Xalq artisti İsmayıl Dağıstanlının 110 illik yubileyi qeyd olundu

Görkəmli sənətkarın anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Milli  Dram Teatrının binasında keçirildi.

Tədbirdə çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətov İsmayıl Dağıstanlının Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışdı. Bildirdi ki, əməyi  dövlət  tərəfindən  yüksək qiymətləndirilən İsmayıl Dağıstanlı böyük sənətkar olmaqla yanaşı, həm də xeyirxah insan və özündən sonra böyük sənətkar nəsli yetişdirən qayğıkeş müəllim idi.

Sonra xalq artistləri Rafiq Əzimov, Ağakişi Kazımov, Hacı İsmayılov, Ramiz Məlik, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, teatrşünas Saleh Salahzadə və başqaları İsmayıl Dağıstanlını böyük sənət xadimi, qayğıkeş insan, unudulmaz müəllim kimi xatırladılar, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

İsmayıl Dağıstanlının qızı Lamiyə Dağıstanlı atasının xatirəsinə göstərdikləri diqqətə görə Mədəniyyət və Turizm Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirdi.

Mərasimdə İsmayıl Dağıstanlının həyat yolunu əks etdirən səhnə təqdim olundu. Tədbirdə, həmçinin görkəmli sənətkarın çəkildiyi filmlərdən, teatr səhnəsində yaratdığı rollardan ibarət videoçarx nümayiş olundu, Dövlət Teatr Muzeyinin arxivində saxlanılan fotolardan ibarət sərgi təqdim edildi.

Məlumat üçün bildirək ki, İ. Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dоğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933).

1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Ömrünün sоn illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında