Dünən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadənin rəhbərliyi və redaktorluğu ilə hazırlanmış “Bakı nefti – qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” kitabının təqdimatı keçirildi. Tədbirdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, ombudsman Elmira Süleymanova, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, deputatlar, alimlər və KİV təmsilçiləri iştirak edirdilər. İştirakçılar əvvəlcə “Böyük Vətən müharibəsi tariximizin yaddaşında” adlı stendlə tanış oldular.
Mərasimi giriş sözü ilə Siyasi Sənədlər Arxivinin rəhbəri Mais Bağırov açaraq bildirdi ki, kitab çox vacib bir mövzuya həsr olunub. Burada Azərbaycan neftinin, eləcə neftçilərimizin Böyük Vətən müharibəsində tarixi qələbəyə ciddi töhfələri tarixi sənədlər və arxiv materialları ilə oxucuya çatdırılır. Kitabda, eyni zamanda, Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, dəniz donanmasının, tibb işçilərinin gərgin əməyi öz əksini tapıb.
Milli Məclisin deputatı Eldar İbrahimov kitab haqqında ətraflı danışaraq dedi ki, akademik Ziyad Səmədzadə gərgin zəhmət çəkərək çox sanballı bir əsər ortaya qoyub. Danılmaz həqiqətdir ki, Bakı nefti Böyük Vətən müharibəsində qələbə qazanılmasında əvəzsiz pol oynayıb. O, ümummilli lider Heydər Əliyevdən müharibə dövrü ilə bağlı sitat gətirdi: “Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olubdur. Bir daha deyirəm, həm övladlarımızın cəbhədəki qəhrəmanlığı, həm də neft hasilatı, cəbhəyə lazım olan bütün başqa ləvazimatların istehsalı sahəsində Azərbaycan xalqının xidmətləri misilsiz, əvəzsiz, tarixidir”. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərib, bir şox igidlərimiz Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Kitabda bütün bunlar sənədlərlə təsdiq olunur.
Tarixçı alim Fəzail İbrahimli bildirdi ki, kitab fədakar əməyin, böyük zəhmətin bəhrəsidir. Burada Azərbaycan xalqının tarixi taleyi ilə bağlı çoxlu qiymətli sənədlər toplanıb. Heç də qəribə deyil ki, istər I, istərsə də II Dünya müharibəsində Bakı neftinin pozulmaz izi var. Müəllif kitabda Bakı neftini iqtisadi müstəvidən siyasi müstəviyə keçirir. Azərbaycan Böyük Vətən müharibəsində 300 min qurban verib. Kitab, eyni zamanda, sanki Azərbaycanın bədxahlarına, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə şərait yaradanlara bəyan edir ki, haram olsun sizə Bakı neftinin verdiyi töhfələr.
Akademik Xoşbəxt Yusifzadə Azərbaycanda neft sənayesinin tarixindən, neftimizin və neftçilərimizin Böyük Vətən Müharibəsi illərindəki tarixi xidmətindən, “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan danışdı.
Deputatlar Fəttah Heydərov və Fuad Muradov kitabın gənclərin və ümumiyyətlə gələcək nəsillərin tərbiyəsində mühüm rol oynayacağını qeyd etdilər. Veteranlar təşkilatının nümayəndəsi Cəlil Xəlilov bu cür əsərlərin gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinə ciddi təsir edəcəyinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə təkan verəcəyini dedi.
Sonda Ziyad Səmədzadə iştirakçılara minnətdarlığını bildirdi və əlavə etdi ki, müharibə illərində Bakı sovet ordusunu, bütövlükdə ölkəni yanacaqla, sürtkü yağları və digər materiallarla təmin edən əsas təchizatçı olub. Ölkədə işlədilən yanacağın 80 faizə qədərini Azərbaycan neftçiləri istehsal edib. Həmin illərdə neftçilərimiz 160 dəfə yüksək səviyyədə mükafatlandırılıb. Bu və digər materialları və sənədləri arxivlərdən əldə ediblər. Amma toplanmış materiallar əsasında daha böyük kitablar yazmaq olar.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.