Etnogenez tariximiz arxeoloji və paleoantropoloji tədqiqatlar kontekstində

Hər bir xalqın etnogenez tarixinin tədqiqi elmin qarşısında duran ən çətin problemlərdən biridir. Digər elmi problemlərdən fərqli olaraq etnogenez tarixi yalnız bir elm sahəsinin həll edəcəyi məsələ deyil.  Bu çətin vəzifənin yerinə yetirilməsi üçün tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik və digər ictimai-humanitar elmlərin birgə fəaliyyəti qaçılmazdır. Yalnız bu elm sahələrinin topladıqları faktların qarşılıqlı müqayisəli təhlili əsasında etnogenez tarixi, xüsusilə də bu tarixin qədim mərhələsi barədə dolğun nəticələrə nail olmaq mümkündür.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı proqram səciyyəli əsərində Azərbaycanın qədim dövr tarixinin bir sıra problem məsələləri ilə yanaşı, azərbaycanlıların etnogenez tarixinin öyrənilməsinin zəruriliyini xüsusi vurğulamışdır. Son 15 ildə yeni, zəngin materialların toplandığını nəzərə alsaq, bu gün ictimai-humanitar elmlərin bu problemi daha dərindən tədqiq etmək  imkanları yarandığını söyləmək mümkündür.

Etnogenez tarixinin ən qədim mərhələsinin öyrənilməsinə məhz arxeoloji qazıntılardan başlamaq lazımdır və bu problem Azərbaycan arxeologiya elminin prioritet istiqamətlərindən birini təşkil edir. Çünki etnogenez tarixinin bünövrəsini təşkil edən elmi faktlar məhz arxeoloji qazıntılarla aşkara çıxarılır.

Arxeoloji və antropoloji tədqiqatlar respublikamıza ərazi iddiaları ilə çıxış edən bədnam erməni ideoloqlarına ən tutarlı cavabdır. Bu baxımdan bu elm sahələrinin inkişafı mühüm əhəmiyyətə malikdir. XX əsrin əvvəlində sovet imperiyası tərəfindən indi Ermənistan adlandırılan qədim Azərbaycan torpaqlarında ermənilər respublika yaradılması ilə kifayətlənməyərək, onlar Azərbaycanın və Cənubi Qafqazın digər ərazilərinə də iddialar irəli sürməkdədirlər. Bu iddiaların beynəlxalq hüquqa zidd olduğunu yaxşı dərk edən ermənilər işğalçılara xas olan digər üsula əl ataraq həmin ərazilərin guya onların qədim əcdadlarına məxsus olduğunu sübut etməyə çalışırlar.

Hörmətli akademik Ramiz Mehdiyev öz əsərlərində gətirdiyi sanballı faktlarla erməni ideoloqlarının bu saxta iddialarına tutarlı cavablar vermişdir. Onun bu məsələ ilə bağlı antropoloji tədqiqatların nəticələrinə dair apardığı təhlillər xüsusilə diqqətəlayiqdir: “Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Aparılmış antropoloji tədqiqatlara əsasən, deyə bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhalisi bütün dövrlərdə (eneolitdən başlamış müasir dövrə qədər) Azərbaycanın qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim antropoloji tapıntılar yalnız XVII əsrə aiddir və Kənəkir nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir. Onlar bir sıra əlamətlərə görə (kəllə qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir və yeni etnik komponentdirlər.

Ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir” (Ramiz Mehdiyev. Gorus-2010: absurd teatr mövsümü. Bakı, 2010).

Etnogenez tarixinin tədqiqində antropoloji araşdırmalar mühüm amil olduğundan erməni və ermənipərəst müəlliflər hələ sovet dövründə bu sahədə saxtakarlığa əl atırdılar. Belə ki, ermənipərəstliyi ilə fərqlənən antropoloq V.P. Alekseyev və R.A. Mkrtıçyan 1989-cu ildə “Советская этнография” jurnalında birgə çap etdirdikləri məqalədə müasir Ermənistan ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş tunc dövrünə aid paleoantropoloji qalıqları “armenoid” adlandıraraq ermənilərin bu ərazilərdə avtoxton olduğunu, Qafqazda və Ön Asiyanın bir hissəsində yayılmış Kür-Araz arxeoloji mədəniyyətinin ermənilərin əcdadları tərəfindən yaradıldığını iddia etmişlər. Maraqlıdır ki, ermənilərin antropoloji tipi braxikran (girdəbaş), Ermənistan ərazisindən tapılan tunc dövrü kəllələri isə dolixokrandır (uzunbaş). V.P. Alekseyev belə bir vəziyyətdən çıxmaq üçün heç bir fakta əsaslanmayan belə bir iddia irəli sürür ki, guya tunc dövründə ermənilərin əcdadlarının kəlləsi uzunbaş olmuş, sonralar isə girdəbaş forma almışdır.

Bu məsələni araşdırmış Azərbaycan antropoloqu R.M. Qasımova (1922-1999) V.P. Alekseyevin bu məqaləni çap etməsini Ermənistanın Azərbaycana qarşı təcavüzünün ilk mərhələsində siyasi sifarişin icrası kimi qiymətləndirmişdir. Tədqiqatçı Ermənistan ərazisindən tapılmış, haqqında bəhs edilən kəllələrin ermənilərin antropoloji tipinə heç bir aidiyyatı olmadığını, əksinə, onların kaspi tipinə uyğun olduğunu qeyd etmişdir. Bundan əlavə, R.M. Qasımova XX əsrin tanınmış antropoloqlarından olan V.V. Bunakın hələ əsrin əvvəllərində ermənilərin antropoloji tədqiqatının belə bir nəticəsini xüsusilə vurğulamışdır ki, ermənilərin başının girdə və ənsəsinin yastı forması irsi əlamətdir. V.V. Bunak ermənilərin kəllə sümüyünün özünəməxsus bir sıra xüsusiyyətlərinə görə onları Avrasiyanın digər girdəbaşlarından da fərqləndirmişdir. Buna görə də ermənilərin başının sonradan yastılanması barədə V.P. Alekseyevin fikirləri tam əsassızdır.

Göründüyü kimi, həm xalqımızın etnogenez tarixinin öyrənilməsi, həm də torpaqlarımıza saxta iddiaların tarixiliyini sübut etməyə çalışanlara ən tutarlı cavabların verilməsi baxımından arxeoloji qazıntılar və bunun nəticəsində aşkar edilmiş tapıntılar əsasında paleoantropoloji tədqiqatlar mühüm əhəmiyyət kəsb edir.

Keçən əsrdə respublikamızda nisbətən geniş antropoloji araşdırmalar aparılmışdır. Həmin araşdırmalar əsasən arxeoloji qazıntılar zamanı aşkar edilən kəllə sümüklərinin antrpoloji tiplərinin müəyyən edilməsini təmin etmişdir. Bu da öz növbəsində etnogenez tarixinin problem məsələlərinin həllinə dəyərli töhfələr vermişdir.

Lakin müasir dövrdə arxeoloji qazıntılarala aşkar edilən antrpoloji tapıntılar – qədim insan sümüklərinin tədqiq edilməsi bu sahəyə aid elmi kadrların və texniki imkanların çatışmazlığı səbəbindən olduqca aşağı səviyyədədir. Son 15 ildə respublikamızın ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş paleoantropoloji materialların tədqiqatlarına xarici ölkələrin mütəxəssisləri cəlb edilmişlər. Bu baxımdan Tovuz rayonu ərazisindəki neolit dövrünə – e.ə. VI minilliyə aid Məntəctəpə yaşayış yerində aşkar edilmiş kütləvi dəfnin icra edildiyi qəbir abidəsini və Goranboy rayonundakı e.ə. IV minilliyin ikinci yarısına aid kurqanaltı sərdabəni xüsusilə qeyd etmək lazımdır. Bu antropoloji materiallar müvafiq olaraq Fransa və Türkiyə mütəxəssisləri tərəfindən tədqiq edilmişdir. Bu tədqiqatlarla dəfn edilmiş insanların yaşı, cinsi, qida rasionu, xəstəlikləri müəyyən edilmişdir. Hər iki abidədə onlarla insan qalıqları aşkar edilmişdir ki, onların da bir çoxu etnogenez tarixi üçün vacib olan antropoloji tiplərin müəyyən edilməsi baxımından yararlıdır. Vizual olaraq onların azərbaycanlıların qədim və müasir tipini təmsil edən dolixokran (uzunbaş) olduqlarını söyləmək mümkündür. Göstərilən dövrlərə aid tipi müəyyən edilə bilən cəmi bir neçə antropoloji qalıqların məlum olduğunu nəzərə alsaq, yuxarıda qeyd edilən bu tapıntıların nə qədər mühüm elmi əhəmiyyət daşıdığını təsəvvür etmək çətin deyil.

Təəssüf doğuran məsələ Qərb (ABŞ, Avropa) elmində və onun bazasında formalaşmış Türkiyənin antropologiya elmində xüsusilə də son 20 ildə antropoloji tiplərin müəyyənləşdirilməsi, hətta bu barədə danışmağın qadağan edilməsidir. Elmi siyasiləşdirən, onu öz siyasətlərinə, uğursuz ideologiyalarına uyğunlaşdıran Qərb qanunvericiləri guya bu yolla irqi ayrı-seçkiliyin qarşısını alırlar. Halbuki hazırda dünyada  irqçiliyin ən kəskin təzahür etdiyi məhz ABŞ və Avropadır. Digər tərəfdən, min illər əvvəl yaşamış insanların antropoloji tipinin müəyyən edilməsində hansı irqi ayrı-seçkilikdən danışıla bilər?

Antropologiyaya belə, Qərbsayağı yanaşma Azərbaycanın tarixi və elmi reallığına uyğun deyil. Əslində bu addım məsələyə qeyri-elmi yanaşmanın göstəricilərindən biridir. Belə ki, arxeoloji qazıntılarla aşkar edilmiş insan qalıqlarının antropoloji tiplərinin müəyyən edilməsi ilə bu və ya digər ərazidə qədimdə yaşamış insanların avtoxtonluğu, etnogenez tarixi, miqrasiyaları, qarşılıqlı əlaqələri və s. kimi mühüm elmi problemlər tədqiq edilir. Bu istiqamətdə sovet elmi məktəbində geniş araşdırmalar aparılmışdır və bu işlər bu gün də Rusiya elmində davam etməkdədir. Buna görə də Azərbaycanda aparılan antropoloji tədqiqatlara Rusiya alimlərinin də cəlb edilməsi və ümumiyyətlə, Qərb və Rusiya elmlərinin mütərəqqi nailiyyətlərini mənimsəyə biləcək yerli kadrların hazırlanması vacibdir.

Azərbaycanda paleoantropoloji tədqiqatlar sistemli şəkildə məhz arxeoloji qazıntılar zamanı aşkar edilmiş nümunələr əsasında keçən əsrin 50-90-cı illərində aparılmışdır. Arxeoloji və paleoantropoloji tədqiqatların nəticələri regionun  əsas avtoxton əhalisinin antropoloji tipinin və maddi mədəniyyətinin minilliklər ərzində varisliyini göstərmişdir. Bu araşdırmalar, ilk növbədə, sübut etmişdir ki, türkdilli azərbaycanlıların əcdadlarının guya orta əsrlərdə Xəzərdən şərqdəki ərazilərdən köçüb gəldiyi barədəki cəfəng fikirlər əsassızdır və bu xalqın fiziki antropoloji tipi məhz Azərbaycanda yaranıb formalaşmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, türkdilli azərbaycanlılar başqa Qafqaz xalqları kimi avropoid irqinin cənub – hind-aralıq dənizi şaxəsinə aiddirlər. Bu əhali başın əsasən dolixokran (uzunbaş) və yaxud mezokran (bir qədər girdələşmiş) forması ilə qeyd edilən geniş antrpoloji massivin kaspi antropoloji tipinin daşıyıcısıdır. Ümumiyyətlə, azərbaycanlılar digər Qafqaz xalqları kimi cənub avropoidləri olsalar da, Qafqazda bənzəri olmayan, yalnız şimallı-cənublu tarixi Azərbaycan və indiki Dağıstanın cənubunda yaşayan soydaşlarımız üçün səciyyəvi olan lokal kaspi antropoloji tipinin nümayəndələridir.

Azərbaycan ərazisində müasir insanın – azərbaycanlıların antropoloji tipinin ən qədim qalıqları Qobustanda mezolit – orta daş  dövrünün sonu və neolit – yeni daş dövrünün əvvəlinə aid (e.ə. VIII-VII minilliklər) “Firuz” və “Kənizə” düşərgələrindən aşkar edilib. Çox çürümüş sümüklərin antropoloji göstəriciləri aşkar olunduğu yerdən götürülmüş kəllələrin vizual müşahidəsi və iki qismən yaxşı saxlanmış kəllə çanağının ölçülərinə görə cənub avropoidləri qrupuna aid edilmişlər. Sonrakı bütün tarixi mərhələlərdə Azərbaycan ərazisində xalqımızın mənsub olduğu kaspi antropoloji tipi yayılmışdır.

Albaniya dövlətinin mövcud olduğu dövrə aid (e.ə. IV əsr - b.e. VIII əsri) torpaq, küp, katakomba, gil təknə, quyu, taxta qutu və daş qutu tipli qəbirlər aşkar edilmişdir. Onlardan torpaq qəbirləri və küp qəbirləri bütün Albaniya ərazisi üçün səciyyəvi olub min ildən artıq bir müddətdə - e.ə. I minilliyin ortalarından islam dininin yayılmasına qədər əsas dəfn adətləri olmuşdur. Göstərilən digər qəbir tipləri Albaniyanın ayrı-ayrı yerlərində və daha məhdud xronoloji çərçivədə məhəlli, lokal dəfn adətləri kimi mövcud olmuşlar. Dəfn adətlərindəki bu müxtəliflik dini ideologiyadakı lokal fərqlərlə bağlı idi. Tip müxtəlifliyinə baxmayaraq bu abidələrdə aşkar edilən arxeoloji materiallar – zəngin keramika, metal məmulatı, çoxsaylı bəzək əşyaları və s. tapıntılar bütün ölkə üzrə vahid maddi mədəniyyəti əks etdirir.

Həmin qəbirlərdən aşkar edilmiş paleoantropoloji qalıqların  da eyni tipə - qədim azərbaycanlılara məxsus kaspi antropoloji tipinə aid olması müəyyən edilmişdir. Sonrakı tarixi mərhələdə - orta əsrlərdə də Azərbaycan ərazisində bu antropoloji tip mütləq üstünlüyə malik olmuşdur və müasir dövrdə də azərbaycanlılar məhz kaspi antropoloji tipi ilə təmsil olunurlar. Kaspi tipi yerli zəmində meydana çıxmışdır və bu tipin daşıyıcılarının Cənubi Qafqaza gəlmə olmaları barədə heç bir fakt yoxdur .

Azərbaycanda aparılan arxeoloji qazıntılar, eyni zamanda, sübut edir ki, bu ərazidə ən qədim zamanlardan başlayaraq həyat fasiləsiz davam etmişdir. Tarixi mərhələlər biri-birini əvəz etdikcə arxeoloji mədəniyyətlərdə qruplaşan yeni maddi istehsal üsulları və bundan irəli gələn fərqli ictimai həyat tərzləri yaranmışdır.

Beləliklə, xalqımızın etnogenez tarixinin tədqiqi üçün mühüm əhəmiyyətə malik arxeoloji və paleoantropoloji faktlar bütün dövrlər üzrə biri-birini tamamlayır və azərbaycanlıların bütün tarixi Azərbaycan torpaqlarında, o cümlədən indiki Ermənistan ərazisində köklü, avtoxton əhali olduğunu sübut edir. Bu istiqamətdə yeni elmi tələblərə uyğun olaraq arxeoloji qazıntların antropoloqların iştirakı təmin edilməklə planlı şəkildə aparılması zəruridir.

Nəcəf Müseyibli,
 AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun
elmi işlər üzrə müavini,
tarix üzrə elmlər doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında