Tanınmış alim, təcrübəli pedaqoq

O, hər zaman elmə bağlılığı, ictimai fəaliyyəti ilə cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışıb, tibb kadrların inkişafına səy göstərib, çalışdığı ali təhsil ocağında tələbələri nəcib, ülvi məqsədlərə yönəltmək, intellektual səviyyəsini yüksəltmək məramı ilə daim diqqət mərkəzində olub. Elə buna görə də elmi-pedaqoji fəaliyyəti həmişə yüksək qiymətləndirilib, həmkarları, dostları və tələbələr arasında dərin hörmətə sahib olub. Əlbəttə, bu cür nüfuzu, sevgini o, dərin elmi zəkası, səmərəli elmi axtarışları, yüksək insani keyfiyyətləri və ən vacibi isə halal əməyi ilə qazanıb. 

Ömrünün müdriklik çağını yaşayan görkəmli alimin tələbələri, rəhbərliyi altında elmi dərəcələr alan və tibb elmi sahəsində özünəməxsus yeri və rolu ilə nüfuz qazanan insanlar bu gün respublikamızın səhiyyə sistemində, idarəetmənin müxtəlif sahələrində çalışır və ölkəmizin tərəqqisində öz bilik və bacarıqlarını əsirgəmirlər.

Söhbət Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Azərbaycan Morfoloqlar Assosiasiyasının sədri, Beynəlxalq Morfoloqlar Assosiasiyası Koordinasiya Şurasının, Avropa Təbiət Elmləri Akademiyası və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi və Əməkdar həkim, tibb elmləri doktoru Vaqif Şadlinskidən gedir. Onun ömür yolu haqqında aydın təsəvvür yaransın deyə, əvvəlcə bu böyük alimin uşaqlıq, gənclik illərinə qısaca nəzər salaq.

1940-cı il yanvarın 24-də  Vedi rayonunun Böyük Vedi kəndində ziyalı ailəsində dünyaya göz açan professor Vaqif Şadlinskinin ailəsi 1948--1950-ci illər erməni deportasiyasına məruz qalaraq  məcburi köçkün həyatı yaşayıb. Atası Bilas müəllim əvvəl doğma yurdundan perik salınandan sonra isə Şəmkirin Leninkənd qəsəbəsindəki (indiki Çinarlı) orta məktəblərdə direktor vəzifəsində çalışıb. Təlim-tərbiyə və maarifləndirmə sahələrində göstərdiyi qüsursuz xidmətlərinə görə Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinə, “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin yaxın qohumu olan Bilas Şadlinski dövrünün bacarıqlı pedaqoqlarından, dəyərli ziyalılarından biri kimi tanınıb. Anası Gülüzar xanım isə səkkiz uşaq boya-başa çatdırıb.

Göründüyü kimi, başı müsibətlər çəkən bu ailə zəhmətə, elmə, maarifə bağlı olub, el-obada xətir-hörməti halallıqla, vətənpərvərliklə qazanıb. Təbii ki, bütün bu keyfiyyətlər , xüsusən gənclik illərindən ağır zəhmətə qatlaşması gələcəyin tanınmış aliminin 1963--1968-ci illərdə Azərbaycan Tibb İnstitutunda oxuyarkən ona bəslənilən ümidləri doğrultmasına öz müsbət təsirini göstərib. Dərin zəkası və çalışqanlığı gənc Vaqif müəllimin sonrakı elmi fəaliyyətində mühüm uğurlara imza atmasında, bir insan, vətəndaş, pedaqoq, alim, ictimai xadim kimi cəmiyyətdə nüfuz qazanmasında mühüm rol oynayıb.

Burada bir məqamı da xüsusi qeyd etmək yerinə düşür. Professor Vaqif Şadlinskinin atası Bilas müəllim ömrü boyu kitaba, elmə sonsuz sevgi ilə bağlı olub. Tarixi araşdırmalara da böyük maraq göstərib. Yaratdığı zəngin kitabxansında da ermənilərin qonşu ölkələrdən Azərbaycana nə vaxt, nə səbəbə köçürülmələrindən, terrorçu “Daşnaksütyun” partiyasının xalqımıza qarşı düşmənçilik fəaliyyətindən, törətdikləri qırğınlardan, əsassız torpaq iddialarından bəhs edən qəzet-jurnal məqalələri, broşüralar, kitablar və digər sənədlər xüsusi yer tuturdu. Elə gün olmazdı ki, məktəbli gənclər, qiraət həvəskarları, qəsəbəyə yolu düşən qonaqlar bu kitabxanaya baş çəkib onları maraqlandıran, düşündürən məsələlərlə bağlı məlumat almasınlar. Bax, yeniyetmə Vaqifin kitaba, elmə, tarixə dərindən bağlılığı həm də bu zəngin mənbədən qaynaqlanıb.

Əməkdar elm xadimi Vaqif Şadlinski 1970-ci ildə o vaxtkı Tibb İnstitutunun insan anatomiyası kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. İlk günlərdən nizam-intizamı, yeniliyə can atması ilə diqqət çəkib. Səmimiyyəti, tədris, təlim-tərbiyə işlərinə ürəkdən bağlanması ilə əməkdaşların, eləcə də kafedra müdiri, professor Kamil Balakişiyevin hörmət və rəğbətini qazanıb.

Vaqif müəllim həmin kafedranın müdiri vəzifəsinə seçildiyi 1995-ci ildən etibarən tədrisin dünyanın inkişaf etmiş ali məktəblərinin kəmiyyət və keyfiyyət göstəriciləri səviyyəsində qurulması üçün universitetdə aparılan islahatlarda, həyata keçirilən tədbirlərdə yaxından iştirak edib. Təhsil, təlim-tərbiyə sahəsində əldə etdiyi uğurlara görə dəfələrlə ATU rektorluğunun və Səhiyyə Nazirliyinin fəxri fərmanlarına layiq görülüb.

Tanınmış alim-pedaqoq Azərbaycan Tibb Universitetində çalışdığı dövrdə elmi fəaliyyəti ilə yanaşı, ictimai işlərdə də fəallığı ilə seçilib. O, eyni zamanda, müalicə-profilaktika fakültəsinin dekan müavini, ümumi işlər üzrə prorektor, həmkarlar ittifaqı komitəsinin sədri, tədris işləri üzrə prorektor vəzifələrini  yerinə yetirərkən də prinsipallığı, obyektivliyi, humanistliyi ilə hörmət qazanıb. İllər ötdükcə Vaqif müəllimin elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətinin miqyası da genişlənib. Professor ölkəmizdə morfologiya elminin insan anatomiyası sahəsində elmi axtarışlarını və bu fənnin tədrisini onun spesifikasına uyğun daim təkmilləşdirərək yüksək nəticələr qazanıb, bu sahəni beynəlxalq aləmdə layiqincə təmsil edib.

Vaqif  Şadlinski kafedra müdiri kimi dünyanın bir sıra ali tibb məktəblərinin insan anatomiyası kafedralarının müdirləri, morfoloji elmlərlə məşğul olan görkəmli tibb alimləri ilə rəsmi müqavilələr imzalamağa, yeni layihə və proqramlar hazırlanmağa, kafedranın beynəlxalq əlaqələrini genişləndirməyə nail olub. Onun İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, akademik M.R.Sapinlə, Moskva Dövlət Tibbi-Stomatologiya İnstitutunun insan anatomiyası kafedrasının müdiri, akademik L.L.Kolesnikovla, akademik D.V.Bajenovla, Tbilisi Morfologiya İnstitutunun direktoru, akademik N.A.Cavaxişvili ilə, Xarkov Dövlət Tibb İnstitutunun insan anatomiyası kafedrasının müdiri, professor V.V.Bobinlə, həmçinin Almaniyadan dünya şöhrətli anatom-alim, professor A.Şumaxerlə, Gürcüstandan olan akademik T.Gibradze, Kazan, Ufa, Mahaçqala alimləri, Türkiyənin bir sıra universitetlərinin tibb fakültələrinin anatomiya kafedralarının mütəxəssisləri ilə yaratdığı dostluq və əməkdaşlıq əlaqələri ölkəmizdə morfologiya elminin müasir tələblər səviyyəsində dinamik inkişafına güclü təkan verib.

Vaqif müəllimin pedaqoji fəaliyyətindən söhbət açarkən bir məqama da xüsusi diqqət yetirmək istərdik. Bu, böyük alimin rəhbərlik etdiyi kafedranın hazırda işinin müasir tələblər səviyyəsində yenidən qurulması ilə bağlıdır. Xatırladaq ki, Vaqif müəllimin səyi ilə kafedranın unikal tədris muzeyinin sahəsi son illərdə xeyli genişləndirilib və yeni eksponatlarla zənginləşdirilib. Tələbələrin təhsili və əməkdaşların fəaliyyəti üçün burada hər cür şərait yaradılıb, bütün dərs otaqları müasir avadanlıqla təchiz olunub.

Təhsildə ən yeni tədris metodlarından-- kompüter otaqlarından, animasiyalardan, son innovativ texnologiyalardan, müxtəlif proqramlardan düşünülmüş şəkildə geniş istifadə edilir. Anatomiyanın bütün sahələri üzrə Azərbaycan, rus və ingilis dillərində çoxsaylı dərslik, atlas, anatomik terminologiya kitabları, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat yazılıb və nəşr olunub. Kafedrada morfoloqların beynəlxalq elmi konfranslarının keçirilməsinin təşkili və belə tədbirlərin materiallarının toplu şəklində çap olunmasının təmin edilməsi diqqət mərkəzində saxlanılıb.

Alimin kafedraya rəhbərlik etdiyi dövrdə onun elmi məsləhətçiliyi və rəhbərliyi altında neçə-neçə elmlər doktoru, tibb üzrə fəlsəfə doktoru hazırlanıb, 500-ə yaxın elmi işi, o cümlədən çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaiti, onlarca elmi-kütləvi məqaləsi işıq üzü görüb. Akademik Yusif Məmmədəliyev mükafatı, Hacı Zeynalabdin Tağıyev mükafatı, BMT-nin Təltiflər Komitəsinin I dərəcəli Hippokrat ordeni, Albert Şvaytzer mükafatı, Robert Kox medalı, UNESCO-nun Beynəlxalq Akademiyasının qızıl medalı və s. bir sıra beynəlxalq mükafat və təltiflərə layiq görülüb. Vaqif Şadlinski Azərbaycanda və bir sıra xarici ölkələrdə çıxan tibbi jurnalların redaksiya heyətlərinin üzvü kimi də yorulmaq bilmədən fəaliyyət göstərir.

Prinsipiallığı, yüksək idarəçilik qabiliyyəti, tədqiqatçılıq əzmi və insani keyfiyyətləri ilə fərqlənən professor Vaqif Şadlinskiyə bundan sonra da səmərəli elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirik.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında