Xalq artisti Lütfi Məmmədbəyovun 90 illik yubileyi qeyd olunur

Onu  ilk dəfə “Səhər” filmində Aslan rolunda  görmüşdüm. Maraqlı obraz idi, gənc olmasına baxmayaraq,  bu  rolu ustalıqla  ifa etmişdi. İllər  ötdü,  Lütfi Məmmədbəyov tanındı, məşhurlaşdı, tamaşaçıların  sevimlisinə  çevrildi. Bu  günlər böyük  sənətkarın  90 illik yubileyi  qeyd olunur. Biz də bu  istedadlı  sənətkarın  sənət yoluna  qısa  nəzər salmaq istədik.

Milli  teatrımızın və kino  sənətimizin inkişafında böyük xidmətləri olan Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonlarında bu teatr müvəqqəti olaraq bağlananda Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək orada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, 60-dan çox televiziya tamaşasının rejissoru olub. Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) rejissoru da Lütfi Məmmədbəyov olub O, Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı "İtkin gəlin" serialını çəkib.

1953-cü ildə öz təşəbbüsü ilə yaratdığı xalq teatrına qırx ildən artıq rəhbərlik edib. Bu gün tanınan aktyorların, rejissorların əksəriyyətinin ilk sənət yolu həmin xalq teatrından başlayıb. Bu xalq teatrı Azərbaycan milli teatr və kinosuna Həsən Turabov, Həsən Əbluc, Şahmar Ələkbərov, Rasim Balayev, Tariyel Qasımov kimi aktyor nəsli bəxş edib.

O, eyni zamanda, respublika teleradio yayımlarında kamera, mikrofon qarşısında mahir aparıcılardan biri olub. Dövrün məşhur televiziya verilişləri "Səhər" musiqili informasiya proqramı, "Teatr görüşləri", "Sənətkar və zaman", "Aktyorlar, rollar" verilişləri L.Məmmədbəyovun istedadı, aparıcılığı sayəsində illərlə ekran ömrü yaşamış, tamaşaçı sevgisi qazanmışdı.

M.MEHDİYEV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında