“Sosial infrastrukturun yaradılması bu il davam etməlidir. Mən qeyd etdim ki, keçən il 500-dən çox məktəb tikilib, təmir edilib. Bizim məqsədimiz ondan ibarətdir ki, 2017-2018-ci illərdə Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın. Bax, qarşıya belə məqsəd qoyulub.
Bu layihələri biz iki ilə bölürük, bu il və gələn il. Vəsait nəzərdə tutulur. Təhsil Nazirliyi yeni layihələr təqdim edib. Xüsusilə ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi getməlidir.” Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Nazirlər Kabinetinin “2016- cı ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasındaki nitqində səsləndirib.
Təhsil islahatlarına başlanıldığı vaxtdan məktəb tikintisi də prioritet sahəyə çevrilmişdir. Xüsusilə Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu sahədə çox mühüm nailiyyətlər əldə olunmuşdur. Bunun nəticəsidir ki, hətta ən ucqar dağ kəndlərində belə, yeni təhsil ocaqları tikilərək istifadəyə verilib. Sosial-iqtisadi vəziyyətin çətin olduğu dövrdə də məktəb tikintisi diqqətdən yayınmır, yeni məktəblər, mövcud məktəblərə əlavə korpuslar tikilir.
Hər il dövlət büdcəsindən təhsilə ayrılan xərclərin artırılması, əslində, təhsilə dövlət qayğısının göstəricisidir. 2016-cı ildə dövlət büdcəsindən təhsilə 871,3 milyon manat vəsait ayrılıb, bu da əvvəlki illə müqayisədə 8,1 faiz çoxdur. Bu il isə təhsilə 1 milyard 860 milyon manatın ayrılması nəzərdə tutulub. Söz yox ki, bu, təhsilin maddi-texniki təchizatının daha da güclənməsinə imkan yaradacaq.
Məlumat üçün bildirək ki, təkcə, ötən 10 il ərzində Azərbaycanda 2900-dən çox məktəbin tikintisi və əsaslı təmiri həyata keçirilmişdir. Həmin məktəblərin əksəriyyəti ötən əsrin 30-70-ci illərində istifadəyə verilmiş və uzun müddət təmir edilməmişdir. Bu səbəbdən məktəblərin əksəriyyəti qəzalı vəziyyətdə idi. Bu da istər-istəməz təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi.
Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri böyükdür. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqla təchiz edilib. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yeni istifadəyə verilən məktəb və uşaq bağçalarının açılış mərasimlərində iştirak edir, kollektivlərlə görüşür, onlara milli təhsilimizin inkişafında uğurlar arzulayır.
Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş dövlət proqramları da məktəb tikintisinin genişlənməsinə əhəmiyyətli stimul vermişdir. Məktəb tikintisini regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilib.
Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla, laboratoriyalarla təminatı nəticəsində iki və üçnövbəli məktəblərin sayı xeyli azalıb. Müstəqillikdən sonra aparılan islahatlar nəticəsində Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binası tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin.
2015-ci ildə 92 təhsil müəssisəsi üçün yeni bina tikilib, 64-ü əsaslı təmir olunub, 50-sində isə cari təmir işləri aparılıb. Məktəb tikintisi və təmiri məsələsində paytaxtla regionlar arasında heç bir fərq yoxdur.
Təkcə, ötən il ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. 101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam etdirilir.
Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə oğlanlar üçün ailə tipli kiçik qrup evi tikilib və 6 internat məktəb əsaslı təmir olunub.
Təhsil islahatları təkcə məktəb tikintisi ilə məhdudlaşmır, həmçinin müəllim hazırlığı, kurikulumun (tədris proqramlarının) hazırlanması, dərslik strategiyası və digər sahələrdə də həyata keçirilir. Yeni dərslik siyasətinin tətbiqi, bu siyasətin həyata keçirilməsi üçün müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurasının yaradılması, müəllimlərin işə qəbulu qaydaları ilə bağlı tətbiq edilən yeniliklər son illər qazanılan uğurlardır.
Ali təhsil sahəsindəki islahatlarda Azərbaycanın Boloniya prosesinə qoşulmasının xüsusi rolu var. 2005-ci ildən Boloniya prosesinə qoşulmağımız ölkədə vahid Avropa standartlarına cavab verən ali təhsilə nail olmaq zərurətini meydana çıxarıb.
Bir sözlə, istər məktəblərin maddi-texniki bazası, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsinə xidmət edir. Lakin işlər bununla yekunlaşmır. Hazırda respublika üzrə cəmi 4500 məktəb var, onların çox hissəsi yenidən tikilib. Bu proses davam edir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.