20 Yanvar - tariximizin qanlı və şanlı səhifəsi

Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək 1990-cı ilin 20 yanvarına keçən gecə Bakının küçə və meydanlarına çıxıb öz  etiraz səsini qaldıran  geniş xalq kütləsinə sovet ordusunun döyüş hissələri tərəfindən amansız divan tutuldu. Həmin faciəli günlərdə öz Vətəninin, xalqının azadlığını, müstəqilliyini hər şeydən uca tutan mərd oğul və qızlarımız  canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. O gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu.

Paytaxt Bakıya və respublikamızın rayonlarına sovet hərbi hissələrinin yeridilməsi imperiyanın yürütdüyü siyasətin iç üzünü göstərdi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi deyildi. Bu, eyni zamanda, azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı imperiyanın əsrlərlə apardığı siyasətin davamı idi.

O zaman Azərbaycanda siyasi, sosial- iqtisadi böhran hökm sürürdü. Keçmiş sovet rəhbərliyi ermənilərin təsiri altında respublikamıza qarşı geniş kampaniya aparırdı. Məqsəd insanları qorxutmaq, Azərbaycanda azadlıq hərəkatını zəiflətmək, boğmaq idi. Həmin vaxt yaranan acınacaqlı şərait, vəziyyət Azərbaycanı parçalanmaq həddinə çatdırmışdı. Bəli, bu, Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini reallaşdırmaq məqsədi daşıyırdı.

Bakıya qoşunların qanunsuz yeridilməsi nəticəsində paytaxtda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər həbs olundu. Bu cür genişmiqyaslı faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışının qarşısını almaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Lakin düşmən qırğın törətməklə bu istəyinə nail ola bilmədi. Xalqımız həmin gün üstünə şığıyan tanklara, avtomat və pulemyot güllələrinə qarşı sinəsini sipər edərək yenilməz iradə və qəhrəmanlıq nümunəsi göstərdi. 20 Yanvar şəhidləri ilə bağlı Bakıda keçirilən izdihamlı matəm mitinqində milyonlarla insanın iştirak etməsi də Mixail  Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, cəsarətini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Keçmiş SSRİ dövlətinin dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymaması, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozması Azərbaycan rəhbərliyində laqeydliklə qarşılandı. AXC - Müsavat cütlüyü bu faciənin törədilməsinin əsl mahiyyətini açmağa maraq göstərmədi. Səbəb qırğının törədilməsində o zamankı respublika rəhbərliyində yüksək vəzifədə təmsil olunanlardan bəzilərinin bilavasitə iştirakçı olması idi. Yalnız ulu öndər Heydər Əliyevin cəsarəti, xalqına, millətinə, Vətəninə olan sonsuz sevgisi sayəsində bu dəhşətli faciə barəsində dünya ictimaiyyətinə dəqiq, düzgün məlumat verildi.

M.Qorbaçovun qısqanclığı və ermənilərin fitvası ilə 1987-ci ildə Sovet İttifaqının rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da Moskvanın təqib və təzyiqlərinə məruz qalan dahi şəxsiyyət, ümummilli lider  Heydər Əliyev özünün və övladlarının həyatını təhlükə qarşısında qoyaraq qanlı faciənin ertəsi günü – yanvar ayının 21-də Azərbaycanın sovet imperiyasının paytaxtı Moskvada yerləşən nümayəndəliyinə gəldi, burada mətbuat konfransı keçirdi. Ulu öndər həmin konfransda bu qanlı aksiyanı qətiyyətlə pislədi və günahkarların öz vəhşi əməllərinə görə mütləq cavab verəcəklərini bildirdi, Kremlin  və Azərbaycan rəhbərliyinin hüquqa, demokratiyaya, insanlığa zidd  əməllərini ifşa etdi. Ümummilli lider dedi: “Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilən 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü  və cinayətidir”.

Ulu öndərimizin bu tarixi nitqi təklənən, heç yerdən, heç kimdən köməyi olmayan xalqın qəlbində ümid çırağı yandırdı.

20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyi əslində cəsarətli addımlar atmaq, bu yöndə ədalətli mövqe tutmaq, bəyanatlar vermək əvəzinə, siyasi təslimçilik nümayiş etdirdi, laqeydlik, biganəlik göstərdi. Ölkə rəhbəri Ə.Vəzirov gizli şəkildə respublikanı tərk etdi. Azərbaycana ondan sonra rəhbərlik edənlər də tarixdə misli-bərabəri olmayan bu dəhşətli faciənin təşkilatçılarını və icraçılarını xalqdan gizlətməyə çalışdılar, əsl günahkarların “bir qrup ekstremist” olduğunu bildirdilər. Yalnız ulu öndərimizin  xalqın təkidi ilə  siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi  qiymət verildi. Ümummilli lider  Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdən qabaq demişdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş verən bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən  Mixail Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gələn bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanətinin və cinayətinin nəticəsidir”.

Bəli, ümummilli liderin təşəbbüsü və qətiyyəti ilə 1994-cü ildə 20 Yanvar faciəsinə hüquqi- siyasi qiymət verildi. Bu qanlı hadisəyə Azərbaycana, xalqımıza qarşı törədilən hərbi təcavüz və cinayət əməli kimi yanaşıldı.

20 Yanvar faciəsi sonralar da ulu öndər Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldı və həmin günün “Azərbaycan tarixində, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi  bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti” qeyd edildi.

Xalqımız 27 ildir ki, Bakıda və respublikamızın müxtəlif bölgələrində müqəddəs and yerinə, ziyarətgaha çevrilən Şəhidlər xiyabanlarında uyuyan faciə qurbanlarının milli-azadlıq mübarizəsini yüksək dəyərləndirərək daim onların məzarlarını ehtiramla yad edir. Həmin qanlı hadisələr zamanı   həlak olan  vətəndaşlara ölkə Prezidentinin fərmanı ilə “20 Yanvar şəhidi” adı verilib. Bununla yanaşı, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” sərəncama əsasən, müvafiq müavinət, həmçinin şəhid ailələrinə Prezident təqaüdü təyin edilib. 

20 Yanvar faciəsinin baş verdiyi tarixi dövrlə müqayisədə bu gün Azərbaycan misli görünməyən inkişaf səviyyəsinə çatıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab  İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində respublikamızın siyasi, iqtisadi və hərbi qüdrətinin son dərəcə yüksəlməsi, beynəlxalq aləmdə ölkəmizin mövqelərinin güclənməsi 20 Yanvar faciəsi kimi tarixi bəlaların bir daha xalqımızın başına açılmamasına tam zəmanət verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hazırda dinamik inkişaf yolu ilə inamla irəliləyir, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, özünü dünyaya sülhsevər və etibarlı tərəfdaş kimi tanıdır. Beynəlxalq aləmdə qazandığı nüfuzu, bölgənin ən qüdrətli və təhlükəsiz dövlətinə çevrilməsi ilə diqqət çəkir. Şübhəsiz ki, Ermənistanın işğalçılıq siyasəti ilə də barışmır, torpaqlarımızın tezliklə azad edilməsi və öz vətənində məcburi köçkünə çevrilən bir milyon insanın pozulmuş hüquqlarının bərpa olunması istiqamətində ardıcıl mübarizə aparır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bununla bağlı deyib: “Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur.

Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur”.

Aprel döyüşləri zamanı Ermənistanın təşviş keçirdiyini, vasitəçilərdən döyüşlərin tezliklə başa çatması ilə bağlı xahiş etdiyini, danışıqlar prosesinə qayıtmağa hazır olduğunu bildirdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, onlar, həmçinin müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət ediblər. Halbuki həmin təşkilatın bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə ediblər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik.

Prezident İlham Əliyev deyib: “Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik”.

Dövlət başçısı İlham Əliyevin bu gün həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın mövqeyini beynəlxalq aləmdə möhkəmləndirir. Artıq respublikamız sivil və inkişaf etmiş ölkələrin sırasında olmaqla beynəlxalq birliyin yüksək etimadına malikdir. Müasir dünyadakı bu ən effektiv siyasət hər bir Azərbaycan vətəndaşında işğal edilmiş torpaqların qeyd-şərtsiz azad olunmasına əminlik yaradır.

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında