Tanınmış nasir, şair, tərcüməçi Vidadi Babanlı artıq 90 yaşın zirvəsindədir. Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü olan ağsaqqal yazıçı ötən əsrin ikinci yarısından üzübəri Azərbaycan ədəbiyyatı üçün “külüng” vurur, –desək, mübaliğə etmiş olmarıq. O, “Həyat bizi sınayır”, “Vicdan susanda”, “Müqəddəs ocaq”, “Gizlinlər”, “Ömürlük əzab”,“Gəlin”, “Ana intiqamı” kimi bir sıra sanballı əsərləri ilə çağdaş ədəbiyyatımızda layiqli yerini tutur. Vidadi Babanlı bu gün də eyni şövqlə yazıb-yaradır. Yeni bitirdiyi son romanı – “Zəmanə adamı” bunu deməyə tam əsas verir.
...Uşaq yaşlarında ara-sıra “Pioner” jurnalında şeirləri çap edilsə də, atası onun şair olacağına inanmadığı üçün məktəbi bitirdikdən sonra onun məsləhəti ilə sənədlərini Tbilisidəki Zaqafqaziya Dəmir Yolu İnstitutuna verib. Amma gənc Vidadi yaradıcılıq həvəsini öldürə bilmədiyi kimi, bu məktəbdə də uzun müddət qala bilməyib və birinci kursu bitirəndən sonra ailəsindən xəbərsiz Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) yeni açılan filologiya fakültəsinə qəbul olunub. Atası isə bunu eşidib qəzəblənsə də, sonradan onun əsərlərini jurnallarda oxuyanda oğluna alqış dolu məktub yazıb.
Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulub. Ali təhsil aldıqdan sonra xalq şairi Səməd Vurğunun məsləhəti ilə bir il Sabirabadda müəllim işləyib, sonra isə Bakıya dönərək "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilən gənc yazar orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olub. "Ədəbiyyat qəzeti", "Azərbaycan" jurnalı redaksiyalarında işləyib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. İlk şeirləri, həmçinin "Dönüş" və "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" imzası ilə çap olunmuş müəllif sonradan “Babanlı” təxəllüsünü seçərək, "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlayıb.
Hekayə, oçerk, publisistik məqalə, povest, roman və kinossenarilər yazan Vidadi Babanlının əsərləri bir sıra xarici dillərə çevrilib. Ara-sıra duyğu və düşüncələrini ilk gənclik illərində olduğu kimi, poeziya dili ilə ifadə edən yazarın "Kişilik haqqında himn" şeirlər toplusu 2002-ci ildə kütləvi tirajla buraxılıb. "Öz evində qonaq" pyesi 2003-cü ildə tamaşaya qoyulub.
…Yeniyetməlik və gənclik illərimizdə həvəslə oxuduğumuz bədii ədəbiyyat nümunələri sırasında Vidadi Babanlının “Vicdan susanda” və Nodar Dumbadzenin “Ağ bayraqlar” əsərləri də vardı. Nəyə görə bu iki əsərin adını çəkdim? Məsələ burasındadır ki, N.Dumbadze “Ağ bayraqlar”ı yazan zaman ölkəsinin daxili işlər nazirinin razılığı ilə, özü də başqa kimsənin xəbəri olmadan bir müddət təqsirləndirilən şəxs qismində milisin istintaq təcridxanasında kriminal ünsürlərlə eyni kamerada qalıb. Məqsədi də o olub ki, həmin məkanın daxili dünyasını yaxından öyrənməklə ortaya təsirli və inandırıcı bir əsər qoya bilsin. Bu barədə hər birimiz həvəslə danışırdıq. Amma bilmirdik ki, sən demə, gürcü ədibindən əvvəl Azərbaycan yazıçısı Vidadi Babanlı da buna bənzər addım atıb. “Vicdan susanda” yazılan ərəfədə o, Elmlər Akademiyasına gedərək, EA prezidentinin müavini – tənqidçi, ədəbiyyatşünas Məmməd Arif Dadaşzadəyə müraciət edib. Əsərinin baş qəhrəmanı kimyaçı olduğuna görə bu sahənin bəzi sirlərini öyrənmək istəyib. Etiraz olunmayıb və yazıçını Neft Kimya Prosesləri İnstitutuna kitabxanaçı təyin ediblər. Təzə iş yoldaşları isə elə biliblər ki, o da kimyaçıdır. Beləcə, “kitabxanaçı” yazar daha çox alimlərin arasında, laboratoriyalarda olaraq prosesləri müəyyən qədər mənimsəyib. Romanın maraqlı çıxmasının, illərcə əl-əl gəzməsinin bir səbəbi də, çox güman ki, budur.
Bizim gənclik illərimizin gözəl filmlərindən biri də Vidadi Babanlının ssenari müəllifi olduğu “Həyat bizi sınayır” filmi idi. Yeri gəlmişkən, həmin əsər də yazılmazdan öncə Vidadi müəllim, necə deyərlər, “kəşfiyyat”a gedəsi olub və bir müddət Sumqayıtda, fəhlə yataqxanasında tərbiyəçi işləyib. Filmdə ssenari müəllifinin canlı müşahidələrindən gen-bol istifadə edilib.
...1993-cü ilin qış fəsli idi. O vaxtlar çalışdığım Azərbaycan Televiziyasının ədəbi-dram verilişləri baş redaksiyasına Vidadi müəllim vətənpərvərlik mövzusunda şeirlərini təqdim etmişdi. Efir üçün nə isə hazırlamaq mənə həvalə olundu. Şeirlərlə tanışlıqdan sonra Vidadi müəllimə bildirdim ki, bunları cəbhə bölgəsində döyüşçülərimizin qarşısında oxusanız, lentə alıb yaxşı bir veriliş hazırlayarıq. Dərhal razılaşdı və biz onunla Qazax rayonuna, əsgərlərin görüşünə yola düşdük. Yolboyu ağsaqqal yazıçı maraqlı söhbətlər elədi. Qazaxın Balacəfərli kəndində, düşmənlə təmas xəttinin yaxınlığında onun döyüşçülərimizlə görüşü də çox maraqlı keçdi. Vidadi müəllimin döyüş ruhlu, yüksək pafoslu şeirlərini əsgərlər sevə-sevə dinləyib xeyli alqışladılar. Çəkiliş qrupumuzun işi də uğurlu alındı.
Cəbhə bölgəsinə səfərimizdən bir neçə ay sonra Vidadi Babanlının həmin şeirləri “Hoydu, dəlilərim, hoydu” adlı yeni kitabında işıq üzü gördü.
Vidadi Babanlı o ədəbi nəslin nümayəndəsidir ki, Azərbaycana və dünyaya İsmayıl Şıxlı, İsa Muğanna, Sabir Əhmədli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil kimi görkəmli yazıçı və şairlər bəxş edib. İndiyədək 45 kitabı çıxmış Vidadi müəllimin də geniş oxucu auditoriyası var. Onun “Vicdan susanda” romanında XX əsrin ikinci yarsında Azərbaycanda elmi-texniki tərəqqinin həyata və məişətə, insanların psixologiyasına, cəmiyyətdə yeniləşmə prosesinə ciddi təsirindən, ətraf mühitin, ana təbiətin mühafizəsi məsələlərindən və habelə, mənəviyyatdakı aşınmalardan bəhs olunur. Əsərdə vicdanın ən böyük mənəvi keyfiyyət olması ideyası aşılanır. Vicdanı olanların heç bir zaman paxıllıq, bədxahlıq nə olduğunu bilmədiyi, pis əməllər törətmədiyi göstərilir. Amma, təəssüf ki, vicdanı susan kəslər çox şeyə göz yumurlar və bu da cəmiyyətə böyük zərbələr vurur...
Vidadi Babanlının əsərlərinin bədii siqləti barədə ünlü tənqidçilər, filoloqlar geniş məqalələr yazıblar. AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Əməkdar elm xadimi Nizami Cəfərovun, filologiya elmləri doktoru Vaqif Yusifli və başqaları onun yaradıcılığını yüksək dəyərləndiriblər. N.Cəfərov görkəmli nasirin haqqında yazdığı məqalələri 2010-cu ildə ayrıca kitab kimi çap elətdirib.
Professor Qəzənfər Kazımovun da Vidadi Babanlı yaradıcılığı barədə maraqlı qeydləri var: “Vidadi Babanlını və qəhrəmanlarını dövrün mühüm problemləri düşündürür: ekologiya məsələləri, bədnam 37-ci il, elmi-texniki tərəqqinin xeyirli tərəfləri ilə bərabər, gətirdiyi bədbəxtliklər, insan mənəviyyatına vurulan zərbələr... Əsərin (“Vicdan susanda” – Ə.N.) gənc qəhrəmanı Vüqar və onun elmi rəhbəri Söhrab Günəşli, bu ailənin dostları və tanışları həyatın şirinliyini də, acısını da zaman-zaman dadmalı olurlar. Mərhəmət xanımın mərhəmətsiz niyyətləri Günəşlini daim mənəvi sarsıntılara doğru sürükləyir...
“Vicdan susanda” romanının qəhrəmanı kimi, “Müqəddəs ocaq” romanının qəhrəmanı Xalis də aspirantdır. Yüksək arzularla yaşayır. O, son dərəcə xeyirxah bir işlə məşğuldur: xərçəng xəstəliyi ilə mübarizə yollarını düşünür, otlardan, çiçəklərdən dərman hazırlayır və bu yolla həmin bəlanın kökünü kəsmək istəyir. Təbiət gözəlliklərinin təsviri, bu əsrarəngiz aləmdə həqiqi məhəbbət, təbabətin təbii otlar və çiçəklərlə inkişafına dair qədim elmin dirçəldilməsi, heyvandarlığın, təsərrüfatın qayğı ilə inkişaf etdirilməsi, insan sədaqəti, ağsaqqal sözü əsərin əsas məziyyətləridir.
Vidadinin əsərləri sevilir və oxunur. Biz gözümüzü “Gəlin” povestinin, “Vicdan susanda” romanının təsiri altında açmışıq. Bu əsərlər dəfələrlə Azərbaycan dilində, Moskvada 100-150 min tirajla nəşr olunub, keçmiş İttifaq miqyasında geniş şöhrət qazanıb, xarici dillərə çevrilib.
“Müqəddəs ocaq” romanının jurnal variantı nəşr olunan kimi, əsər rus dilinə tərcümə edildi. Bu hal onunla əlaqədardır ki, yazıçı Vətənini, dilini sevir, etnik, etnoqrafik xüsusiyyətləri, xalqın vərdiş və adətlərini, ağrı-acı və istəklərini, gözəl, varlı təbiətini təsvir etməkdən yorulmur.
Yazıçının “Gizlinlər” romanında sovet dönəmində yaradıcı ziyalıların doğru söz demək, həqiqəti yazmaq uğrunda mübarizədə düçar olduqları çətinliklər, məhdudiyyətlər önə çəkilir, ədəbi-ictimai mühit göz qarşısında ustalıqla canlandırılır. “Ömürlük cəza”romanı da maraqla oxynan əsərdir. Əsərin qəhrəmanı işgüzar və xeyirxah insandır. Amma addımbaşı harın və fırıldaqçıların bəd əməlləri ilə üzləşir. Romanda ülvi məhəbbət, ictimai-siyasi məsələlər, psixoloji problemlər realistcəsinə təsvir edilir.
Onu da qeyd edək ki, Vidadi Babanlı öz müasiri olan yazıçı Valentin Rasputinin tərcüməçisi kimi tanınır. Rus həmkarının “Mariyaya pul lazım idi” və “Sonuncu möhlət” əsərlərini dilimizə məharətlə çevirib.
Dahi mütəfəkkir Bəhmənyarın müdrik kəlamlarından birində deyilir: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”. – Bu sözləri bütünlüklə 90 yaşlı yubilyar nasirimiz Vidadi Babanlıya aid etmək olar.
Əli NƏCƏFXANLI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.