Bu gün mahnı ifaçılığında “Retro” mahnıların nostaljisinə qapılan müğənnilərin günü-gündən artdığının şahidi oluruq. Ötən illərin mahnıları dedikdə, ilk növbədə T.Quliyevin, C. Cahangirovun, R. Hacıyevin, S.Rüstəmovun, Ş. Axundovanın, R.Mirişlinin və digər bəstəkarlarımızın adları yada düşür.
Nə yaxşı ki, dünyada gedən qlobal dəyişikliklər prosesi xalqlar arasında mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına səbəb olur. Sevindirici haldır ki, bu prosesdə biz də müxtəlif xalqların musiqi mədəniyyəti ilə yaxından tanış oluruq. Bu, bizim, bəlkə də, xoşbəxtliyimizdir ki, ötən illərdə, hətta əvvəlki əsrlərdə belə məşhur olmuş muğam və təsniflərimiz kimi, bəstəkar və xalq mahnılarımız da dövri olaraq yenidən gündəmə gətirilir və xalq tərəfindən rəğbətlə qarşılanır. Vaxtilə populyar olmuş, bu gün isə az qala unudulmaqda olan nəğmələri öz repertuarına daxil edib onları “cavanlaşdıran” müğənnilərdən biri də məlahətli, ürəyəyatımlı səsi və ifaçılıq məziyyətləri ilə seçilən Əməkdar artist İlqar Muradovdur. Onun ifasında lentə alınmış “Bulaq üstə gedən gözəl”, “Qurban adına”, xalq mahnılarından “Laçın”, “Sarı gəlin”, “Ləbu-ləb” və onlarca digər havacatımız musiqi ictimaiyyəti tərəfindən sevilərək dinlənilir. Bu addımı ilə o həm bəstəkarların və şeir müəlliflərinin, həm də onun əvvəlki ifaçılarının ruhunu şad etmiş olur.
“Mənim aləmimdə mahnının köhnəsi- təzəsi olmur. Təbii ki, mahnı oxunmazsa, qalıb köhnələr, unudular. Elə bilirəm ki, adlarını çəkdiyiniz bəstəkar və xalq mahnılarının, demək olar ki, hər birinin öz şirinliyi, lirikası var. Görünür, mahnıların da insan kimi qanunauyğun taleyi var. Xalq heç kəsi təsadüfi unutmur və heç nəyi elə-belə qəlbində saxlamır. Lakin bir həqiqət də vardır ki, geriyə baxmasaq, irəlini görə bilmərik. Arzum həmişə bu olubdur ki, oxuduğum mahnılar xalqın ruhunu oxşasın. Əgər az-çox buna nail ola bilirəmsə, deməli zəhmətim hədər getməyib” – deyə İlqar Muradov öz fikirlərini mənimlə bölüşür.
1957-ci ildə Naxçıvanda, ziyalı ailəsində dünyaya göz açmışam. Atam Əvəz Muradov dövrünün maarifpərvər ziyalılarından olub. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Ailədə üç uşaq olmuşuq. Ən kiçiyi mən idim. Məndən böyük qardaşım akkordeon, bacım isə fortepiano sinfini bitirsələr də, onlardan heç biri peşəkar musiqiçi olmadı. Mən isə atamın arzusu ilə Naxçıvan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirdim. Lakin musiqiyə olan həvəs hər şeyi üstələdi. Beş yaşımdaykən artıq bir çox xalq və bəstəkar mahnılarını oxuyurdum. Məktəb illərində orta-ixtisas musiqi məktəbi, pionerlər evi və digər musiqi kollektivlərində məşğul olur, bədii özfəaliyyət kollektivlərinə baxış müsabiqələrində iştirak edirdim. Məktəbin, rayonun ictimai həyatında fəal iştirak edirdim. Məktəbin və rayon komsomol komitəsinin mənə verdikləri fəxri fərman və diplomları o günlərin ən əziz xatirəsi kimi evimdə qoruyub saxlamışam.
Ötən əsrin 80-ci illərində Naxçıvanda kifayət qədər tanınan gənc müğənni repertuarına əsasən bu gün “Retro” sayılan, o dövrün isə ən populyar xalq və bəstəkar mahnılarını daxil edir. Ara-sıra türk mahnılarına da yaradıcılığında yer ayıran İlqar Muradov Bakıda konsertlərin birində məşhur türk müğənnisi Adnan Şenseslə görüşüb onunla tanış olur. Söhbət əsnasında o repertuarında müğənninin hələ 70-ci illərdə oxuduğu “Nədən saçların bəyazlamış, arkadaş” mahnısı olduğunu deyir. Bu xəbər şöhrətli müğənnini çox sevindirir. Axı məhz 1970-ci ildə o, ilk dəfə bu mahnının Türkiyədə lentə alındığını və belə tez Azərbaycanda yayıldığına görə xalqımıza və İlqara öz təşəkkürünü bildirir.
1981-ci ildə Naxçıvanda konsertlərin birində tanınmış cazmen, virtuoz pianoçu Rafiq Babayev İlqarı görüb, səsini bəyənir və onu Bakıya özünün rəhbərlik etdiyi səsyazma studiyasına dəvət edir. İlk gündən Rafiq Babayevlə birgə bu gün artıq respublikanın Xalq artisti, bəstəkar -pianoçu Siyavuş Kərimi ilə tanış olur. Bu üçlüyün yaradıcılığı nəticəsində İlqar Muradov bir çox bəstəkar və xalq mahnılarını işləyib lentə aldıra bilir. Elə o vaxtdan da, demək olar ki, milli musiqimizin təbliği ilə məşğul olur.
İlqar Muradovun çoxşaxəli yaradıcılıq yolunun bir qismi də Norveçin Ter Koldrat Hilderin rəhbərlik etdiyi “Skruk” xoru ilə bağlıdır. Görkəmli tədqiqatçı Tur Heyerdal Azərbaycanda olarkən skandinavların əcdadlarının vaxtilə Azərbaycandan köçüb gəlmələri nəzəriyyəsini irəli sürür, Norveç və Azərbaycan xalqlarının musiqisində də bir yaxınlıq, doğmalıq olduğunu qeyd edir. Onun bu nəzəriyyəsindən ilhama gələn Siyavuş Kərimi Azərbaycan və Norveç xalqların musiqi sahəsində əməkdaşlığının məhsulu kimi 1996-cı ildə “Gəldiyimiz diyar” adlı ilk kompakt diskini hazırlayıb geniş musiqi ictimaiyyətinə təqdim edir. Diskə “Skruk” xorunun müşayiəti ilə Azərbaycan musiqi nümunələrimiz – xalq mahnısı “Laçın”, “Bana-bana gəl”, Siyavuş Kəriminin “Ömrümün istəyi”, Brilyant Dadaşova ilə birgə oxuduğu “Bəri bax” dueti və bir çox digər musiqi nömrələri daxil edilib. Görkəmli bəstəkar-pianoçu Siyavuş Kəriminin bu layihəsi 1997-ci ildə musiqi nominasiyasında dünyanın ən böyük “Qremmi” mükafatına layiq görülür. On il incəsənət ustalarımız Norveçin paytaxtı Oslo və digər şəhərlərində “Skruk” xoru ilə birgə konsert proqramlarında çıxış edərək Azərbaycan incəsənətini, milli musiqi nümunələrimizi layiqincə təbliğ edirlər.
Adil Bəbirov, Eldar Mansurov, Nəriman Məmmədovun mahnıları ilə yanaşı, İlqar Muradov gənc bəstəkarların da yaradıcılığına hörmətlə yanaşır. Aygün Səmədzadənin “Bu dünyanı nağıl bilək” mahnısı İlqar Muradovun repertuarında önəmli yer tutur. Bu yaxınlarda müğənninin “Qurban adına” adlı yeni diski işıq üzü görüb. İlqar Muradov musiqimizin bütün janrlarında özünü peşəkar müğənni kimi təsdiq edir. “Azərbaycan internasional” jurnalında altı bölümdən ibarət “Azərbaycan klassik musiqisi” ontologiyasına dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından Əskərin ariyası da İlqar Muradovun ifasında daxil edilir.
Bu gün Azərbaycan radio və televiziyasının fondunda İlqar Muradovun ifasında müxtəlif illərdə lentə alınmış yüzdən çox bəstəkar və xalq mahnısı, onlara çəkilmiş kliplər, eləcə də “Son döyüş”, “Həsən Əliyev”, “Yeni həyat”, “Bəylik dərsi” filmlərində sənətkarlıqla ifa etdiyi mahnılarda zəngin tenor səsi müasir musiqi aləmində asanlıqla seçilir. Azərbaycan incəsənətindəki xidmətlərinə görə İlqar Əvəz oğlu Muradov 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülür.
Ömrünün 40 ildən çoxunu Azərbaycan incəsənətinin, milli musiqimizin təbliğinə həsr etmiş İlqar Muradov bir gün də olsun yaradıcılığından qalmır. Ötən ildən Milli Konservatoriyada açılmış estrada kafedrasında pedaqoji fəaliyyətlə məşğul olur, bilik və təcrübəsini gənc nəslə həvəslə öyrədir. Gənc istedadlardan söz düşəndə həmişə dövlət başçımızın, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın milli musiqimizə, muğam sənətinə verdiyi dəstəyin nəticəsi olaraq muğam və xalq mahnı ifaçılığında gənc müğənni və ifaçıların uğurlarının günü-gündən artdığını qeyd edir. Bu uğurlarda hamı kimi İlqar Muradovun da öz yeri, öz payı var.
Rafiq Salmanov,
Əməkdar mədəniyyət işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.