Yaddaşlarda yaşayan istedadlı aktyor Həsənağa Salayevdən söhbət açmaq istəyirəm. Nədənsə, bu görkəmli sənətkar çox gec -gec xatırlanır, haqqında mətbuatda nadir hallarda yazılar verilir. Milli aktyorluq sənətimizin inkişafında kifayət qədər xidmətləri olan bu sənətkarın ömür və sənət yollarında xatırlanası məqamlar çoxdur. Ən əsası isə onun yaradıcılıq yolu milli aktyorluq sənətimizin tarixi üçün olduqca əhəmiyyətlidir.
Bu il Həsənağa Salayevin yubileyidir. 95 illiyini qeyd etdiyimiz aktyorun ömrünün yarıdan çoxu teatr və kino sənəti ilə bağlı olub. Yaratdığı romantik və realist personajlar, mürəkkəb psixoloji dramatik obrazlar Azərbaycan aktyorluq məktəbinin qiymətli nümunələridir.
1921-ci ilin dekabr ayında Bakıda doğulub. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə doqquzuncu sinfi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Sənətə gəldiyi dövr teatrlarımızda Sidqi Ruhulla, Mirzağa Əliyev, Mərziyyə Davudova, Sona Hacıyeva, Mustafa Mərdanov, Rza Təhmasib, Kazım Ziya, Rza Əfqanlı kimi sənətkarlar fəaliyyət göstərirdi. Bu mühit aktyora elə gənclik illərindən teatra böyük həvəs yaratmışdı. İlk dəfə Mərziyyə Davudova ilə tərəf- müqabil kimi Səməd Vurğunun “Xanlar” pyesinin tamaşasında səhnəyə çıxan aktyor ümidləri doğrulda bildi. Mərziyyə xanım tamaşadan sonra demişdi: “Inanıram ki, sən yaxşı artist olacaqsan”.
Böyük Vətən müharibəsinin qanlı-qadalı yollarından keçən aktyor yenidən doğma teatra qayıtdı. Bu ağrılı illərdən sonra o, yeni rollar oynamaq istəyirdi. Ona bir-birinin ardınca mürəkkəb xarakterli rollar həvalə edilirdi. Rejissorlar onun yaradıcılıq imkanlarını yaxşı bilirdilər. Ona klassik və müasir dramaturqların əsərlərində baş rolları həvalə edirdilər. Səməd Vurğunun “Fərhad və Şirin” (Fərhad), “Vaqif” (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin “Qatır Məmməd” (Əziz), Ənvər Məmmədxanlının “Şərqin səhəri” (Mustafa), Vilyam Şekspirin “Otello” (Montano), “Antoni və Kleopatra” (Sezar), “Qış nağılı” (Florizel və Leont), Nazim Hikmətin “Türkiyədə” (Hüseyn Həlim), Mirzə Ibrahimovun “Həyat” (Abbas), Mehdi Hüseynin “Cavanşir” (Qartal və Söhrab), “Alov” (Əmin Bəxtiyarov) və başqa neçə-neçə əsərdə yaratdığı rollar ona şöhrət gətirmişdi. Tamaşaçılar artıq onu yaxşı tanıyır və sevirdilər.
Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” əsərindəki doktor rolu onun yaradıcılığında çox önəmli yer tutur. Bu tamaşa göstəriləndə Nazim Hikmət də Bakıda idi. Aktyorun ifası salonu heyrətə gətirmişdi. Bu obraz haqqında Mehdi Məmmədov yazırdı: “Əgər hər hansı bir aktyor desəydi ki, mən səhnədə Hamlet obrazını yaratmışam, ona belə cavab verərdim: kaş mən də Həsənağa Salayev kimi doktor obrazını oynamış olaydım”.
Elə “Oqtay Eloğlu” (C.Cabbarlı) tamaşasında yaratdığı baş qəhrəman da uzun illərdir ki, yaddaşlardan silinmir. O, obrazın bütün duyğularını, hisslərini elə təbii yaşayırdı ki, tamaşaçı uzun müddət bu təsirdən xilas ola bilmirdi.
Həsənağa Salayevin yaradıcılığının başqa bir məkanı da kino idi. Neçə-neçə unudulmaz filmlərimizdə onun yaratdığı ekran qəhrəmanları yaşayır. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “Koroğlu”, “Istintaq davam edir” bədii və “Aygün” televiziya filmlərində müvafiq olaraq Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, mayor Rüstəmov, Əmirxan rollarına çəkilib. O illərdə adətən, filmlərdə çəkilən aktyorların rolunu başqa artistlər səsləndirirdilər, amma Həsənağa Salayev, demək olar ki, bütün qəhrəmanlarını öz səsi ilə yazdırıb. Onun qəlblərə sirayət edən səs tembri obrazı daha baxımlı edir. “Görüş” filmindəki Musanı yəqin ki, xatırlayırsınız. Bu adi mexanizator roludur. Amma səmimi, mehriban bir gəncdir. Sevdiyi qızın bütün şıltaqlıqlarına dözür, sanki bütün bunlardan həzz alır.
“İstintaq davam edir” filmində Həsənağa Salayev həm baş rolda oynayıb, həm də bu ekran əsərinin ikinci rejissoru olub. Mayor Rüstəmov maraqlı obrazdır. Onun bu rolu ilə “Onu bağışlamaq olarmı?” filmindəki Qüdrət obrazı arasında bir oxşarlıq var. Hər ikisi polis işçisidir.
“Aygün” poeması əsasında çəkilmiş eyniadlı film Azərbaycanda ilk bədii televiziya filmi idi. Filmdə Əmirxan obrazının yaradıcısı da Həsənağa Salayevdir. O, bu obrazın daxili sarsıntılarını, ziddiyyətini, çaşqınlığını olduqca təbii verib.
“Azərbaycanfilm” kinostudiyasının bədii şurasının uzun müddət üzvü olmuş Həsənağa Salayev xarici filmlərin Azərbaycan dilinə dublyajında da iştirak etmişdir. Onun repertuarı həmişə rəngarəng idi. İstər televiziyada, istərsə də radio tamaşalarında saysız-hesabsız rollar yaratmışdır. Xüsusilə də, İ.Şıxlının “Dəli Kür” romanı üzrə səhnələşdirilmiş radio tamaşasında Həsənağa Salayevin təqdim etdiyi Cahandar ağa obrazı böyük şöhrət qazandı. Həsənağa Salayevin səsindəki amiranəlik, mətinlik, qətiyyətlilik əsl bəy, xan xarakterinin açılmasında əvəzsiz rol oynadı.
Həsənağa Salayev ruhən, emosiya coşqunluğu, səs diapazonu ilə romantik aktyor idi, ancaq lirik, dramatik və psixoloji rolları da məharətlə oynayırdı.
Çoxcəhətli yaradıcılığı ilə müxtəlif səpkili rollar yaradaraq sənət xəzinəmizin ən parlaq incisinə çevrilmiş aktyorun fəaliyyəti, bütövlükdə, bir örnəkdir. Təəssüf ki, onun teatr səhnəsində yaratdığı saysız-hesabsız obrazlar lentə alınmayıb. Amma bədii filmlərdəki maraqlı obrazları bu istedadlı sənət fədaisinin aktyorluq məharətindən xəbər verir.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda səhnə danışığı fənnindən dərs deyirdi. Öz zəngin təcrübəsini gələcək aktyorlara öyrətməkdən xüsusi zövq alırdı.
Aktyorun sənəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb. 10 iyun 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adları ilə təltif edilib.
Yaradıcılığının ən müdrik çağında – 54 yaşında qəfil xəstəlik tapıb. Hətta ağır xəstəlikdən səhnəyə belə çıxa bilmirdi. 2 oktyabr 1981-ci ildə bu böyük sənətkar dünyasını dəyişdi.
Bu gün Həsənağa Salayev aramızda olmasa da, onun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi yaşayacaqdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.