2016-cı il milli kino tariximiz üçün əlamətdar hadisələrlə yadda qaldı. Yaradılan yeni filmlər, beynəlxalq kinofestivallarda qazanılan uğurlar, maraqlı kino tədbirləri mədəni həyatımızı xeyli zənginləşdirdi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 4 yeni bədii film ekranlara çıxarıldı. İlin ilk film təqdimatı mart ayına təsadüf etdi. Rejissor İlqar Safatın “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkdiyi, müasir gənclərin həyatından bəhs edən “İçərişəhər” bədii filmi tamaşaçılara təqdim olundu.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkəti tərəfindən istehsal olunmuş “Qırmızı bağ” bədii filmi də ötən il ekran həyatı yaşadı. Filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimlidir. Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında ekranlaşdırılmış, psixoloji detektiv janrında olan “Xeyirlə Şərin rəqsi” filminin quruluşçu rejissoru Yavər Rzayevdir. Bu günlərdə isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Həddən artıq uyğunluq” bədii filmi Nizami Kino Mərkəzində təqdim olundu. Romantik komediya janrında olan filmin (rejissoru Ülviyyə Könüldür) çəkilişləri ABŞ-da və Azərbaycanda aparılıb.
Ötən il ərzində “Azərbaycanfilm” kinostudiyası, “Salnamə”, “Yaddaş”, “Dublyaj” studiyalarında çəkilmiş 30-a qədər sənədli filmdə Azərbaycanın tarix və mədəniyyətinə xüsusi yer verilib. Mədəniyyət və Turizm Nazirliyi, “BP Azərbaycan” şirkəti, “Azərbaycanfilm” kinostudiyası və “Studio Tor 1 Filmproduktion” (Almaniya) studiyasının birgə layihəsi olaraq ərsəyə gələn “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi Qarabağ problemini əks etdirir. Milli qəhrəmanlar Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunmuş "Xocalının zamini", "İlk əsgər" və "Pəhləvan komandir" sənədli filmləri isə Vətən uğrunda canından keçən igid oğulların ömür və döyüş yollarını tamaşaçıya çatdırır.
Ötən il təqdimatı keçirilən “Polkovnik”, “Hüseyn xan Naxçıvanski. Qayıdış”, “Mənim tanıdığım Vaqif”, “Balet, ömrüm mənim” və s. sənədli filmlər də kino salnaməmizin maraqlı nümunələridir.
Son illərdə ekranlara vəsiqə alan filmlərimiz xarici ölkələrdə beynəlxalq festivallarda müxtəlif mükafatlara layiq görülmüşdür. Rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi ötən il 14-cü Dəkkə Beynəlxalq Film Festivalında (Banqladeş) nümayiş olunub. Amil Məmiyevin “Qara bağ” və Fariz Əhmədovun “Mayak” qısametrajlı bədii filmləri Çində keçirilən Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalında mükafat qazanıb.
“Azərbaycanfilm” kinostudiyası tərəfindən Kann kinofestivalına “Qırmızı bağ”, “İçərişəhər”, “Yarımçıq xatirələr”, “Şəhər motivləri”, “Keçmişdən məktublar”, “Həddən artıq uyğunluq” və “Xeyirlə Şərin rəqsi” bədii filmləri təqdim olunub. “Dərs” bədii filmi 34-cü Münxen kinofestivalının uşaq filmləri bölümündə nümayiş etdirilib. “Dərs” həmçinin Rusiyanın Anapa şəhərində keçirilən 25-ci “Kinoşok” beynəlxalq film festivalında “Ən yaxşı film” nominasiyasında qalib olub.
Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında çəkilmiş “Əli və Nino” bədii filminin Bakı premyerası da əsl kino hadisəsinə çevrildi. Beynəlxalq heyətin iştirakı ilə ekranlaşdırılan filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru Asif Kapadia, ssenari müəllifi isə Kristofer Hemptondur. Ekran əsərinin, eyni zamanda, ABŞ-ın Nyu-York və Los-Anceles şəhərlərində də təqdimat mərasimləri keçirildi. Bundan əlavə, bir çox filmlərimiz Bolqarıstan, Qırğızıstan, Türkiyə, Hindistan, Misir, Gürcüstan və s. ölkələrdə festivallarda uğur qazanıb. Ötən il həm də ölkəmizdə türk filmləri həftəsi, Rusiya kinosu günləri, Tacikistan və Meksikada Azərbaycan kinosu günləri təşkil edilmişdir.
Ötən il dövlət başçısının sərəncamı ilə bir qrup kino xadiminə fəxri adlar verildi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı bu dəfə kinorejissor, Xalq artisti Eldar Quliyevə təqdim olundu.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən Buktreyler festivalı, eləcə də III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı da maraqlı anlarla yaddaşlara yazıldı.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.