, “Akixabara”nın zəngin elektronika mağazaları, qədim Budda məbədləri, 3-4 mərtəbəli yollar, yeraltı nəhəng ticarət və iaşə obyektləri, metronun labirint yolları, bir sözlə – şəhər altında şəhər adamda sözün əsl mənasında insan təfəkkürünü gücünə, yapon xalqının fədakarlığına xüsusi bir hörmət oyadırdı.
Tokioda olduğumuz günlərdə, demək olar ki, şəhərin görməli yerlərinə bir qayda olaraq səfirliyin əməkdaşları ilə gedirdik. Belə gəzintilərdə və Yaponiyanın hökumət nümayəndələri ilə görüşlərdə səfir Gürsel İsmayılzadə də bizi müşayiət edirdi. Görüşlərdə və şəhərlə tanışlıq zamanı səfirin və səfirliyin əməkdaşlarının yapon dilini mükəmməl bilməsi bizim çox karımıza gəlirdi.
Açığı səfirimizin həyat tarixçəsi də bizim üçün çox maraqlı oldu. İngilis, yapon, rus və ərəb dillərini mükəmməl bilən Gürsel Qüdrət oğlu İsmayılzadə 16 avqust 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sərəncamı ilə ölkəmizin Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qısa arayış: Gürsel İsmayılzadə 1992-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb mütərcimləri bölməsini fərqlənmə diplomu ilə bitirib. Bir il Azərbaycan Respublikası Elmlər Akademiyası şərqşünaslıq İnstitutu ərəb ölkələrinin müasir tarixi və iqtisadiyyatı şöbəsində elmi işçi kimi çalışandan sonra 1993-cü il iyulun 16-dan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dövlət protokolu idarəsində III katib vəzifəsində çalışıb.
1996-cı ilin oktyabrından XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə gündoğar ölkəyə təhsil almağa ezam edilib. 1996-cı ilin oktyabrından 1997-ci ilin aprelinədək Tsukuba Universitetində yapon dilini öyrəndikdən sonra, tədqiqatçı kimi Tokionun Cyoçi Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olub. 1998- 2000-ci illərdə Cyoçi Universitetinin beynəlxalq əlaqələr fakültəsinin magistraturasında təhsil alıb, 2004-cü ildə isə Cyoçi Universitetində elmi fəaliyyətini davam etdirərək beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Yaponiyada təhsildən sonra 2005-ci ilin yanvarında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ikinci (Şərq) ərazi idarəsinə birinci katib, 2005-ci ilin sentyabrında ölkəmizin Yaponiyadakı səfirliyinə birinci katib, 2006-cı il oktyabrın 2-də isə səfirliyin müşaviri vəzifələrinə təyin olunub. 2010-cu ilin yanvarından Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ikinci (Şərq) ərazi idarəsinin müşaviri, 2010-cu ilin mayından 2011-ci ilin avqustunadək nazirin katibliyinin müdiri, nazirin köməkçisi vəzifələrində çalışıb.
Sözün əsl mənasında hələ gənc, amma çox təcrübəli və təşəbbüskar olan səfirimiz Gürsel İsmayılzadənin dövlətimizin etimadını necə şərəflə doğrultduğu bizi sevindirməyə bilməzdi. Həm də tək onun yox, səfirliyin bütün əməkdaşlarının təşkilatçılıqları, ölkəmizi ləyaqətlə təmsil etmələri bizdə çox xoş təəssüratlar yaratdı. Təbii ki, səfərimizin sonunda biz onlara gördüyümüz diqqət və qayğıya, səmimi münasibətə görə minnətdarlıq və təşəkkürümüzü bildirməklə yanaşı, bu yüksək diplomatik xidmətlərini beləcə ləyaqətlə başa vurmaq arzumuzu da söylədik.
Dostluq telləri uzaq yolları yaxınlaşdırır
Səfərimizin proqramına uyğun olaraq, Razim Məmmədov başda olmaqla nümayəndə heyətimiz Yaponiya hökumətinin, xarici işlər nazirliyinin, hakim siyasi partiyanın, Tokio prefekturasının rəsmi nümayəndələri və Azərbaycanla əməkdaşlıqda maraqlı olan bir sıra yapon şirkətlərinin rəhbərləri ilə görüşərək işgüzar müzakirələr apardı.
Yaponiya xarici işlər nazirinin müavini Motome Takizava ilə görüşümüz bir çox cəhətən yaddaqalan oldu. Nazir müavini bizi öz ölkəsində qəbul etməkdən məmnun olduğunu bildirərək qeyd etdi ki, o, 2016-cı ilin avqustunda Azərbaycana səfərindən böyük təəssüratlarla qayıtmışdır. Ölkəmizdə ona göstərilən diqqətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Motome Takizava Prezident İlham Əliyevlə keçirilən görüşün əhəmiyyətini xüsusi vurğulayaraq qeyd etdi ki, ölkəmizin inkişafı onu çox sevindirmişdir: “Azərbaycanın dövlət başçısının Xətai rayonundakı Heydər Parkında “Yapon bağı”nın salınmasına razılıq verilməsi isə məni çox məmnun etdi. Bu onu göstərir ki, Azərbaycanda Yaponiya mədəniyyətinə, tarixinə, iqtisadiyyatına çox böyük maraq var. Bu gün məhz Xətai rayonunun nümayəndə heyətinin bizim ölkəyə səfəri iki ölkə arasında regionlararası əməkdaşlığın genişləndirilməsi baxımından çox əhəmiyyətlidir və Yaponiya XİN bu əlaqələrin inkişafı üçün lazım olan bütün dəstəyi göstərəcək”.
Yaponiya parlamentinin müşavirlər palatasının üzvü xanım Akiko Santo ilə görüşümüz də çox səmimi və maraqlı oldu. Bu gün iki ölkə arasında dostluq münasibətlərinin rəmzinə çevrilmiş Bakının Xətai rayonundakı “Yapon bağı”ndan söz açan xanım Akiko Santo vurğuladı ki, Azərbaycan onun üçün çox maraqlı ölkələrdən biridir. “Bizi yaxınlaşdıran tarixi, mədəni və mənəvi dəyərlər çoxdur. Elə ona görə də Azərbaycanda yapon mədəniyyətinə böyük diqqət var,” – deyən müşavirlər palatasının üzvü iki ölkənin parlamentlərarası münasibətlərinin də yeni səviyyəyə qaldırmağın zamanı olduğunu vurğuladı. Xanım Akiko Santo dost ölkələrin regionları arasında yeni münasibətlərin qurulması təşəbbüsünü alqışlayaraq bu istiqamətdə daim dəstək göstərməyə hazır olduğunu qeyd etdi.
Tokio prefekturasının qubernatorunun xarici əlaqələr üzrə müşaviri Hideaki Mizukoşi, Nazirlər Kabinetinin iqtisadi siyasət üzrə müşaviri Nideaki Okamoto və Yaponiya hökumətinin Asiya, Cənubi Qafqaz və GUAM ölkələri üzrə xüsusi nümayəndəsi, səfir Toşihiko Aiki Yaponiya dövlətinin Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu, səfər zamanı əldə olunan razılaşmaların həyata keçirilməsinə, Yaponiyanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqinə yardım göstərmək üçün hazır olduqlarını qeyd etdilər.
Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, LDP-nin Xarici Əlaqələr Bürosunun baş direktorunun müavini Yasumasa Naqasaka, Xarici İşlər Nazirliyinin Avropa bürosunun Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Seikiro Takahaşi, “Kosugi Zoen” şirkətinin rəhbəri Saki Kosigi və digər şəxslər ilə səmərəli görüşlər hər iki tərəfdən böyük maraqla qarşılandı.
Bir çox görüşlərdə bizimlə olan “Kosugi Zohen Co.LTD” şirkətinin rəhbəri Saki Kosugi isə iki ölkə arasında dostluq və əməkdaşlığın daha da güclənməsi, uzunmüddətli tərəfdaşlığın qurulması istiqamətində səylərini əsirgəməyəcəyini bəyan etdi. “Kosugi” şirkəti dünyanın çox yerində - Almaniya və Cənubi Kiprdə də bağ salır. Dörd il əvvəl şirkət bağçılıq üzrə dünyada keçirilən müsabiqədə birinici yerə layiq görülüb. Saki Kosigi üçüncü nəsildir ki, bağçılıqla məşğuldur.
İndi isə Xətai rayonu ilə qardaşlaşmış Seteqaya şəhəri haqqında: Setaqaya eynən Bakının Xətai rayonu kimi Tokionun 23 xüsusi rayonundan ən böyüyü, necə deyərlər, Tokiyoya pəncərədir. Ərazisi 58,08 kvadratkilometr, əhalisi 898 min nəfərdir. Tokionun cənub-şərqində yerləşən bu rayonu Kanaqava prefekturasından Tama çayının su xətti ayırır. Tokiodan gələn bir neçə dəmir yol xətti ilə Setaqayadan keçərək müxtəlif yerlərə istiqamət alır.
Setaqaya bizim Xətai rayonu kimi əsasən kütləvi yaşayış məhəllələrindən ibarət olsa da çox mötəbər rayon sayılır. Rayon 5 yerə ayrılır: Seteqaya, Tamaqava, Kitadzava, Kinuta və Karasuyama. Onların hər birinin özünün administrasiyası var və onlar da Setaqaya inzibati ərazi dairəsinə daxildirlər.
Digər xüsusi rayonlar kimi Setaqaya da öz statusunu 1947-ci il martın 15-də alıb. Edo erasında bu ərazidə 42 kiçik kənd yerləşmişdir. 1871-ci ildə onlardan bir qismi Tokio prefekturasına, bir qismi isə Kanaqava prefekturasına birləşmişdir. Bir qədər sonra, 1893- cü ildə daha bir neçə kənd də Tokioya birləşdi.1932-ci ildə Seteqaya şəhər rayonunun yaranması baş verdi. 1936-cı ildə onun tabeliyinə bir neçə kənd də veriləndən sonra o bugünkü əraziyə sahib oldu. Kanadanın Vinnipeq, Venanın Dyoblinq və Avstraliyanın Benberi şəhərləri Setaqeya ilə qardaşlaşmış şəhərlərdir. İndi onların sırasına Xətai rayonu da əlavə olunmuşdur.
Elə ona görə də Setaqaya şəhərinin meri Nobuto Hosaka ilə görüşümüz daha geniş və maraqlı alındı.Mer Nobuto Hosaka bizi çox böyük səmimiyyətlə qarşıladı. Söhbətindən mənə də, yoldaşlarıma da bəlli oldu ki, Azərbaycan haqqında zəngin məlumatı var. Özü qeyd etdi ki, Azərbaycanın Ermənistan tərəfindən ədalətsiz müharibəyə cəlb edilməsinə və ərazilərinin işğal olunmasına baxmayaraq, ölkənizin son illərdəki uğurlu inkişafından xəbərdaram. Güman edirəm əgər bu müharibə olmasa Azərbaycan daha böyük uğurlar qazana bilərdi.
Mer Setaqaya şəhəri və Xətai rayonu arasında dostluq münasibətlərinin qurulması məqsədilə qarşılıqlı təbliğatın aparılmasının əhəmiyyətini də vurğuladı. Setaqaya şəhərinin ekologiya məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd edən N.Hosaka Xətai rayonundakı “Ağ şəhər” layihəsinin bu istiqamətdə təcrübə mübadiləsi üçün əhəmiyyətli olacağını söylədi. Nümayəndə heyətimiz Yaponiya ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını nəzərə alaraq, yapon nümayəndələri, xüsusilə Setaqaya şəhərinin meri Nobuto Hosakanı Azərbaycana səfərə dəvət etdi.
Görüşlər zamanı şahidi olduğumuz bir məqam onda idi ki, iki rayonun – Xətai və Setaqayanın qardaşlaşma təşəbbüsü Yaponiyada görüşdüyümüz bütün məsul şəxslər tərəfindən böyük maraqla qarşılandı və alqışlandı. Onlar birmənalı şəkildə bildirdilər ki, bu layihənin, eləcə də, digər iqtisadi-mədəni əlaqələrin baş tutması üçün əllərindən gələni əsirgəməyəcəklər. Hətta görüşlərin birində çox maraqlı bir ifadə səsləndi: “Dostluq telləri uzaq yolları yaxınlaşdırar”.
Nümayəndə heyətimizin Tokio prefekturasının Tullantıların Emalı Mərkəzinin və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yarışlara hazırlıq fəaliyyəti ilə də tanışlığı yaddaqalan görüşlərdən oldu.
Yaponiyada keçirdiyimiz bütün işgüzar görüşlərdə nümayəndə heyətinin rəhbəri Razim Məmmədov ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası və sürətli inkişafı ilə bağlı strategiyanın işlənib hazırlanması barədə görüş iştirakçılarına ətraflı məlumat verirdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, nəticədə, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi və dünya iqtisadiyyatına uğurlu inteqrasiyası, sürətlə inkişaf edən bir ölkə kimi öz mövqeyini möhkəmləndirməsi haqqında bilgilər Yaponiya rəsmiləri tərəfindən maraqla qarşılanırdı.
Xətai rayonunun sosial-iqtisadi göstəricilərinə gəldikdə isə, icra hakimiyyətinin başçısı qeyd etdi ki, bir vaxtlar neft sənayesi obyektlərinin yerləşdiyi bu yaşayış ərazisi Bakının ən geridə qalmış və çox çirkli rayonlarından olduğu üçün el içində “Qara şəhər” adlanırdı. Ancaq ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra “Bir vaxt gələcək “qara şəhər” “ağ şəhərə” çevriləcəkdir” deyib, bu rayona diqqət və qayğısını əsirgəmədi. 10 ildən artıqdır ki, onun sözləri həyatın reallığına çevrilib və indi rayon əsl yüksəliş dövrünü yaşayır.
Yaponiya Xarici işlər Nazirliyində və bir çox digər dövlət orqanlarındakı görüşlərimizdə əsas mövzulardan biri də, təbii ki, bu gün xalqımızı ən çox narahat edən Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması, təcavüzkarların Xocalıda, Qaradağlıda və bir çox digər yerlərdə törətdikləri soyqırımı faktları idi. Nümayəndə heyətimizin rəhbəri Yaponiyanın dövlət rəsmilərinə, iş adamların işğal faktı və faciələr haqqında müfəssəl məlumat verərək bildirdi ki, Xocalı faciəsinə qoyulmuş abidə Xətai rayonu ərazisində yerləşir və dünyanın bir çox dövlətləri artıq bu faciəni azərbaycanlıların Ermənistanın törətdiyi soyqırımı faktı kimi tanıyır. Xətai rayonunun beynəlxalq əməkdaşlığından – Türkiyənin Mersin vilayətinin Tarsus şəhəri və Belarusun Minsk şəhərinin Leninsk rayonu ilə qardaşlıq münasibətlərindən də geniş bəhs edildi. Qeyd olundu ki, bu əlaqələrdə Yaponiyanın Tokio şəhərinin də xüsusi yeri var.Tarsus şəhərində Heydər Əliyevin adını daşıyan körpünün və parkın inşa edildiyini, həmin parkda mərhum prezidentin abidəsinin ucaldıldığını qeyd edən Razim Məmmədov, gələcəkdə Tokio prefekturasının Seteqaya şəhəri ilə də bu istiqamətdə layihələrin gerçəkləşdirilməsinə və belə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirdi. Yaponiya iş adamları ilə artıq Bakıda belə bir layihə gerçəkləşdirilib və 2015-ci ildə Xətai rayonunda “Kosugi Zohen Co.LTD” şirkəti tərəfindən salınmış “Yapon bağı” buna əyani sübutdur.
Milli Məclisin deputatı və YAP Xətai rayon təşkilatının sədri kimi mən də 2017-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd ediləcəyini vurğulayaraq bildirdim ki, iki dövlət arasında diplomatik münasibətlərin möhkəmlənməsinə xalqlar arasında qurulmuş dostluq əlaqələri böyük töhfə verir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Yaponiyanın hakim Liberal Demokratik Partiyası arasında qurulmuş əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin və dialoqun artırılmasının vacibliyinə diqqət çəkdim.
LDP-nin xarici əlaqələr bürosunun rəhbəri, parlamentin üzvü Kazunori Tanaka da 2015-ci ilin mayında ölkəmizə uğurlu səfərindən məmnunluğunu bildirib, hakim partiyalar arasında yaranmış dostluq münasibətlərinin daha da gücləndirilməsində maraqlı olduqlarını qeyd edib.
“Yapon doğulmaq xoşbəxtlikdir”
Yaponlar ünsiyyətdə olduqları əcnəbilərin yaddaşında xoş təəssürat yaradırlar. Onlar öz vətəni və soydaşları haqqında söhbət edəndə daxili bir coşqu ilə “Yapon doğulmaq xoşbəxtlikdir” deyir, yapon doğulduqları üçün, həqiqətən, qürur duyurlar. Bu xoşbəxtliyin özəyini təşkil edən yaponların yaşam tərzinə çevrilmiş uğur qazanmaq yolu dünyanın ən inkişaf etmiş ölkələri üçün həmişə diqqət mərkəzində olmuşdur. Yaponların dünyanı mat qoyan möcüzəsinin mayasında adına “Kayzen” deyilən prinsip durur. Kayzen — yapon sözü olub mənası “yaxşılığa doğru dəyişmək”, “inkişaf etmək” deməkdir. Sözün düzgün yazılış forması “kaizen”dir. Lakin dilə yatımlılığına görə kayzen şəklində tələffüz edilir. “Kayzen” həm də keyfiyyət menecment sistemidir. Əsasən, sənayedə, xüsusilə, Toyota şirkətində tətbiq edilsə də, Kayzen gündəlik həyatda da istifadə olunur. Bəli, “davamlı olaraq yaxşılaşdırma, mütəmadi olaraq irəliyə getmə, hər günü öncəki gündən daha yaxşı” başa vurmağa səbəb olan Kayzen sistemi yaponların, demək olar, bütün uğurlarının əsasını təşkil edir...
Yapon idarəçiliyində Kayzen prinsipinə uyğun olaraq qazanc deyil, keyfiyyət öndədir. Qərbdə əgər hər işdə yenilik və nəticə öndədirsə, Yaponiyada isə proses və keyfiyyət hər şeydən öndə gəlir. Məsələn, Toyotada işləyənlər il ərzində ortalama 33 təklif verirlər ki, bunun da məqsədəuyğun olanlarını dərhal icra edirlər. Şirkətdə təklif vermək yaponlar üçün vəzifə borcu kimi bir şeydir. Yaponlarda kollektiv ruh inanılmaz dərəcədə yüksəkdir.
Yapon firmalarında idarəetmə müvəffəqiyyətə zəmin yaradır. Texnoloji üstünlüklərini, hər sahədə dahicəsinə inkişaf etdirən yapon firmaları, mövcud dünyada sarsılması qeyri-mümkün olan bir imperiya qurublar. Bəs yapon firmalarının uğurlarının təməlindəki sirr nədir?
Əslində, kiçik bir araşdırmayla bunu anlamaq heç də çətin deyildir. İşgüzar rəhbərlik üslubu, şəffaflıq, bərabərlik, maddi imkanlar və ən vacibi “daimi məşğulluq” anlayışları bu müvəffəqiyyəti tam izah edir. Yüksək səviyyədə təşkil edilmiş “firma-işçi” münasibətləri və insanların işlədikləri firmaları bir ailə təşkilatı kimi görmələri, davamlı olaraq yüksək məhsuldarlığın təminatçısıdır. Yapon idarəetməsinin möhtəşəm uğurlarını nəzərə alaraq, bu sistemin bəzi sirlərini sizə açıqlayırıq.
Müasir dünyada yapon şirkətlərinin müvəffəqiyyəti heyrətamizdir. Xüsusilə avtomobil, elektrik və elektronika sahələrində yapon şirkətlərində müşahidə olunan inanılmaz artım tempi bütün dünyanın marağına səbəb olmuşdur. Uğurlu yapon idarəetməsinin sirlərini öyrənərək, tətbiq etmək çox faydalıdır. Hal-hazırda dünyanın bir çox iri şirkətləri Yaponiyadakı şirkətlərin sturukturunu, iş sistemini və qaydalarını dərindən öyrənirlər. Yapon şirkətlərini müvəffəqiyyətə aparan şey, ayrı-ayrılıqda nə insan faktoru, nə də sistemdir. Yapon idarəetməsindəki müvəffəqiyyətin sirri “təşkilat mədəniyyəti” və ya “təşkilat iqlimi”ndə axtarılmalıdır. Təşkilat mədəniyyəti bir təşkilatdakı bütün ünsürləri ehtiva etməkdədir : rəhbərlik, işçilər, iş alətləri və ya texnika, sistem, ətraf mühit və sairə.
Bu ünsürlərin heç biri təkbaşına bir təşkilatı uğurlara apara bilməz. Yaxşı yetişmiş, səriştəli insan gücü, özünə dəyər verməyən, motivasiyanı yüksəltməyən, təqdir etməyən və mükafatlandırmayan bir idarəetmədə yüksək performans göstərə bilməz. Rəhbərliyin vizion və missiya sahibi olması çox vacibdir. Vizion olmadan missiya olmaz, missiya olmadan da reallaşdırılması nəzərdə tutulan hədəfə, yəni viziona çatmaq olmaz.
Təşkilatda qurulmuş sistem və bu sistemin qaydaları çox mühümdür. Qaydaların açıq və ədalətli müəyyən olunmadığı heç bir təşkilatdan möcüzəvi bir müvəffəqiyyət gözləmək olmaz. Yaxşı bir oyun üçün həm oyunçuların, həm də oyunun qaydalarının yaxşı olması lazımdır. Xülasə, keyfiyyətli insan resursları və mükəmməl sistem olmadan yüksək performans və müvəffəqiyyət xəyaldan başqa bir şey deyildir.
(ardı var)
Hüseynbala MİRƏLƏMOV,
yazıçı-dramaturq, Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.