Mədəniyyətimiz beynəlxalq arenada

Müstəqillik  illərində  Azərbaycanda  həyata keçirilən mədəniyyət siyasətində milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması əhəmiyyətli yer tutur. Mədəniyyət sayəsində Azərbaycan Respublikası UNESCO,  İSESCO, Avropa Şurası kimi beynəlxalq və regional qurumlarla əməkdaşlıq edir. Eyni  zamanda,  ayrı-ayrı xarici ölkələrlə ikitərəfi mədəni əlaqələrin inkişafı da diqqət mərkəzindədir.

 Bu sahədə ən intensiv əlaqələr UNESCO ilə yaradılmışdır. Azərbaycan Respublikası BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO-ya 1992-ci il iyulun 3-də qəbul olunmuşdur. Azərbaycanın UNESCO ilə əlaqələrinin genişləndirilməsi isə 1993-cü ilin ikinci yarısından-- ümummilli lider Heydər Əliyevin respublikamızda yenidən hakimiyyətə qayıdışından sonra başlanmışdır. Ulu öndərin  siyasi kursunun layiqli davamçısı  Prezident İlham Əliyevin hakimiyyəti  dövründə bu əlaqələr daha da  genişlənmişdir. Azərbaycanın UNESCO-ya  qəbul olunmasının 20 illiyi münasibətilə Parisdə – qurumun baş qərargahında keçirilmiş mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxışında qeyd etmişdir ki, ölkəmiz UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir.

Respublikamızın çoxtərəfli beynəlxalq mədəni əlaqələrinin inkişafına nəzər saldıqda  aydın olur ki, müasir geosiyasi şəraitdə UNESCO tərəfindən dəstəklənən möhtəşəm tədbirlər respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirmiş, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək oynadığı tarixi missiyaya təkan vermiş və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsası qoyulmuşdur.

Bakıda ilaşırı  keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına böyük təkan verir. Azərbaycanın mədəni nailiyyətlərinin dünyada tanıdılmasında bu tədbir çox önəmli hadisəyə çevrilib.

UNESCO ilə mədəni əlaqələrdən danışarkən  Azərbaycanın görkəmli mədəniyyət  və incəsənət xadimlərinin  yubileylərinin  beynəlxalq səviyyədə  qeyd olunmasını,  milli incəsənətimizlə bağlı sərgilərin, festivalların təşkilini də vurğulamaq lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə yazılan parlaq səhifələrdən biri isə Azərbaycanın maddi  və mənəvi mədəniyyət  nümunələrinin  UNESCO-nun Maddi və Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilməsidir.

Ölkəmizin beynəlxalq mədəni əlaqələrinin inkişafında  İSESCO əhəmiyyətli  rol oynayır. 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə bu təşkilat  fəal iştirak etmişdir. Bakıda keçirilmiş “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfrans (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forum (10-11 iyun 2008-ci il), İslam ölkələri elm və təhsil nazirlərinin VI konfransı (6-7 oktyabr 2008-ci il), “Bakı-İslam mədəniyyətinin paytaxtı - 2009” mədəniyyət ilinin açılış mərasimi (18 fevral 2009-cu il), İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı (13-15 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı Sammiti (26-27 aprel 2010-cu il) və Ümumdünya Mədəniyyətlərarası dialoq forumları  xüsusilə qeyd edilməlidir. Son illər bu əlaqələr daha intensiv xarakter almışdır.

Xocalı soyqırımının 20 illiyi ilə bağlı tədbirin hazırlanması və keçirilməsi ilə əlaqədar  qurumun baş direktoru Ə.O.əl-Tüveycrinin göstərdiyi səylər və onun mərasimdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ədalətli və cəsarətli çıxışı xüsusilə qeyd edilməlidir.

İSESCO  ilə mədəni əməkdaşlığın  geniş aspektləri vardır.  Bu  təşkilat bir  sıra layihələrin birgə  reallaşmasında əhəmiyyətli  rol oynamışdır. Görkəmli şərqşünas alim Aida İmanquliyevanın “Müasir ərəb ədəbiyyatının korifeyləri” əsərinin və “Ərəb hərfləri ilə Azərbaycan yazısı” kitabının ərəb dilində çap edilməsi də bu  təşkilatın təşəbbüsü ilə həyata keçirilmişdir.

Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği ayrı-ayrı ölkələrlə  bu əlaqələrin genişlənməsi  ilə bilavasitə bağlıdır.   Müxtəlif ölkələrdəki  Azərbaycan diasporunun mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlər nəticəsində dünyanın əksər dövlətlərində görkəmli elm və mədəniyyət xadimlərimiz barədə dolğun və ətraflı fikir formalaşıb, onların əsərləri, kitabları geniş təbliğ edilir.

Bir neçə konkret fakta müraciət edək. Fransanın Strasburq şəhərindəki  "Azərbaycan evi" Cəmiyyəti ölkənin məşhur Mark Blok Universiteti ilə əlaqələr qurub, nəticədə universitet Azərbaycanla bağlı bir neçə maraqlı tədbir həyata keçirib. Bu şəhərdə "Nizami Gəncəvi və dünya mədəniyyəti" mövzusunda konfrans təşkil olunub. Avstriyanın paytaxtı Vyana şəhərində Avstriya-Azərbaycan Akademik Birliyinin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə gənclər proqramı həyata keçirilib. Proqramda Portuqaliya, Slovakiya, Almaniya, Türkiyə və Azərbaycan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində Avstriya Xarici Siyasət məsələləri üzrə Akademik Forumla birlikdə "Azərbaycan gecəsi" təşkil olunub.

Xarici ölkələrdə  Azərbaycanın milli bayramlarının keçirilməsi artıq ənənə şəklini almışdır. Belə tədbirlərdə Azərbaycan incəsənət ustaları xüsusi  konsert proqramları ilə çıxış edirlər.

Mədəniyyət  və Turizm Nazirliyi tərəfindən  müxtəlif ölkələrdə Azərbaycan mədəniyyəti günləri, film  fesivalları,  rəsm sərgiləri, demək olar ki, mütəmadi təşkil edilir. Fransa, Misir, İtaliya, Amerika, Yaponiya, İran  və Çində, MDB məkanında  keçirilən  belə tədbirlər milli mədəniyyətimizin təbliğinə  mühüm töhfədir.  Türkiyə ilə  mədəni əlaqələrimiz isə daha intensiv xarakter almışdır.

 Bu tədbirlərin  əhəmiyyəti ondadır ki, bizim mədəniyyətimiz  beynəlxalq aləmə  inteqrasiya edir,  xarici ölkələrdə özünə geniş auditoriya qazanır. Teatr sənətimizlə, musiqimiz və  filmlərimizlə tanış olan  xarici ölkə  vətəndaşlarında Azərbaycanın qədim mədəniyyət ölkəsi olduğuna bir daha əminlik  yaranır.

Bütün bunlar müstəqil Azərbayca­nımızda həyata keçirilən uğurlu mədəniyyət siyasətinin real nəticəsidir.

M. MÜKƏRRƏMOĞLU,
  "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında