İstedadlı Azərbaycan rəssamı Aida Mahmudovanın Belçikada “İşığı tutmaq olmur” adlı sərgisi açılıb

Fevralın 5-də Belçikanın Otegem şəhərində “Deweer” qalereyasında istedadlı Azərbaycan rəssamı Aida Mahmudova ilk böyükmiqyaslı fərdi sərgisini təqdim edib.

AZƏRTAC xəbər verir ki, nümayiş olunmuş yeni rəsmlər toplusu sərgini ziyarət edən həvəskar və peşəkar seyrçilər tərəfindən böyük maraqla qarşılanıb. Ekspozisiyaya daxil olan və əsasən abstraktlaşdırılmış mənzərələrdən ibarət iyirmidən çox əsər rəssam Aida Mahmudovanın təcrübəsində yeni olan aydınlıq, konsentrasiya və dolğunluğu ifadə edir. Əsərlər əsas fikri – rəssam, kətan və çəkmək üçün istifadə olunan material arasındakı əlaqəyə yönəldir.

2015-ci ildə Bakı Müasir İncəsənət Muzeyində keçirilmiş “Elysium” adlı sərgidəki rəsmlərdən fərqli olaraq bu əsərlərdə materiala yanaşma artıq qarşılıqlı müqavimət şəklində deyil, maraq və kəşfetmə hissi ilə ifadə olunur. Rəssam rənglərin kətan üzərində azad hərəkət etməsinə imkan verir və nəticədə yaranan kompozisiyalar təbii və sərbəst olur. Hər bir əsərdə xəyallarda canlandırılan mənzərələrin  və kətan üzərində istifadə olunan materialların arasında sanki bir zərif oyun aşkara çıxarılır. Bütün tablolarda akril, yapışqan, gümüşü folqa, yağlı boya, kömür, sement və gips kimi çoxlu sayda müxtəlif materiallardan bacarıqla istifadə olunub. Nəticədə, ərsəyə gələn əsərlər xüsusi zaman təəssüratı yaradır və özəl rəngkarlıq texnikası sayəsində yaradılır. Bundan başqa, bu heç də intellektual fəaliyyətin nəticəsi kimi baş vermir, bu doğru zamanında və lazımi miqdarda yeni, gözlənilməz “inqrediyentlər” əlavə edilmiş düşüncə forması kimi ortaya çıxır.

Bu üsul müəllifin həmin rəsm əsərində əks etdirdiyi özəl və emosional hissləri vurğulayaraq, işığın, rənglərin və materialın bir oyununu yaradır. Bütün bunlar kətanın emosionallıqla yüklənməsinə, intuitiv və orijinal olmasına səbəb olur.

Sərgi martın 12-dək davam edəcək.

Qeyd edək ki, Aida Mahmudova 1982-ci ildə Bakıda dünyaya gəlib. Hazırda Bakıda yaşayıb-yaradır. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. Rəssamın fərdi sərgiləri: “Umwelt” (YAY  Qalereyası, Bakı, 2016), “Elysium” (MİM, Bakı, 2015) “Ötüb keçərkən...” (Leila Heller Gallery, Nyu-York, ABŞ, 2015), “Daxili sakitlik” (Barbarian Art Gallery, Sürix, İsveçrə, 2013). Aida Mahmudova, həmçinin bir sıra qrup sərgilərinin də iştirakçısıdır, o cümlədən: “Vita Vitale”, 56-cı Venesiya Biennalesi, Azərbaycan pavilyonu (2015), “Konfet dağlar, neft sahillər”, PERMM Muzeyi, Perm, Rusiya (2015), “Burada... Bugün”, London (2014), “Love Me, Love Me Not”, 55-ci Venesiya Biennalesi (2013),“Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” (Vyana, Roma, Moskva, Berlin, Paris, London (2012-2013).

Aida Mahmudova 2011-ci ildə əsası qoyulan “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. “YARAT” Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.

1979-cu ildə əsası qoyulmuş  “Deweer” qalereyası son dövrlərdə tarixinin ikinci böyük səhifəsinə başlayıb. Bənzərsiz fərdi sərgilərdən əlavə, qalereya zəngin tarixinin vacib mərhələlərini göz önünə gətirən tematik qrup sərgiləri də nümayiş etdirir. Hazırda “Deweer” qalereyası tarixi motivasiyasına davam edərək durmadan yenilik və innovasiyaya can atır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında