Mükafatların təqdimatı olub

Fevralın 9-da – Naxçıvan Muxtar Respublikasının yaranmasının 93-cü ildönümü günündə mükafatların təqdim olunması münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümü münasibətilə muxtar respublika əhalisini və tədbir iştirakçılarını təbrik edərək deyib: Ötən 93 il ərzində Naxçıvanın muxtar respublika kimi yaşaması nəticəsində onun ərazisi qorunmuş, muxtar respublika inkişafa qovuşmuşdur. Bu inkişaf müstəqillik dövründə daha da artmış, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə uğurlar qazanılmışdır. Ümummilli liderimizin siyasi xəttinə sədaqətin bəhrələri şəhər və rayon mərkəzlərinin, qəsəbə və kəndlərimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların həyat şəraitinin yaxşılaşmasında, ordu quruculuğunda özünü göstərir. Artan iqtisadi imkanlar muxtar respublikada elmin, təhsilin və mədəniyyətin inkişafına da öz təsirini göstərmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır. Naxçıvan tarixi sistemli şəkildə tədqiq olunmuş, abidələrimiz bərpa edilmiş, tariximizə və mədəniyyətimizə aydınlıq gətirən elmi əsərlər, kitablar və ensiklopediyalar, o cümlədən “Naxçıvan tarixi” çoxcildliyi nəşr olunmuşdur.

Ali Məclisin sədri deyib: Bu gün Naxçıvan Muxtar Respublikası özünün tarixinə və milli dəyərlərinə sahib çıxır. Gənc nəsil milli dəyərlər əsasında tərbiyə olunur, sağlam gələcək formalaşdırılır. İstedadlı gənclər də üzə çıxarılaraq təqaüdlərə layiq görülürlər. Bir sözlə, insan amilinə böyük diqqət göstərilir. Aparılan quruculuq işlərinə, elmin və mədəniyyətin inkişafına öz töhfəsini verənlərin əməyi yüksək qiymətləndirilir, onlar dövlət mükafatları ilə təltif olunurlar.

Ali Məclisin sədri mükafatlara layiq görülənlərin hamısını təbrik edib, elmimizin və mədəniyyətimizin inkişafı yolunda uğurlar arzulayıb, çıxışını hörmətli Prezidentimiz İlham Əliyevin muxtar respublikaya səfəri zamanı qeyd etdiyi fikirlərlə tamamlayıb: “Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir Qədirzadə çıxış edərək deyib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafla yanaşı, elm, təhsil və mədəniyyətin inkişafına da böyük önəm verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamına əsasən, muxtar respublika ərazisində 1200-dən artıq abidə qeydə alınıb. Aparılan araşdırmaların nəticəsi olaraq Azərbaycan və ingilis dillərində “Naxçıvan Abidələri Ensiklopediyası”, 2 cildlik “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Tarixi Atlası” kimi fundamental əsərlər nəşr edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” 2012-ci il 6 avqust tarixli sərəncamından sonra isə Naxçıvanın ən qədim dövründən günümüzədək olan böyük bir tarixi dövrü əhatə edən “Naxçıvan tarixi” çoxcildliyi nəşr olundu. Naxçıvan Muxtar Respublikasının tarixində elm və elm adamları heç vaxt indiki qədər qayğı ilə əhatə olunmayıb. Bu diyarda heç vaxt elm indiki qədər inkişaf etməyib. Muxtar respublikada təkcə elmi araşdırmalara deyil, müəlliflərə də böyük diqqət və qayğı ilə yanaşılır, onların əməyi yüksək qiymətləndirilir. Azərbaycan Milli Elmlər Akademiyasına keçirilən seçkilərdə Naxçıvandan olan elm adamlarından 3-ü akademik, 11-i isə müxbir üzv seçilib. Müxtəlif ixtisaslar üzrə elmlər doktoru, fəlsəfə doktorları hazırlanıb, elm sahəsində fərqlənmiş bir sıra alimlər fəxri adlar, orden və medallar, diplom və müxtəlif mükafatlarla təltif olunublar. Qadir Qədirzadə Naxçıvan Muxtar Respublikasında elmin inkişafına göstərdiyi diqqət və qayğıya görə elmi ictimaiyyət adından Ali Məclisin sədrinə minnətdarlıq edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Zeynəb Quliyeva deyib ki, Naxçıvanın zəngin tarixinin hərtərəfli, sistemli şəkildə araşdırılması təkcə bu qədim diyarın keçdiyi şərəfli yolun öyrənilməsi baxımından deyil, bütövlükdə Azərbaycanımızın tarixinin kompleks tədqiqi üçün də böyük əhəmiyyətə malikdir. Son illər muxtar respublika tarixinin tədqiqi istiqamətində mühüm işlər görülüb. “Nuh peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və başqa mövzulardakı beynəlxalq simpoziumlar elmi təfəkkürün Naxçıvan tarixinin qaranlıqda qalmış sahələrinə nüfuz etməsində stimul yaratmış, çoxlu sayda əsərlər yaranmışdır. “Naxçıvan tarixi” çoxcildliyi isə Naxçıvanda bu vaxtadək aparılmış elmi tədqiqatların ümumiləşdirilmiş nəticəsidir. Alim və tədqiqatçılar elmi fəaliyyət üçün yaradılan şəraitdən bundan sonra da səmərəli istifadə edərək Naxçıvanşünaslığı zənginləşdirəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycan tarixində mühüm hadisədir. Ötən 93 ildə muxtar respublika böyük inkişaf yolu keçib. Bu gün Naxçıvan müasir inkişafın göstərici kimi qəbul olunur. Muxtar respublikanın kompleks inkişafında elmin və təhsilin xüsusi yeri vardır. Son illər Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, o cümlədən bütün təhsil müəssisələrinin müasir tədris bazası ilə təmin olunması, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində alim və tədqiqatçılar üçün hərtərəfli şəraitin yaradılması, təşkil olunan ekspedisiyalar, aparılan arxeoloji qazıntılar Naxçıvanda elmin və təhsilin inkişafını yeni mərhələyə yüksəldib. “Naxçıvan tarixi” çoxcildliyinin nəşri də muxtar respublikada elmə və təhsilə qayğının nəticəsi kimi ortaya çıxıb. “Naxçıvan tarixi” çoxcildliyi Azərbaycan tarixşünaslıq elminə mühüm töhfədir. İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının yaranmasının 93-cü ildönümü münasibətilə Azərbaycan elmi ictimaiyyət adından təbriklərini çatdırıb.

Naxçıvan Musiqi Kollecinin tələbəsi, gənc istedad Sərxan Əliyev qeyd edib ki, gənclər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin onlara göstərilən qayğısını daim hiss edirlər. Bunun bariz nümunəsi muxtar respublikamızda yeni istifadəyə verilən təhsil müəssisələrində, gənclik mərkəzlərində, elektron kitabxanalarda, mədəniyyət müəssisələrində, musiqi məktəblərində, ali təhsil müəssisələrində, Olimpiya İdman kompleksləri və idman mərkəzlərində gənclərin hərtərəfli inkişafı, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan zəruri şəraitdir. Bununla yanaşı, muxtar respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da biz gənclərin yaxından iştirakı üçün hər cür şərait vardır. Sevindirici haldır ki, gənclərimiz yaradıcılıq potensiallarını daim artırır, təhsildə və idmanda uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunurlar. Bu isə bugünkü gəncliyin sabaha inamını daha da artırır, onların fəallığına müsbət təsir göstərir. Sərxan Əliyev gəncliyə göstərilən diqqət və qayğıya görə muxtar respublika gəncləri, o cümlədən gənc istedadlar adından minnətdarlıq edib.

Sonra mükafatlar təqdim olunub. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 9 fevral tarixli sərəncamına əsasən “Naxçıvan tarixi” çoxcildliyi elm sahəsində Naxçıvan Muxtar Respublika Mükafatına layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan tarixi” çoxcildliyinə görə Naxçıvan Muxtar Respublika mükafatını Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə təqdim edib.

İsmayıl Hacıyev minnətdarlıq edərək deyib ki, Naxçıvanın tarixinin öyrənilməsi üçün yaradılan şərait alim və tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyur. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivi bundan sonra da yaradılan şəraitdən istifadə edərək səylə çalışacaqdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında” 2017-ci il 27 yanvar tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı isə Ali Məclis sədrinin mükafatına layiq görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” 2017-ci il 14 yanvar tarixli sərəncamına əsasən, xüsusi istedadı olan Naxçıvan Musiqi Kollecinin tələbəsi Sərxan Əliyevin və Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Pərviz Qasımovun adları Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılaraq, Ali Məclis sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Dövlət qulluğunda fərqlənməyə görə” medalının döş nişanını və vəsiqəsini, Ali Məclis sədrinin mükafatını, gənc istedadlara isə təqaüd kartlarını təqdim edib.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının İnstrumental Ansamblının konserti olub.

Sonda tədbir iştirakçıları və ziyalılarla söhbət edən Ali Məclisin sədri deyib ki, Naxçıvan tarixi uzun illər ətraflı tədqiq olunmamışdır. Sanballı mənbələrdən istifadə edilərək yazılan “Naxçıvan tarixi” çoxcildliyinin nəşri Naxçıvanın əsl tarixini ortaya qoymaqla yanaşı, həm də Azərbaycan tarixşünaslığına sanballı töhfədir. Son illər Naxçıvanda elmin və təhsilin inkişafı sahəsində görülən işlər, akademiyanın Naxçıvan Bölməsinin yaradılması Naxçıvanın tarixi ilə bağlı elmi əsaslara söykənən əsərlərin yazılmasına imkan verib. İqtisadiyyatı inkişaf etdirmək, yol çəkmək, bina tikmək bütün dövrlərdə mümkündür. Lakin elmi, təhsili və mədəniyyəti inkişaf etdirmək çətin və məsuliyyətli məsələdir. Naxçıvanda digər sahələrlə yanaşı, elm, təhsil və mədəniyyətin də inkişafına nail olunub. Bu gün Naxçıvan Muxtar Respublikasının inkişafı, bütün sahələrdə qazanılan uğurlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sədaqətin bəhrələridir. Naxçıvan Muxtar Respublikasının yaranmasının 93-cü ildönümü günündə “Naxçıvan tarixi” çoxcildliyinin muxtar respublika mükafatına layiq görülməsi, “Gülüstan türbəsi”, “Naxçıvan dünya mətbuatında” kitablarının və “Məmməd Araz qrafik albomu”nun “Şərq qapısı” qəzetində geniş ictimaiyyətə təqdim olunması mühüm əhəmiyyətə malikdir. Alim və tədqiqatçılar bundan sonra da Naxçıvanın tarixi, mədəniyyəti, elmi və təhsilinin inkişafı sahəsində səylərini artırmalı, yeni əsərlər yazılmalıdır.

Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının inkişafında əməyi olanlara təşəkkürünü bildirib.

Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Allahverdi Hüseynov deyib ki, vaxtilə məhdud imkanlarla fəaliyyətə başlayan Naxçıvan Dövlət Universiteti bu gün dünyanın ən müasir ali təhsil ocaqlarındandır. Bu, Naxçıvanda təhsilin inkişafının nəticəsidir. Muxtar respublikada gənc nəslin hərtərəfli təhsil almasına və əsl vətəndaş kimi yetişməsinə böyük qayğı göstərilir. Sevindirici haldır ki, yaradılan şərait, göstərilən qayğı öz bəhrəsini verməkdədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında