Azərbaycan Memarlıq və İnşaat Universitetində Əziz Əliyevin yubileyi qeyd olunub

Yanvarın 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan tədbir  keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova alimin yubileyinin keçirilməsi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırladıb.

Rektor deyib: “Əziz Əliyev XX əsrin əvvəllərindən ömrünün sonunadək dövlət quruculuğu işlərində, eləcə də səhiyyə, tibb elmi və təhsili sahələrində əldə etdiyi bilik və bacarıqlarını dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, Azərbaycan səhiyyəsinin təşəkkülünə və inkişafına, milli tibb kadrlarının hazırlanmasına həsr edib. O, Azərbaycanın inkişafında böyük xidmətlər göstərib, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınıb”. 

Sonra Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov görkəmli alimin mənalı ömür yolu və ölkəmizdə səhiyyənin inkişafındakı xidmətləri barədə geniş məruzə ilə çıxış edib.

AzMİU-nun ictimai fənlər kafedrasının dosenti İzzət Musayeva Əziz Əliyevin müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Əziz Əliyev Böyük Vətən müharibəsi dövründə ordu hərbi şurasının üzvü kimi İrana ezam olunub, 1941-1942-ci illərdə orada sovet qoşun hissələrinin siyasi komissarı vəzifəsində çalışıb. Dövlət xadiminin həyatındakı mühüm dövrlərdən biri də Dağıstana rəhbərlik etdiyi illər olub. Belə ki, 1942-ci ildə Əziz Əliyevin Dağıstan vilayət partiya komitəsinin birinci katibi seçilməsi onun təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də böyük nüfuzu olduğunu sübut edib. Altı il bu vəzifədə çalışan Əziz Əliyev Dağıstanın həyatının bütün sahələrində böyük irəliləyişə nail olub, Azərbaycan–Dağıs­tan dostluğunun daha da möhkəmlənməsinə əvəzsiz töhfə verib.

Universitetin ictimai fənlər kafedrasının dosenti Könül Əliyeva  Əziz Əliyevin xalqımız və dövlətimiz üçün gördüyü böyük işlərdən, onun İranda və Dağıstanda çalışdığı illərdə milli məsələyə önəm verməsindən, milli kadrların yetişdirilməsindəki xidmətlərindən danışıb.

Əziz Əliyevin adının əbədiləşdirilməsi üçün Dağıstanda, Mahaçqalanın mərkəzi küçələrindən birinə onun adı verilib, burada heykəli ucaldılıb. Həmin işlərin görülməsinə memar kimi cəlb olunan Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun kafedra müdiri Elbəy Qasımzadə ötən ilin mayında Dağıstanda gördükləri işlərdən danışıb. Abidəni görkəmli heykəltəraş Ömər Eldarov hazırlayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında